Partiya sədri: Azərbaycan ilə Ermənistanın iqtisadi əlaqələri iki məqsədə xidmət edir
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan və Ermənistan arasında dayanıqlı atəşkəsə əməl olunur. Xeyli müddətdir, hətta deyərdim ki, antiterror əməliyyatlarından sonra iki ölkə arasında hər hansı hərbi qarşıdurma baş verməyib. Bu isə onu göstərir ki, əvvəlki mərhələ - münaqişə dövrünə qayıdış prosesi tədricən başa çatmaq üzrədir. Bunu həm Azərbaycan, həm də Ermənistan tərəfi çox yaxşı anlayır”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan neftinin Ermənistana verilməsi və bunun iki ölkə arasında münasibətlərin inkişafında oynaya biləcəyi rolu şərh edərkən deyib.
S. Cəlaloğlunun fikrincə, növbəti addım Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır ki, bu da sülh müqaviləsinin imzalanmasını tələb edir:
“İki dövlətin vətəndaşları arasında etimad güclənməli, sülhün hər bir cəmiyyətə verdiyi faydalar aydın şəkildə nümayiş etdirilməlidir. Bu baxımdan Azərbaycan neftinin Ermənistana göndərilməsi, eləcə də Qazaxıstandan alınan bəzi malların Azərbaycan üzərindən Ermənistana çatdırılması mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda onu göstərir ki, Azərbaycan dövləti və cəmiyyəti heç bir xalqa və ya dövlətə düşmən münasibət bəsləmir, əksinə, sülhsevərdir və sülhün bərqərar olunmasında maraqlıdır. Bu əlaqələr həm də Azərbaycanın Ermənistanın inkişafında rol almaq niyyətini ortaya qoyur”.
Partiya sədri bildirib ki, onun səsləndirdiyi fikirlər Ermənistan tərəfindən də qəbul olunur və doğru hesab edilir:
“Ermənistan artıq öz taleyi ilə barışıb. Sözügedən əməkdaşlıq, eyni zamanda, Ermənistan dövləti və xalqının Azərbaycanla münasibətlərin qaydaya salınmasında maraqlı olduğunu göstərir. Odur ki, bu cür addımların atılması olduqca vacibdir”.
ADP sədri qeyd edib ki, bəzən müharibə şəraitində olan ölkələr belə bir-birindən benzin və digər məhsullar alırlar. Cəlaloğlu buna nümunə kimi Rusiya-Ukrayna müharibəsini və Kiyevin müttəfiqlərini göstərib:
“Bir sıra Avropa ölkələri Rusiya neftini və ya neft məhsullarını almaqda davam edir. Ümumiyyətlə, iqtisadi əlaqələrin qurulması siyasi münasibətlərin formalaşdırılmasından daha asandır. Çünki siyasi münasibətlərdə mənəvi amillər əsas rol oynayır, iqtisadi əlaqələrdə isə maddi maraqlar ön plandadır. Mənəvi maraqların təmin olunması üçün isə erməni tərəfi məğlubiyyəti tam şəkildə qəbul etməlidir. Biz də qalibiyyətin verdiyi üstünlüklərdən sui-istifadə etməməliyik. Yəni burada bir sıra həssas məqamlar mövcuddur”.
S. Cəlaloğlu əlavə edib ki, hazırda Azərbaycan ilə Ermənistan arasında yaranan iqtisadi əlaqələr iki əsas məqsədə xidmət edir:
“Bu əlaqələr, bir tərəfdən, kommunikasiyaların qarşılıqlı şəkildə açılmasının vaxtının çatdığını göstərir, digər tərəfdən isə iki ölkə arasında etimadın möhkəmləndirilməsinə xidmət edir. Mən bu prosesi alqışlayıram və hesab edirəm ki, bu cür addımlar qarşılıqlı şəkildə davam etməlidir. Ermənistandan da Azərbaycana müəyyən məhsulların gəlməsi mümkündür. Beləliklə, cəmiyyətlər müharibə dövrünü arxada qoyaraq əməkdaşlıq mərhələsinə keçməlidirlər”.
Nemət ORUCOV
Reyting.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Dekabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















