Icma.az
close
up
RU
Özbək analitik: ECO nun gücləndirilməsi, effektivliyinin artırılması deqloballaşma və regionallaşmaya tam uyğun gəlir MÜSAHİBƏ

Özbək analitik: ECO nun gücləndirilməsi, effektivliyinin artırılması deqloballaşma və regionallaşmaya tam uyğun gəlir MÜSAHİBƏ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 iyul, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC özbəkistanlı politoloq, “Ma'no” Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru, analitik Bəxtiyor Erqaşevlə müsahibəni təqdim edir.

- Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitində “2035-ci ilədək İqtisadi əməkdaşlığın strateji hədəfləri” adlı sənəd qəbul edildi. Bu sənəddə ticarətin rəqəmsallaşdırılması və “yaşıl dəhlizlər”in yaradılması kimi məsələlər əks olunub. Sizcə, Özbəkistan bu təşəbbüslərin ECO çərçivəsində irəli aparılmasında hansı potensiala malikdir?

- Azərbaycanda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin nəticələrinə gəldikdə, ümumilikdə onu məhsuldar hesab etmək olar. Gündəlikdə təşkilatın gələcəkdə daha səmərəli fəaliyyət göstərməsi üçün hərəkət edə biləcəyi əsas istiqamətlər üzrə ciddi müzakirələr aparıldı. Dünyada köhnə təhlükəsizlik arxitekturasının və iqtisadi münasibətlər sisteminin dağılması, eyni zamanda yeni beynəlxalq münasibətlər strukturunun formalaşması fonunda təşkilatın missiyası və prioritetlərinin yenidən düşünülməsi zərurəti yaranıb. Məhz bu kontekstdə Azərbaycandakı sammit qismən irəliləyiş xarakteri daşıyır. Xüsusi əhəmiyyət daşıyan əsas sənəd — “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” sənədinin qəbuludur. Bu sənəd qarşıdakı onillik üçün prioritet inkişaf istiqamətlərini müəyyən edir və struktur islahatlarına olan tələbatı əks etdirir. Qeyd etmək vacibdir ki, bu strategiyaya ticarətin rəqəmsallaşdırılması və “yaşıl dəhlizlər”in yaradılması kimi məsələlərin daxil edilməsi təsadüfi deyil. Bu mövzular uzun müddətdir ki, Özbəkistanın diqqət mərkəzindədir və ölkə bu təşəbbüsləri digər regional platformalar, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də fəal şəkildə irəli sürür. Özbəkistan üçün bu istiqamətlər prioritetdir və ölkə yalnız siyasi təşəbbüslə kifayətlənmir, həm də müvafiq layihələrin praktiki həyata keçirilməsinə real hazırlığını nümayiş etdirir. ECO-nun bu təşəbbüslərinin dəstəkləməsi təşkilat üzvü olan ölkələr arasında konsensusun mövcud olduğunu göstərir. Bu isə bu cür təşəbbüslərin reallaşması üçün yeni impuls verə bilər.

- Daşkənd nəqliyyat-logistika infrastrukturunun — dəmir yollarından tutmuş rəqəmsal gömrük sisteminədək — inkişafını xüsusi vurğulayır. Prezident Mirziyoyevin Azərbaycana son səfəri və orada əldə olunan razılaşmalar ECO çərçivəsində nəqliyyat dəhlizlərinin inteqrasiyasına necə təkan verə bilər?

- Dənizə birbaşa çıxışı olmayan və ən yaxın limanlardan azı iki dövlətlə ayrılmış Özbəkistan üçün səmərəli nəqliyyat dəhlizlərinin yaradılması həyati əhəmiyyət daşıyır. İxrac-idxal marşrutlarının genişləndirilməsi artıq uzun müddətdir ki, ölkənin milli nəqliyyat siyasətində strateji prioritet kimi müəyyən olunub. Bu səbəbdən Özbəkistanın iştirak etdiyi bütün platformalarda — istər ECO, istər Türk Dövlətləri Təşkilatı, istərsə də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində təşəbbüslər məhz alternativ nəqliyyat yollarının inkişafına yönəlir. Geosiyasi nöqteyi-nəzərdən Özbəkistan yeni istiqamətlər axtarmağa məhkumdur. Çin-Qazaxıstan-Rusiya xətti üzrə Şimal dəhlizi bu gün xüsusilə avtomobil daşımaları baxımından ciddi məhdudiyyətlərlə üzləşir. Cənub dəmir yolu dəhlizi — yəni Orta Asiyadan İran vasitəsilə Türkiyəyə gedən marşrut — beynəlxalq vəziyyət səbəbindən faktiki olaraq dondurulub. Belə bir şəraitdə Mərkəzi Asiyanı, Xəzəri, Cənubi Qafqazı və Avropanı birləşdirən TransXəzər Orta Dəhliz Özbəkistan üçün əsas seçimə çevrilir.

Prezident Mirziyoyevin Azərbaycana səfəri və əldə olunan razılaşmalar bu baxımdan xüsusilə önəmlidir. Azərbaycan TransXəzər marşrutunun mərkəzi həlqəsidir və loqistikanın optimallaşdırılması, rəqəmsal gömrük sisteminin tətbiqi üzrə birgə səylər hər iki ölkə üçün tamamlayıcı xarakter daşıyır. Beləliklə, ECO və Türk Dövlətləri Təşkilatı çərçivəsində Orta Dəhlizin inkişafı üzrə Daşkəndlə Bakı arasında əməkdaşlıq Özbəkistanın nəqliyyat siyasətində əsas istiqamətlərdən birinə çevriləcək. Bu da ölkəyə xarici ticarəti genişləndirməyə və geosiyasi risklərdən asılılığı minimuma endirməyə imkan verəcək.

- 500 milyon dollar nizamnamə kapitalına malik ikitərəfli investisiya şirkətinin yaradılması ciddi addımdır. Belə təşəbbüslər Özbəkistan və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına necə təsir göstərə bilər?

- Statistikaya nəzər salsaq, son yeddi ildə Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin sabit artım nümayiş etdirdiyini görmək olar. Bu müsbət dinamikanın qorunub saxlanması institusional dəstək tələb edir və 500 milyon dollar nizamnamə kapitalı ilə birgə investisiya fondunun yaradılması məhz bu baxımdan atılmış mühüm addımdır. Bu, sadəcə simvolik bir jest deyil, iki ölkə arasında mövcud iqtisadi-ticarət əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə yönəlmiş strateji qərardır. Üstəlik, söhbət təkcə ticarətdən deyil, qarşılıqlı investisiyalardan da gedir. Özbəkistan və Azərbaycan birgə əməkdaşlıq üçün yeni istiqamətlər— avtomobil sənayesindən və farmasevtikadan tutmuş kənd təsərrüfatı məhsullarının emalı və toxuculuq sənayesinə qədər - tapmaqda aktivdirlər. Artıq bu gün bir sıra Azərbaycan şirkətləri Özbəkistanda layihələrin reallaşdırılmasını planlaşdırır və eyni zamanda, Özbəkistan da Azərbaycan bazarına yönəlmiş investisiya təşəbbüslərini inkişaf etdirir. Birgə investisiya strukturunun yaradılması bu prosesləri institusional müstəviyə keçirməyə, onlara sabit dəstək təmin etməyə və ikitərəfli əməkdaşlıqda müşahidə olunan müsbət meyilləri daha da möhkəmləndirməyə imkan verəcək.

- Özbəkistan və Azərbaycan arasında gələcək əməkdaşlıq perspektivlərini ECO-nun “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” sənədinin reallaşdırılması və regional inteqrasiyanın inkişafı kontekstində necə qiymətləndirirsiniz?

- Azərbaycan özünün fəal xarici iqtisadi və xarici siyasət fəaliyyəti çərçivəsində Mərkəzi Asiyada gedən regional proseslərə getdikcə daha aktiv şəkildə cəlb olunur. Buna parlaq nümunə kimi Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı göstərilə bilər. Bu görüşlər hər il keçirilir və son iki dəfə Azərbaycanın dövlət başçısının iştirakı ilə baş tutub. Bu artıq ayrı-ayrı hallar deyil, davamlı tendensiyadır və Xəzər dənizinin iki sahili — Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin dərinləşdiyini göstərir. Bu yaxınlaşma yalnız müsbət nəticələr vəd edir. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün strateji coğrafi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır, çünki bu mövqe Avropa, Yaxın Şərq və Şimali Afrika bazarlarına çıxış imkanı yaradır. Eyni zamanda, Mərkəzi Asiya ölkələri də Azərbaycan üçün etibarlı və perspektivli tərəfdaşlardır; onlarla ən yüksək səviyyəli genişmiqyaslı layihələr həyata keçirmək mümkündür. Mərkəzi Asiya ölkələrinin Azərbaycanla inteqrasiyası nə qədər dərin olarsa, regional əməkdaşlıq çərçivəsində bir o qədər çox sinergiya, iqtisadi fayda və siyasi sabitlik əldə olunacaq. Bu baxımdan ECO-nun “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” sənədinin reallaşdırılması belə tərəfdaşlığın möhkəmləndirilməsi üçün əlavə imkanlar açır. Bu, ümidverici bir tendensiyadır və istərdik ki, qorunub saxlanılması ilə yanaşı həm də dinamik şəkildə inkişaf etsin.

- Özbəkistanın Daşkənddə ticarət nazirlərinin görüşünü keçirərək ticarətin liberallaşdırılması haqqında sazişin imzalanmasını təklif etməsi nə dərəcədə əhəmiyyətlidir və bu addım real inteqrasiya üçün təkan verə bilərmi?

- Hazırkı mərhələdə İqtisadi Əməkdaşlıq Təşkilatı ciddi çağırışlarla üz-üzədir: təşkilatın hansı formatda və hansı templərlə inkişaf etməli olduğu, iştirakçı ölkələr üçün necə aktual qala biləcəyi hələ də tam aydın deyil. Bu kontekstdə ticarətin liberallaşdırılması haqqında sazişin imzalanması çox mühüm addım olardı. Şübhəsiz ki, bu sənəd ətraflı müzakirə tələb edir — onun həm üstünlükləri, həm də çatışmazlıqları olacaq: kimlərsə ilkin mərhələdə müəyyən mənfəətdən məhrum ola bilər, kimlərsə isə daha çox fayda əldə edəcək. Lakin istənilən halda bu, ciddi irəliləyiş olar. Bunu da başa düşmək vacibdir ki, İkinci Dünya müharibəsindən sonra yaranmış və “böyük kollektiv Qərb”in dominantlığına əsaslanan qloballaşma dövrü sona çatmaqdadır. Onun yerini deqloballaşma və regionallaşma dövrü tutur — burada əsas rolu artıq regional iqtisadi birliklər oynayır. ECO-nun gücləndirilməsi və onun effektivliyinin artırılması bu əsas tendensiyaya tam uyğun gəlir: regional əməkdaşlıq, sürətlə dağılmaqda olan qlobal bazar mexanizmlərinə arxalanmaqdan daha vacib olur. Bu səbəbdən, ECO-nun institut kimi möhkəmləndirilməsinə yönəlmiş istənilən addım — xüsusilə üzv dövlətlər arasında daxili ticarəti stimullaşdıran sənədlər — alqışlanmalıdır. Qlobal iqtisadi sistemdə dərinləşən regionallaşma şəraitində belə bir saziş vaxtında atılmış və strateji cəhətdən düzgün qərar olar.

- Xankəndidə keçirilən sammitdə 2035-ci ilədək qarşılıqlı ticarətin ikiqat artırılması, baryerlərin aradan qaldırılması və gömrük prosedurlarının rəqəmsallaşdırılması hədəfi qoyulub. Sizin fikrinizcə, Özbəkistan bu islahatların hansı ölkələrdə və sahələrdə lokomotivi ola bilər?

- Sammitdə səsləndirilən rəqəmlər tamamilə realdır: iştirakçı ölkələrin potensialı qarşılıqlı ticarət dövriyyəsini elan olunan səviyyəyə çatdırmağa imkan verir. Əsas maneə isə tələb çatışmazlığı deyil, yüklərin hərəkətini ləngidən prosedur, texniki və bürokratik baryerlərdir. Buna görə də gömrük, fitosanitar və sərhəd prosedurlarının rəqəmsallaşdırılması ECO çərçivəsində gündəlik ticarət norması olmalıdır — necə ki, bu məsələlər artıq Türk Dövlətləri Təşkilatında və Şanxay Əməkdaşlıq Təşkilatında müzakirə olunur. Bu sahədə Özbəkistan aparıcı rol oynaya bilər. Nəqliyyat-logistika sahəsinin rəqəmsallaşdırılması ölkənin milli siyasətində əsas prioritetlərdən biridir. Özbəkistan artıq vahid elektron TIR kitabçalarının (e-TIR) tətbiqini təşviq edir və genişmiqyaslı pilot layihələr üçün zəruri kadr, texnoloji və proqram təminatına malikdir. İştirakçı dövlətlər bu alətləri nə qədər tez tətbiq edərlərsə, təsiri də bir o qədər böyük olacaq. Lakin burada yekdillik vacibdir: əgər sistemdən kənarda qalan tək bir ölkə olsa belə, rəqəmsallaşmanın faydası əhəmiyyətli dərəcədə azalacaq. Özbəkistanın vəzifəsi topladığı institusional təcrübədən istifadə edərək tərəfdaşları bu həllərin birgə maliyyələşdirilməsi və sinxron tətbiqinin vacibliyinə inandırmaqdır. Bu formatda Özbəkistan, həqiqətən də, ECO daxilində logistika, ticarət və gömrük idarəçiliyi sahəsində islahatların hərəkətverici qüvvəsinə çevrilə bilər.

- Özbəkistanın nəqliyyat şəbəkəsi ilə Azərbaycanın enerji təşəbbüsləri arasında ECO çərçivəsində yeni əməkdaşlıq fonunda, xüsusilə də yaşıl enerjiyə keçid nəzərə alınmaqla, hansı sinerjini görürsünüz?

- Azərbaycan artıq Özbəkistan üçün xarici ticarətin artımına töhfə verən alternativ nəqliyyat dəhlizlərinin yaradılmasında əsas tərəfdaşa çevrilib. Xüsusilə də Özbəkistanın Xəzər dənizində dəniz daşımalarında daha fəal iştirakı müzakirə olunur. Söhbət ölkənin Xəzərdə özünün bərə donanmasının yaradılmasından gedir. Bu, Daşkəndin Orta Dəhlizin potensialından istifadə etmək əzmində nə qədər ciddi olduğunu açıq şəkildə göstərir. İki ölkənin nəqliyyat sistemlərinin uyğunlaşdırılmasının genişləndirilməsi Özbəkistanın hazırkı siyasətində ən vacib istiqamətlərdən biridir. Yeni marşrutlar vasitəsilə ticarət həcminin artırılması birbaşa iqtisadi artımı dəstəkləyir. Enerji əməkdaşlığına gəldikdə isə, xüsusilə də yaşıl enerjinin Xəzər üzərindən ötürülməsi üçün “enerji körpüləri”nin yaradılması layihələri kontekstində, bu daha çox uzunmüddətli perspektivə hesablanmış fəaliyyətdir. Praktik baxımdan Xəzər üzərindən böyük həcmdə yaşıl enerjinin ötürülməsi yalnız yeni texnoloji və infrastruktur imkanlarının inkişafı ilə mümkün ola bilər. Hazırkı mərhələdə isə prioritet məhz logistika sahəsidir: bərə daşımalarının inkişafı, nəqliyyat proseslərinin rəqəmsallaşdırılması və gömrük prosedurlarının sinxronizasiyası — bütün bunlar artıq əhəmiyyətli iqtisadi nəticə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see333

Frenki de Yonqun yeni agenti Deku ilə görüşüb

20 Avqust 2025 17:20see150

Sabiq icra başçısının polkovnik oğlu vəfat etdi

20 Avqust 2025 16:24see147

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see126

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see123

Edin Cekodan Türkiyə futbolu və azarkeşləri barədə maraqlı sözlər

20 Avqust 2025 18:20see122

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see121

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see119

Rəqsanə İsmayılovanın vəkilindən müğənnini dələduzluqda ittiham edən şəxsin videomüraciətinə MÜNASİBƏT

20 Avqust 2025 19:40see119

CNN: Macarıstan və İsveçrə Ukrayna sammiti üçün nəzərdə tutulub

20 Avqust 2025 08:31see117

İsrail ilin sonuna qədər döyüşəcək VİDEO

20 Avqust 2025 15:16see116

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see115

Əlcəzairli boksçudan gözlənilməz qərar

21 Avqust 2025 05:18see115

İndi istedadlı gənclər xaricdə oxumağa üstünlük verir

20 Avqust 2025 08:52see115

İsti havada artan tərləmə və ağız qoxusunun səbəbləri nədir? Qoxunu hansı qidalarla önləmək olar?

20 Avqust 2025 23:51see115

İS.M.M MMC yə daha bir iri məbləğli sifariş

20 Avqust 2025 18:51see114

Ukraynaya “Şahed” hücumu HHM lər işə salındı

21 Avqust 2025 01:24see114

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see114

Banka bağlayarkən bunlara diqqət edin Zəhərlənmə riski

20 Avqust 2025 08:56see112

Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri