Orta Dəhlizin strateji mərhələsi Deputat YAZIR
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Mərkəzi Asiyanın beş dövləti – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan – uzun illərdir C5 formatında regional dialoq aparır. Son on ildə bu formatın üzərinə “+1” komponenti əlavə olunaraq ABŞ, Aİ, Yaponiya kimi böyük oyunçularla C5+1 modelləri formalaşıb. İndi isə həmin arxitektura faktiki olaraq yeni bir element qazanır: Azərbaycan.
Bu yeni konfiqurasiya – şərti olaraq “C5+Azərbaycan” və ya “C6” adlandıra biləcəyimiz yanaşma – Bakını təkcə nəqliyyat xəritəsində tranzit nöqtəsi kimi deyil, Cənubi Qafqaz–Mərkəzi Asiya–Avropa üçbucağının geoiqtisadi “oyun qurucusu” kimi mövqeləndirmək potensialına malikdir. Məsələ artıq sadəcə diplomatik jestlərdən yox, Orta Dəhliz, TRIPP/Zəngəzur dəhlizi, data mübadiləsi, enerji və qeyri-neft ixracı üzrə çoxillik real gündəmdən gedir.
C5+1-dən C5+Azərbaycan-a keçidlə yaranan yeni regional konfiqurasiya mühüm yeniliklər vəd edir. C5+1 platforması ilk illərdə daha çox siyasi dialoq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə kimi klassik mövzuları əhatə edirdi. Sonrakı mərhələdə isə ticarət və investisiyalar, enerji təhlükəsizliyi və yaşıl keçid, nəqliyyat və logistik zəncirlərin şaxələndirilməsi, texnoloji əməkdaşlıq və insan kapitalı bu formatın əsas sütunlarına çevrildi.
Azərbaycanın bu məntiqlə C5+1 əməkdaşlıq formatına daxil olması əslində üç paralel xətti birləşdirir. Birincisi, C5 + Azərbaycan – Xəzərin iki sahilini vahid iqtisadi və nəqliyyat məkanına çevirən regiondaxili platforma olacaq. İkincisi, C5 + Azərbaycan + ABŞ/Aİ – böyük güclərlə artıq tək-tək deyil, blok+hub modelində dialoq forması vəd edir. Və üçüncüsü, C5 + Azərbaycan + Türk Dövlətləri Təşkilatı və Orta Dəhliz – türk coğrafiyasında şaxələnmiş inteqrasiya xəttini təşkil edəcəkdir.
Beləliklə, Bakı yalnız “dəvət edilən qonaq” deyil, C5+1 məntiqini Xəzərin qərb sahilinə keçirən əsas qovşaq rolunu oynamağa başlayır. Azərbaycan bu formata qoşulmur, bu format genişləndirir.
Digər mühüm bi məqam Orta Dəhliz kimi artıq rəqabətli tranzit məkanında Azərbaycanın “core hub” potensialının reallşması ilə bağlıdır. Geoiqtisadi kontekstdın baxdıqda Şərq və Qərb arasında üç dəhliz üzərində mühüm rəqabət gedir.
Hal-hazırda Avrasiya geoiqtisadiyyatında üç əsas quru marşrut sistemi mövcuddur: Şimal dəhlizi – Rusiya üzərindən keçən klassik Transsibir və ona bağlı xətlər; Cənub dəhlizi – İran və Hind okeanı üzərindən marşrutlar; Orta Dəhliz (Transxəzər) – Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə/Avropa zənciri.
Sanksiyalar, geosiyasi risklər və enerji təhlükəsizliyi gündəmi fonunda Orta Dəhliz Qərb üçün daha əlçatan, Mərkəzi Asiya üçün isə daha çoxvektorlu seçimə çevrilir. Azərbaycan bu xəttin həm Xəzər üzərində, həm də Qafqaz daxilində əsas “bottleneck” və eyni zamanda “bottleneck-i açan” məntiqi nöqtəsidir.
Mövcud rəqəmlər də göstərir ki, son illərdə Orta Dəhliz üzrə yüklər bir neçə dəfə artıb, lakin hələ də potensialın tamamını əks etdirmir. C5+Azərbaycan və C5+1 çərçivəsində tranzit tariflərinin hərtərəfli koordinasiyası, keçid müddətlərinin azaldılması, gömrük prosedurlarının tam rəqəmsallaşdırılması, multimodal logistikanın (dəniz–dəmir yolu–avtomobil) inteqrasiyası kimi addımlar tam reallaşacağı halda 2030-a qədər Azərbaycan üzərindən keçən tranzit yüklərinin ən azı bir neçə milyon ton artması realdır.
Bəs praktik səviyyədə bu nə deməkdir? Orta ssenaridə əlavə yük axını Azərbaycan üçün onlarla milyon dollarlıq sabit tranzit gəliri formalaşdıracaq. Optimist ssenaridə bu rəqəm yüz milyonlarla dollara qədər yüksələ bilər. Daha önəmlisi, liman, dəmir yolu, logistika parkları, anbar, sığorta, bank və xidmət sektorlarında çoxqatlı multiplikativ ÜDM effekti yarana bilər.
Yəni C5+Azərbaycan formatı Azərbaycanın xəritədə “marşrut xətti” olmaqdan çıxaraq “tranzit ekosistemi” qurmasına imkan verəcəkdir.
Yeni format ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən qeyri-neft ixracının struktur transformasiyanın inkişaf etməsinə mühüm təkan verə bilər. Azərbaycanın orta və uzunmüddətli inkişaf strategiyalarının mərkəzində qeyri-neft sektorunun gücləndirilməsi dayanır. C5+Azərbaycan bu baxımdan bir sıra mühüm funksiyaları yerinə yetirə bilər:
Yeni bazar dərinliyi yarana bilər. Mərkəzi Asiya ölkələri üçün Azərbaycan həm Qara dəniz, həm Türkiyə, həm də Aralıq dənizi bazarlarına çıxış “qapısı”dır. Eyni məntiqlə Azərbaycan istehsalçıları üçün də Mərkəzi Asiya 100 milyondan artıq əhalini əhatə edən, tələbi artan, enerji gəlirləri fonunda alıcılıq qabiliyyəti yüksələn bazardır.
Məhsul və xidmət strukturunun diversifikasiyası genişlənə bilər. C5+Azərbaycan çərçivəsində bir sıra məhsul və xidmət qruplarında daha aqressiv ixrac siyasəti aparmaq mümkündür: metal və kimya məhsulları, kənd təsərrüfatı və qida (meyvə-tərəvəz, konserv, şərab, qənnadı), İT və rəqəmsal xidmətlər (proqram təminatı, BPO, fintech, e-gov həlləri), “edu tourism” və “medical tourism” (təhsil və müalicə üçün qarşılıqlı axınlar)
Regional dəyər zəncirlərinə qoşulma sürətlənə bilər. Təkcə xammal satmaq əvəzinə, Mərkəzi Asiya xammalının və yarımfabrikatlarının Azərbaycanda emalı, daha sonra Avropaya çıxarılması üçün regional dəyər zəncirləri qurmaq mümkündür. Bu, qeyri-neft ixracının həcmini deyil, əlavə dəyər səviyyəsini də yüksəldən faktordur.
Ssenari yanaşması ilə baxdıqda – Mərkəzi Asiyaya ixracın 2–3 dəfə artması halında – bu regionun Azərbaycanın qeyri-neft ixracında payı indiki ikirəqəmli səviyyədən 30–40%-lik diapazona qədər yüksələ bilər. Bu isə artıq yalnız “coğrafi şaxələndirmə” deyil, struktur transformasiya deməkdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbirdə çıxışı və digər dövlət başçılarının şərhləri onu göstərdi ki, Zəngəzur dəhlizi təkcə yol deyil, mühüm bir geosiyasi və geoiqtisadi layihədir. Zəngəzur dəhlizi Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması fonunda yaranmış ən mühüm geoiqtisadi konstruksiyalardan biridir. Dəhlizin mahiyyəti ondan ibarətdir ki Azərbaycanı Naxçıvanla birləşdirən qısa, lakin strateji əhəmiyyətli quru koridoru yaradılır, həmin koridorun içindən dəmir yolu, avtomobil yolu, enerji xətləri və rəqəmsal infrastruktur eyni paketdə keçir, marşrut Türkiyə və daha sonra Avropa istiqamətində yeni, daha qısa “döngə” yaradır.
Təhlillər göstərir ki, bu dəhlizin C5+Azərbaycan kontekstində bir neçə mühüm təsiri var:
1. Orta Dəhlizin “ikili strukturu”. Bakı–Tbilisi–Qars xətti ilə yanaşı Bakı–Naxçıvan–Türkiyə xətti də formalaşır. Bu, həm risklərin diversifikasiyası, həm də yüklərin optimallaşdırılması baxımından əhəmiyyətlidir.
2. Enerji və elektrik ötürülməsi üçün əlavə kanal. Neft, qaz və elektrik enerjisi üçün alternativ marşrutların yaranması Azərbaycanın enerji xəritəsində “təkkanallı” riskləri azaldır, Mərkəzi Asiya resursları üçün isə Qərbə doğru çıxış qapısı yaradır.
3. Siyasi normallaşmanın iqtisadi dividendə çevrilməsi. Regionda sülh gündəminin real infrastruktur layihəsi ilə dəstəklənməsi C5+Azərbaycan formatının geosiyasi etibarlılığını artırır və xarici investor üçün riskləri aşağı salır.
Yəni, əslində Zəngəzur dəhlizi bu mənada C5+Azərbaycan formatını kağızda qalan diplomatik mexanizmdən çıxarıb konkret xəritə üzərində ölçülə bilən reallığa çevirən “möhkəm infrastruktur” sütunlarından biridir.
Bildiyimiz kimi, qlobal iqtisadiyyatda əsas rəqabət edilən sahələr Enerji, yaşıl keçid və kritik minerallar və onların yeni paylama xəritəsidir. C5+Azərbaycan yalnız logistika və ticarət platforması deyil, həm də enerji və resurs paylama mexanizmi kimi düşünülməlidir.

Azərbaycan artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. C5+Azərbaycan Mərkəzi Asiya qazının (məsələn, Türkmənistan, Qazaxıstan) Xəzər üzərindən Azərbaycan infrastrukturu ilə Avropaya çıxarılması üçün əlavə siyasi baza yarada, mövcud boru kəmərlərinin (TANAP, TAP və s.) yüklənmə səviyyəsini artıraraq Azərbaycanın “baza tranzit gəlirlərini” yüksəldə bilər.
Xəzər hövzəsi bərpa olunan enerji potensialına görə artıq beynəlxalq diqqət mərkəzindədir. Azərbaycan dənizdə külək, günəş enerjisi və yaşıl hidrogen layihələri üzrə böyük investorlarla müqavilələr bağlayır. C5+1 və C5+Azərbaycan çərçivəsində Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji potensialı ilə öz imkanlarını “paket” şəklində Qərb bazarına təklif edə bilər. Bu modeldə Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də “yaşıl enerji tranzit və ticarət platforması” rolunu oynaya bilər.
Dünya iqtisadiyyatında enerji keçidi və texnoloji transformasiya fonunda nadir torpaq metalları, batareya metallarının xammalı (litium, kobalt və s.), uran və digər strateji resurslar getdikcə daha çox “geoiqtisadi silah”a çevrilir. Mərkəzi Asiya bu resursların əhəmiyyətli hissəsinə sahibdir. Orta Dəhliz və Zəngəzur üzərindən bu resursların Rusiya və İran marşrutlarından yan keçərək Avropa və digər bazarlara çıxarılması və Azərbaycanda emal və yarımfabrikat istehsalı üçün sənaye klasterlərinin formalaşdırılması bütün tərəflərə mühüm rəqabət üstünlüyü qazandıra bilər. Bu üstünlük isə C5+Azərbaycan formatını kritik resursların idarə olunması üzrə də regional oyunçu statusuna yüksəldə bilər.
Bir məsələni də qeyd etmək vacibdir ki, C5+Azərbaycan formatının potensialı yüksək olsa da, bu potensialın reallaşması avtomatik deyildir. Ölkəmizin bunun üçün bir sıra institusional addımlar atması faydalı olacaqdır. Ticarət və tranzit prosedurlarının daha da sadələşdirilməsi üzrə “Bir pəncərə” prinsiplərinin tam tətbiqi, gömrük və sərhəd nəzarətində rəqəmsallaşma səviyyəsinin daha da artırılması, risk əsaslı yanaşma, “data management” sistemlərinin tətbiqinin sürətləndirilməsinə nail olmaq lazımdır. Nəqliyyat infrastrukturunda dəmir yolu, avtomobil yolu, liman, hava yük daşımalarının vahid master-plan çərçivəsində əlaqələndirilməsi, logistika parkları, azad ticarət zonaları və xüsusi iqtisadi zonaların Orta Dəhliz “xəritəsi” üzrə sinxron dizaynının aparılması vacibdir.
İnvestisiya mühiti və hüquqi sabitlik üçün uzunmüddətli konsessiya, PPP və infrastruktura yönəlmiş investisiyalar üçün proqnozlaşdırıla bilən vergi və tənzimləmə mühitinini daha da təkmilləşməsi, beynəlxalq arbitraj, mübahisə həlli mexanizmlərinin etibarlılığının daha da artırılması mühüm irəliləyişlərə təkan verə bilər. İnsan kapitalı və logistika bilikləri üzrə logistika menecmenti, rəqəmsal ticarət, enerji ticarəti, risk menecmenti üzrə ixtisaslı mütəxəssislərin hazırlanması, universitet–biznes–dövlət əməkdaşlığının daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, bütün bu istiqamətdə son illərdə xeyli işlər də görülməkdədir.
Başqa sözlə, C5+Azərbaycan pəncərəsinin real nəticəyə çevrilməsi üçün ölkəmizin paralel şəkildə həm “möhkəm infrastruktur”, həm də “yumşaq infrastuktur” (qanunvericilik, prosedur, insan kapitalı) sahəsində sinxron modernləşmə işlərini daha da sürətli aparması iqtisadi faydaların daha da yüksək və tez olmasına imkan yaradacaqdır.
C5+Azərbaycan formatı Azərbaycan üçün imkanlarla yanaşı, bir sıra çağırışlar da yaradır və bizim bu çağırışlara layiqincə cavab vermək imkanlarımız mövcuddur:
• Böyük güclər arasında rəqabət kontekstində Orta Dəhliz ABŞ və Aİ üçün, həm də Rusiya və Çin üçün geosiyasi həssas zonadır. Azərbaycanın sınaqdan uğurla çıxmış çoxvektorlu siyasətinin bu məqamda da ölkəmizə fayda verəcəyi şübhəsizdir.
• Regional təhlükəsizlik riskləri kontekstində Cənubi Qafqazda və Mərkəzi Asiyada mümkün gərginlik ocaqları, Əfqanıstan amili, hibrid təhlükələr (kiberhücumlar, informasiya müharibəsi) tranzit və investisiya qərarlarında risk amilini yüksəldə bilər. Bu məqamda da Azərbaycan Prezidentinin beynəlxalq siyasətdə təcrübəsi və regionda nüfüzü hər kəsə fayda verəcəkdir.
• İnstitusional ayaqlaşma kontekstində C5+1, C5+Azərbaycan, Türk Dövlətləri Təşkilatı, MDB, ŞƏT kimi formatların mövcudluğu koordinasiya, qərarların icrasında əlavə səylər tələb edə bilər. Düşünürəm ki, burda da Azərbaycanın kifayət qədər təcrübəsi mövcuddur.
Bu mənada Azərbaycanın qarşısında duran əsas strateji vəzifə “uçuş zolağı”nın həddindən artıq yüklənməsinə yol vermədən, hər formatdan maksimal iqtisadi dəyər çıxarmaq üçün incə balanslı diplomatiya və praqmatik iqtisadi siyasət yürütməkdir. Azərbaycan Prezidentinin müdrik və peşəkar İqtisadi siyasəti bu çağırışların öhdəsində uğurla gəlinəcəyinə təminat verir.
Beləliklə, yaxın gələcəyə proyeksiya etdikdə 2030 vizyonunda Azərbaycanın yeni geoiqtisadi kimliyi daha parlaq görünür. C5+Azərbaycan formatı, Orta Dəhliz, Zəngəzur dəhlizi, enerji və kritik resurs layihələri birlikdə götürüldükdə, 2030-cu illərə doğru belə bir mənzərəni real edir:
• Azərbaycan Cənubi Qafqazda, Orta Dəhlizdə sadəcə “marşrut ölkəsi” deyil, tamformatlı tranzit, logistika və ticarət ekosistemi yaradan regional hub statusu qazanır;
• qeyri-neft ixracında Mərkəzi Asiyanın payının əhəmiyyətli dərəcədə artması ilə ölkə struktur diversifikasiyasına real keçid edir;
• karbohidrogenlə yanaşı yaşıl enerji və kritik minerallar üzrə də Azərbaycan əlverişli paylama nöqtəsi kimi formalaşır;
• Azərbaycan həm Mərkəzi Asiya ölkələri, həm Qərb, həm də digər böyük oyunçular üçün qaçılmaz dialoq ünvanına çevrilir.
Bu mənada C5+Azərbaycan sıradan diplomatik format deyil. Bu, Azərbaycanın coğrafi üstünlüyünü, milli birliyini geoiqtisadi üstünlüyə çevirmək üçün çox mühüm strateji pəncərədir.
Tahir Mirkişili
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 17 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















