Nizami Orucov: “AZAL ölkəmizlə bağlı məndə ən böyük güvən və etibarı oyadan iki sözdən biridir”
“Videodan da göründüyü kimi pilotlarımız son ana qədər təyyarəni xilas etməyə çalışıblar. Bu təyyarə qəzası ilə bağlı zərər çəkən hər kəsə, bir qardaş və psixoloq olaraq, nə köməklik lazımdırsa, əlimdən gələni etməyə hazıram. AZAL ölkəmizlə bağlı məndə ən böyük güvən və etibarı oyadan iki sözdən biridir. Azərbaycana aid bir AZAL, bir də YAŞMA sözü məni həmişə sakitləşdirib”.
Pravda.az xəbər verir ki, bu sözləri tanınmış psixoloq Nizami orucov deyib.
“Müstəqillik dövründə barmaqla sayılacaq qədər təyyarə qəzamız olub. Əslində çox etibarlı statistikaya malikik. Qəza ilə bağlı qorxu, həyəcan, stress keçirən insanlara demək istəyirəm ki, dünyada bir gündə, təxminən, 85 minə yaxın təyyarə uçuş həyata keçirir və hər 3 saniyədə bir təyyarə uğurla eniş edir. Baş verən hadisədə ilk növbədə pilotlara üzüldüm. Pilotlarımızı və digər vətəndaşlarımızı itirdik. Uçuşla bağlı insandan asılı olmayan məqamlar çoxdur. Ehtimal edirəm ki, bu uçuşun qəzaya uğramasına səbəb insandan asılı olmayan bir çox amillərin bir araya gəlməsidir. Ölənlərə Allahdan rəhmət diləyir, yaralananların cansağlığı arzulayıram”, - o bildirib.
Aytəkin Qardaşova