Icma.az
close
up
RU
Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az tarix üzrə fəlsəfə doktoru Həyat Şəminin italyan şair Klaudia Piççinno haqqında yazdığı "Klaudia Piççinnonun həyat cığırında" yazısını təqdim edir.

Tanınmış italyan şairi Klaudia Piççinno... Klaudia Piççinno səksəndən artıq beynəlxalq şeir antologiyasının tərtibi və nəşrinə əmək vermiş, çoxsaylı milli və uluslararası ədəbi mükafatların münsiflər heyətində İtaliyanı ləyaqətlə təmsil etmiş olsa da, mənim üçün yeni simadır. Çünki nə sözügedən antologiyalarda şeirlərim çıxıb, nə də onun iştirak etdiyi şeir festivallarında iştirak etmişəm. Klaudia xanımı yeni tanıdım və çox rəğbət duydum. Necə tanıdım? Eyni Beynəlxalq Şeir Festivalına dəvət almışdıq ikimiz də. Festivalda iştirak edəcək şairlərin qrupunu yaratdıq və hər şey də ordan başladı. Sonra mənə Azərbaycan dilində çıxmış bir kitabının elektron variantını göndərdi. Təəccüblənmədim, dünyaca məşhur şairdir.

Kitabdakı şeirləri oxumağa başladım. O qədər səmimi, içdən, şeiriyyət dolu, kövrək, dərin anlamlı, lirik-fəlsəfi poeziya nümunələri ilə qarşılaşdım ki... Ən əsası, bütün şeirlərdəki "lirik mən"in şair Klaudianın özü olduğuna qənaət gətirdim. Şairin azad ruhu, rutinlərə qarşı dirənişi, sevgi, özünüaxtarış silsiləsi, melanxolik düşüncələr... və bütün bunlarla yanaşı, mübariz bir insan obrazı gördüm. Azad, şəffaf, təmiz və zəngin ruhlu şeirlərin içində tilsimlənmiş kimi oldum.

Klaudia Piççinnonun çap olunmuş kitabları – “Sfinks və Pierro” (“Aletti” nəşriyyatı, 2011), “Eyforiyanın budanması” bir neçə tərcümədə (“Rupe Mutevo-le” nəşriyyatı, 2012), “Tavan, başqa yerdə çəkilmiş qısametrajlı filmlər” (ingiliscə nəşri “La Lettera Scarlatta”, may, 2014; serbcə nəşri “Tabahnha”, iyul, 2014; türkcə nəşri “Artshop”, İstanbul, 2016), “Bənövşəyi hörümçək toru” (“La Lettera Scarlatta” nəşriyyatı, 2015), “Ata adına” (2018), “Bacararammı, Luka?” (Makedoniya, 2018), “Hipotetik yanaşma” (Fransa, 2018) və başqa əsərləri onu Türkiyə, Serbiya, İtaliya, Belçika, Albaniya, Fransa, İngiltərə, Makedoniyalı oxuculara daha yaxından tanıtmışdır. Bir də Azərbaycan dilində çıxan “Səssiz haray” (Bakı, “Zərdabi Nəşr” MMC, 2024, 64 səh.) kitabını da bu siyahıya əlavə etmək istəyirəm.

Klaudia Piççinnonun bir neçə şeiri üzərinə maraqlı poetik ekskursiya etdim. Onun poeziyasına duyduğum marağı təhlil yazısına çevirməyi qərara aldım. K.Piççinnonun şeirlərindəki misralarda güclü duyğular, hisslər, ifadələr, öz içinə dönmələr, dünya dərki, dərd sevgisi, kədər silinmələri, sevinc gözyaşları, güclü durmağa vərdiş və tənhalıq var. Hər şeirin duyğusu və fəlsəfəsi ayrıca bir incəliklə və zərifliklə işlənib. Məsələn, “Mənə aid olmayan” şeiri fərdi hisslər baxımından çox sadə və anlaşılan bir dildə yazılıb. Bu şeir aidiyyətsizlik duyğusunu və daxili axtarışı əks etdirən dərin poetik-fəlsəfi əsərdir. Lirik qəhrəman özünü yaşadığı mühitə yad hiss edir. Kədər, tək qalmaq, dərin həsrət, ümidsiz gözləntilər şeirin əsas duyğu mövzularıdır. “Sükut yığıb saxlayıram”, “sarılmayacaq qolları gözləyirəm” ifadələri poetik duyğuları gücləndirir.

Sükut yığıb saxlayıram
Qırışıq tülü
bəzəyən
muncuqlar kimi.

Bu misralarda sükutun yığılmaqla saxlanması, dəyərləndirilməsi metaforik bir dillə ifadə olunub. “Qırışıq tül” və “muncuqlar” isə daxili dünyada saxlanılan kövrək və qiymətli xatirələri, ya da inciklikləri təmsil edən nəsnədir.

Gözləyirəm Miladdan belə
mənə sarılmayacaq qolları.

Bu sətirlərdə həsrət və ümidsiz gözləntinin şəkli yatır. Milad kimi ənənəvi bayramlarda belə lirik qəhrəman məhəbbətdən, qucaqlaşmalardan və isti sevgidən məhrum kimi görünür. Ona sarılmayacaq qolların çox uzaqda olduğunu demək istəyir, sanki.

"Niyə‟ləri içində uşaqlarımın,
Əllərimlə açıram yolları
Düzənlikdən o tərəfə
Dikirəm baxışlarımı,
ağır şehlə
geri qayıdır üstümə.

Şagirdlərinin “niyə”ləri qarşısında lirik mən ümidə doğru bir yol açmağa çalışır. Bu sətirlər, fərdi kədərə baxmayaraq, məsuliyyətdən doğan fədakarlığı əks etdirir. Şeir lirik qəhrəmanın varoluş böhranını əks etdirir. Özünü yad hissetmə, sevgiyə olan böyük ehtiyac və bu ehtiyacın qarşılanmaması. Amma əsər ümidsiz notla bitmir. Son misralarda deyir:

İşıldaböcəklər gəlir
şənlik tonqallarına,
yenidən işıqlandırır,
kolluqları canlandırır.

Təsəlli, daxili gücün yenidən oyanması və ya təbiətdəki sadə gözəlliklərdə məna tapmaq cəhdini ifadə edir. Bu, aidiyyətsizlik mühitində belə yaşamağa davam etmək üçün kiçik bir səbəb axtarmaq və o səbəblə bəxtəvər olmaqdır.
Daha bir “Var olduğunu bilirəm” adlı şeir varlıq-yoxluq dilemması, qismətin qəbulu, rasional və emosional mübarizə və ümidsizliyin qaçılmazlığı mövzularını ələ alan lirik və fəlsəfi bir əsərdir. Şeirin əsas hədəfi olan naməlum bir varlığın (bir şəxs, bir duyğu, bir həqiqət) mövcudluğu vurğulanır.

Bizə deyilmədi
Nədən hər görüşün bir səbəbi olduğu.
Bizə deyilmədi
Nədən fırtınanın adi gündə
bizi eyni sığınağa qovduğu.

Misralarda hadisələrin qaçılmaz və gizli səbəbləri dilə gətirilir. Şair, həyatdakı qarşılaşmaların və çətinliklərin (fırtınanın) nə üçün baş verdiyini bilmədiklərini, lakin bu hadisələrin onları eyni nəticəyə (sığınağa) apardığını qeyd edir. Bu, insanın tale qarşısında çarəsizliyini və ya susqunluğunu vurğulayır.

Rədd elədim qeyri-adi hissləri,
Sorğuladım özümü,
amma sənin düşüncən
geri döndü ara-sıra.

Şair, bu sətirlərdə rasional düşüncə ilə hissləri rədd etməyə çalışır. O, özünü sorğulamaqla daxili sülhü, hüzuru tapmaq istəyir. Lakin başlıqda qeyd olunmuş “var olan” şeyin (bu, sənin düşüncən də ola bilər) təsiri güclüdür və aradan bir müddət keçsə də, geri qayıdır. Bu, ağılın emosiya üzərində qələbə çalmasının qeyri-mümkünlüyünü göstərir.

Bilirəm ki, etik diafraqma var,
bizi belə təcrid edir
parlaq zəka içində.

“Etik diafraqma” güclü bir metaforadır. Bu, şairi digərlərindən ayıran, bəlkə də öz yüksək zəkası və ya mənəvi dəyərləri səbəbiylə yaradılmış soyuq, rasional bir sərhəddir. Şair bir zəka daxilində tək qalır, başqaları ilə tam əlaqə qura bilmir.

Və köhnə məyusluq üçün
əzab çəkir yenə ruh...
Bu nazik membran üçün
Mürəkkəbimi susdurdum,
Amma zorba, yıxıcı güclə
geri qayıdır,
laqeydlikdən öncə əkilən ümid bizi
qaranlığa sovurur.

“Köhnə məyusluq” keçmişdə yaşayan ümidsizliklərin təkrarlanan ağrısını bildirir. “Mürəkkəbimi susdurdum” - yazmağı, söyləməyi, danışmağı, ifadə etməyi buraxdım anlamına gəlir. Şair bir həssaslıq, nazik membran naminə özünü ifadə etməyi dayandırır. Amma bu boğulmuş hisslər və ya qayıdan fikir “zorba, yıxıcı güclə” geri dönür. Həmin “var olan ” şeyə qarşı son müqavimət olan laqeydlik və biganəlik sınağından əvvəlki “ümid” adlı anlayışdan bəhs edir. Təəssüf ki, bu ümid, şairi qurtarmaq əvəzinə onu daha da dərin qaranlığa aparır. Bu ümidin bəzən ən böyük ağrı mənbəyi olduğunu vurğulayan acı bir finaldır.

“Mən şüşəyəm” və ya “Mən aynayam” şeirinin mərkəzində mən obrazı dayanır. Şüşə və ya ayna həm şəffaflığı, həm də kövrəkliyi ilə tanınan bir materialdır. Bu metafora, şairin açıqsözlülüyünü, dürüstlüyünü, eyni zamanda həssasslığını ifadə edir. Şair özünü cari şəraitdən, adiləşmiş həyatdan və ritorik düşüncələrdən kənarda görür. Bu, rutinə qarşı etiraz və fərdiyyətə, özünə qapanmaya və rasional düşünməyə canatma hissini təcəssüm etdirir.

Mən ehtiyatlı olmağın ötəsində,
Ötəsindəyəm sükutun,
Bütün avtomatlaşmanın ötəsində,
Bu səhnələr ötəsində
günlük iş rejimində.
Mən başqayam,
öyünənlərin
bir işi görməyi
varolma öhdəliyitək.

Şairin daxili məni özünü ehtiyatlı, susqun, məhdudiyyət qoyan anlayışların ötəsində, uzağında görür. “Mən başqayam” bu cümlə fərdiyyətin və özünəməxsusluğun manifestidir. O, özünün ruhən günlük iş rejimindən kənarda olduğunu bildirir.

Oxuduğum kitablarda,
yazdığım mısralardayam.
Tələbəmin ehtiyatsız cəsarəti,
Çılğın söhbətlərindəyəm.
Mən oğluma ayırdığım dönəmdəyəm.

Şair bu sətirlərdə fərqli rollardadır. Oyunların, oxuduğu kitabların, yazdığı misraların, tələbəsinin, oğlunun həyatında mövcuddur. Bu, onun fəaliyyətinin müxtəlif sahələrdəki aktiv və düşünülmüş iştirakını göstərir. “Tələbəmin ehtiyatsız cəsarəti” və “Mən oğluma ayırdığım dönəmdəyəm” misraları onun həyatdakı təhsil, varis və sevgi kimi dəyərlərə nə qədər önəm verdiyinə işarədir.

Tör-töküntüləri görməmək üçün
başqa yerdə olacağam,
Azadlığın həmişə rədd edildiyi
İti bucaqlardan uzaq...

“Tör-töküntüləri görməmək üçün başqa yerdə olacağam” – misraları mənəvi çirklənmədən, xaosdan və əhəmiyyətsiz şeylərdən uzaqlaşma , təmiz və yüksək dəyərlərə sığınma arzusunu ifadə edir. “Azadlığın həmişə rədd edildiyi İti bucaqlardan uzaq...” sətirləri cəmiyyətdəki məhdudiyyətləri, sərt qanunları və ya azadlığı boğan kənar təsirləri simvolizə edir. Şair bu məhdudiyyətlərdən uzaq durmağa çalışır.

Mən şüşəyəm,
sən özünü məndə əks etdirirsən
və nə düşündüyümü bilirsən.

“Mən şüşəyəm, sən özünü məndə əks etdirirsən” şairin şəffaflığı və dürüstlüyü sayəsində başqalarının da özünü onda görə bilməsini bəyan edir. Şairin bir ayna funksiyasını yerinə yetirməsi kimi səslənir bu şeir.

“Mən başqayam, ötədəyəm, mən bir özgə yerdəyəm” misrasıyla şeir başlanğıcdakı mövqeyin təsdiqi və fərqlilik hissi ilə sona çatır.
Bu şeir, cəmiyyətdəki qaydalara və rutinlərə qarşı çıxan, özünü daim axtaran və daxili mənəvi təmizliyində qalan, buna can atan bir fərdin səsidir. Şüşə metaforası vasitəsilə şair həm fərdin özünün şəffaflığını, həm də dünyanın qeyri-müəyyənlikləri qarşısında nə qədər həssas olduğunu ustalıqla çatdırır. Şeirin ifadə tərzi lakonik, öz fikrinə köklənmiş və daxili monoloq şəklindədir.

Klaudia Piççinnonun “Həyat cığırında” şeiri isə olduqca güclü və simvolik məna daşıyan bir qadın obrazı yaradır. Bu lirik mən, məncə Klaudianın özüdür. “Həyat cığırında” şeiri, fərdi mübarizəni, dözümlülüyü və ictimai normalara qarşı çıxan bir qadının daxili gücünü tərənnüm edir. “Həyat cığırında, uçurumla dar yolun arasında” sətirləri o qadının həyatının riskli, qeyri-müəyyənliklər və çətinliklər arasında keçdiyini göstərir. Onun hər addımı bir seçim və ya məhv olmaq təhlükəsi altındadır. Uilyam Şekspirin “Olum, ya ölüm” prinsipinə bənzər bir hekayə danışır bu şeir.

İz qoymadan
Atdı addımlarını qadın.
Barmaqlarının ucunda yeridi
Səs çıxartmadan.

Bu şeirin lirik məni gizli, ehtiyatlı və görünməz mübarizə içindədir. O, diqqəti cəlb etmədən, dayanmadan irəliləyir. Bu, cəmiyyətdə qadınlara tətbiq edilən səssizlik və məhdudiyyətlərin simvolu ola bilər.

Kiçik burjua sıxıntısının
Panzəhəri.
Ona güc verən bir səs
Başdan bəri üsyankar...

Bu misralar lirik mənin güc mənbəyini göstərir. O, bu sıxıcı və kiçik çərçivəyə salınmış həyat tərzinə qarşı çıxan daxili bir səsin özüdür. Bu səs onun şəxsiyyətinin təməlidir. Və mövcud vəziyyətlə barışmamağın ifadəsidir. Axına qarşı üzənlərin şeiridir bu şeir.

Var olduğu durumun hər sınağına qarşı.
Ayinlərin səsiydi
Qulağında susmayan.
Çoxuna görə sərsəm,
Belzebut* kimi,
Həzmi bir az çətin.
Və qəlbini borc verəndə
Silinməyən ayaq izləri qalır
Addımlarının.

“Çoxuna görə sərsəm, Belzebut kimi” misralarıyla cəmiyyətin onun davranışlarını yəni səssiz üsyanını və qeyri-adi yolunu “dəlilik” və ya hətta “şeytani” bir şey kimi (Belzebut şeytan) qiymətləndirir. Bu, onun cəmiyyətdə anlaşılmadığını və kənarlaşdırıldığını vurğulayan sətirlərdir. “Və qəlbini borc verəndə...” lirik qadın özünə güvənib irəliləyəndə əvvəlki izsizlik başa çatır. Və beləcə arxasında silinməyən bir iz, miras və ya əsər qoyur. Onun mübarizəsi artıq gizli deyil, gələcək nəsillərə və ya cəmiyyətə bir örnək kimi qalır.

Klaudianın bütün şeirlərinin arxasında böyük bir daxili üsyan və onu qəbullanmayan çevrədəkilərə müqavimət gücü dayanır. Onun şeirlərinin ruhunda cəmiyyətin ənənəvi gözləntilərinə qarşı çıxan və öz yolunu seçən bir qadın obrazı var. Bu obraz onun özüdür. Zərif olduğu qədər də, ehtiyatlı hərəkət edən bir qadının böyük daxili gücü və mənəvi aləmi açılır oxucunun gözləri önündə. Klaudia Piççinnonun şeirləri güclü və emosional bir qüvvəyə sahibdir. Onu oxuyanlara sevdirən də bu xüsusiyyətlərdir, dəmir iradə və həssas qəlb. Güclüylə zərifin, cəsurla fədakarın sintezidir Klaudianın şeirləri.

Təhsilini yarımçıq qoyub sevgilisi ilə yaşayan yazıçı - O, hansı romanı ilə dünyaya səs salmışdı? Qaraltı - Vüqar Vanın yeni hekayəsi Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see198

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see178

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see174

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see135

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see134

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see133

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see130

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see127

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see124

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see124

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see121

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see121

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see119

Acı bibər infarkt riskini azaldırmış

30 Oktyabr 2025 05:12see119

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see118

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see115

ABŞ ın kommersiya neft ehtiyatları 416 mln. bareldən aşağı enib

30 Oktyabr 2025 09:04see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri