Neft bazarında bahalaşma gələcəyimizə nə vəd edir?
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Dünya enerji bazarında neftin qiyməti yenidən kəskin yüksəlib. “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti dünən 7,27 dollar artaraq 127,29 dollara çatıb. Türkiyənin Ceyhan limanında FOB bazasında bu göstərici 121,71 dollar təşkil edib.
Enerji bazarında baş verən bu sıçrayış ilk növbədə Yaxın Şərqdə geosiyasi gərginliyin neft tədarükü ilə bağlı riskləri artırması ilə əlaqələndirilir. Hazırkı mənzərə göstərir ki, bazar iştirakçılarını daha çox neftə olan bugünkü tələbdən əvvəlcə qlobal təchizatın sabah hansı vəziyyətdə olacağı düşündürür.
Hörmüzdə “ümidsizlik”
Hazırkı bahalaşmanın başlıca səbəblərindən biri ABŞ ilə İran arasında danışıqların bərpasına dair ümidlərin zəifləməsidir. İran rəsmilərinin açıqlamalarından belə çıxır ki, Tehran öz şərtləri qəbul edilmədiyi təqdirdə Vaşinqtonla danışıqlara qayıtmayacaq. Bununla da diplomatik razılaşmanın əldə ediləcəyi və İran neftinin qlobal bazara çıxışına dair təzyiqlərin azalacağı ilə bağlı gözləntilər zəifləyib. Xüsusilə, neft bazarında bu amil mühüm rol oynayır. İranın dünya enerji sistemində əhəmiyyətli neft istehsalçılarından biri olması səbəbindən ABŞ–İran münasibətlərində hər hansı gərginliyin artması gələcək tədarüklər ətrafında qeyri-müəyyənliyi gücləndirir. Diplomatik həll ehtimalının azalması isə bazar iştirakçılarını əlavə risk qiymətləndirməsinə sövq edir.
Digər tərəfdən, Səudiyyə Ərəbistanının neft infrastrukturu ilə bağlı problemlər də bazardakı narahatlığı artırır. Ötən həftə baş vermiş hücumlardan sonra ölkənin Şərq-Qərb neft kəmərinin fəaliyyətini bərpa etməməsi xüsusi diqqət çəkir. Kəmər Səudiyyə Ərəbistanının şərqində yerləşən neft yataqlarını Qırmızı dəniz sahilindəki Yanbu limanı ilə birləşdirir. Hörmüz boğazında neft daşımalarının pozulması ehtimalı fonunda Şərq-Qərb kəmərinin əhəmiyyəti daha da artır. Çünki Səudiyyə Ərəbistanı üçün bu marşrut neftin alternativ istiqamətlərlə dünya bazarına çıxarılmasına imkan verən mühüm infrastruktur hesab olunur.
Faizlərin yüksəlməsi
Hələlik neft qiymətlərinin artımı daha yüksək həddə çatmayıb. Burada ABŞ Federal Ehtiyat Sisteminin pul siyasəti ilə bağlı gözləntilər mühüm rol oynayır. FED-in faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilər gücləndikcə, bazarlar iqtisadi fəallığın zəifləyə biləcəyini hesablayır. Faizlərin yüksəlməsi borclanmanı bahalaşdırır, investisiya və istehlak fəallığını zəiflədə bilər. Bu isə nəticə etibarilə neftə olan qlobal tələbin artımını məhdudlaşdırır. ABŞ dollarının möhkəmlənməsi də neft bazarı üçün əlavə təzyiq yaradır. Neft dollarla qiymətləndirildiyindən dolların bahalaşması digər valyutalarla alış edən ölkələr üçün xammalı daha bahalı edir. Nəticədə tələbə təsir göstərən amillərdən biri də məhz valyuta bazarındakı dəyişikliklər olur.
Göründüyü kimi, neft bazarında iki əks istiqamətli qüvvə müşahidə edilir: bir tərəfdə Yaxın Şərqdə təchizat risklərini artıran geosiyasi hadisələr, digər tərəfdə isə yüksək faiz dərəcələrinin və dolların tələbi zəiflətmək ehtimalı. Hazırkı qiymət sıçrayışı göstərir ki, bu mərhələdə təklif riskləri daha güclü təsir göstərir.
Azərbaycan baxımından yüksək neft qiymətinin ən mühüm əhəmiyyəti ixrac gəlirlərinin artmasıdır. 2026-cı ilin dövlət büdcəsi neftin orta illik qiymətinin 65 dollar olacağı proqnozu əsasında hazırlanıb. Həmin rəqəmlə müqayisədə “Azeri Light”ın hazırda 127,29 dollara satılması diqqətçəkən fərq yaradır. Faktiki olaraq, bazardakı cari qiymət büdcə proqnozunda nəzərdə tutulan səviyyədən təxminən 2 dəfə yüksəkdir.
Təbii ki, birgünlük qiyməti dövlət büdcəsinin gəlirləri ilə birbaşa tutuşdurmaq doğru olmaz. Azərbaycanın real maliyyə nəticəsi ilin sonunda formalaşacaq orta ixrac qiymətindən asılı olacaq. Neftin qiyməti yüksək səviyyədə nə qədər uzun müddət qalarsa, onun dövlət gəlirlərinə təsiri də bir o qədər əhəmiyyətli olacaq.
Bu baxımdan Dövlət Neft Fondunun gəlirləri xüsusi əhəmiyyət daşıyır. Hesablama Palatasının qiymətləndirməsinə əsasən, neftin orta ixrac qiymətində 1 dollarlıq dəyişiklik gəlirlərə təxminən 100 milyon dollar həcmində təsir göstərə bilər. Bu, çox mühüm göstəricidir. Çünki söhbət neftin qiymətində kiçik görünən dəyişikliklərin belə ölkənin maliyyə sistemində yüz milyonlarla dollar həcmində fərq yarada bilməsindən gedir.
Yüksək qiymət – artan ixrac gəliri
Neft qiymətlərinin yüksəlməsi Azərbaycan üçün başqa bir üstünlük də yaradır: eyni fiziki ixrac həcmi daha yüksək gəlir gətirir. 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanın neft və neft məhsulları ixracının dəyəri 8 milyard dollardan çox olub. Bu müddətdə ixrac edilən neftin fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalsa da, onun dəyərinin artması qiymət amilinin əhəmiyyətini göstərir. Bununla yanaşı, bu ilin ilk 6 ayında Azərbaycan neftinin orta qiyməti 94,5 dollar olub. Bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 faiz çoxdur.
Mərkəzi Bank da deyir ki, neft-qaz sektorunda cari əməliyyatlar balansının müsbət saldosu təxminən 24 faiz artaraq 9 milyard dollara çatıb. Bu mənada, hazırkı bahalaşma Azərbaycan üçün “daha çox neft hasil etmək” imkanından daha əvvəl mövcud ixrac həcmini daha yüksək gəlirlə satmaq fürsətidir. Yüksək neft qiyməti ölkəyə daxil olan valyutanı artırmaqla xarici ticarət balansına və valyuta ehtiyatlarının formalaşmasına da müsbət təsir göstərə bilər. Azərbaycanın böyük strateji valyuta ehtiyatlarına malik olması isə belə dövrlərdə iqtisadi təhlükəsizlik baxımından mühüm üstünlük yaradır.
Bahalı neftin artan təhlükəsi
Bütün bunlarla yanaşı, Azərbaycan üçün qiymət artımı yalnız müsbət iqtisadi xəbər kimi dəyərləndirilməməlidir. Çünki qiyməti yüksəldən səbəblərin özündə qlobal iqtisadiyyat üçün risklər dayanır.
Enerji daşıyıcılarının bahalaşması nəqliyyat və istehsal xərclərini artırır, inflyasiya təzyiqlərini gücləndirir və dünya iqtisadiyyatının artım tempinə mənfi təsir göstərə bilər. Əgər Yaxın Şərqdəki gərginlik daha uzun müddət davam edərsə, enerji bazarındakı problemlər digər sahələrə də yayıla bilər. Azərbaycan bu prosesin bir tərəfində neft ixracatçısı kimi əlavə gəlirlər qazanırsa, digər tərəfində qlobal inflyasiya, ticarət və iqtisadi artımla bağlı risklərlə üzləşən dünya iqtisadiyyatının bir hissəsidir.
Bütün mənzərəni bir nöqtədə birləşdirsək, “Azeri Light”ın 127,29 dollara yüksəlməsi Azərbaycan üçün əlverişli maliyyə imkanlarının yarandığını göstərir. Dövlət büdcəsində 65 dollar kimi nisbətən ehtiyatlı qiymətin götürülməsi fonunda mövcud yüksək qiymətlər əlavə gəlir potensialını artırır.
Neft bazarı geosiyasi hadisələrə son dərəcə həssasdır. Bu gün qiymətləri 127 dollara qaldıran amillər sabah diplomatik razılaşma, təchizatın bərpası və ya qlobal tələbin zəifləməsi ilə əks istiqamətdə hərəkətə səbəb ola bilər. Ona görə də Azərbaycan üçün hazırkı bahalı neft mərhələsinin ən böyük iqtisadi üstünlüyü əlavə gəlirlərin yaranmasıdırsa, ən mühüm çağırış həmin gəlirlərin uzunmüddətli iqtisadi dayanıqlılığı gücləndirəcək istiqamətlərə yönəldilməsidir. Neft bazarında yüksək qiymətdən əldə olunan əlavə imkanların qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların artırılması və gələcək dövrlər üçün maliyyə ehtiyatlarının möhkəmləndirilməsinə çevrilməsi bu mərhələnin ən mühüm iqtisadi nəticəsi ola bilər.
Nurlan ABDALOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 16 Sentyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















