Icma.az
close
up
RU
“Onların gəncliyi müharibədə itdi”

“Onların gəncliyi müharibədə itdi”

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tarix bəzən ən gözlənilməz coğrafiyaları heç kəsin ağlına gəlməyən ortaq nöqtələrdə birləşdirir. 1930-cu illərin sonunda Azərbaycanın qədim Gəncə şəhəri ilə uzaq İspaniya arasında qurulan gizli tale körpüsü də məhz belə hadisələrdəndir.

“AnewZ” televiziya kanalının təqdim etdiyi “The Aviators of Ganja” (“Gəncənin aviatorları”) sənədli filmi Avropa tarixinin az məlum olan bu dramatik səhifəsinə işıq salır. Ekran əsəri 1936-cı ildə İspaniya vətəndaş müharibəsi dövründə Sovet İttifaqının dəstəyi ilə Gəncədə yaradılmış hərbi aviasiya məktəbində təlim keçmiş gənc ispan pilotların acılı-şirinli taleyindən, döyüş yollarından və İkinci Dünya müharibəsindəki iştirakından bəhs edir.

İspaniyadan Gəncəyə uzanan məxfi marşrut

1936-cı ildə general Fransisko Frankonun demokratik yolla seçilmiş İkinci İspaniya Respublikasına qarşı qaldırdığı hərbi çevriliş ölkəni qanlı vətəndaş müharibəsinə sürüklədi. Sənədli filmdə vurğulandığı kimi, bu münaqişə sadəcə daxili qarşıdurma deyildi, o, yaxınlaşmaqda olan İkinci Dünya müharibəsinin ideologiyaları, silahları və beynəlxalq ittifaqları üçün bir sınaq meydanı idi.

Respublika hökumətinin təcili olaraq hərbi pilotlara ehtiyacı var idi. Lakin ölkədəki aviasiya məktəbləri tam gücü ilə işləyir, təlimatçılar isə cəbhədə vuruşurdu. Beynəlxalq arenada Fransa yalnız ilkin uçuş hazırlığı təklif edir, Böyük Britaniya isə kömək etməkdən imtina edirdi. Çarəsiz qalan İspaniya Respublikası üzünü şərqə-Sovet İttifaqına tutdu. Məhz bu strateji addım yüzlərlə gənc ispanın taleyini Azərbaycanla bağladı.

Yüzlərlə gənc ispan gizli yollarla Avropanı keçərək SSRİ-yə göndərildi. Gəmi və qatarlarla Leninqrad, Moskva, Xarkov və Odessadan keçən gənclərin son dayanacağı o dövrdə Kirovabad adlandırılan Gəncə şəhəri oldu. Burada onların hərbi pilot kimi yetişdirilməsi üçün xüsusi aviasiya məktəbi quruldu.

Hamının bildiyi "Məxfi sirr" və ağır sınaqlar

Məktəbin fəaliyyəti tamamilə məxfi saxlanılırdı. Təhlükəsizlik naminə ispan kursantların adları rus adları ilə əvəzlənmiş, rəsmi sənədlərdə onlar sovet tələbələri kimi qeydiyyata alınmışdı. Lakin bu məxfilik uzun sürmədi. Gənc ispanlar yerli əhali ilə qaynayıb-qarışır, şəhərin gündəlik həyatına rəng qatırdılar. Tezliklə onların Gəncədə olması hər kəsin bildiyi bir "açıq sirrə" çevrildi.

Filmdə məktəbin fəaliyyət göstərdiyi çətin şərait də diqqətdən qaçmır. Bu, klassik və dəbdəbəli bir aviasiya akademiyası deyildi. Uçuş meydançaları kifayət qədər sadə idi, kursantlar uçuşlardan əvvəl zolaqları daşlardan təmizləyirdilər. Kazarmalar minimal şəraitə malik idi və normalda bir neçə il davam edən pilot hazırlığı proqramı cəmi bir neçə aya sığışdırılmışdı.

Gənclər ilk təlim uçuşlarını taxta və parçadan düzəldilmiş, müasir standartlara görə olduqca sadə, lakin texniki baxımdan etibarlı olan “Polikarpov U-2” təyyarələrində edirdilər. Digər bir böyük problem isə dil baryeri idi. İspanlar rusca, sovet təlimatçıları isə ispanca bilmirdilər. Təhlükəsizlik üçün ən sadə əmrlərin belə həyati əhəmiyyət daşıdığını nəzərə alaraq, tərcüməçilərin köməyi ilə xüsusi rusca-ispanca aviasiya lüğəti tərtib edildi.

Gəncədəki gərgin hazırlıqdan sonra kursantlar “Tupolev SB-2” bombardmançıları, həmçinin “Polikarpov I-15” və “Polikarpov I-16” qırıcılarında təlimlərini tamamladılar. Respublikaçıların “Mosca” (Milçək), frankoçuların isə “Rat” (Siçovul) adlandırdığı I-16 qırıcıları Respublika Hərbi Hava Qüvvələrinin gücünü xeyli artırdı. Gəncə səmasında bişən gənclər İspaniyaya artıq təcrübəsiz kursant kimi deyil, peşəkar döyüş pilotları kimi qayıtdılar və bəziləri sonradan ölkənin ən tanınmış qəhrəmanlarına çevrildilər.

Bakı neftinin önəmi və sürgün taleyi

Filmin baş qəhrəmanlarından olan pilot Xose Mariya Bravonun qızı Lüdmila Bravonun xatirələri ekran əsərinə xüsusi bir dramatizm qatır. Onun bəhs etdiyi xatirələr müharibəni uzaq səmada bir qəhrəmanlıq dastanı kimi deyil, qorxu, ağır məsuliyyət və sağ qalmaq uğrunda amansız mübarizə kimi gözlər önünə gətirir.

İspaniya vətəndaş müharibəsi respublikaçıların məğlubiyyəti və Frankonun hakimiyyətə gəlməsi ilə bitdi, lakin pilotların çiləsi bitmədi. Onların çoxu vətənə qayıda bilməyib mühacirət etdi və ya SSRİ-də qaldı. Filmdəki faktlara görə, 1939-cu ildə hazırlığı bitirən 185 pilotdan 84-ü sonradan Meksikaya köçdü, 101-i isə Azərbaycanda məskunlaşdı.

1941-ci ildə nasist Almaniyasının SSRİ-yə hücumu ilə bu pilotlar yenidən silaha — təyyarə sükanına sarılmalı oldular. İkinci Dünya müharibəsində Azərbaycanın və xüsusilə Bakı neftinin rolu həlledici idi. Çünki döyüşlərin taleyini mühərriklər, mühərriklərin fəaliyyətini isə yanacaq müəyyən edirdi. İspan aviatorlar Qafqaz, Moskva, Odessa və Bakı səmalarının müdafiəsində böyük şücaət göstərdilər. Elə Xose Mariya Bravo özü də Bakı neft yataqlarını qoruyan hərbi hissədə xidmət edir, alman kəşfiyyat təyyarələrinin strateji məlumatlar toplamasının qarşısını alırdı.

Lakin sovet rejimi bu fədakar pilotların heç də hamısına eyni rəftarı göstərmədi. Film müharibənin acı ssenarilərini gizlətmir: bəzi ispan pilotlara etibar edilmədiyi üçün onların uçuşuna icazə verilmədi. Bəzilərinin yolu əmək düşərgələrindən, həbsxanalardan keçdi, digərləri diversiya qruplarına göndərildi. Döyüşlərdə şəhid olanlar da oldu, taleyi qaranlıq qalanlar da.

Müharibədən illər sonra İspaniyaya qayıda bilənləri də xoş günlər gözləmirdi. SSRİ ilə İspaniya arasında diplomatik əlaqələrin olmaması ucbatından onların sovet ordusunda qazandıqları rütbə və ixtisaslar tanınmadı. Onlar uzun müddət yerli orqanların və xarici xüsusi xidmət orqanlarının sorğu-suallarına, şübhəli baxışlarına məruz qaldılar. Çoxu sadəcə keçmişi unudub yeni, sakit bir həyat qurmağa çalışdı.

Yaddaşın bərpası: “Onların gəncliyi müharibədə itdi” 

“The Aviators of Ganja” sadəcə quru hərbi aviasiya tarixindən bəhs edən bir xronika deyil, o, həm də insan yaddaşı haqqında dərin bir hekayədir. Bu film Azərbaycanın Avropa tarixinin unudulmuş, lakin çox vacib bir səhifəsindəki rolunu yenidən xatırladır. Ölkəmizi sadəcə hadisələrin fonu kimi deyil, İspaniya Hərbi Hava Qüvvələrinin intibah tapdığı, gənc qanadların bərkidiyi bir məkan kimi təqdim edir.

Təlimlər zamanı qəzaya uğrayaraq həlak olan bəzi ispan pilotları bu gün Gəncədə, müharibədə canından keçənlər isə Bakı torpağında əbədi uyuyurlar. Onların qəbirləri Azərbaycan, İspaniya və 20-ci əsrin ən qanlı müharibələrini birləşdirən ortaq tarixin maddi sübutudur.

Filmdə səslənən bir cümlə bu talelərin ortaq fəryadıdır: “Onların gəncliyinin ən gözəl illəri müharibədə itdi”.

Müharibə, sürgün və onilliklərlə davam edən məcburi sükutun içindən boylanan bu pilotlar arxalarında böyük bir cəsarət, ziddiyyət və sağ qalma dastanı qoyub getdilər. Onlar Gəncəyə göylərə ucalmağı, uçmağı öyrənməyə gəlmişdilər. İllər sonra vətənlərinə dönə bilənlər isə özləri ilə yalnız uçuş təcrübəsi aparmadılar, onlar çiyinlərində ən ağır yükü — əvvəlcə gəncliklərini səmada yetişdirən, sonra isə onları tarixin unudulmuş arxivlərinə gömən qəddar bir əsrin silinməz xatirələrini daşıdılar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyul 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see397

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see352

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see345

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see333

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see300

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see287

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see284

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see271

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see268

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see263

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see262

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see258

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see248

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see246

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see245

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see217

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see214

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see213

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see178

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri