PAŞİNYANA QARŞI “QARABAĞ KARTI”... Rusiya Ermənistanda revanşa hazırlaşır
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ermənistanda taleyüklü parlament seçkilərinin (7 iyun 2026-cı il) keçirilməsinə yarım ildən az vaxt qalıb. Həmin tarixdə ölkədə siyasi palitranın necə formalaşacağı Ermənistanın gələcəyini və Cənubi Qafqazda qüvvələr balansını yenidən müəyyənləşdirə bilər. Əlbəttə, bu, İrəvanın regionda həlledici təsir imkanları ilə bağlı deyil; bu rol dəfələrlə böyük siyasi, iqtisadi və digər resurslara malik olan Azərbaycana məxsusdur.
Məsələ Rusiyanın Ermənistanda revanşı və son illərdə əldə olunan nailiyyətlərin sıfırlanmasından gedir. İrəvanda Kremlin idarə etdiyi keçmiş siyasi elitanın hakimiyyətə qayıtması daxili siyasi qarşıdurmanı böhran həddinə çatdırmaqla yanaşı, Azərbaycanla sülh gündəliyinə də ciddi zərbə vura bilər. Keçmiş prezidentlər – Robert Koçaryan və Serj Sərkisyan baş nazir Nikol Paşinyanın Türkiyə və Azərbaycanla, eləcə də ABŞ və Avropa İttifaqı ilə yaxınlaşma siyasətini kəskin tənqid edirlər. Xüsusilə Vətən müharibəsindən sonra “ağlı başına gələn” Paşinyanın Azərbaycan əraziləri, o cümlədən Qarabağla bağlı bütün əsassız iddialardan imtina etməsi, sülh gündəliyinin formalaşdırılması istiqamətində addımlar atması və bu fəaliyyətini Bakı ilə koordinasiya etməsi “xəyanət” adlandırılır.

Seçkiqabağı keçirilən sorğuların nəticələrinə görə, Rusiyapərəst qüvvələrin seçkilərdə qələbə qazanmaq şansları yoxdur. Hakim “Vətəndaş Müqaviləsi”nin də həlledici ictimai dəstəyi yoxdur, lakin keçmiş siyasi elitadan dəfələrlə yüksək reytinqə malikdir. Belə ki, müxalifət ümumilikdə təxminən 7 faiz, iqtidar isə 17 faiz ətrafında səsə ümid edə bilər. Əhalinin böyük bir hissəsi isə hər iki qüvvəyə inamsızlıq nümayiş etdirir. Bu mənzərə kənar gücləri, xüsusən də Rusiyanı prosesə yeni alətlər və oyunçular daxil etməyə həvəsləndirir.
Moskvada yaşayan erməni oliqarx Samvel Karapetyanın siyasətə müdaxiləsi və dərhal Paşinyan tərəfindən cəzalandırılaraq həbsə atılması, energetika sektorunda monopolist olan şirkətinin milliləşdirilməsi mübarizənin əsas hadisələrindən biri sayılır. Paralel olaraq, Rusiyadakı erməni diasporu Ermənistanda ciddi aktivlik nümayiş etdirir, əhalinin ələ alınması üçün regionlarda geniş yardım kampaniyaları təşkil edilir.
Paşinyan da Qərb tərəfdaşları ilə seçkilərdə Rusiya təsirini neytrallaşdırmaq üçün müzakirələr aparır. Bu günlərdə məlum olub ki, xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqı rəsmiləri ilə konkret olaraq bu mövzunu müzakirə edib və Brüsseldən dəstək istəyib. Qeyd olunub ki, İrəvan Aİ-dən seçki prosesinin təşkili, demokratik institutların möhkəmləndirilməsi və “xarici zərərli təsirlərə” qarşı mübarizə sahəsində yardım gözləyir. Aİ tərəfi isə Ermənistanda seçkilərin “azad və ədalətli” keçirilməsinə dəstək verməyə hazır olduğunu bəyan edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının Ermənistandakı seçki prosesinə mümkün dəstəyini daxili işlərə müdaxilə kimi qiymətləndirib. O bildirib ki, Qərb strukturları “demokratiyaya yardım” adı altında postsovet məkanında siyasi prosesləri öz maraqlarına uyğun istiqamətləndirməyə çalışır. Lavrovun sözlərinə görə, Aİ və Qərb institutları seçkilərə texniki və ya məsləhətçi dəstək bəhanəsi ilə hakimiyyətin legitimliyinə təsir göstərmək, həmçinin Ermənistanı geosiyasi qarşıdurmaya cəlb etmək niyyəti güdür. Moskva bu cür addımların regionda sabitliyə xidmət etmədiyini vurğulayıb.

Beləliklə, Lavrov açıq şəkildə Paşinyan hakimiyyətini təhdid edib və Ermənistanda sabitliyin pozulacağına işarə verib. Yəni Moskva seçkilərdən istədiyi nəticəni ala bilməzsə, əlindəki təsir alətlərini işə salaraq qarşıdurma yarada bilər. Ekspertlərin fikrincə, Rusiyanın buna yetərli imkanları var.
Kilsə erməni cəmiyyətinə təsir gücündə olan əsas aktorlardan biri olaraq qalır. Paşinyan iqtidarı seçkilərə qədər bu qüvvəni neytrallaşdırmaq, “Rusiyanın adamı” sayılan katolikos II Qaregini postundan uzaqlaşdırmağa çalışır. Hakimiyyət kilsənin müxalif mövqeyini və keçmiş siyasi əlaqələrini gündəmə gətirir, maliyyə və mülkiyyət məsələlərini ictimai müzakirəyə çıxarır. Eyni zamanda Paşinyan loyal olmayan ruhaniləri ön plana çıxararaq Qareginin dayaqlarını zəiflətmək istəyir.
Kreml–İrəvan mübarizəsinin əsas cəbhələrindən biri Qarabağdan köçmüş ermənilərin siyasi proseslərə cəlb edilməsidir. Onlar keçmiş separatçı tör-töküntülərin (oxu: Rusiya xüsusi xidmət orqanlarının) dəstəyi ilə tez-tez hakimiyyətə qarşı müxtəlif etiraz aksiyaları keçirir, sosial və siyasi tələblərlə çıxış edirlər. Erməni hökuməti apreldə sosial yardım proqramını dəyişərək bir çox köçkün üçün yardımları azaldıb, yalnız uşaqlar, tələbələr, pensiyaçılar və əlillər üçün yardım saxlanılıb. Bu addım qarşıdurmanı dərinləşdirib və köçkünlərin siyasi fəallığını artırıb. Artıq 26 233 məcburi köçkün Ermənistan vətəndaşlığını alıb ki, bu da onların parlament və seçki proseslərində iştirak imkanlarını genişləndirir.
Eyni zamanda Ermənistan hüquq-mühafizə orqanları Qarabağ separatçılarının İrəvanda fəaliyyət göstərən nümayəndə ofisini hədəf alıb. Baş Prokurorluq və Təhlükəsizlik Xidməti dekabrın ortalarında ofisə baxış keçirib və ilin sonuna qədər onun bağlanması ehtimal olunur. Əməliyyatın əsas hədəfi keçmiş separatçılara rəhbərlik etmiş Samvel Şahramanyandır.
Bu arada uzun müddətdir siyasi gündəmdən “itmiş” ləğv olunmuş “Artsax müdafiə ordusu”nun keçmiş komandanı və “milli təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayan Ermənistan hakimiyyətinə qarşı kifayət qədər geniş və sərt bəyanatla çıxış edib.

“Nikol Paşinyanın ‘Qarabağ probleminə’ yanaşmaları çoxdan bəllidir, lakin Almaniyada səsləndirdiyi son bəyanatla daha bir təhlükəli həddi keçib. Paşinyan iddia edib ki, ‘Qarabağ probleminin’ hələ də həll olunmadığını deyənlər yeni müharibə istəyirlər”, – Babayan “Facebook” səhifəsində yazıb.
Babayan vurğulayıb ki, Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmaq hüququnu “Qarabağ hərəkatı” ilə eyniləşdirərək ictimai şüuru manipulyasiya edir.
O, Qarabağı tərk etmiş ermənilərin probleminin həll olunmadığını iddia edib. Paşinyanın bu problemi gündəmə gətirənlərin müharibə istədiyini deməsini isə reallığın şüurlu şəkildə təhrif edilməsi kimi qiymətləndirib.
“Bu, müharibə deyil, reallıqdır. Həll olunmamış problemlər barədə danışanlar müharibə istəmirlər. Müharibə diqqətdən kənarda qalan problemlərdən doğur. Görməzdən gəlinən hər bir problem partlamamış mina kimidir. Təhlükə o zaman yaranır ki, hakimiyyət siyasi məqsədəuyğunluq naminə məğlubiyyəti ‘sülh’ pərdəsi altında gizlətməyə və bu saxtakarlıqda iştirak etməyənlərin səsini boğmağa çalışır”, – deyə o bildirib.
Babayan Paşinyanı ziddiyyətli mövqelərdə ittiham edərək xatırladıb ki, o əvvəlcə “Artsax Ermənistandır” deyib, sonra Qarabağda məskunlaşdırılmış ermənilərin adından danışıqlar aparmaq mandatının olmadığını bildirib, ardınca özünü həmin ermənilərin təhlükəsizliyinin təminatçısı kimi təqdim edib, daha sonra isə bunu yalnız “sosial təhlükəsizlik”lə məhdudlaşdırıb. Nəticədə, Babayanın sözlərinə görə, müharibə taleyin ümidinə buraxılıb, məğlubiyyət və kapitulyasiya baş verib.
Babayan hətta Paşinyanı vaxtilə Qarabağda “yuvalanmış” erməni separatçılarına dair öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.
Babayanın səsləndirdiyi fikirlərin Moskvada hazırlanmış tezislər olduğu şübhə doğurmur. Onun Qarabağ məsələsinin bağlanıb-bağlanmamasına dair qərarın Ermənistan və Azərbaycandan yuxarıda dayanan geosiyasi qüvvələr tərəfindən verildiyini iddia etməsi də bundan xəbər verir. O, Paşinyanı hədələyərək bildirib ki, problemin həllindən yayınanlar daha böyük və təhlükəli münaqişə ilə üzləşəcəklər.
Beləliklə, Kreml Ermənistanda Koçaryan–Sərkisyan cütlüyünün siyasi revanşına ümid bəsləmir, lakin seçkilərdə maksimum nəticə əldə etmək üçün bütün resurslarını səfərbər edir. Bu kontekstdə Qarabağı tərk etmiş ermənilərdən istifadə edilməsi mühüm resurs kimi nəzərdən keçirilir. Babayanın əlində “yazılıb verilmiş” tezislərdə ermənilərin Qarabağa qaytarılmasına dair “yeni yanaşma” daha cəlbedici göstərilir. Çünki Paşinyanın “Qarabağa qayıtmaq Azərbaycanla yeni müharibə deməkdir” xəbərdarlığı olduqca effektlidir və bu atmosferin dağıdılması hədəflənir.
Bu məsələ təkcə Ermənistanda seçkiqabağı mübarizənin bir elementi deyil. Əgər revanş mümkün olarsa, bu, Rusiyanın “erməni kartı”ndan Azərbaycana qarşı növbəti dəfə istifadə etmək niyyətindən xəbər verəcək. Moskvanın Bakıya qarşı başqa təsirli rıçaqları yoxdur: Rusiyada yaşayan azərbaycanlılar üzərindən edilən təzyiq cəhdləri nəticəsiz qalıb. Buna görə də “erməni mövzusu” yenidən ön plana çıxarılır. Axı bu, Qərbdəki müəyyən dairələr üçün də “çörəkli” mövzudur.
E. Rüstəmli
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 20 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















