Son nəfəsdə onunla olan paşa hədiyyəsi Rafael Hüseynov yazır
Icma.az bildirir, 525.az portalına istinadən.
Rafael HÜSEYNOV
Akademik
Bəlkə də o ay, o ayın içərisində yaşadıqları Cəfərin ömründəki ən kədərli, ən sarsıntılı parça idi. Öz ailəsinin də, millətinin də həyatında qəfil qopmuş viranedici zəlzələyə bənzəyən o günlərin göynəyi Cəfərin matəmli misralarına da çevrilmişdi və çevrilməyə də bilməzdi.
Ağrı o qədər dərin, elə zoqqultulu idi ki, onun ələmindən qurtulmaq mümkünsüz idi. Vaxt ötdükcə acılar nisbətən soyusa da, dərin yaranın ürəkdəki çapığı həmişəlik qaldı. Odur ki, Cəfərin ağrı təzəykən, isti-isti yazdıqları öz yerində, sonra həmin mövzuya yenə qayıtdı. Əslində bəlkə də 1918-ci ilin martında, həmin ilin mayında, elə o ilin sentaybrında baş vermişləri 1929-cu ildə, hadisələrin üstündən müəyyən vaxt ötəndən, olub-keçənlərin təəssüratı içərisində daha artıq durulandan sonra Cabbarlı Azərbaycan müqəddəratının həmin həlledici çağları barədə qat-qat gözəl və qat-qat da təsirli əsərlər yaza bilərdi. Vaxt macal vermədi. Sovet dönəmində bu mövzuların hamısı artıq qapalı idi. Yazmaq istəyib, yaza bilmədiyi o doğulmamış əsərlərin də nisgili Cəfərlə birgə getdi.
...1918-ci ilin mart təqvimi gün-gün irəliləyir. Azərbaycanı od-alov bürümüşdü, millət qan içində idi. Erməniçilik xalqımıza qarşı qəddar soyqırımı başlatmışdı, amansızlıqla, insan adına layiq olmayan ifrat əzazilliklə tək günahı türklüyü, azərbaycanlılığı olan xalqı qırıb-çatırdı.
Qırğınlar bütün Azərbaycan boyu törədilirdi, Şamaxıdakı Qubadakından dəhşətli, Gəncədəki Naxçıvandakından müdhiş, digər məntəqələrdəki o biri bölgədəkilərdən qandonduran.
Azərbaycanın müxtəlif guşələrində erməni zülmünə məruz qalanların Bakıda ev-eşiyi, qohum-əqrəbası olanları nicat ümidi ilə buraya pənah gətirmişdilər. Ancaq gələnlər Bakıda sarsıdıcı xəyal qırıqlığına uğramışdılar. Çünki ölümdən qaçaraq, nicat umaraq gəldikləri Bakıdakı vəziyyətin oradakından da pis olduğuna şahid kəsilmişdilər. Bu qəm mənzərələrini Cəfər Cabbarlı iki sevgilinin, ikisi də şamaxılı olan gənclərin müsibətindən bəhs edən "Əhməd və Qumru" əsərində əks etdirmişdi. Ürəkləri bir-birinə əbədi bağlanmaq, xoşbəxt ömür yaşamaq arzusuyla döyünürmüş. Ancaq Əhmədin də, Qumrunun da, onların ailələrinin də başına olmazın bəlalar gətirilir, yurd-yuvalarından didərgin düşüb Bakıya sığınırlar.
Və günlərin birində Bakıda, İsmailiyyənin qarşısında hər ikisi tanınmaz halda, dilənçi kökündəykən qarşılaşır. O da, bu da "yaralıyam, şikəstəm, Şamaxı əsiriyəm" deyərək zarıyır. Birdən başlarını qaldıranda baxışları toqquşur. Geyimləri cır-cındır, saçları pırtlaşıq, sifətləri yaralı olsa da, gözlər həmin gözlər idi. Ələmlə dolu olsa belə, iki sevən insanın dünyadakı milyardlarla göz arasındakı bir cüt gözü elə baxınca tanımaması, görüncə diksinməməsi mümkün deyildi.
Bir-birinə doğru irəliləyirlrər. Elə həmişə belə olurdu. Qarşı-qarşıya dayanınca ixtiyarsız bir-birinə doğru can atırdılar, bir-birinə sarılırdılar. Ancaq indi bir-birini qucaqlaya bilmirlər. Çünki qucaqlamaq, sığallamaq üçün qollar, əllər lazımdır. Ancaq erməni cəlladları onun da, bunun da qollarını kəsmişdilər.
Cəfərin qələmə aldığı yüzlərlə bu cür və bundan da qaniçən əməllərin yalnız bircəsi idi. 1918-ci ilin martında ermənilərin törətdiyi soyqırımı dönəmində isə saysız məsum insanımızın başına bunlardan beşbetər nə qədər bəlalar gətirilmişdi - kimlərinsə gözlərini çıxartmışdılar, kimlərinsə başının dərisini soymuşdular, hansısa körpələri ana bətnindəcə süngü ilə öldürmüşdülər.
Cəfər Cabbarlının "Əhməd və Qumru"da təsvir etdikləri ruhu titrədən qəm mənzərələrinin cüzi bir hissəsi idi. İçərisində o qədər yanğı vardı ki, həmin atəşi bircə "Əhməd və Qumru" ilə toxtada bilməzdi. Cəfər o yas məclislərində oxunmaqdan ötrü bir mərsiyə də yazmışdı. Bu həm ayrı-ayrı insanların dərdini, göynəyini göstərən bir nohə idi, həm də bir millət müsibətnaməsi:
Gülzar-i vətən soldu,
Millət xar u zar oldu,
Millət payimal oldu,
Dur, ey xar olan vətən!
Bir yandan ədu cəllad,
Bir yan nalə vü fəryad,
Ol bu zülümdən azad,
Dur, ey xar olan millət!
Əl çək bu həqarətdən,
Qurtar bu əsarətdən,
Xar ol bu xəcalətdən,
Dur, ey xar olan millət!
Amma Pərvərdigarın tərəzisi heç vaxt yalnız bir tərəfə əymir. Bir tərəfdən alanda dünya obiri tərəfdən də təsəlli gətirir, səndən qopardıqlarının əvəzində nəsə verir.
Qana boyanmış, qaraya bürünmüş martın ardından istiqlalın işığı ilə nurlanan may da yetişdi, Tiflisdə Azərbaycan istiqlalını elan edən Cümhuriyyət qurucuları Gəncədə yerləşdilər.
Gəncə əziz idi, milli ruhun paytaxtlarından idi, ancaq həyata yenicə gəlmiş Azərbaycan Cümhuriyyətinin Bakı qala-qala Gəncəni paytaxt kimi seçərək orada yerləşməsi xoş gündən deyildi - Bakı azad deyildi, Bakı düşmən əlində idi və Azərbaycan hakimiyyətinin bu neft şəhərinə gələrək işə başlamasına əsla imkan yox idi.
Başsız bədən olmaz. Bunu hər kəs bilir. Ancaq bu sözləri 1918-ci ilin yayında Nəsib bəy Yusifbəyli (1881-1920) axarında olduğu narahat günlərdə söyləyirdi və bəlli həqiqəti bir insana deyil, bütün Vətənə aid edirdi.
"Baş" deyəndə o, Bakını, "bədən" deyəndə bütün Azərbaycanı nəzərdə tuturdu. Azərbaycan istiqlalını yenicə elan etmişdi, ancaq Bakı bolşeviklərin və onlarla əlbir ermənilərin nəzarətində olduğundan hökumət Gəncədə yerləşmişdi və gendən quduz dişlərini qıcamış şər qüvvələrin niyyəti Gəncəyə də həmlə edərək müstəqilliyimizi beşikdəcə boğmaqdan ibarət idi. Nəsib bəyin o sözlərisə bir çağırış idi ki, biz Gəncədə qala bilmərik, hökmən lap tezliklə Bakıya yığışmalıyıq.
Oyandansa Lenin Azərbaycanın qanına susamış daşnakların ən qartı və Bakıda xalq komissarları sovetinin sədri olan Stepan Şaumyana teleqram göndərmişdi ki, nəyin bahasına olur-olsun Bakını əldə saxlamalıyıq. Şaumyansa agahdı ki, nə qədər Gəncə var, onlar Bakıda rahat otura bilməyəcəklər, çünki əsas milli mərkəz məhz oradır.
Bolşevik və daşnaklar azmış kimi, hələ bir qədər keçəndən sonra daşnaklarla əlbir olan İrandakı ingilis qüvvələri də Azərbaycana, Bakıya gələcək, vəziyyət daha da mürəkkəbləşəcək.
Hələ istiqlalımızın elan edilməsi ərəfəsində bütün açıq və örtülü təhdidlərdən agah olan, qarşıdakı günlərin xoş məramlarının parlamamış sönməsinə bais olacaq və daha hansı bəlalar gətirə biləcəyini aydın təsəvvür edən milli qüvvələr bir yerə toplaşaraq Gəncədə müşavirə keçirmiş, yollar axtarmışdılar. Çünki onlar müstəqillik yolunun mütləq və mütləq şəkildə Bakıdan keçdiyinə inanırdılar və Bakının taleyi sadiq vətənpərvərləri çox düşündürürdü. Ancaq istək, coşqu nə qədər aşıb-daşsa da, gerçəklik də var axı. Qüvvələr nisbəti müqayisəedilməz dərəcədə fərqli idi. Nəsib bəy Yusifbəyli Azərbaycanın müxtəlif bölgələrindən gələrək Gəncədə toplaşmış Müsəlman milli komitəsinin üzvlərinə, Azərbaycan vətənpərvərlərinə müraciətlə demişdi ki, biz Bakının mərkəzini mütləq düşmənlərdən təmizləməliyik, ancaq bunu edə bilməkçün böyük yardıma ehtiyac var. Bu yardımı isə biz yalnız Osmanlı imperatorluğundan istəyə bilərik. Ona görə də biz mütləq ora səlahiyyətli nümayəndə heyəti göndərməliyik.
Və Nağı bəy Şeyxzamanlının (1883-1967) rəhbərliyi altında Ömər Faiq Nemanzadə (1872-1937), o vaxtlar Gəncədə olan türk zabiti Hüsaməddin Tuğacdan (1889-1975) ibarət səlahiyyətli nümayəndə heyəti Gəncədən Trabzona getmiş, əvvəlcə üçüncü ordu komandanı Mehmet Vəhib paşa (1875/77-1940) ilə görüşmüşdü. General da onların söylədiklərini və hazırladıqları hesabatı hərbiyyə naziri Ənvər paşaya (1881-1922) çatdırmışdı.
Çox keçmədən İstanbulda Azərbaycandan gələn heyəti əvvəlcə baş nazir Tələt paşa (1875-1921), hərbiyyə naziri Ənvər paşa və ədliyyə naziri Xəlil bəy (1882-1957; Xəlil Kut Nuru (Nuri Killigil; 1889-1949) və Ənvər paşaların əmisidir) birgə qəbul edərək dinləmişdilər. Onlar Osmanlı imperatorluğunda söz və nüfuz sahibi idilər, onların rəyi dövlət əhəmiyyətli ən ümdə məsələlərdə həlledici idi və bu şəxsiyyətlərin hər biri ilə ali səviyyədə hesablaşırdılar.
Ardınca sədr-i əzəm Tələt paşa ilə Nağı bəy Şeyxzamanlının təkbətək görüşü olmuşdu. İndi bütün əvvəlki söhbətlərin yekunu vurulacaqdı. Baş nazir Tələt paşa ilə Nağı bəy Şeyxzamanlı üzbəüz idi və bu yekun danışıqda Nağı bəy gəlişin başlıca məqsədinin vacibliyinə baş naziri tam inandıra bilmişdi və qət edilmişdi ki, Nuru paşanın başçılığı altında Qafqaz İslam ordusu kömək üçün Azərbaycana göndərilsin.
Onillərlə tarix kitablarından, dərsliklərdən, dövlətin təbliğat-təşviqat şəbəkəsindən xalqa xilaskarlar, qəhrəmanlar kimi sırınmış 26 Bakı komissarından biri, mənfur Şaumyanın həmnəfəsi, daha bir kin tuluğu daşnak Arsen Əmiryanın sözləri gəlib çatıb bizə. Bu həmin Arsen Əmiryandır ki, ki, vaxtilə şimaldan gələn göstərişlərlə bəh-bəhlə Bakıdakı ən mərkəzi küçələrdən birinə onun adını vermişdik. O, 1918-ci ilin mart soyqırımı əsnasında bölgələrdə törədilən qırğınları bir az sonraya saxlayaraq ən əvvəl Gəncəni ələ keçirməyi tövsiyə edirdi. Narazılıq edirdi ki, əsas məsələni kənara qoyub ikinci dərəcəli işlərlə məşğulsunuz, Şərqin Versalı olan Yelizavetpolu birinci növbədə işğal etmək lazımdır.
Bolşeviklərin, daşnakların birləşərək azərbaycanlılara qarşı müsibətlər törətdiyi günlərdə, üstəlik ingilislərin də Bakıya təşrif gətirəcəyi haqqında xəbərlərin yayıldığı çağlarda qüvvələr nisbətinin yerlə göy fərqi tamam aşkar duyulurdu. Ona görə də həmin dövrdə Batumdakı sülh konfransında Azərbaycan nümayəndə heyəti orada Osmanlı imperatorluğu tərəfindən iştirak edən həm ədliyyə, həm də xarici işlər naziri olan Xəlil bəy qarşısında yardım məsələsini dönə-dönə qaldırırdı.
Həmin sülh konfransının davam etdiyi günlərdə də Azərbaycan istiqlalını elan etdi və 1918-ci ilin ilk iyun günlərində isə Azərbaycan Cümhuriyyəti ilə Osmanlı imperatorluğu arasında dostluq müqaviləsi imzalandı.
Bu, Osmanlı imperatorluğundan kömək istəmək üçün həm də ciddi hüquqi əsasın yaranması deməkdi.
Ardıcıl və məqsədyönlü addımların nəticəsi bu oldu ki, Nuru paşanın rəhbərliyi altındakı Qafqaz İslam ordusu Azərbaycan ərazisinə daxil oldu, bu torpağa qədəm basdıqları ilk anlardan el-oba onları sonsuz məhəbbətlə, toy-bayram içərisində qarşıladı.
1918-ci ilin son may günlərində Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusu Gəncəyə yetişdi və təcrübəli, bəsirətli paşa dərhal vəziyyəti araşdıraraq yerli qüvvələrin də kifayət qədər döyüş hazırlığı olduğunu sezdi, onların sırasından da yerli Qafqaz İslam ordusuna xeyli əsgər cəlb etmişdi. Amma Gəncədə iki zabit məktəbi də açmışdı ki, yüksək səviyyədə təlim versinlər, milli qüvvələrdən daha çox səriştəli zabitlər yetişdirilsin.
Ancaq Nuru paşaya müxtəlif istiqamətlərdən hər gün hərbi səciyyəli məlumatlar da çatdırılırdı, əlinə çatanları araşdırdıqca anlayırdı ki, yalnız Qafqaz İslam ordusunun gücü ilə bolşevik, daşnak və ingilislərin müştərək qüvvələri qarşısında dayanmaq çətindir, əlavə gücə hökmən ehtiyac var. Müfəssəl hesabat hazırlayaraq Osmanlı imperatorluğuna müraciət etmiş və oradan da qüvvə göndəriləcəyi vəd edilmişdi.
İlk baş nazirimiz Fətəli xan Xoyskinin (1875-1920) o səksəkəli günlər haqqında söylədikləri unudulan deyil. Demişdi ki, daxili vəziyyətimiz qayət fəna idi. Hökumətimiz öylə bir zamanda təşəkkül etmişdi ki, bir kənddən digərinə getmək qorxulu idi. Türkiyə ilə sülhnamə bağlandı. Fəqət bununla bərabər daxili işlər o qədər pərişan idi ki, qanun və asayiş bərpasında hökumət aciz idi. Nə əsgəri qüvvəmiz vardı, nə silahımız. Türkiyə-Azərbaycan sülhnaməsinin bir bəndinə görə isə, məmləkətimizə nə vaxt lazım olsa, hüququmuzun müdafiəsi üçün türklər bizə o qədər əsgər verməli idi. Ona görədir ki, darda qaldıqda bu çarəyə təvəssül edildi.
...1918-ci ilin yazı bitib, yayı gəlmişdi. Bu yay qızmar keçəcək. Ancaq o yayı qızmar edən yalnız günəşin göydən səpdiyi od deyildi, əsas bais Azərbaycan boyu açılan və insanlara tuşlanmış atəşlər idi. Düşmənlər məqsədinə çatmaq, Azərbaycanın istiqlal bəxtiyarlığına biryolluq son qoymaq üçün əzazil addımlarını atmaqdaydı və Qafqaz İslam ordusu da Gəncədən qədəm-qədəm Bakıya doğru irəliləməkdə.
Zəfər yürüşü 1918-ci ilin 20 iyulunda Göyçayda qazanılan qələbədən başlandı. Ardınca cəsur Qafqaz İslam ordusu Qaraməryamda, ardınca Ağsuda, ardınca Kürdəmirdə, ardınca Şamaxıda qətiyyətli zəfərlər çaldı. Qafqaz İslam ordusu kənd-kənd irəliləyərək Bakıya doğru yaxınlaşdıqca düşmən qüvvələrinin bağrına daha çox səksəkə düşürdü.
1918-ci ilin 31 iyulunda Bakı xalq komissarları soveti vəziyyətin tam ümidsiz olduğunu görərək hakimiyyətinə son verdi. Ancaq Qafqaz İslam ordusu inamlı yürüşünü davam etdirməkdə idi. İndi bolşeviklərin əvəzinə Bakıda hakimiyyətə eser, menşevik və daşnaklardan ibarət Sentrokaspi hakimiyyəti gəldi. Vəziyyətin qarışıqlığını görən, uzaqdan-uzağa neft iyinə tamahsılanan ingilis qüvvələri də özünü avqust ayının 4-də İrandan Bakıya çatdırdı, Denstervilin (Çarlz Lionel Denstervil; 1865-1946) rəhbərlik etdiyi qoşun Sentrokaspi qüvvələri ilə birləşdi. Amma heyhat! Avqustun 5-də Qafqaz İslam ordusu birləşmiş qüvvələrin belini qırdı. Ona görə də 1918-ci ilin 17 avqustunda Denstervil əlavə qüvvələr gətirmək qərarını verdi.
Nuru paşa Bakını düşmənlərdən təmizləmək üçün mükəmməl və sarsıdıcı bir plan tərtib etmişdi: Bakıya dairəvi şəkildə dörd bir ətrafdan hücumlar edilirdi. Avqustun 20-dən etibarən döyüşlər daha da şiddətləndi. Qafqaz İslam ordusu, bütün çətinliklərə baxmayaraq, qəhrəmancasına döyüşür, addım-addım əsas məqsədə doğru irəliləyirdi. Avqustun 31-də Sentrokaspi hakimiyyəti təcili müşavirə keçirdi. Etiraf etdilər ki, vəziyyət ümidsizdir. Ancaq həmin günün sabahı ingilis generalı Denstervilin dediyi sözlər daha tarixidir. Söyləmişdi ki, dünyada elə bir qüvvə yoxdur ki, türklərin Bakıya girməsinin qarşısını ala bilsin.
Qüdrətli Nuru paşa Bakıya doğru son qəti qələbə həmləsini sentyabrın 14-nə təyin etmişdi.
16 saat şiddətli döyüşlər getdi. Qafqaz İslam ordusunun bütün əsgər və zabitləri, sıra nəfərləri - Anadoludan gələnlər və Azərbaycan türkləri aslanlar kimi çarpışırdılar və Nuru paşa o möhtəşəm gündə hərbiyyə naziri Ənvər paşaya və Azərbaycan Cümhuriyyəti baş nazirinə həyatının ən xoşbəxt teleqramlarından birini, bəlkə də ən tarixisini göndərdi: "Sentyabrın 15-də saat 9-a qalmış Bakı azad edildi".
Bundan məsud günü təsəvvür etmək çətin idi. Xəyallar gerçək olmuşdu. Bakı azad idi. Əhməd Cavad (1892-1937), Abdulla Şaiq (1881-1959), Məhəmməd Hadi (1879-1920), Salman Mümtaz (1884-1941) bu qələbəyə sonsuz fərəhlə şeirlər həsr etmişdilər, qəzetlərin səhifələrində də bayram idi. Ancaq bu zəfər - Bakının qurtuluşu çox keçməyəcək, səhnələrə də çıxacaq.
Bakının küçələri, Bakının binaları, Bakının o vaxtdan indiyə gəlib çatan ağacları həmin günü heç vaxt unutmayacaq. Qafqaz İslam ordusu Bakı küçələrində rəsmi keçidini edirdi. Küçələr insanla ləbələb idi, bakılılar eyvanlara çıxmışdı, Qafqaz İslam ordusu küçələrdən keçirdi, insanlar qəhər içərisində idi, gözlərdən sevinc yaşı axırdı.
Və həmin günlərdən bizə tariximizdə həmişəlik qalacaq bir başqa deyiş də yadigar qalıb: Nəsib bəy Yusifbəylinin sözləri. Nuru paşanı, Qafqaz İslam ordusunu, Bakının qurtuluşunun mərd müəlliflərini düşünərək söyləmişdi: "Millət sizə minnətdardır!"
Və düz bir il sonra - 1919-cu il sentyabrın 15-də də Məclis-i Məbusan növbəti yığıncağına toplaşmışdı. Kürsüdə parlamentə sədrlik edən Həsən bəy Ağayev (1875-1920) idi, o, milləti bir daha bu əziz bayram münasibətilə təbrik edirdi və yığcam çıxışından sonra iclası yekunlaşdıraraq millət vəkillərini Bakının qurtuluşu zamanı şəhid olmuşların şərəfinə nişangah qoyulması mərasiminə yollanmağa səsləmişdi.
Ertəsi gün çıxmış "Azərbaycan" qəzeti həmin əziz günün ovqatını da, səslərini də bizə olduğu kimi çatdırır.
Qəzetdə o yazı vardısa, ardında dayanan Cəfər idi.
O, bir də Seyid Hüseyn (1887-1938). Onların işi elə parlament iclaslarını sözbəsöz qələmə alıb müəyyən qədər əl gəzdirmək, protokollaşdıraraq Məclis-i Məbusanın dəftərxanasına təqdim etmək, nüsxəsini də dərc olunmaqdan ötrü "Azərbaycan" qəzetinə yollamaqdı.
"Azərbaycan" qəzetinin 1919-cu il sentyabrın 17-sində çıxan sayında Məclis-i Məbusanda Bakının qurtuluşunun qeyd edilməsi ilə bağlı dərc olunan xəbərə "Paytaxtımızın fəth edilməsinin bir illiyi" başlığı qoyulmuşdu: "Eylulun 15-də paytaxtımız Bakı şəhərinin düşmənlər əlindən alınması münasibəti ilə hökumət tərəfindən dövləti müəssisələrin və idarələrin bir günlük tətili elan edilmişdi. Bakı Müsəlman Cəmiyyət-i Xeyriyyəsi tərəfindən Bakının xilası uğrunda şəhid düşən şühəda qəbri üzərində onların bəqayi-nami (adlarının əbədiləşdirilməsi - R.H.) üçün bir abidə yapılması mərasimi də icra ediləcəyi məlum edilmişdi. Bakı əhli də bu günü, kimsənin tövsiyəsini gözləmədən, dükan-bazarı bağlayıb bayram etmişdi. Səhər saat 9-da Bakı soqaqlarından əsgəri musiqi səsi hər kəsi - erkək və qadın - küçələrə çıxarmışdı. Kimisi Hürriyyət meydançasına, kimisi parlaman qarşısına, kimisi də hökumət idarəsi tərəfə şitab edirdi (tələsirdi - R.H.). Saat 11-də parlaman təntənəli iclası vaqe olurdu. İclası parlaman sədri doktor Həsən bəy Ağayev açaraq şu günün şərəfinə kəndilərinə xas bir əda ilə müxtəsər, lakin qayət mənidar (mənalı - R.H.) bir nitq söylədilər. Bakı uğrunda şəhid düşən qəhrəmanların ruhlarına ehtiramən məbus əfəndilərin (millət vəkillərinin - R.H.) ayağa qalxmasını təklif etdilər. Şu günün bayram olub da saat 11-də əsgərlərin rəsmi keçid yapacaqlarını və saat 1-də Bakı Cəmiyyət-i Xeyriyyəsinin şühəda qəbri üzərində abidə yapmaq mərasimi icra ediləcəyini məlum edərək məclisi qapatdılar".
Məqalə davam edir və sanki o vaxt əslində çəkilməli olan bir xronikann boşluğunu doldurur. Elə təsvir edir ki, 1919-cu il Bakısının elə indi də var olan küçələrini ovaxtkı görkəmində, o çağın insanları ilə dolu görürük: "İrəlicə qəzetələr rəsmi keçidin Hürriyyət meydançasında vaqe olacağını xəbər vermişdilər. Camaat şuraya toplaşıb gözləyirdilər. Lakin rəsmi keçid nasılsa dəniz kənarında Hərbiyyə Nəzarətinin önündə vaqe olacağından bütün əsgərlər buraya toplaşmışdılar. Saat 12-nin yarısında rəsmi keçidə başlandı. İki dəstə əsgəri musiqi icrayi-ahəng edirdi. Rəsmi keçidi vükəla rəisi Nəsib bəy cənabları (baş nazir Nəsib bəy Yusifbəyli - R.H.) parlament üzvləri və heyəti-vükəla hüzurunda qəbul edirdi. İlk öncə hərbiyyə məktəbinin gənc zabitləri, onların arxasınca əsgərlər, onların da ardınca pulemyot komandası və topçu komandası, ən sonda parlament qorucu bölüyü nəfərləri keçirdi. Tam yarım saat, bəlkə bir qədər daha ziyadə əsgərlər Hərbiyyə Nəzarəti qarşısında heyəti-vükəla rəisini salamlayıb keçir, Naberejnı küçə ilə gəlib Sadovı küçədən yuxarı qalxaraq qəbiristana doğru irəliləyirdilər. Əsgərlərin ardınca öndə "İttihad" məktəbinin musiqi dəstəsi olaraq mütəllimlər gedir, onların da ardınca camaat qoşurdu".
Ancaq yazının davamında artıq şəhidləri anma mərasiminin növbəti mərhələsi təsvir edilir: "Saat 1-də Bakını bütün çılpaqlığı ilə ərz edən Yeni qəbiristanlıqda hər kəsin - qadın, erkək, cocuq - qəbiristan hündürlüklərinə dırmaşdığını görmək olurdu. Minlərlə əsgərlər qəbiristanı həlqəvari ortaya almış, toplar, pulemyotlar gəlişigözəl bir surətdə vəz edilmiş, əsgərlər, zabitlər hərə kəndi mövqeyində dayandığı halda onların miyanında ufaq bir kütlə halını alan bir-iki min tamaşaçının hüzurunda heyət-i vükəla və parlaman məbuslarının iştirakı ilə ətrafı milli bayraqlarla donadılmış bir məhəldə cəmiyyət-i xeyriyyə rəisi Qasım Qasımov (1889-1959; qubalı, hüquq elmləri doktoru həm də Qasım Qasımzadə və ya Ağa Qasım Qasımzadə kimi tanınmış şəxs o vaxt Bakı şəhər özünüidarəsinin sədri, şəhər dumasının deputatı, "Nicat" cəmiyyətinin sədri işləmiş, sonralar İrana keçərək orada senatın senatoru, XİN-də hüquq müşaviri işləmişdi - R.H.) məclisi açırdı. İlk əvvəl Şeyxülislam Axund Molla Ağa Əlizadə (1871-1954 - R.H.) cənabları şühədanın ruhuna dua etməklə nitqə başladılar. Münasib-i məqam olaraq müxtəsər bir nitq söylədilər. Şeyxülislamdan sonra cəmiyyət sədri Qasım Qasımov nitqə başladılar. Qasımovdan sonra parlament sədri Həsən bəy Ağayev, sonra heyət-i vükəla rəisi Nəsib bəy Yusifbəyli cənabları, ondan sonra Məhəmməd Əmin Rəsulzadə (1884-1955 - R.H.), Qarabəyli Qara bəy (1874-1953 - R.H.), Əhməd Cövdət (Əhməd Pepinov-Ömərbəyov, 1893-1938 - R.H.), Muxtar Əfəndizadə (1880-1975 - R.H.), doktor Seyidəli Seyidov, müəllimlər tərəfindən Mustafa Mahmudov (1878-1938 - R.H.), ədəbi "Yaşıl qələm" dərnəyi tərəfindən şair Cavad Əfəndi, İranlılar Maarif Cəmiyyəti tərəfindən Əjdər Əlizadə, Bakıda bulunan osmanlılar tərəfindən doktor Fuad Əfəndi, ən nəhayət, Hindistan müsəlmanları tərəfindən ismini mətəət-təəssüf öyrənəmədiyimiz bir möhtərəm zat danışdılar. Saat üçün yarısında natiqlərin sırası bitib abidənin birinci daşı parlament rəisi və heyəti-vükəla sədri əli ilə qoyuldu. Abidənin bünövrəsinə mis bir lövhə qoyuldu. Lövhə böylə yazılmış idi: "1918 sənəsi eylul ayının 25-də Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakının qurtuluşu əsnasında canlarını qəhrəmancasına qurban verən Osmanlı əfrad və zabitanının sine-yi şükran-i millətdən silinməz qardaşlıq xatirəsini əbədiyyən təsbit etmək üçün bu böyük günün səne-yi dövriyyəsi Azərbaycan Məclis-i Məbusanı əzası, heyət-i nüzzar, rical-i məmləkət, üməra-yi əsgəriyyə, ərkan-i məşixət (şeyxülislamlıq idarəsi məmurları - R.H.), üləma-yı kiram (böyük ruhani alimlər - R.H.) cəmiyyət-i xeyriyyə rüəsasının hüzuru və Bakı Cəmiyyət-i Xeyriyyəsinin təşəbbüsü ilə işbu abidə - Qurtuluş abidəsinin binası təyəmmünən və təbərrükən (uğurlu və mübarək bir şəkildə - R.H.) vəz edilmişdir (qoyulmuşdur - R.H.). Cənabi-Haqq ərvahi-şüədanı şad eyləyə. Amin. 15 eylul 1919-cu il".
Qəzet davam edirdi ki, "sonradan əsgərlər iki dəstə əsgəri musiqi bandosunun tərənnümü ilə qəbiristandan şəhərə doğru əsgəri nəğmələr oxuyaraq yürüməyə başladılar. Parlaman caddəsi ilə qışlalarına doğru hərəkət etdilər. Ümumiyyətlə, rəsmi keçid pək parlaq keçdi. Xalqda qüvvətli bir ruh yüksəkliyi müşahidə edilirdi. Xüsusilə əsgərlərimizin şu intizamı hər kəsin könlündə bir şövq və məhəbbət oyadırdı".
Bu, ayın 15-i idi. Sentyabrın 16-sında isə Hökumət teatrının səhnəsində Cəfər Cabbarlının Bakının qurtuluşuna həsr edilmiş "Bakı müharibəsi" əsəri tamaşaçılarla görüşmüşdü.
Həmin tamaşanın elanını da qəzet bir gün əvvəlki sayında vermişdi. Həm də o vaxt dərc edilən və bir xəbər kimi artıq yüz ilin köhnəsinə dönmüş o yazının mühüm bir əhəmiyyəti də var. O xəbərdə haqqında bəhs edilən Cəfər əsəri lap çoxdan, elə ədibin özünün sağlığından it-bata düşüb. Proqramından savayı ortada ayrı bir izi yoxdur. Həmin xəbərdəsə tamaşanın göstəriləcəyi yer, gün, saatdan daha diqqətəlayiq olan məlumatlar var. Əsərin məzmunu ilə bağlı bir para məqamlara da aydınlıq gətirilir.
"Azərbaycan" qəzetinin 1919-cu il sentyabrın 15-də bazar ertəsi çıxan 274-cü sayında belə bir xəbər - "İki tarixi drama" adlı kiçik bir yazı dərc edilmişdi.
"Paytaxtımız Bakı şəhərinin qəhrəman Türk və Azərbaycan əsgərləri tərəfindən azad edilməsinin bir illiyi münasibətilə gənc mühərrir və şairlərimizdən Cəfər Cabbarlının yazmış olduğu "Bakı müharibəsi" və gənc mühərrirlərimizdən Mirzəbala Məhəmmədzadə (1898-1959 - R.H.) tərəfindən qələmə alınmış "Bakı uğrunda müharibə" tarixi dramları Bakı Türk səhnəsinin aktyorları iştirakı ilə artist Abbas Mirzə Şərifzadənin təhti-idarəsində işbu sentyabrın 16 və 17-də axşam Dövlət Teatrında mövqeyi-tamaşaya qoyulacaqdır. Bu dramlar ta mart hadiseyi-əliməsindən (kədərli hadisəsindən - R.H.) başlayıb, Bakının düşmənlər əlindən azad edildiyi günə qədər nə cür hadisələr keçirdiyini müfəssəl surətdə təsvir edirlər. Cəfər Cabbarzadənin yazmış olduğu dramda Bakı cəbhələri və cəbhələrdə Nuri paşa, Mürsəl paşa (1881-1945 - R.H.) və Məhəmməd Tofiq bəyin (1867-1956 - R.H.) iştirak etdiyi və Bakıya hücum planı yapıldığı Şubanı, Binə, Maştağa, Balaxanı cəbhələri göstərilir. Bundan əlavə, Prokofi Çaparidze və Levon Atabekyan iştirak edirlər. Pərdə qalxmadan qabaq natiqlərimizdən Piri Mürsəlzadə (1892-1920 - R.H.) cənabları Azərbaycan Cümhuriyyətinin bir illik tarixi-siyasiyyəsini havi (əhatə edən - R.H.) nitq söyləyəcəkdir.
Biletlər satılır hər gün səhər və axşam teatrın kassasında. Tamaşa başlanacaq axşam saat 8-də. Dramalar tarixi və bir qədər müfəssəl olduğundan möhtərəm tamaşaçılardan rica olunur ki, vəqti-müəyyəndə (təyin edilmiş saatda - R.H.) gəlsinlər".
O tamaşanın ilk dəfə göstərildiyi axşamda əsərin baş surəti - Nuru paşa artıq çoxdan idi Bakıda yoxdu. Ancaq 1 il öncə, Bakı zəfərinin sevinclərinin siftə çağında o qüdrətli sərkərdə və pyesinin gələcək qəhrəmanı ilə görüşmək Cəfərə qismət olmuşdu.
1918-ci il noyabr ayının 10-u idi. Missiyasını başa vurmuş Nuru paşa vətəninə geri yola düşməli idi. Onun şərəfinə ziyafət verilirdi. Bu qədirşünaslıq mərasiminə Azərbaycanın seçkin insanları toplaşmışdı, ürəkdən gələn sözlər deyirdilər və şahidlərin yadında həmişəlik qalmışdı ki, zabitəli paşa o gün necə duyğulanıbmış. O özü eşitdiklərindən nə qədər duyğulanmışdısa, Nuru paşanın dilindən qopanlar da toplaşanların hamısını riqqətə gətirmişdi və yaddaşlara biryolluq həkk olunmuşdu. Demişdi ki, Azərbaycan türklərinin istiqlalı hər bir türk üçün müqəddəsdir. O istiqlalın qorunması yolunda, Bakının qurtuluşu naminə biz çox şəhidlər, çox qurbanlar vermişik. Ancaq gərək olarsa, biz gələcəkdə də yeni-yeni qurbanlar verməyə hazırıq.
Qəhərlə ürəkdən gələn qəhqəhələrin bir-birinə qovuşduğu, köksə sığmayan sevinclə xəfif ayrılıq kədərinin sərhədlərinin qarışdığı o axşamdakı ən gənc dəvətli olan Cəfər Cabbarlının ömrünün o parçasında şöhrəti gün-gündən artmaqda idi.
Bir-birinin ardınca pyesləri səhnəyə gəlirdi, qəzetlər onun haqqında xoş sözlər yazırdılar, bu cavan aktyorların da, onu yaxından-uzaqdan tanıyan tamaşaçıların da sevimlisinə çevrilməkdəydi.
1918-ci il fevral ayının 2-si Cəfər Cabbarlının "Solğun çiçəklər"i yenə səhnədədir - bu dəfə pyes xeyriyyə cəmiyyətinin binasında - İsmailiyyədə nümayiş etdirilir. Bundan əvvəlsə cavan ədibin "Ədirnə fəthi" pyesi Tağıyev teatrının səhnəsində tamaşaya qoyulmuşdu. "Solğun çiçəklər"in İsmailiyyədə göstərilməsinin öz üstünlükləri olmamış deyil. Səhnəsi də genişdir, salonu da daha çox adam tutur, aktyorlar da elə həminkilərdir - yenə Abbas Mirzə Şərifzadə tək canıyla bütün səhnəni doldurub, sağında-solunda yenə Aleksandra və Yeva Olenskayalar, digər daimi səhnədaşları.
Cəfər də, rejissor da, aktyorlar da İsmailiyyə səhnəsini bəyəniblər və ona görə üstündən üç həftə keçincə yenə həmin binada - İsmailiyyədə Müsəlman xeyriyyə cəmiyyəti növbəti bədii axşamı təşkil edir: ifaçılar əsasən tələbələrdir, onlar Bakının müxtəlif məktəblərində təhsil alırlar, amma çoxunun artıq yetərincə səhnə təcrübəsi var, dönə-dönə peşəkar aktyorlarla yanaşı çıxış ediblər. Yenə dövrün əhval-ruhiyyəsinə uyğun olan şeirlər səslənir. Tofiq Fikrətin (1867-1915) "Millət şərqisi" şeiri ifa olunur, Sabirin misraları səslənir və ardınca Cəfər Cabbarlı səhnəyə dəvət olunur. Həm müəllifdir, həm də aktyor - "Ana" şeirini böyük məharətlə ifa edir və tamaşaçıların alqışlarını qazanır.
Günlər ötür, yenə İsmailiyyədə bayramdır, axın-axın insanlar növbəti, təzə tamaşaya baxmağa tələsirlər. Əsəri səhnəyə Müsəlman aktyorlar ittifaqı hazırlayıb. Təzə pyesin müəllifi yenə Cəfər Cabbarlıdır, indi "Ulduz" göstərilir.
1918-ci il mart ayının 16-dır. Bakı, Azərbaycan Novruz ərəfəsindədir. Hamı bayram ovqatıyla çağlayır. Cəfər Cabbarlının yeni pyesi - "Ulduz"u bu bayram ovqatını bir az da dərinləşdirir. Ayın 19-da həmin əsərin nümayişi nəzərdə tutulur. Demək, qarşıdan gələn Novruz Cəfərçün ikiqat-üçqat bayrama çevriləcək. Ancaq üç gün sonra baş verənlər bayramı qara gətirir, bütün Bakını qüssəyə qərq edir. Şəhərdə erməni vəhşilikləri tüğyana başlayır. O yerdə ki növbəti bayram yaşanacaqdı, o məkanda ki Cəfər Cabbarlının qəhrəmanları yenə ürəkləri fəth edəcəkdi, oranın səhnəsi kömürə döndərilib. Yandırılan İsmailiyyə binası ilə birgə nə qədər arzular, istəklər, sabaha yönələn niyyətlər külə dönüb.
Bütün bu ələmləri yaşamışların, illah da Cəfər Cabbarlı kimi duyğun bir insanın istiqlala şahid olması, Bakının qurtuluşunu görməsi səadətin ağla sığmayacaq qədər müstəsna təntənəsi idi.
Və 1918-ci ilin 10 noyabrında camaat arasında "Obşestvennoye sobraniye" deyilən İctimai yığıncaqlar evində Nuru paşanın yolasalınma mərasimi də əslində yenidən həm istiqlalın, həm Bakının qurtuluşunun bayram edilməsi deməkdi.
Nuru paşa da arzulayırdı, elə bizimkilərin də istəyi idi, əslində bunu vəziyyət də tələb edirdi ki, Qafqaz İslam ordusu Bakıda hələ bir müddət də qalsın. Ancaq Müttəfiq Dövlətlər Birliyindən ultimatum gəlmişdi ki, Bakı artıq azaddır. Qafqaz İslam ordusu vəzifəsini yerinə yetirib, Bakını tərk etməlidir.
Və Nuru paşa noyabrın 17-də Bakını tərk edəcəkdi. Azərbaycan insanı Qafqaz İslam ordusuna, onun mərd sərkərdəsi Nuru paşaya minnətdar idi və bu minnətdarlıq mütləq ifadə edilməli idi.
Qafqaz İslam ordusunun zabitləri, bütövlükdə 400 nəfərdən artıq insan - Azərbaycanın ən seçmə şəxsiyyətləri İctimai yığıncaqlar binasında idi. Əvvəlcə axşamın qəhrəmanını baş nazir Fətəli xan Xoyski salamlamış, 28 yaşlı generalın yüksək xilaskarlıq missiyasının ali qiymətini vermişdi. Bir-birinin ardınca - Qafqaz İslam ordusunun rəşadətindən, Nuru paşanın hünərlərindən deyən çıxışlar səslənmiş, şeirlər oxunmuşdu.
Və qəfildən içəri bir türk paşası daxil olmuşdu. Baxmışdılar ki, bu, Ənvər paşadır. Bu gözlənilməz gəlişdən məclisə bir sükut çökmüşdü. Ənvər paşa uca səslə hamıya müraciət etmişdi: "Ey qəhrəman türk övladları!" Bir anlıq Nuru paşa da, məclisdəki digərləri də çaşan kimi oldular. Həqiqətən də, onların gözünün qarşısında paşa libasında dayanan, görməyənlərin də fotolardan tanıdığı Ənvər paşa idi. Ancaq əslində o deyildi, salona daxil olan Ənvər paşa qiyafəsindəki Abbas Mirzə Şərifzadə idi və Cəfər Cabbarlının "Ədirnə fəthi" pyesindən paşanın monoloqunu söyləyirdi.
Daha sonra isə mərasimin ən cavan iştirakçısına söz verilmişdi - Cəfər Cabbarlıya. O da, başqa natiqlər kimi, məhəbbətlə Qafqaz İslam ordusunun şücaətləri ilə bağlı minnətdarlığını ifadə edəndən, Nuru paşanın hünərləri ilə əlaqədar heyranlığını dilə gətirəndən sonra Ənvər paşanın bu məclisə gəlişinin sirrini açmışdı. Söyləmişdi ki, müqtədir sənətkarımız Abbas Mirzə Şərifzadənin burada təcəssüm etdirdiyi Ənvər paşa mənim "Ədirnə fəthi" əsərimin qəhrəmanlarındandır. Çevrilmişdi Nura paşaya sarı, demişdi ki, o əsərdə siz də varsınız. Həmin pyesdəki Ramiz surəti əslində sizsiniz, Nuru paşadır.
Nuru paşa o tamaşadan xəbərsiz idi. Amma ədəbi qəhrəmanlara çevrilmələri, onun da, qardaşının da, döyüşçülərinin də əməyinə belə yüksək qiymət verilməsi onu mütəəssir etmişdi. Anlayırdı ki, bir insanın əməli, baş vermiş hadisələr bədii əsərə çevrilibsə, səhnəyə gəlibsə, bu, artıq ayrı bir tarixdir, elə tarix ki, gözlər önündə gələcəkdə də yaşamaqda davam edəcək.
Cəfər Cabbarlının bu məlumatlarından sonra mütəəssir olan Nuru paşa onu bağrına basır. Hissə qapılan Cəfər isə Nuru paşanı öz evinə qonaq dəvət edir. Əlbəttə, həmin anların şiddətli həyəcanı onu coşdurmasaydı, daha soyuq başla hərəkət etmiş olsaydı, bu ehtiyatsız dəvəti dilə gətirməzdi.
Nuru paşa şöhrətli, görüb-götürmüş bir insandı, cavan olsa da, paşa idi, arxasında bu boyda qoşunu vardı. Cəfər Cabbarlının kasıbyana evi isə nəinki Nuru paşa kimi mötəbər şəxsiyyətin, heç yerli sanballı bir qonağın üzünə açılmağa sən deyən uyğun deyildi. Ayrı-ayrı xatirələr də təsdiqləyir ki, Cəfər Cabbarlı sonralar etiraf edirmiş ki, o anda o fikir dilimə gəldi, o dəvəti səsləndirdim, sonra peşman da oldum. Düşündüm ki, gözünün önündən ən möhtəşəm saraylar keçmiş Nuru paşa gəlib mənim bu fağır komamı görəndə pərt olacam.
Nuru paşanın bircə həftəsi qalırdı. Düz 7 gün sonra Bakını, Azərbaycanı tərk edəsiydi. Ancaq Cəfərə söz vermişdi və gəlir. İçəri girincə, əlbəttə ki, mənzilin, buradakı yaşayışın nimdaşlığını görür, fəqət istəmir ki, ev sahibi sınsın. Özünü elə ən təmtəraqlı bir mənzilin içərisində olan kimi aparır. Yarım saat-bir saat burada qonaq qalıb gedəndən sonra tapşırıqlar verir və ertəsi gün Cəfər Cabbarlıya onun göndərdiyi hədiyyələr çatdırılır.
Kim ki artıq qapıları çoxdan bağlı olan, amma vaxtilə insanları axın-axın qəbul eləmiş Cəfər Cabbarlının ev-muzeyində, o muzeydə ki Cəfər Cabbarlı orada vaxtilə ömür sürmüşdü, həyatının acılı-şirinli günlərini yaşamışdı olub, yəqin, xatırlayar. Orada bir nikelli böyük çarpayı vardı, yanında ayaqlı paltarasan, divarda iri güzgü, obiri otaqda gözəl bir saat.
Hamısı Nuru paşadan Cəfər Cabbarlıya qalan yadigarlardı.
Cəfər, əlbəttə ki, bu paşa sovqatlarıyla fəxr edirdi. Amma dövran dəyişdi. 1920-ci ilin 28 apreli gəldi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bayrağımız endirildi, hürriyyətimiz xəyala döndü. Dünən üçrəngli bayrağımızın ucalışına həsr etdiyi şeirlə Cəfər Cabbarlı iftixar duyurdusa, bu gün həmin şeir Cəfər Cabbarlı üçün təhlükə və qorxu qaynağı idi. Dünən "Ədirnə fəthi"nə görə qürurlanırdısa, bu gün həmin əsərinə görə səksəkə içində idi. Dünən Nuru paşa ilə görüşünə, Nuru paşanın onun evini ziyarət etməsinə, ona hədiyyələr etməsinə görə çox xoşbəxt idisə, bu gün onlardan ötrü ürəyinin içini yeyirdi.
Cəfər Cabbarlının həyatının son 15 ili məhz belə keçdi. İçərisində iftixarla səksəkə, daxilində fərəhlə qəm həmişə bir-birinin yanında oldu.
Bir kinolent qalıb. Cəfər Cabbarlının qızı, o kadrlarda həmişə 35 yaşında qalacaq atasından artıq xeyli yaşlı olan qızı Gülarə xanım danışır, öz ata evində danışır, əlini Nuru paşa bağışlayan o çarpayıya sarı uzadır: "Atam həmin bu çarpayıda yatırdı. Elə bu çarpayının üstündə də rəhmətə getdi".
17 sentyabr 2026
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Noyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















