Icma.az
close
up
RU
Öpməkçin müqəddəs bir mövqe varsa, o da müəllimin əlidir, anla!...

Öpməkçin müqəddəs bir mövqe varsa, o da müəllimin əlidir, anla!...

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Müəllim ailəsində doğulduğumdanmı,  ilk müəllimlərimdən daima  isti, nəvazişli, mehriban rəftar gördüyümdənmi, tamlığı ilə izah edə bilməsəm də, ta uşaqlığımdan  müəllimlərimə qarşı içimdə həmişə sevgi, ehtiram, minnətdarlıq duyğusunu hiss etmişəm. Uşaqlığı, gəncliyi ötən əsrin 70-80-ci illərinə düşənlərə bu hisslər yaxşı tanışdır. Onlar  yaxşı xatırlayar o illərdə  müəllim adına olan ehtiramı, hörməti, sevgini. O vaxtları ki,  ziyalı deyəndə ilk yada düşən məhz müəllim idi...

Yaxşı müəllimin şagirdin, tələbənin həyatında rolu şəksizdir. Bu sarıdan bəxtim gətirib deyərdim. Həm orta məktəbdə, həm də BDU-nun jurnalistika fakültəsində təhsil aldığım illərdə bu gün də böyük ehtiramla xatırladığım, sözün bütün mənalarında gözəl müəllimlərim olub. Onlardan dünyasını dəyişən də var, bu gün aramızda olanlar da. Haqq dünyasında olan müəllimlərə Allahdan rəhmət, qalanlara can sağlığı diləyib keçid alıram həyatımda böyük rolu olan müəllimlərdən biri- bu günlərdə ömrünün 71-ci baharını qeyd edən elmi rəhbərim, professor İslam Qəribli haqqında qeydlərimə.
 AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin  müdiri, filologiya elmləri doktoru, prof. İslam Qəribli ədəbiyyatşünaslıq elmimizin tarixində öz fərqli imzası ilə tanınan görkəmli alimdir, şairdir, nasirdir, publisistdir, əvəzsiz pedaqoqdur. Prof. İslam Qəribli zamanla yenilənən, daim üzərində çalışan, yaradıcılığını almaz kimi cilalayan elm, söz, fikir, əqidə adamıdır. Ölkə mətbuatında, nüfuzlu elmi nəşrlərdə mütəmadi yeni-yeni elmi araşdırmalar, tənqidi, publisistik yazılarla çıxış edir.  XIX və XX əsr Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçılarından olan prof. İ. Qəribli M. F. Axundov, Q.B. Zakir, N. B. Vəzirov, X. B. Natavan və digər şair və yazıçıların həyat və yaradıcılığı ilə bağlı ədəbiyyatşünaslıq elminə məlum olmayan nüansları səbrlə araşdırır, arxiv sənədlərini, əlyazmaları ortaya çıxarır, tədqiq edir, ədəbiyyat tariximizin zənginləşməsinə bir araşdırmaçı alim kimi töhfəsini əsirgəmir.

Prof. İslam Qəriblinin N. B. Vəzirovun yaradıcılığından bəhs edən “Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi”, “Mirzə Fətəli Axundzadənin Mirzə Yusif xanla yazışmaları”, “Mirzə Fətəli Axundzadənin Cəlaləddin Mirzə ilə yazışmaları”, “Kamran Məmmədovun araşdırmalarında XX əsr Azərbaycan bədii gülüşünün tədqiqi”, “Mirzə Fətəli Axundzadənin “A.S.Puşkinin ölümünə Şərq poeması” və s. araşdırma yazıları dediklərimizin bariz sübutudur. 

Qeyd etmək çox xoşdur ki, prof. İslam  Qəribli 35 ildən çoxdur ki, təkcə Şimali Azərbaycanın deyil, Arazın o tayında- Cənubi Azərbaycanda gedən ədəbi prosesləri də   yorulmadan, usanmadan tədqiq edir, o taylı, bu taylı ədəbiyyat tarximizin müqayisəli təhlilini aparır, ədəbi qaynaqları səbrlə araşdırır və ən əsası, heç kimi təkrarlamır, öz yolu, öz cığırı ilə gedir.

Azərbaycan ədəbiyyatşünaslığında  Məhəmməd Hadinin həyatının, elmi, bədii irsinin köklü  araşdırılmasını professor Əziz Mirəhmədovdan sonra  İslam Qəribli üzərinə götürüb. Ədəbiyyatşünas alim Məhəmməd Hadinin həyat və yaradıcılığından bəhs edən “M.Hadinin İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması” mövzusunda namizədlik (1990), “M.Hadinin ədəbi-bədii irsi Azərbaycan dövrü mətbuatında (1905-1920)” mövzusunda (2013) doktorluq dissertasiyalarını müdafiə edib. Akademik Bəkir Nəbiyev  İslam Qəriblinin “Məhəmməd Hadi və mətbuat (1905-1920)” monoqrafiyasını “Hadişünaslığa yeni töhfə” adlandıraraq bu istiqamətdə əməyini yüksək dəyərləndirib.

Prof. İ. Qəriblinin  M. Hadi ilə bağlı araşdırmaları namizədlik və doktorluq dissertasiyası ilə yekunlaşmır. Alim bu istiqamətdə elmi tədqiqatlarını  bu gün də davam etdirir.  Onun “Məhəmməd Hadi: Həyatı və yaradıcılığı” adlı son monoqrafiyası XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, milli Azərbaycan romantizminin yaradıcılarından olan Məhəmməd Hadinin həyat və yaradıcılıq yolunun tədqiqinə dair ən sanballı tədqiqat işi hesab olunur. Tədqiqatda M.Hadinin ömür yolu, 1905-1920-ci illərdəki Azərbaycan və Türkiyə dövri mətbuatı ilə əlaqələri, “Həyat” qəzetindən başlayaraq  “Azərbaycan” qəzetinə qədər müxtəlif təmayüllü iyirmidən yuxarı mətbuat orqanında, sağlığında və ölümündən sonra kitablarında çıxan 400-dən yuxarı bədii, elmi, publisistik və tərcümə əsərləri sistemli şəkildə araşdırılaraq onların elmi-filoloji təhlili aparılıb. Geniş oxucu kütləsinin əsasən şair kimi tanıdığı M.Hadinin  yaradıcılığından  bəhs edən son monoqrafiyasında prof. İslam Qəribli onu həm də nasir, alim, publisist, tərcüməçi kimi təqdim edir, əsərlərinin mövzu, forma, məzmun, ideya və sənətkarlıq cəhətdən ətraflı təhlilini verir. Prof.  İslam Qəribli  həm də  M.Hadinin yeni çapdan çıxmış  II cildlik “Seçilmiş əsərləri” nin   tərtibatçısı, məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifidir. Xatırladaq ki, 2020-ci ildəki elmi araşdırmalarına, tədqiqatlarına görə  prof. İ. Qəribli  "İlin alimi" seçilib.
“Ağçaydan başlanan yol”, “Sönməyən ocaq”, “Məhəmməd Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması”, “Azərbaycan dili”, “Məhəmməd Hadi yaradıcılığının “Həyat” və “Füyuzat” mərhələsi”, “Məhəmməd Hadi və mətbuat(1905-1920)”, “Gecikmiş görüş”, “Mən bir kitab, hər vərəqim min kitabdır”, “Ədəbiyyat sərhəd tanımır”, “Sözün sehri”, “Hüseynbala Mirələmov: tarix və müasirlik”, “Xurşidbanu Natəvan: həyatı və yaradıcılığı” və s. kitabları prof. İslam Qəriblinin necə məhsuldar alim, publisist, şair, yazıçı olduğunu göstərir. İslam müəllimin “Azərbaycan ədəbiyyatı: dünən və bu gün” kitabı təkcə ədəbiyyatşünaslığımızın deyil, ədəbiyyatşünas alimin elmi yaradıcılıq yolunun təhlildir, yaradıcı şəxsiyyət kimi özünə hesabatıdır,  ömrünün bədii aynasıdır.

Qeyd edək ki, prof. İslam Qəribli  geniş diapazona malik ədəbiyyatşünas alimdir. Onun elmi yaradıcılığının əsas istiqamətini ədəbiyyat tarixçiliyi və mətnşünaslıq təşkil edir.  20-dən yuxarı elmi və bədii kitabların redaktorunun toplayıb tərtib etdiyi, ərəb əlifbasından transliterasiya edib çapa hazırladığı, müqəddimə, şərh və lüğətlər yazdığı “Necə qan ağlamasın...?”(Bakı-1993), M. Şəhriyar. Seçilmiş əsərləri-müştərək(Bakı-2000;, 2005), Ş.S.Ərdəbili “Qara məcmuə” (Bakı-2004), M. Hadi. Seçilmiş əsərləri-lüğət hissəsi(Bakı-2005), Ə.Nəbati, Heyran xanım, X.Natəvan. Seçilmiş əsərləri)Bakı-2005), A. Bakıxanov. Seçilmiş əsərləri (Bakı-2007), Ə.N.Oxtay. Əsərləri(Bakı-2009), M. Biriya. Əsərləri(Bakı-2010), M. Biriya. “Hər addımda məzarım var”(Təbriz-2016), M. Şəhriyar. “Əbədiyyət gülüyəm mən”(Bakı2017), M. Hadi. Əsərləri .I və II cildlər(Bakı-2020) kitablarını məhsuldar, zəhmətkeş alimin ömür yolunun yazılı salnaməsi adlandırmaq olar.

Bu məhsuldar alimin  müəllifi olduğu, redaktə etdiyi kitablarının, məqalələrinin dəqiq sayını bilməsəm də, təqribi deyə bilərəm ki, İ. Qəriblinin  çapdan çıxmış elmi əsərlərinin sayı 200-dən artıqdır, 20-dən artıq kitabın müəllifidir, onlarla kitabın redaktorudur.

Zahirən həmişə sakit görünən, heç vaxt emosiyasını üzə vurmayan İslam müəllim gözümdə müəllimliyin, alimliyin etalonu, simvoludur. Cəmiyyətdə,  ədəbiyyatda  gedən proseslər, mənəvi dəyərlərin aşınması ilə bağlı müzakirələrimizdə onun təkcə alim kimi deyil, vətəndaş kimi də necə narahatlıq keçirdiyinin şahidi olmuşam, fikir və tövsiyələrini dinləmişəm, öyüdlərini eşitmişəm.

Yaxşı insanları-fərqi yoxdur, alimdir, şairdir, müəllimdir-zamanında dəyərləndirmək, cəmiyyətə, sonrakı nəsillərə tanıtmaq lazımdır. Çünki: “Daşlar ovula-ovula ölür, qayalar sökülə-sökülə, bulaqlar quruya-quruya, millət isə unuda-unuda!” Ədəbiyyatşünaslıq elmimizdə öz dəsti-xətti olan mərhum prof. Yaşar Qarayevin bu deyimini təsadüfi xatırlamadım. “Həqiqətən, yaddaş – ağrı səviyyəsində dərk olunmuş vəhdət və bütövlüyün özüdür. Millət – genetik səviyyədə, yaddaş – ağrı səviyyəsində dərk olunmuş vəhdətdən və bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var. Üfüq, səma, göy daş saxlamadığı kimi, mənəvi və əxlaqi boşluq da yaddaş saxlamır”. Milli yaddaşı millətin özünüdərkinin ən vacib şərti, ilkin halqası hesab edir İslam müəllim. Dissertasiya mövzum “Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyasında milli yaddaş və onun yaratdığı milli özünüifadə ənənəsi” olduğundan bu mövzuda elmi rəhbərimlə tez-tez  diskussiyalarımız, söhbətlərimiz, üst-üstə düşməyən fikirlərimiz olub. Amma mən  İslam müəllimin bir müddəasını qeydsiz, şərtsiz qəbul edirəm ki, elm ruhun çırağıdır, millətin gələcəyidir, tanıtımıdır və bu işdə müəllimin rolu əvəzsizdir. Süni intelektin həyatımızın bütün sahələrinə  nüfuz etdiyi hazırkı dövrdə müəllimi ideallaşdırmağa ehtiyac varmı? Fikrimcə, bəli.  Çünki süni intelektin  zəka səviyyəsi nə qədər yüksək olsa belə, inanmıram ki, isti ana  nəvazişini, tələbə-müəllim sevgisini nəsə əvəzləyə bilə...Uca xaliq bu hissləri təkrarsız yaradıb, zaman-məkan sərhədi qoymayıb, heç bir texniki yenilklərə də sığdırmayıb. 

Dəyərli müəllimim, hörmətli elmi rəhbərim prof. İslam Qəribli də heç bir süni intelektin, zəkanın əvəzləyəcə bilmədiyi müəllimdir, alimdir, nurlu insandır.Əziz müəllimimin  doğum gününü  ustad şair Seyid Məhəmmədhüseyn Şəhriyarın çox sevdiyim bu misraları ilə təbrik etmək istəyirəm:Öpməkçin müqəddəs bir mövqe varsa, O da müəllimin əlidir, anla!...

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru.

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 May 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri