Icma.az
close
up
RU
Ötən günlərin xatirəsi... Xəyyam Mirzəzadə 90

Ötən günlərin xatirəsi... Xəyyam Mirzəzadə 90

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yavər NEYMƏTLİ
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Hər insanın, xüsusilə yaradıcı fərdin, yaşamı zamanı ətrafında kiçik bir dünya yaranır. Həyatı boyu təsadüf və zərurətdən doğan yeni ünsiyyət vasitəsilə həmin dünyanın sərhədləri genişlənir, təmasında olanları öz hərarəti ilə isindirir. Əbədiyyətə qovuşandan sonra isə ötən günlərdən qalan xatirələr sevənlərinin qəlbinə köçür.

Bəstəkar Xəyyam Mirzəzadəyə telefon açan hər kəsin eşitdiyi ilk kəlmə "...Mirzəzadə" cavabı idi. Həmin jestdə bir rəsmiyyətlik duyulsa da, onu yaxından tanıyanlar belə ünsiyyət üslubunun bəstəkara xas duzlu yumor hissi ilə bağlı olduğunu yaxsı bilirdilər. Digər tərəfdən, Xalq rəssamı Böyükağa Mirzəzadə və Xəyyam müəllim eyni soyadı daşımaqla yanaşı, həyatda yaxın dost idilər. Rəssam ona zəng edənlərə də "Mirzəzadə" deyərək cavab verərmiş. Bəstəkar isə öz növbəsində dostunun şərəfinə həmin cavab tərzini mənimsəmişdi.

M.F.Axundov adına Milli Kitabxananın otaqlarından birinin divarlarını görkəmli bəstəkarlarımızın tanınmış fırça ustalarımız tərəfindən çəkilən portretləri bəzəyir. Onlardan biri B.Mirzəzadənin "Bəstəkar Xəyyam Mirzəzadənin portreti" adlı əsəridir.

İçərişəhər ruhu

Dünyanın coğrafi xəritəsində elə tarixi guşələr vardır ki, əsrlər boyu oralarda istedadlı insanların təbəqəsi formalaşıb. Sanki Tanrı tərəfindən proqramlaşdırılan proses kimi, o məkanda yetişən zəngin zəka sahibləri vətənini sərhədlərindən uzaqlarda layiqincə təmsil etmək missiyasını öz üzərinə götürmüşlər.

Bakının mərkəzində, qala divarlarının əsrlər boyu qoruduğu İçərişəhərin özünə məxsus mühitində yetişən şəxsiyyətlər siyahısına nəzər salsaq, kimləri görmərik? Peşəkar milli bəstəkarlıq məktəbinin nümayəndələri: Tofiq Quliyev, Ədilə Hüseynzadə, "Kəsmə şikəstə"nin unudulmaz ifaçısı, xanəndə Fatma Mehrəliyeva, milli tar ifaçılığının Mansurovlar səcərəsi, caz-muğam sintezinin yaradıcısı, pianoçu Vaqif Mustafazadə, milli kinomuzun çağdaş siması rejissor Arif Babayev, rəssamlıq sənətinin öncüllərindən Elbəy Rzaquliyev, tabloları dünya salonlarını bəzəyən Tahir Salahov və daha kimlər...

Məhz belə bir məkanda dünyaya göz açan X.Mirzəzadənin  bəstəkarlığa olan marağı Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbindəki bəstəkar Midhət Əhmədovun "uşaq yaradıcılığı" sinifinə gətirir. Üzeyir bəyin xeyir-duası ilə Sankt-Peterburqda və Bakıda mükəmməl təhsil almış: "...M.Əhmədovun milli musiqi mədəniyyətimizdə ən böyük əməyi... Azərbaycan bəstəkarlarının böyük bir nəslini yetişdirməsindədir. İstər konservatoriya nəzdində 10 illik orta ixtisas musiqi məktəbində, istərsə də, musiqi texnikumunda  dərs dediyi müddətdə M.Əhmədov böyük sayda istedadlı gəncləri və yeniyetmələri aşkar etmiş, onların gələcəkdə bəstəkar kimi yetişməsində böyük rol oynamışdır..." (Oktay. "Xalq Cəbhəsi" qəzeti - 2012. - 12 iyun. - s.13.)

Tələbə, həmkar, məsləkdaş

Xəyyam müəllim milli musiqi tariximizin müasirlik sərkərdəsi Qara Qarayevin tələbəsi olduğu üçün həmişə fəxr edərdi. Sonralar bəstəkar müəllimi haqqında bu fikirləri söyləyirdi: "...O, bizim hamımızı daima öz üzərində işləyərək müxtəlif istiqamətli mükəmməl mütəxəssis olmağa çağırırdı. Bəstəkarlıq sənətində diletant, yarı peşəkar elementləri, musiqi folklorundan milli kimliyi göstərmək xətrinə sitat formasında istifadəni qəbul etməyən "Dəmir əl", sənətin dərin qatlarına baş vuraraq öz dəst-xəttimizi tapmağa yönləndirirdi... Nəticə etibarı ilə onun sinifindən çıxan çox saylı məzunların fərdi dəst-xətdə malik mütəxəssisə çevrilməsi, Qara Qarayev şəxsiyyətinin dahi ucalığının bir hissəsidir..."

Hər iki şəxsiyyət arasında pedaqoq-tələbə ünsiyyəti illərin sınaqlarından ləyaqətlə çıxaraq sıx əqidə həmrəyliyinə, həmkar birliyinə çevrilmişdi. Ustadının çağdaş estetik dəyərlərinin carçılarından biri də Xəyyam Mirzəzadənin "Oçerklər-63" simfonik poemasının çoxlaylı məzmununun əsas qayəsində yeni estetik tendensiyalara bir çağırış nidası vardı. Təsadüfi deyil ki, əsərin ilk ifası Bəstəkarlar İttifaqında müzakirəyə çıxarılarkən sərt mövqe ilə qarşılanmışdı. Həmin hadisənin şahidi bəstəkar Fərəc Qarayev çıxışlarının birində X.Mirzəzadənin ona qarşı ünvanlaran "tutarlı" iddialara qarşı, dolğun faktlara əsaslanan inamlı müdafiəsini xüsusi vurğulayır. 

Bəstəkarın vəfatından sonra F.Qarayevlə müsahibə-dialoqunda Rauf Fərhadovun: "...Xəyyam Mirzəzadə yaradıcılığı XX-XXI əsr musiqisində üslub vəhdətinin və vahidliyinin son nümunələrindən biridir. Daim inkişafda olan, təkrarsız bəstəkar üslubunun tərkibində 50-ci illərin rəngarəng janrlı əsərlərindən tutmuş, 60-70-ci illərin intellektuallıq və texnoloji təkmilliyinə, 1980-2000-ci illərin fərdi musiqi dilinin sərhədlərini aşmaq axtarışlarına qədər hər özəllik mövcuddur. Xatırlayırsansa, qərb həmkardan biri belə bir fikir söyləmişdi: "Dahi əsərlər digərlərindən həm də onunla fərqlənir ki, o, yalnız yaranış tarixində olan ən yaxşı cəhətləri özündə ehtiva etmir, eyni zamanda özünün bir parçasını gələcəkdə müəyyən edir. Bu fikir elə əsl Xəyyam Mirzəzadə haqqındadır!.." kimi dəyərli mülahizələri yer almışdır ("Yol" jurnalı (№ 4 (70), 2018).

Nostalji lirika

X.Mirzəzadənin bəstəkar kimliyi sorğulananda musiqisevərlərin yaddaşına Bəxtiyar Vahabzadənin sözlərinə "Yadındamı" mahnısı düşür. Müğənni Oqtay Ağayevin təkrarsız ifasında səslənən nəğmənin yaranması bəstəkarın bu janrda ilk təcrübələrindən biri olmuşdur. Onun atası, görkəmli dilçi alim Hadı Mirzəzadə bir gün oğluna yeni poetik addımlarını atan gənc şair Bəxtiyar Vahabzadənin "Ceyran" adlı kitabını verir. Məhz həmin şeirlərin birindən "Yadındamı" adlı mahnı yaranır.

Həssas dinləyicilər sözügedən mahnı ilə Bethovenin "Aylı sonata"sının I hissəsinin müşayiəti arasında oxşarlıq cizgilərinin olduğunu hiss ediblər. Xəyyam müəllim Vyana klassikinin dünyaca məşhur sonatasının özəyi olan romantik motivin B.Vahabzadənin şeirinin fəlsəfi yükündəki fikirlə ümumi cəhətlərini duyduğu üçün müvafiq ifadə vasitəsini seçib.

İllər sonra şair bəstəkarın "Triptix" adlı ikinci simfoniyasına görə Dövlət mükafatı alarkən bu fikirləri söyləmişdir: "Xəyyam Mirzəzadə ilə məni uzun illərin şəxsi və yaradıcı ünsiyyəti bağlayır. O, bir sıra şeirlərimə müxtəlif ruhlu bəstələr yazmışdır. Bəstəkarın istər mahnılarında, istərsə simfonik yaradıcılığında, həmçinin ali dövlət mükafatına layiq görülən "Triptix" simfoniyasında diqqətimi bir məqam çəkir. Adı çəkilən əsərlərdə Avropa musiqisinin müxtəlif üslublarından təkanlar duyulsa da, onun mayasında, gövhərində milli dayaqlar çox dolğun şəkildə özünü büruzə verir".

Bəstəkar mahnı yaradıcılığında nostalji hisslərin əks olunduğu mətnlərə üstünlük verir. Məsələn, Nəriman Həsənzadənin sözlərinə yazdığı "Yaşıl söyüd"ün:

O, burdan gedəli

mən bura gəlmirəm.

Soruşma niyə bəs?

Bilmirəm, bilmirəm, ay yaşıl söyüd

misralarında, eləcə də Anarın "Qayalar", Nəbi Xəzrinin "Bir səhər" şeirlərinə həzin nəğmələrdə qeyd elədiyim fikirlər sezilir.

Nəriman müəllim xatırlayır: "Xəyyam Mirzəzadə kimi mürəkkəb dramaturji simfonik yaradıcılığa üstünlük verən sənətkarlar mahnı janrına ara-sıra müraciət edirlər. Estrada musiqisi kimi kütləvi janrda hər müəllifin yaratdığı mahnının həyata vəsiqəsi uzunömürlü olmur. Lakin X.Mirzəzadənin düzgün yaradıcı mövqeyi, yaratdığı bu səpkili nəğmələrin indi də gündəmdə olmasını şərtləndirir. 70-ci illərin ortalarında Xəyyam müəllim yeni mahnı üçün şeirlərimi xahiş elədi. Mən yenicə çapdan çıxan kitabımı ona hədiyyə göndərdim. "Yaşıl söyüd" mahnısının yaranışı belə oldu. Şadam ki, belə qüdrətli sənətkarla yaradıcı ünsiyyət mənə də nəsib olub..." 

Kino musiqi dramaturqu

Hamıya bəllidir ki, bədii filmin bir çox məna çalarlarını duymaq və musiqi vasitəsilə ümumi dramaturji xəttin tamlığına nail olmaq bəstəkardan çevik yaradıcı həllər tələb edir. Bu baxımdan Qara Qarayev kino musiqini bəstəkar üçün gözəl treninq adlandırırdı.

Xəyyam Mirzəzadənin bu sahəyə ilk gəlişi 1961-ci ildə rejissor Əlisəttar Atakişiyevin "Bizim küçə" bədii filmi ilə bağlıdır. Həmin illərdə bəstəkarlıq kafedrasının buraxılış imtahanları filarmoniyada, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında keçirilirdi. Bu tədbirə musiqi ictimaiyyətinin nümayəndələri ilə yanaşı, teatrların, kinostudiyanın rejissorları, musiqi redaktorları dəvət olunardı. Müstəqil yaradıcı həyata başlamaq istəyən bəstəkarların ictimaiyyətlə ilk tanışlığı bu səpgidə baş verirdi.

Xəyyam müəllim bu barədə söhbətlərimizin birində demişdi: "Milli kinomuzun azman rejissorlarından biri Əlisəttar müəllimin mənə - gənc, mövcud sahədə təcrübəsi olmayan bəstəkara - əməkdaşlıq təklifi gözlənilməz oldu. Adətən belə qisim sənətkarlar bərkə-boşa düşərək püxtələşmiş mütəxəssislərlə işləməyi xoşlayırlar. Amma Əlisəttar müəllim mənim diplom işimin səslənməsindən müsbət təəssürat aldığını bildirəndə göstərilən etimaddan məmnun oldum".

Bəstəkar ümumən 40 filmə musiqi yazmışdır. Həmin ekran əsərlərinə baxarkən kadrlarda bütün iştirakçı  və elementlərin fərdi cizgilərinin musiqi vasitəsilə qabardılması diqqəti cəlb edir. Digər tərəfdən bəstəkarı təkcə ümumi planda yox, həmçinin epizodlarda yer alan obrazların daxili aləminin təsviri xüsusi olaraq maraqlandırır.

Rejissor Arif Babayevin yazıçı Elçinin "Ox kimi bıçaq" kinopovesti əsasında çəkilən "Arxadan vurulan zərbə" filmində əsas diqqət insanın tale qismətini dəyişən obyektiv və subyektiv səbəblər üzərinə yönləndirilib.

Film dedektiv janrda çəkilib. Bölgələrin birində müəmmalı qətl hadisəsinin açılması üçün müstəntiq, mayor Gündüz Kərimbəylinin (Şahmar Ələkbərov) rəhbərliyi ilə aparılan tədqiqat prosesi nəticəsində baş verən qətlin əsl səbəb və günahkarının tapılmasına qədər mürəkkəb hadisələr baş verir. Kinolentin əvvəlində hüquq-mühafizə orqanları cinayət baş vermiş məkanda ilkin tədqiqat aparırlar. Həmin vaxt fonda təkrarlanan musiqi xarakter etibarı ilə prokuror (Adil İsgəndərov), kapitan Cabbarov (Ələsgər İbrahimov) və kriminal ekspertin (Nicat Bəkirzadə) dialoqundan hiss olunan çaşqınlıq və narahat hissləri ilə səsləşir. Xüsusilə, eskpertin prokurora müraciətlə, üzərində "A.Q." baş hərfləri əks olunduğu  portsiqarı nümayiş etdirərkən, sonuncunun: "A.Q. bu, hələ heç nə demir" replikasının səsləndiyi zaman bəstəkar trubaların ifasında dissonans akkordla növbəti epizoda bağlantı yaradır.

Söhbət etdiyimiz epizodun ardınca məkan lokomotivin hərəkət etdirdiyi sərnişin qatarının gəlişi təsvir olunan dəmir yolu körpüsünə  dəyişilir. Musiqi materialının tətbiqi baxımdan bəstəkar da, mexaniki və təbii səslənmə anlarını montaj vasitəsilə əlaqələndirir. Yəni lokomotivin hərəkəti zamanı xəbərdarlıq fiti ilə trubaların dissonansı üst-üstə düşür. Qatar təkərlərinin xarakterik ritmik səslənişi ardınca dərhal fortepiano passajlarından təkan alan orkestrin müdaxiləsi baş verir. Bəstəkarın mövcud janrda daha bir cəhəti - kadrlardakı hərəkətin sinxronluğu ilə musiqi materialının səsləniş zamanının saniyə hesabı qədər uyğunlaşdırılmasıdır. Musiqinin susması ilə qatar dəmir yol stansiyasında dayandıqda Xan Şuşinskinin ifasında "Küçələrə su səpmişəm" xalq mahnısının lent yazısı eşidilir.

"Küçələrə su səpmişəm" məqam istinadı baxımdan "Bayatı Şiraz" üstündədir. Epizodda səslənən orijinal musiqi materialı isə "Humayun"a bağlıdır. Nəzəri və praktiki tərəfdən hər iki məqam arasında intonasiya uyğunluğu vardır. Həm də "Humayun"unun "Şüştər"ə keçidi məqamlar arasında intonasiya qohumluğunu gücləndirir. Nəticədə orijinal bəstə ilə xalq mahnısı arasında məntiqli ahəng bağlılığı yaranır. Eyni halı rejissor Tofiq Tağızadənin "Yeddi oğul istərəm" bədii filmində Cəlalın ölüm səhnəsinin "Yanıq Kərəmi" aşıq havasından orijinal musiqiyə keçiddə görürük.

"Arxadan vurulan zərbə" kino filminin süjet xəttində müəlliflər həbsxana cəzası çəkərək yenidən azadlıqda sakit, normal yaşam tərzinə dönmək istəyən şəxsin rastlaşdığı süni problemlərini də qabardırlar. Qətl hadisəsi baş verən bölgədə İmaş (Hamlet Xanızadə) adlı keçmiş məhkumun əleyhinə faktların üst-üstə düşməsi, ona qarşı "şübhələrin" yaranmasını şərtləndirir. G.Kərimbəylinin də,  ilkin müşahidələrindən aldığı aldadıcı təəssürat İmaşa qarşı yanlış mövqe nümayişinə gətirib çıxarır. Amma proseslərin gözlənilməz gedişatı əsl həqiqətin başqa səmtdə olduğunu şərtləndirir. Qətl baş verən məkanı yenidən nəzərdən keçirərkən G.Kərimbəylinin İmaşa ünvanladığı: "Niyə işləmirsən?" sualına İmaş: - "Məsəl var, naçalnik, deyərlər: "İgidin adı çıxınca canı çıxsa, yaxşıdır". Oğru İmaşa iş verən kim, onunla işləyən kim... İçim özümü yandırır, çölüm özgəni. Mən bir də ora qayıtmaq istəmirəm..." sözləri ilə keçmişlə əlaqəni tam kəsib yeni həyata başlamaq istəyini büruzə verir. Həmin səhnənin gedişatı boyu fleyta, klavisin və simli orkestrin  ifasında barokko ruhlu melodiya İmaşın daxili aləminin səmiyyətini əks etdirir.

Professor Mirzəzadənin sinifində...

Xəyyam müəllim 1957-ci ildən 2005-ci ilə qədər Ü.Hacıbəyli adına BMA-nın bəstəkarlıq kafedrasında məhsuldar pedaqoji və ictimai fəaliyyətlə məşğul olmuşdur. Bu illər ərzində Qara Qarayevin pedaqoji prinsiplərinə söykənən metodikası ilə çoxsaylı bəstəkar kadrları yetişdirmişdir. Onlardan iki məzunun müəllimləri haqqında xatirəsini burada yerləşdirmək istərdim.

Xalq artisti, Prezident təqaüdçüsü, bəstəkar Sərdar Fərəcov: "Əgər Xəyyam Mirzəzadəni xarakterizə etmək istəsəm, onu böyük musiqiçi, böyük müəllim, böyük insan kimi dəyərləndirərdim. Mənim onunla qiyabi tanışlığım hələ A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda təhsil aldığım zamandan başlayır. Dövlət filarmoniyasında bəstəkarların növbəti plenumu çərçivəsində konsert keçilirdi. Proqramda müxtəlif bəstəkarların əsərləri ilə  yanaşı, Xəyyam müəllimin də, Bəxtiyar Vahabzadənin sözlərinə xor və simfonik orkestr üçün odası səsləndi. Açığı, başqa bəstələrlə müqayisədə, onun yaratdığını aydın intonasiyalı faktura, orkestrin ayrı-ayrılıqda tərkiblərinin tarazlı ahəngi və nəhayət xor ilə münasibətdə dəqiq düşünülmüş ansambl fərqləndirirdi. Həmin konsert mənim bəstəkarlıq ixtisası üzrə gələcək təhsil taleyimin həllində ilk mərhələ oldu. Nəhayət Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunduqdan sonra bölgü əsasında Xəyyam Mirzəzadənin sinifinə düşdüm.

Hələ qəbul imtahanları qabağı onun ağır xasiyyətli, zəhmli birisi olduğunu çox eşitmişdim. Lakin özü ilə müəllim-tələbə müstəvisində qarşılaşarkən duyduqlarımla müqayisədə tam fərqli mənzərə ilə qarşılaşdım. O, tələbələrinə qarşı həmişə tələbkar olmaqla yanaşı, qayğıkeş Ustad idi. Klassik bəstəkarlıq ənənələrinə sadiq qalaraq hansı üslub və janrdan asılı olmayaraq, bizdən çox diqqətli olmağı, yüngül araşdırıcı yollardan çəkinərək hər xanəni kamil şəkildə ərsəyə gətirməyi tələb edirdi. Yaxsı xatırlayıram, I kursda ilk prelüdümün iyirmi dörd variantda  işlədikdən sonra, ancaq dekabr ayında onun qane olduğu nümunəni ərsəyə gətirdim.

Xəyyam müəllimlə münasibətdə təhsil illərim çox maraqlı və məhsuldar keçirdi. Texnikumda oxuduğum zaman bəstəkarlıq üzrə müəllimim Əziz Əzizli olmuşdu. Q.Qarayev sinifinin məzunlarından biri, olduqca intellektual və alicənab Əziz müəllim, bəstəkarlıq haqqında müfəssəl bilgilərini mənimlə bölüşür, yazdığım əsərlərdə artıq, ya əskik tərəflərinin müxtəlif həll yollarını göstərirdi. Ali təhsil ocağında isə X.Mirzəzadə tərəfindən ilk müəllimimdən aldığım baza yüksək səviyyədə inkişaf olundu.       

Onun bəstəkar kimi milli musiqi tariximizdə yeri və rolunun uzun illərinin elmi tədqiqat işlərinin materialı olacağına şübhə etmirəm. Çünki uşaq-gənclər üçün yaratdıqlarından başlayaraq,  kamera instrumental və simfonik opuslara qədər Xəyyam Mirzəzadə imzası dərin özüllü peşəkarlıq nümunəsidir. Həmin əsərlərin yaranması müəllifin gərgin intellektual zəhmətinin məhsulu idi. X.Mirzəzadə imzasının əzəmətli mövqeyi həm sağlığında, həm də haqq dünyasının əbədi sakini olduğu zamanda da, bizi daima düşündürür, maraqlandırır və həmişə bu mövqedə olacaq. Ruhu şad olsun".

Almaniyanın Detmold Musiqi Akademiyasının və Paderborn Universitetinin dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru bəstəkar və müsiqişünas Xədicə Zeynalova: "Sevimli professorum, yubilyar Xəyyam Mirzəzadə haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Hələ də inana bilmirəm ki, artıq o, həyatda yoxdur. Xəyyam müəllim təkcə Bakı Musiqi Akademiyasında bəstəkarlıq sinfinin pedaqoqu deyildi - bir sözlə, əsl Maestro idi!

O, məsuliyyətli peşəkarlığının ən böyük göstəricisi idi. Mən öz müəllimimdən bəstəkarlıq, orkestrləşdirmə, musiqi forması, musiqi analizi və ən əsası - dəqiqlik öyrəndim. O, hərtərəfli və yüksək erudisiyalı, xalq dili ilə desək, "Allah vergisi" olan bir müəllim idi.

Xatırlayıram ki, ilk dəfə onun sinfinə gedəndə çox həyəcanlı idim. Amma o, məni gülərüz, səmimi qarşıladı və bu, mənim qorxumu aradan qaldırdı. Kursumda onun sinfində olan yeganə tələbə idim. Xəyyam müəllim məni həm xarakterim, həm də çalışqanlığıma görə sevir və başqalarına həmişə nümunə göstərirdi.

Onun dərsləri açıq keçirilirdi - hər tələbə digərinin əsərini dinləyə bilərdi. Bu, həm maraqlı, həm də məsuliyyətli idi. Hər dəfə yeni əsər aparanda çox həyəcanlanırdım: "Görəsən, müəllimim nə deyəcək?"

Mənim tələbəlik illərim onun rəhbərliyi altında çox məhsuldar olmuşdur - bu müddət ərzində simfonik poemalar, kvartet, preludiyalar, sonata, variasiyalar və hətta solo arfa və orkestr üçün konsert yazdım. İndiyə qədər də hər yeni əsərimi bitirəndə düşünürəm: "Görəsən, bu əsəri Xəyyam müəllim bəyənərdi? O, mənim işimdən razı qalardımı?"

Onun incə, amma iti tənqidləri həmişə tutarlı olurdu. "Yaxşı, keyfiyyətli musiqi yazmaq lazımdır, ucuz bir şey yox!" devizi ilə əsl sənətlə orta səviyyəli əsərlər arasında aydın sərhəd çəkirdi. Görüşlərimizin birində Xəyyam müəllimə dissertasiyamda onun əsərini təhlil edəcəyimi deyəndə çox sevindi. "Concerto grosso" əsərinin partiturasını mənə verərkən öz maraqlı fikirlərini və tövsiyələrini söylədi. Almaniyada çıxan kitabımın ilk nüsxəsini məhz ona hədiyyə etdim. Bu, mənim üçün böyük şərəf idi.

Mən çox xoşbəxt və şanslıyam ki, həyatımda mənim belə bir professorum olub. Onun musiqisi və şəxsiyyəti mənim qəlbimdə həmişə yaşayacaq. Mənim üçün Xəyyam Mirzəzadə - müəllim, maestro, bəstəkar, sənət fədaisi və unudulmaz bir insan olaraq qalacaq".

Gələcəyə ümidlərlə

Oktyabrın 5-i Xəyyam müəllimin 90-cı mövlududur. "Əvəzolunmaz insan yoxdur" kimi bir klassik ifadə var. Bu fikrin kim tərəfindən səsləndirildiyini bilməsəm də, kiçik bir düzəliş etmək istərdim: "Əvəzolunmaz insan çoxdur". Son illərdə milli mədəniyyətimizdə baş verən və yeri görünən itkilər sırasının sürətlə genişlənməsi ilə yaranan boşluğun dərinləşdirdiyi böhran bunu deməyə əsas verir.

Bu məqamda bəstəkarın daha bir tələbəsi, hal-hazırda Qarabağ Universitetində İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadənin Ustadı haqqında aşağıdakı tezislərini sadalamaq yerinə düşər:

"- Xəyyam müəllim yaşadığı dövrdə Azərbaycan bəstəkar musiqisinin vicdanı idi.

- Xəyyam müəllim yüksək peşəkarlıq nümunəsi idi ki, o nümunənin yerləşdiyi məqama yetişmək və o akustikada yaşamaq üçün can atmalısan. Yalnız bu halda nəyəsə nail olmaq mümkündür. Bu proses nəticədən asılı olmayaraq davamlı və ömürlük olmalıdır.

- Xəyyam müəllim Qara Qarayevin də təbirincə özündən sonra ən uğurlu bəstəkarlıq müəllimi nümunəsidir, yəni əsl ustaddır. Əsl ustad isə tələbəsini özünə oxşatmağın yerinə ondakı özünəməxsus xüsusiyyətləri aşkar edib inkişaf etdirəndir".

Yuxarıdakı fikrin davamı olaraq X.Mirzəzadənin vətəndaş mövqeyinə toxunmaq istərdim. Sənətinə sonsuz sadiq olan, eyni zamanda qeyri-peşəkarlığa barışmaz əqidə nümayiş göstərən sənətkarı təhsildə, mədəniyyətdə, incəsənətin təbliğ və təşviqi baxımdan baş verən neqativ məqamlar çox narahat edirdi. Bacarıqlı yazar qələminə malik bəstəkar publisistik məqalələrdə, müsahibələrdə musiqi sənətinin problemli durumu haqqında mütəmadi fikirlər səsləndirir, mövcud vəziyyətdən təhlil olunaraq çıxış yollarını təklif edirdi. Razılaşaq ki, onun timsalında nüfuzlu və ciddi sənət nailiyyətli peşəkarın tövsiyələri boş sözlərdən ibarət olmazdı. Məsələn, 2005-ci ildə müəllifi olduğu "Çox not yazısı hələ simfoniya deyil"  məqaləsində musiqi sahəsində görülən təhlükələrin qarşısının alınmayacağı təqdirdə hansı fəsadlar törədəcəyini öncədən demişdi. Onlardan ikisinə toxunmaq istədim. Xəyyam müəllim musiqi təhsili sahəsində ibtidaidən aliyə qədər pedaqoji kadrların hazırlıq səviyyəsinin kifayət qədər yüksək olmamasını xüsusi olaraq vurğulayırdı. Digər tərəfdən bəstəkarlıq sənətinə yüngül, əyləncəli peşə münasibətinin sərgilənməsinin akademik musiqi strategiyasının inkişafına ciddi maneə olacağını səsləndirirdi.

Artıq bizi həmin zamandan iyirmi il ayırır. Bəstəkarın o zaman döyəclədiyi həyəcan təbilinin sədası bütün açıqlığı ilə özünü büruzə verir. Bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsasında attestasiyası həyata keçirildi. Həmin tədbir mövcud sahədə çox ciddi problemlərin tam açıqlığı ilə üzə çıxartdı. Attestasiya zamanı bir çox məktəblərdə pedaqoji kontingentin bir hissəsinin heç bir peşəkar meyarlara cavab vermədiyi müəyyənləşdi. İndi təsəvvür edin ki, həmin "müəllim"lər şagirdlərə necə dərslər keçiblər, onların ilkin təfəkkürlərinin formalaşmasına necə arzu olunmaz zərər yetiriblər.

Müasir media sahəsinin akademik musiqi cameəsi, xüsusilə bəstəkar zümrəsi ilə təbliğat-təşviqat baxımdan peşəkar ilişgiləri ürəkaçan vəziyyətdə deyil. Belə ki, ekran-efirdə mahnı adı altında keyfiyyətsiz "musiqi inciləri"nin sürətlə artması bu sahədə "zərbəçi sənətkar təbəqəsinin" yaranmasının sərgiləmişdir. İllər boyu davamlı neqativ proseslər cəmiyyətdə bəstəkar anlayışının nüfuzdan düşərək cılızlaşması təhlükəsi yaratmışdır. Nəticədə kəmiyyət çoxluğu keyfiyyət səviyyəsinin aşağılamasına səbəb olmuşdur. Di gəl ki, Xəyyam Mirzəzadənin timsalında, ciddi musiqi sahəsində dəyərli bəstələr irsinə malik neçə-neçə bəstəkarın yaradıcılığında mahnı janrında müəllif olduqları qiymətli nümunələr az deyil. Bu həqiqət bir daha onu deməyə əsas verir ki, bəstəkar musiqinin istənilən janrında əsl peşəkar mövqe göstərərkən yaratdığı əsərlər əbədi yaşam dəyərini qazanır. Görünür, müasir müğənnilərin retro mahnılara doğru marağının artmasının əsas səbəbi də sadalanan amillərdir.

Amma son dövrlərdə akademik bəstəkar musiqisi sahəsində ümidverici hadisələr də baş verməkdədir. Artıq beşinci mövsümdür Bakı Müasir Musiqi Cəmiyyəti keçdikcə püxtələşərək yeni ideyalarla diqqəti cəlb edir. BMMC-nin tərkibində yaranan Cadenza kamera orkestrinin müxtəlif nəsil milli və xarici bəstəkarlarla fəal əməkdaşlığı nəticəsində dinləyicilər yeni əsərlərlə tanış olurlar. Əlavə olaraq cəmiyyətin təsis etdiyi Bakı Müasir Musiqi günləri çərçivəsində həyat keçirilən maraqlı layihələr rəngarəngliyi ilə seçilir. Yeri gəlmişkən, həm təşkilati, həm də yaradıcı müstəvidə aktiv üzvlər içərisində Xəyyam müəllimin yetirmələri az deyil. Deməli, hələ hər şey itirilməyib. Adətən yenilik özündən əvvəlki keçmişin dayaqları üzərində qurulur. Təbii əgər həmin keçmiş möhkəm özül üzərindədirsə... Ümidimizi itirməyək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see227

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see181

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see150

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see148

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see145

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see136

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see135

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see126

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see125

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see124

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see120

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see120

COP29 Prezidenti: Süni intellekt dövründə iqlimlə mübarizədə yeni texnologiyalardan istifadə vacibdir

01 Oktyabr 2025 21:16see118

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri