Naziri Məcnun Məmmədova Gömrük Komitəsinin quşçulu]a yaratdığı problemlər barədə məlumat verilib
Marja.az saytına istinadən Icma.az xəbər verir.
Oktyabrın 9-da Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə nazirliyin rəhbərliyi arasında görüş keçirilib.
Bu barədə Marja.az-a Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İctimaiyyətlə əlaqələr və analitika departamentindən bildirilib.

Qeyd edilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, nazirliyin digər rəhbər şəxslərinin iştirak etdiyi görüş Assosiasiya üzvlərinin müraciəti əsasında baş tutub.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə kənd təsərrüfatının inkişafına dövlət dəstəyi, aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Respublikamızda quşçuluq sahəsinin inkişafının dövlətin diqqət mərkəzində olduğunu deyən nazir Məcnun Məmmədov bu sahədə fəaliyyət göstərən sahibkar və fermerlərlə mütəmadi görüşlərin keçirildiyini vurğulayıb. Nazir ölkədə quşçuluq sahəsinin daha da inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin bildirdiyinə görə, görüş konstruktiv şəraitdə keçib, nazir Məcnun Məmmədov sahibkarları narahat edən problemlərə maraq göstərərək, onların mümkün həll yolları ilə bağlı təklifləri alıb:
“Biz görüşə və quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarların problemlərinə həssas yanaşmaya görə cənab nazirə təşəkkür edirik”.
Qeyd edək ki, görüşdə quşçuluq təsərrüfatlarını narahat edən problemlər ətraflı müzakirə olunub. M.Həsənli kənd təsərrüfatı təyinatlı torpaqlarda istehsal binalarının tikintisi ilə bağlı problemi qeyd edib:
“Ölkəmizdə quş əti ilə təminatı yüz faizə qaldırmaq, ixraca hədəflənmək, həmçinin yerli bazarda toyuq əti və ərzaqlıq yumurtanın qiymətində artımın qarşısını almaq üçün müəssisələrin genişlənməsi, yeni istehsal texnologiyalarının tətbiqi vacib şərtdir. Bunun üçünsə torpaq sahələrinin əldə olunması və yaxud mövcud ərazilərdə yeni binaların tikintisi həyata keçirilməlidir. Sovet dövründən tikilən, çoxu 60 yaşını keçən tikililər quşçuluqda istifadə olunan müasir texnologiyaların tətbiqinə imkan vermədiyinə görə müəssisələr onları sökərək yerində, yaxud müasir texnoloji tələblərə uyğun olaraq bir qədər başqa ərazidə yeni binalar tikmək istəyirlər. Çünki sovet dövründən tikilmiş inqubator stansiyaları, yem sexləri, kəsim sexləri və digər binalar yeni dövrün texnologiyasının tətbiqinə imkan vermir.Təsərrüfatlarda yenidənqurma işlərinin aparılması olduqca vacibdir. Lakin biz bunu edə bilmirik, çünki “kənd təsərrüfatı təyinatlı” adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin üçün, nə də örüş kimi istifadəyə yararlı deyil. Bir yabanı otun da bitmədiyi yararsız ərazilərimiz var ki, sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq olduğu üçün həmin qayalıqda sahibkarlar bir toyuq hini də tikə bilmir. Ya da hansısa bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Buna ilk növbədə qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri imkan vermir. Yerli icra hakimiyyəti orqanlarına təsərrüfatın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün həyati əhəmiyyəti olan tikintilərin aparılması ilə bağlı müraciətlərimiz qulaqardına vurulur. Bir çox hallarda isə onlar əvvəlcədən tikinti üçün alınan icazələr əsasında işlərin həyata keçirilməsinə imkan vermirlər. Bu kimi hallar ölkənin ən iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına ağır zərbə vurmaqdadır”.
M.Həsənli həmçinin quşçuluq sahəsində istifadə olunan avadanlıqların idxalının dövlət tərəfindən subsidiyalaşdırılmasının vacib olduğunu vurğulayıb, Dövlət Gömrük Komitəsinin quşçuluq sahəsinə yaratdığı problemləri qeyd edib:
“Bilavasitə dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə 2016-cı ildən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yerli istehsalçıları haqsız rəqabətdən qorumaq üçün damazlıq yumurta idxalına 10 sent, toyuq ətinin hər kiloqramına 1 dollar əlavə rüsum təyin olunub. Bu addım yerli quşçuluq təsərrüfatlarının inkişafına böyük təkan verib. Lakin son illərdə bir sıra işbazlar əlavə rüsum tətbiq olunmayan ətlik istiqamətli 1 günlük cücə idxalı ilə yerli istehsalçılara ciddi zərbə vururlar. Hər il ölkəmizə on milyonlarla belə cücə idxal olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2025-ci ilin 7 ayında ölkəyə 6 milyon 534 min 374 baş belə cücə gətirilib. Türkiyədən 1 cücə orta hesabla 43 sentə, Gürcüstandan 49 sentə idxal olunub.
Bir günlük cücələr fərli vaksinasiya qrafiki ilə yetişdirildiklərinə görə onların ölkəmizə kütləvi idxalı ciddi risklər formalaşdırır. Eyni zamanda həmin cücələrin idxal olunduğu Türkiyədə bir neçə əyalətdə quş qripi infeksiyası yayılıb, təsərrüfatlardan məhsul ixracına qadağa qoyulub.
Ölkə qanunlarına uyğun fəaliyyət göstərən, dövlət büdcəsinə ödənişlərdən yayınmayan iri quşçuluq təsərrüfatlarının idxal etdiyi cücələr həm ixracatçı ölkənin, həm də Azərbaycanın bazarındakı qiymətlərə uyğun alınır. Hazırda belə təsərrüfatlar – Siyəzən Broyler ASC, Azerbaijan Poultry Company LLC kəsimlik istiqamətli 1 günlük cücələrin 1-ni 55 sentə idxal edirlər. Lakin fəaliyyətlərini qanunvericiliyə uyğun qurmayan bir sıra işbazlar belə cücələri 27-33 sentə idxal etməyə nail olurlar. Belə idxal son vaxtlar xüsusilə kütləvi xarakter alıb.
Bu idxaldan həm də dövlətimiz zərər görür. Belə ki, real dəyərindən az qala ikiqat idxal edilən cücələrə görə idxal rüsumları da aşağı hesablanır, büdcəyə çatası yüz minlərlə dollar qeydiyyatdan yayındırılır. Təsadüfi deyil ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin xəttilə büdcə daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz, bu ilin dövlət büdcəsi proqnozuna nəzərən isə 1,6 faiz az təmin edilib.
Təəssüflər olsun ki, bizim DGK rəhbərliyinə bu istiqamətdə ünvanladığımız müraciətlər birmənalı olaraq nəzərə alınmır. Hətta Assosiasiya rəhbəri olaraq məni Komitəyə dəvət edərək, guya tədqiqat apardıqlarını və Türkiyədə ətlik istiqamətli 1 günlük cücə istehsalında maya dəyərinin aşağı olduğunu aydınlaşdırdıqlarını bildiriblər. Bizim həmin araşdırmanı Türkiyədə hansı istehsalçılar arasında aparıldığına dair suallarımız isə cavabsız qoyulub.
Bu idxal dayandırılmasa, quşçuluq təsərrüfatları da, dövlətimiz də zərərlə üzləşməyə davam edəcək. Ən azından yerli damazlıq təsərrüfatlarının daxili tələbatı tam ödəmək imkanında olduğunu nəzərə almaqla, Türkiyədə quş qripi ilə bağlı vəziyyət stabilləşənə qədər oradan 1 günlük cücə idxalının dayandırılması zəruridir. Çünki həmin cücələrin gətirdiyi 1 xəstəlik halı Azərbaycanda böyük epidemiyaya çevrilməklə quşçuluq sektorunu məhv edə bilər”.
M.Həsənli bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin tikintisi başa çatmış istehsal binalarının istismara qəbulu üçün verdiyi müayinə aktına görə tələb olunan xidmət haqqı məbləğinin çox yüksək olduğunu, sahibkarlar üçün ağır maliyyə yükü yaratdığını bildirib. Onun sözlərinə görə, tələb olunan məbləği ödəyə bilməyən sahibkarların müəssisələrində istehsal prosesi pozulur, inkişaf proqramlarının icrası ləngiyir, bu isə son nəticədə ölkə üzrə quşçuluğun inkişafına mane olur.
“Siyəzən Broyler”in rəhbəri Cavid Abbasov kəsim avadanlıqlarının idxalının subsidiyalaşdırılmasının vacibliyini qeyd edib: “Hazırda quş əti istehsalçıları kəsim avadanlıq və texnologiyalarının idxalının 40 faizinin dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmindən yararlana bilmirlər, çünki bu dəstək onlara şamil olunmur. Qlobal bazarlarda son illərdə gedən bahalaşma şəraitində quş əti istehsalçıları avadanlıq və texnologiyaları yeniləmək üçün tələb olunan yüksək məbləğli investisiya qoyuluşlarını özləri həyata keçirə bilmirlər.
Xüsusilə də bu gün quşçuluq təsərrüfatları köhnə və yaxuddakı ikinci-üçüncü əl işlədilmiş kəsim avadanlığı ilə işləyirlər. Nəticədə təsərrüfatlarda saxlanılan quşlar kəsim sexinin olmaması və yaxud olanların isə yararsız olduğuna görə diri halda satılır. Ölkəmizin özünü tam şəkildə quş əti ilə təmin etməsi, ixracın təmin olunması üçün digər problemlərlə yanaşı, bu problemin də həll olunması çox vacibdir. Yəni yetişdirilən quş mütləq sonucda kəsilərək istehlakçıya çatdırılmalıdır. Ancaq bu gün həm ölkəmizdə, həm digər ölkələrdə tələblər və normalar getdikcə yüksəldiyindən və dəyişdiyindən əldə olan texnologiya geri qalır və buna cavab vermir”.
Giləzi Quşçuluq müəssisəsinin rəhbəri Zahir Mirzəyev yeni binaların tikilməsinə imkan verilməməsinin ölkənin quşçuluq məhsulları ilə təminatına böyük təhdid formalaşdırdığını deyib:
“Quşçuluq müəssisələri sürüləri bir-birindən karantin tədbirlərinin həyata keçirilməsi üçün zəruri olan məsafədə aralı saxlamaq imkanından məhrumdurlar – çünki bunun üçün zəruri olan yeni damların tikintisinə torpaq tapa bilmirlər.
Mövcud qanunvericiliyin tələbləri əsasında kənd təsərrüfatı təyinatlı torpaqların təyinatını dəyişmək 2 ildən yuxarı vaxt aparır: bütün əlaqədar dövlət qurumlarından icazə alındıqdan sonra Nazirlər Kabinetinə müraciət olunur, son qərar verilir. Bu, çox uzun bir prosedur olduğuna görə quşçuluq müəssisələri nə köhnə damları yeniləri ilə əvəz edə, nə müasir texnologiyaları tətbiq edə bilirlər. Nəticədə biz istehsal üçün zəruri olan bioloji fasiləni təmin edə bilmirik. Quşçuluğun ən mühüm spesifik xüsusiyyətlərdən biri təsərrüfatda bir mövsüm quş saxlandıqdan sonra bioloji fasilənin verilməsidir. Ancaq bu gün mövcud reallıqda bunu etmək mümkün deyil. Bioloji fasilə zamanı bir binada bir mövsüm quş saxlandıqdan sonra bina tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Təəssüf ki, bugünkü şərait Azərbaycanın quşçuluq təsərrüfatlarına bu vacib prosesi təmin etməyə imkan vermir. Təsərrüfatlara davamlı olaraq yetişdirmək üçün bir günlük cücə qəbul edilir. Beləliklə də eyni təsərrüfatda müxtəlif yaşda bir neçə sürü olur: 1 günlükdən tutmuş 700-750 günlüyə qədər. Amma standartlara və dünyada mövcud olan vaksin təlimatlarına görə, müxtəlif yaşlı sürülər eyni yerdə saxlanmamalıdır. Çünki hər bir yaşda olan sürünün özünün fərqli vaksin proqramı var. Bu vaksin proqramına əməl edilmədikdə aparılan vaksinasiyası istənilən nəticəni vermir”.
Yaşma Quşçuluq müəssisəsinin rəhbəri Mahir Mirzəyev Xızı rayonu ərazisində inşa etdikləri istehsal binasının istismara verilməsinə yaradılan maneələri qeyd edib. Belə ki, bina Xızı rayon İcra Hakimiyyətinin sərəncamı ilə ayrılan ərazidə inşa olunsa da, rayonun hazırkı rəhbərliyi, həmçinin FHN yerli şöbəsi onun istismara verilməsinin qarşısını alırlar: “FHN binadakı son tamamlama işlərinin aparılmasına qadağa qoyub. Biz o binanı özbaşına deyil, Xızı rayon İcra Hakimiyyətinin 21 dekabr 2011-ci il 139 nömrəli sərəncamına əsasən aparmışıq. Dövlət orqanının verdiyi sərəncama güvənərək bu əraziyə külli miqdarda vəsait yatırıb, infrastruktur qurub, istehsal prosesi yaratmışıq. Bu istehsal prosesi ölkəmizin ərzaq təminatında mühüm yerə sahibdir. Təsərrüfatda 180 nəfər insan işləyir. FHN-in qərarı dəyişməsə, təsərrüfatımız məhv olacaq, həmin insanlar isə işsiz qalacaq”.
Nazir Məcnun Məmmədov qeyd edib ki, Azərbaycan hökumətinin quşçuluq sahəsinə dəstəyi davam edəcək.
Nazirin müşaviri Zaur Əliyev kəsim avadanlıqlarının idxalının subsidiyalaşdırılması ilə bağlı təklifin araşdırılacağını bildirib.



