Icma.az
close
up
RU
Onun adı... Aydındır!

Onun adı... Aydındır!

Icma.az, Bakupost saytına istinadən bildirir.


Müstəqillik dönəminin (uşaqlarının) Müstəqillik Gününə hədiyyəsi:

İlk dəfə belə bir məmnunluq və ehtizaz hissini həmkarımız Xalid Kazımlının qızının tələbə adını alması zamanı yaşamışam: “Yeni Müsavat”ın əməkdaşı Xalid bəy müxalifət jurnalistikasının ac vaxtlarında o qızı tox böyütmüşdü – bütün imkansızlıqları o məsum bala ən yaxşı oxumaqla və ən ali məktəbin ən ali fakültəsinə, hüquqşünaslığa qəbul olunmaqla kompensasiya etmişdi. Yəni, hüquqları hər zaman tapdalanan bir müxalifətçi uşağı, heç nəyə baxmayaraq, hüquqşünaslıq fakültəsini fəth etmişdi. Onda Çörçillin sözü yadıma düşmüşdü: Qələbə əgər şirin ağzındadırsa, başını sal şirin ağzına, götür! Diapazon Azərbaycan boydaydı – imkan bu qədər idi!

Sonra Şahvələd Çobanoğlunun oğlu Abutalıbın xoş sorağı: Massaçusets Texnologiya Universiteti. Bu dəfə həzzin, sevincin, məmnunluğun miqyası Amerika boyda idi!

Üstündən Elşən Şirinovun oğlu Nəriman – Sinqapur Universitetini, Gülağa Ağazadənin oğlu Nihal Tartu və Prinston univrsitetlərini qazandılar!

Deyim ki, Azərbaycanın elm sahəsində dünyanın eninə və uzununa, dörd cəhət və qütb arealına yayılması, yayxanması mənə ən çox ləzzət edən nəsnələrdəndir!

Düzdür, arada Harvard və elə həmin MTİ məzunlarından bəziləri Kürdəxanı həbsxana yolunu seçəndə sərt replikalarım olsa da, başını qarpıza sərf edənlərə önəm verməməyi tərcih etdim! Çünki...

108 il qabaq Azərbaycana müstəqllik qazandıranlar məhz xaricdə təhsil almış cəmi-cümlətanı 10-15 nəfər idi!

İndi isə... tək bir azərbaycanlı 14 universitetdə təhsil almağı qazanıb – mən bilmirəm, bu ilkdir, yoxsa yox, amma mənim rastıma çıxan ilk xəbərdir.

Xəbəri paylaşan kim olsa, yaxşıdır?

Elə Xalidin, Şahvələdin, Elşənin, Gülağanın iş yoldaşı, əqidə həmkarı... Aynur Camal!

Bəli, bəli, Aynur Camalın oğlu birdən-birə SAT və İELTS imtahanlarında 14 ali məktəbi qazanıb!

Statistik məlumat kimi, cazibədar olmaya bilər, amma yaşam kimi...

Böyük Krallıqda ser titulu ata-oğul-nəvə Oksfordda (və ya Kembricdə) – üç nəsil ali təhsil alıbsa, onlara verilir (düzdür, Nobel Bob Dilana, Qorbaçova, Obamaya, bizdə “Şöhrət” və “Şərəf” ordeni kimə gəldi verildiyi kimi, indi o da Ferqüson kimi futbol məşqçisinə də əta edilib, amma və lakin... prinsip dəyişmir).

Ziyalı ailəsində böyüyən Aynur Camalın oğlunun ELMdən əvvəl, təhsildəki uğuru mənə daha çox Aynur Camalın əziyyətlərini xatırlatdı. Əslində də oğlunun ali məktəb qazanmasından daha çox, oğluna da, həmkarlara da bu incəliyə diqqət yetirilməsini istəyirəm!

Aynur Camalın taleyinə həmişə həyatın böyük bir kontingentinin narazılığı düşüb, hətta öz həmkarları və silahdaşları tərəfindən belə.

Müxalifətin ən çətin və ən zəif vaxtlarında ən sevimli yazar olanda güclü və amansız iqtidarın hərbə-zorbasına sinə gərirdi, iqtidarın rəhmi və mərhəməti üzünə gün salanda, amansız və qaragüruh “platforma və qrant müxalifəti”nin ədəbsiz və əxlaqsız, qaydasız atəş döyüşü meydanından selbə atanlar illərlə susmadı!

Aynur Camal yenə də öz bildiyi yolla öz məqsədinə çatmağı tərcih etdi: nə həmkarları, nə silahdaşları hələ də öz yollarının hara getdiyini aydınlaşdıra bilməyiblər!

Bir neçə cümlə ilə başa gələn bu tarixi ekskurs bir neçə onillik çəkib və bu onilliklərin ikisində Aynur Camal bir oğul böyüdüb! Bir oğul böyütməyi bacarıb. Özü demişkən, bu, oğul böyütmək təkcə uğur deyil, həm də uzun illərin zəhmətinin, intizamın, məqsədyönlülüyün və özünəinamın bəhrəsidir.

Məhz Aynur Camalın oğlunun bu uğura imza atması düşündürür: bütün zamanlarda Aynur Camalın gərgin zəhmət, çətin sınaqlardan keçən ömründə ikitərəfli əqidə təzyiqi onu haldan-heydən sala bilməsə də, enerjisini alıb, halal haqqını boğazından keçirincə, min özünübilməz, vurdumduymaz, nakəs, müxənnət selbəsinin çamur-çayan basqısına məruz qalıb!

Oğlu bu uğuruyla Aynur Camalın həyatına və yaşamına AYA TAY bir gözəllik, saflıq, şəffaflıq bəxş edib, nur payı olaraq, tərtəmiz bir qürur tribunasına çevrilib. Bir kimsə bu uğura görə onu suçlaya, ittiham edə bilməz! Çünki, heç kim Aynur Camalın oğlunun əvəzinə Anadolu Türk Liseyinə, Avropa-Azərbaycan Məktəbinə və 100 saylı tam orta məktəbə dərsə, hazırlığa, kursa getməyib, onun əvəzinə imtahan verməyib!

Oğluna bütün sınaqlardan üzüağ, alnıaçıq və uğurla çıxmaq üçün çəkdiyi zəhmət nəinki bu gün Aynur Camala qayıdır, hətta Azərbaycanın Gələcəyini rövnəqləndirir!

Azərbaycan Dövlətinin Gələcəyi elə bu cür uğurlara imza atan gənclərin çiynindədir.

Ötən əsrin əvvəlində xaricdə təhsil alan 10-15 nəfər Dövlət yaratdı, 100 nəfər də özləri kimisini oxumağa göndərdilər – Gələcək naminə! Ustad İradə Tuncayın onların aqibəti haqqında bir gözəl yazısı var! Amma və lakin...

Bu gün Azərbaycan Dövlətini və Azərbaycan xalqını qaliblər sırasında sakin edən Müzəffər ABK bacardıqca qoruya bildiyi Dövlətin Gələcəyi üçün xaricdə ən prestijli və yüksək reytinqli ali məktəblərdə oxumaq üçün nəinki yüzlərlə, minlərlə abituriyentə şərait yaradır – təhsildə nə qədər problemlər olsa da, nə qədər nöqsanlardan və neqativ hallardan danışsaq da... Xalid Kazımlının, Şahvələd Çobanoğlunun, Elşən Şirinovun, Gülağa Ağazadənin oğlanları və qızları oxuya, yol aça bilirlər!

Aynur Camalın oğluna gələndə isə, ürəyimcə olan daha bir məqam var: adlarını sadaladığım hər bir həmkarımın, dostumun övladı hər nə qədər xaricdə oxusa da, onlar Azərbaycanın övladı olaraq, Azərbaycanı seçən balalardır – bu ölkənin bütün uğurlarıyla və çatışmazlıqlarıyla bir yerdə!

Aynur Camalın oğluna siyasəti kitablardan və auditoriyalardan öyrənməyə ehtiyac yoxdur və olmayacaq da: Anası Azərbaycan müxalifətinin də, Azərbaycan iqtidarının da ta kəndisinə bələddir və doğru seçimini edib – adam nümunəni evində görüb, dərsi evində alıb, metodiki vəsait elə öz evində olub!

SÖZARASI: 1988-ci ildə əsgərlikdən qaıydıb jurnalistika fakültəsində təhsilimi davam etdirməyə başlayanda qrup yoldaşlarımdan biri deyinə-deyinə mənə çatdırdı: “doldurublar köpəyuşağını bura!” Soruşdum ki, kimləri nəzərdə tutursan, qayıtdı ki, Mirzə Ələkbər Sabirin nəvəsi, Həsən Məmmədovun qızı. Ağzımı açdım da: Zalım balası, pianinonu televizorda görübsən, hardan qapağını açasan, bilmirsən, ədəbiyyatdan da ancaq müntəxəbat oxumusan, adamlar evlərində görüblər şeir, hekayə necə yazılır, kino necə çəkilir, siyasət necə formalaşdırılır, xalq qəhrəmanı necə hazırlanır meydana buraxılır, bənna dədənlə külxançı dədəm bizi döyə-döyə oxudub, pulnan da qəbul elətdirib, indi deyirsən, fəhlə Məmmədin oğluna olar jurnalistikada oxumaq, xalq artisti Həsən Məmmədovun, prorektor Məmmədsəlim Tahirzadənin övladına yox?

Azərbaycanın gələcəyini həm də ailəsinin ziyalı ailə olması, valideynlərinin birinin və ya hər ikisinin siyasi mübarizədən keçməsi, müxalifət doktrinası və iqtidar ərkanından məlumatlı olması ilə fərqlənənlər müyyən edəcək!

Bircə qalır bu uğuru elm öyrənib siyasi yetkinliyə çatmaqla cilalamaq!

Deyim ki, müstəqillik dönəmi Aynur Camala peşəkar jurnalist və Milli Məclis mandatı qazandırsa da, qarşılığını bu Dövlətə elə ən yüksək səviyyədə bu gün – Müstəqillik Günündə hədiyyə edən də Aynur Camaldır: 14 ali məktəbə qəbul faktı kifayət qədər cazibədar və sanballı fiksasiyadır!

Süni İntellektin, hibrid müharibələrin ayaq açdığı müasir dünyada qlobal səviyyədə elmə yiyələnmək Azərbaycanın gələcəyi üçün ən önəmli amillərdən birincisidir və inteqrasiya imkanlarından maksimum yararlanmaqla Azərbaycanın beynəlxalq aləmdə “stoyka”sını şax saxlamağa əvəzsiz yardımçıdır.

Doğrusu, son vaxtlar sosial şəbəkə, internet platformalarında məni tərpədə biləcək çox az ştrixlər olur: uzun illər “dedim-dedi” janrı ilə jurnalistikanın məhvə doğru irəliləməsi ciddi yazı ovqatından məhrum etdi, indi də “gündə 20 xəbər” siyasəti jurnalist və oxucu olaraq, məni iyrəndirir: 5 ədəd “bu şəhərdə qaz (su, işıq) olmayacaq”, 5 ədəd “bu rayonlarda qar (yağış, dolu) yağacaq”, 10 ədəd “filankəs yüksək vəzifəyə təyin edildi” başlıqlı xəbərlər, ən azından, o deməkdir ki, mətbuatın başbilənləri belə bilmir ki, Azərbaycanda cəmi bircə ədəd YÜKSƏK VƏZİFƏ var – o vəzifəyə də xalq seçir... Prezidenti! Qalanı dövlətə qulluq...çuluqdur! Sözümüzdən yayınmayaq, deyək ki, bu gün manşet xəbəri elə bu olmalıydı: “Azərbaycanın Müstəqillik Gününə abituriyent ən gözəl hədiyyə etdi: 14 universitet qazanmaqla!”

Bu həm Azərbaycandakı gəncliyə tənə və ironiya edənlərə, həm təhsili yarıtmaz hesab edənlərə, həm də ölkəyə ağız büzənlərə ən yaxşı cavab olardı!

Və... Onun Adı... Aydındır! - üç sözdən ikisinin vurğusu ilk hecaya düşən möhtəşəmlik!

Azərbaycana AYDINlar lazımdır – o AYDINlardan biri və birincilər sırasında elə Aydının özüdür! Maraqlı da familiyası var: Əliyev!

Azərbaycanın bu günü də, sabahı da, ümumiyyətlə, gələcəyi də Əliyevlərdən asılıdır! Başqa soyadlar bu qədər irimiqyaslı, beynəlxalq uğurlara imza atmaqda hələ ki... “tənbəllik” edirlər – bəlkə də xəlvətcə uşaqpulu almaqlarındandır!

YAZIYA SÖZARDI: Mən 14 il imtahan verib əvvəl qiyabiyə qəbul olunub, sonra əyaniyə keçən tələbə yoldaşları olan adamam. Və mən 10-14 nəfərlə Dövlət quran qurucu babaların vərəsəliyin bizə verdiyi Dövlətin vətəndaşıyam, jurnalistiyəm! İndi, 28 mayda mənim Dövlətimin elə BİRİNCİ CƏHDDƏ 14 universitet qazanan vətəndaşı var və... Onun da Adı Aydındır!

Möhtərəm Gənclik! Möhtəşəm Gələcək!

Bu günü görməyi mən və biz haqq edirdik. Bu hissi mənə və bizə yaşadan həmkarlarıma eşq olsun!

Təbrik edirəm, Aynur Camal!

Təbrik edirəm, Aydın Əliyev!

Təbrik edirəm, Azərbaycanın Müstəqillik Günü!

Aydın Canıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 May 2026 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri