Icma.az
close
up
RU
Nazir müavini: Amnistiya aktı Azərbaycan Prezidentinin mərhəmət və insanpərvərlik ideyalarına sadiqliyinin növbəti təzahürüdür MÜSAHİBƏ

Nazir müavini: Amnistiya aktı Azərbaycan Prezidentinin mərhəmət və insanpərvərlik ideyalarına sadiqliyinin növbəti təzahürüdür MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 dekabr, Günel Türksoy, foto Orxan Kərimov, AZƏRTAC

Azərbaycan Respublikasında növbəti Amnistiya aktının elan olunması haqqında Azərbaycan Respublikasının Milli Məclisi qərar qəbul edib. Suverenliyimizin tam bərpa olunduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edildiyi bir dövrdə qəbul edilən bu qərar həm hüquqi, həm də sosial baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülən təşəbbüslə qəbul edilmiş Amnistiya aktı dövlətin humanizm siyasətinin növbəti təzahürüdür. Qəbul edilmiş bu Amnistiya aktının məqsədləri, əhatə dairəsi və gözlənilən nəticələri ilə bağlı suallarımızı ədliyyə nazirinin müavini Mübariz Əhmədova ünvanladıq:

- Mübariz müəllim, Azərbaycan Respublikasında növbəti amnistiya aktının elan edilməsi barədə Milli Məclis qərar qəbul edib. Bu qərarın tarixi əhəmiyyəti nədən ibarətdir?

- Təşəkkür edirəm sualınıza görə. İlk növbədə qeyd edim ki, amnistiya aktı suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidentinin mərhəmət və insanpərvərlik ideyalarına sadiqliyinin müstəsna əhəmiyyətli növbəti təzahürüdür.

Konstitusiyamızın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyən ölkəmizin uğurlarının təminatçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində qəbul edilən bu qərar təkcə hüquqi əhəmiyyətinə görə seçilmir. Belə ki, bu qərar həm də yeni reallıqlar şəraitində dövlətin sosial məsuliyyətini, humanizm və ədalət prinsiplərinə sədaqətini nümayiş etdirən strateji əhəmiyyətli addım kimi çıxış edir. Bu akt, həmçinin cəmiyyətin təhlükəsizliyi ilə insan hüquq və azadlıqlarının uzlaşdırılması və sosial ədalətin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasında amnistiya aktları tarixən mühüm ictimai-siyasi hadisələr, milli əhəmiyyət daşıyan mərhələlər və dövlətçilik baxımından rəmzi məqamlar fonunda qəbul edilib. Bu baxımdan növbəti amnistiya təşəbbüsü də istisna təşkil etmir. Əksinə, o, dövlətçilik tariximizdə müstəsna yer tutan bir dövrə — Zəfər sonrasında Azərbaycanın suverenliyinin tam bərpa olunduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazisində faktiki və hüquqi cəhətdən təmin edildiyi yeni tarixi reallıq şəraitinə təsadüf etməklə xüsusi məna və dəyər kəsb edir.

Artıq hüquqi qüvvəyə minmiş bu qərar bir tərəfdən dövlətimizin əldə etdiyi tarixi nailiyyətlərin hüquqi-siyasi təcəssümü, digər tərəfdən isə cəmiyyətə ünvanlanan güclü birlik, ədalət və humanizm mesajıdır. Bu amnistiya aktı dövlətin cəza siyasətində insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə və bərpaedici yanaşmalara üstünlük verdiyini açıq şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, insan amili dövlət siyasətinin mərkəzində dayanır. Məhz bu prinsip əsasında irəli sürülmüş amnistiya təşəbbüsü insan ləyaqətinə hörmətin, sosial məsuliyyətin və dövlət-vətəndaş münasibətlərində etimadın bariz təzahürüdür. Eyni zamanda, bu qərar cəzadan azadetmənin tərbiyəvi və profilaktik əhəmiyyətinə, amnistiya əhatəsinə düşən şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq sosial-iqtisadi həyata fəal qoşulacağına və ölkəmizin davamlı inkişafına töhfə verəcəklərinə olan inamın ifadəsidir.

Bu səbəbdən də, amnistiya aktı milli həmrəyliyi gücləndirən, sosial ədaləti təşviq edən və humanist dövlətçilik modelinin praktik təzahürü kimi mühüm ictimai-siyasi əhəmiyyət daşıyan fundamental bir sənəddir.

- Bu akt sayca neçənci amnistiyadır və indiyədək qəbul edilmiş amnistiya aktlarının əhatə dairəsi barədə nə deyə bilərsiniz?

- Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən dövlətçilik baxışının bariz nümunəsi olaraq, 1995-ci ildə müstəqil Azərbaycan tarixində ilk əfv fərmanının imzalanması ilə ölkəmizdə humanist cəza siyasətinin təməli qoyulub. Bu strateji xəttin məntiqi davamı kimi, 1996-cı ildə ilk amnistiya aktının qəbul edilməsi, hüquqi dövlət quruculuğu prosesində insan hüquq və azadlıqlarına əsaslanan yanaşmanın institusional səviyyədə təsbit olunmasını təmin edib.

Ümumilikdə qeyd etmək lazımdır ki, indiyədək qəbul olunmuş amnistiya aktları on minlərlə şəxsi əhatə edib, minlərlə məhkum cəzadan tam və ya qismən azad olunub, habelə cəza müddətləri əhəmiyyətli dərəcədə azaldılıb.

Təkcə Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə qəbul olunan 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib.

Sonrakı illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları dövlətin humanist dəyərlərə söykənən siyasətinin ardıcıl və nəcib təzahürü kimi müstəsna əhəmiyyət kəsb edib. Xüsusilə 2016-cı və 2021-ci illərdə elan edilən amnistiya aktları həm əhatə dairəsinin genişliyi, həm də yaratdığı sosial-hüquqi təsirin miqyası baxımından müasir Azərbaycan tarixində ən əlamətdar humanist qərarlar sırasında yer alıb. Belə ki, 2016-cı ilin amnistiyası 10 min 931 şəxsi, 2021-ci ilin amnistiyası isə 17 min 267 şəxsi əhatə etməklə, dövlətin cəza siyasətində humanizmin sistemli xarakter daşıdığını nümayiş etdirib. Bu təşəbbüslər 60 minədək məhkumun cəzadan azad olunmasına, habelə cəza müddətlərinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaratmaqla, insan taleyinə göstərilən yüksək həssaslığın, mərhəmət və ədalət prinsiplərinin praktik ifadəsinə çevrilib.

Mehriban Əliyevanın irəli sürdüyü bu nəcib təşəbbüslər bir tərəfdən insan ləyaqətinə və hüquqlarına ali dəyərin verildiyini göstərib, digər tərəfdən isə cəzadan azadetmənin tərbiyəvi və bərpaedici mahiyyətinə əsaslanan mütərəqqi yanaşmanın dövlət siyasətində prioritet mövqeyə yüksəldiyini təsdiqləyir.

Azərbaycan Respublikasında əfv və amnistiya institutlarının tətbiqi artıq epizodik xarakter daşımır, əksinə, formalaşmış və ardıcıl şəkildə həyata keçirilən humanist dövlət siyasətinin mühüm tərkib hissəsi kimi çıxış edir. Bu institutlar xüsusilə müstəqillik dövründə cəza siyasətinin humanistləşdirilməsi, sosial ədalətin təmin olunması və insan ləyaqətinin qorunması baxımından əsas alətlərdən birinə çevrilib, geniş əhatə dairəsi və real sosial təsir imkanları ilə seçilib.

Müstəqillik illərində bu istiqamətdə atılmış ardıcıl və məqsədyönlü addımlar dövlətin insan amilinə verdiyi yüksək dəyərin, cinayət törətmiş şəxslərə ikinci şans vermək fəlsəfəsinin praktik təzahürüdür.

Verilən sayca 13-cü amnistiya aktı isə ölkəmizdə humanizmə əsaslanan cəza siyasətinin sistemli və davamlı xarakter aldığını, əfv və amnistiya institutlarının dövlət idarəçiliyində mühüm və sabit yer tutduğunu bir daha təsdiqləyir.

Təsadüfi deyil ki, bu amnistiya aktı ilk növbədə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxsləri, həmin əməliyyatlarda həlak olmuş, əlil olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını, eləcə də bu xidmətlərinə görə dövlət təltifləri almış şəxsləri əhatə edir. Eyni zamanda, Vətən müharibəsi və antiterror əməliyyatları dövründə, habelə Xocalı soyqırımı zamanı mülki əhaliyə qarşı törədilmiş hərbi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər və onların ailə üzvləri və bu kateqoriyadan olan digər insanlar da amnistiya tətbiq olunan şəxslər dairəsinə daxil edilir.

Ümumilikdə amnistiya aktları qadınlar, yetkinlik yaşına çatmayanlar, ahıllar, əlilliyi olan şəxslər, eləcə də az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş şəxslər üçün tətbiq olunub.

Onu da qeyd edək ki, amnistiya aktının icrası üzrə ədliyyə orqanlarının üzərinə düşən mühüm vəzifələrin vaxtında, dürüst və mütəşəkkil qaydada icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi üzrə müvafiq əmr qəbul edilib və amnistiyanın icrasına başlanılıb.

- Bildirilir ki, bu amnistiya əhatə dairəsinə görə indiyədək ən böyük amnistiya olacaq. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, Prezident tərəfindən Milli Məclisə təqdim olunmuş amnistiya təşəbbüsünün tətbiq ediləcək şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən genişmiqyaslı amnistiya olacağı gözlənilir. Amnistiyanın ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi proqnozlaşdırılır. Onlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad olunacağı, 3 mindən artıq şəxsin cəzasının azaldılacağı gözlənilir. Bununla yanaşı, 7 mindən çox şəxs azadlığın məhdudlaşdırılması cəzasından, 3 minə yaxın şəxs digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, mindən artıq şəxs isə cinayət məsuliyyətindən azad ediləcək. Bu rəqəmlər amnistiyanın miqyasını və sosial əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.

- Cinayətlərin xarakteri baxımından hansı hallarda azadlıqdan məhrumetmə cəzasından azadetmə və ya cəzanın azaldılması tətbiq olunacaq?

- Qərara əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin cəzadan azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin azaldılması nəzərdə tutulur. Həmçinin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi müəyyən müddətədək olan ilk dəfə ağır cinayət törətmiş şəxslər də aktın tətbiqinə daxildir.

Amnistiya aktına əsasən, bəzi şəxslərin azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ay azaldılacaq. Bu, öncə az ağır cinayət törətmiş və cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərə şamil olunur. Yəni həmin şəxslərin cəza müddəti akt qüvvəyə mindiyi tarixdən etibarən 6 ay azaldılacaq.

Buna əlavə olaraq, ehtiyatsızlıqdan ağır cinayət törətmiş və cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslərin də cəza müddəti 6 ay azaldılacaq. Bu tədbir həm hüquqi ədalətin təmin olunmasına, həm də cəzanın humanist prinsiplər əsasında balanslı tətbiqinə xidmət edir.

Bu yanaşma ədalətlilik və humanizm prinsiplərinə əsaslanır və cəmiyyət üçün təhlükəlilik dərəcəsi aşağı olan şəxslərin islahına və yenidən cəmiyyətə qayıtmasına şərait yaratmağı hədəfləyir.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.

- Amnistiya aktı yalnız azadlıqdan məhrumetmə cəzasından azad etmə ilə məhdudlaşmır. Qərar başqa hansı istiqamətləri əhatə edir?

- Düzgün vurğuladınız. Amnistiya aktında müəyyən kateqoriyalar üzrə azadlıqdan məhrumetmə cəzasından tam azadetmə, bəzi hallarda cəzanın çəkilməmiş hissəsinin 6 ay azaldılması, bir sıra cinayətlər üzrə cinayət təqibinin başlanmaması və ya başlanmış cinayət təqibinə xitam verilməsi nəzərdə tutulub.

Eyni zamanda, amnistiya aktına əsasən azadlıqlan məhrumetmə ilə bağlı olmayan cəza çəkən şəxslər də cəzadan azad ediləcəklər. Buraya azadlığın məhdudlaşdırılması cəzasını çəkənlər, islah və ictimai işləri yerinə yetirən şəxslər, eyni zamanda, vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmiş şəxslər, qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi üç min manatdan artıq olmayanlar da daxildir.

Bundan əlavə, amnistiya, həmçinin şərti məhkum edilmiş və ya vaxtından əvvəl azad olunmuş şəxslərə də şamil olunur, yəni həm azadlıqdan məhrumetmə, həm də azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar verilmiş şəxslər cəzadan azad edilə biləcəklər.

- Bəs amnistiya aktının icrası cəza icra edən qurumların fəaliyyətinə necə təsir göstərəcək?

- Çox aktual bir məsələyə toxundunuz. Amnistiya aktının qəbul edilməsi həm cəzaçəkmə müəssisələrinin, həm də probasiya qurumlarının fəaliyyətinə birbaşa və praktiki təsir göstərir.

İlk növbədə qeyd edək ki, bu sənədin icrası nəticəsində müəyyən kateqoriyadan olan məhkumların cəzadan azad edilməsi və ya cəza müddətlərinin azaldılması nəzərdə tutulur ki, bu da müəssisələrdə ümumi məhkum sayının azalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində penitensiar müəssisələrin resurslarının daha məqsədyönlü bölüşdürülməsinə, məhkum olunmuş şəxslərlə fərdi islah işinin gücləndirilməsinə şərait yaradır.

Ümumilikdə, Amnistiya aktı penitensiar sistemdə yüklənməni azaltmaqla yanaşı, cəza siyasətinin humanistləşdirilməsinə, məhkumların islahı və cəmiyyətə reinteqrasiyası istiqamətində daha effektiv mexanizmlərin tətbiqinə mühüm töhfə verir.

Eyni zamanda, amnistiya aktının icrası probasiya fəaliyyətinə də həm funksional, həm də sosial-reabilitasiya aspektlərindən müsbət təsir göstərəcək. Xüsusilə nəzərə alsaq ki, sözügedən akt probasiya nəzarətində olmaqla azadlığın məhdudlaşdırılması cəzasını çəkən 7 mindən artıq şəxsə şamil edilir, bu halda həmin təsirin daha nəzərəçarpan formada özünü göstərəcəyi gözlənilir. Bu təsir ilk növbədə probasiya qurumlarının iş yükünün əhəmiyyətli dərəcədə azalmasına, probasiya nəzarətinin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq.

- Amnistiya aktında sosial adaptasiya ilə bağlı da müddəa var...

- Amnistiya aktının məhkumların sosial adaptasiya və reinteqrasiya prosesinə müsbət təsiri danılmazdır. Belə ki, azad edilən şəxslər cəza-nəzarət statusundan çıxaraq əmək bazarına çıxış əldə edir, sosial münasibətlərə, ailə həyatına reinteqrasiya olunur, təhsil, məşğulluq və digər istiqamətlərdə daha sərbəst hərəkət imkanları əldə edirlər.

Bu baxımdan qərarda barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyasının, onlara yardım göstərilməsinin təmin edilməsi üçün zəruri tədbirlər görülməsi ilə bağlı müddəalar nəzərdə tutulub. Bu isə amnistiya institutunun yalnız hüquqi nəticə doğuran mexanizm olmadığını, eyni zamanda sosial-reabilitasiya yönümlü kompleks tədbirlər sisteminin nəzərdə tutulduğunu göstərir. Əsas hədəf həmin şəxslərin cəmiyyətə reinteqrasiyası, onların yenidən hüquqazidd davranışlara yönəlməsinin qarşısının alınması və sosial məsuliyyət hissinin möhkəmləndirilməsidir. Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti mühüm rol oynayır.

- Amnistiyanın icrası zamanı şəffaflıq necə təmin olunacaq?

- Əlbəttə, şəffaflığın təmin olunması vacib məsələdir. Amnistiyanın icrası zamanı qanunvericiliyin tələblərinə tam əməl edilməklə, prosesdə ədalətlilik və şəffaflıq prinsipləri əsas meyar olacaq, hər bir iş ayrı-ayrılıqda öyrənilərək, zəruri tədbirlər təxirəsalınmaz qaydada həyata keçiriləcək.

Əvvəlki amnistiya aktlarının icrası zamanı da bu yanaşma tətbiq olunub, media və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə proses geniş şəkildə işıqlandırılıb. Bu təcrübə göstərdi ki, ictimai nəzarət və şəffaflıq təmin edildikdə həm hüquq qaydası, həm də vətəndaş etimadı güclənir.

Yeni amnistiya aktının icrasında da geniş ictimai maarifləndirmə və məlumatlandırılma həyata keçiriləcək, ictimai iştirak və şəffaflıq prinsipləri tam təmin ediləcək. Bundan əlavə, əvvəlki aktların icra müddətləri və nəticələrinə əsaslanaraq, bu dəfə prosesin daha da sürətli və çevik həyata keçirilməsi üçün bütün inzibati və texniki resurslar səfərbər edilib. Məqsəd isə qərarda müəyyən edilmiş vaxtdan da daha tez nəticə əldə etmək, amnistiyanın hüquqi və sosial təsirini maksimum dərəcədə göstərməkdir.

- Sonda, bu amnistiyanın ümumi ictimai əhəmiyyətini necə qiymətləndirərsiniz?

- Ölkəmizdə cəza siyasətində humanizm və sosial reabilitasiya məsələləri daim diqqətdə saxlanılır. Bu prinsiplər indiki amnistiya aktında açıq şəkildə öz əksini tapıb: cəmiyyət üçün təhlükəlilik dərəcəsi aşağı olan şəxslər şəxsi işi öyrənildikdən sonra cəzadan azad olunur və ya cəzası azaldılır, sosial baxımdan həssas qruplar diqqətdə saxlanılır, onların cəmiyyətə reinteqrasiyası təmin edilir.

Amnistiya aktının özündə qeyd edildiyi kimi, dövlətimiz amnistiya tətbiq ediləcək şəxslərin məhkum olunduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanır, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəkləri əminliyini ifadə edir

Beləliklə, bu amnistiya aktı da Azərbaycan dövlətinin güclü, ədalətli və humanist siyasətinin növbəti təzahürüdür. Suverenliyimizin tam bərpa olunduğu bir dövrdə dövlətimizin başçısının amnistiya təşəbbüsü ilə çıxış etməsi həm dövlətçilik, həm də ictimai həmrəylik baxımından xüsusi əhəmiyyət daşıyır.

Əminik ki, amnistiya əhatəsinə düşən şəxslər göstərilən etimadı doğruldacaq, qanunlara və ictimai normalara hörmətlə yanaşaraq cəmiyyətin fəal və məsuliyyətli üzvlərinə çevriləcək, ölkəmizin davamlı inkişafına öz layiqli töhfələrini verəcəklər. Bu qərarın icrası, eyni zamanda, dövlət-vətəndaş münasibətlərində etimadın daha da güclənməsinə, sosial ədalətin və humanist dəyərlərin praktik təsirinin daha aydın şəkildə üzə çıxmasına xidmət edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri