Paşinyanın “diplomatik tərəzi”sində Qərb ağır gəlir
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Onun Paris, Antalya və Dublin səfərləri İrəvanın siyasi seçimini bir daha üzə çıxardı
Ermənistan Baş naziri Nikol Paşinyanın son günlərdəki xarici səfərləri və iştirak etdiyi beynəlxalq toplantılar İrəvanın xarici siyasətində müşahidə olunan dəyişiklikləri bir daha gündəmə gətirib. Noyabrın 9-da Fransaya yola düşən, noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən COP31-in Liderlər Sammitində iştirak edən, ertəsi gün isə İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısına qatılan hökumət başçısının diplomatik marşrutu diqqət çəkir.
Onun son səfərlərinin coğrafiyası, keçirdiyi görüşlər və müzakirə etdiyi məsələlər Ermənistanın Qərblə əlaqələri genişləndirmək, Rusiya ilə ənənəvi münasibətlərə isə yenidən baxmaq xəttini davam etdirdiyini göstərir.
Parisdən Antalyaya və Dublinə
N.Paşinyan noyabrın 9-da Fransaya işgüzar səfər edib. Məqsəd noyabrın 10-da IX Paris Sülh Forumunda iştirak etmək idi. Səfər çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla Yelisey sarayında keçirilən görüşdə Ermənistan–Fransa strateji tərəfdaşlığının gündəliyi müzakirə olunub. Tərəflər ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə genişləndirilməsinin vacibliyini qeyd ediblər. İnfrastruktur sahəsində birgə proqramların icrası, Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, viza rejiminin liberallaşdırılması və Aİ-nin dəstəyi ilə həyata keçirilən islahatlar müzakirə mövzuları sırasında olub.
Fransadan sonra Ermənistan hökumətinin başçısı noyabrın 11-də Türkiyənin Antalya şəhərinə yollanıb. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası – COP31 çərçivəsində Liderlər Sammitində iştirak edib. Lakin həmin gün Moskvada başqa bir siyasi toplantı – KTMT-yə üzv dövlətlərin liderlərinin zirvə görüşü keçirilirdi. Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə baş tutan toplantıda Paşinyanın iştirak etməməsi diqqətdən yayınmayıb. Türkiyənin “TurkInform” saytı Ermənistan Baş nazirinin Moskva sammitinə getmək əvəzinə COP31-də iştirak etmək üçün Antalyaya səfər etməsinə xüsusi diqqət çəkib. Nəşr bunu İrəvanın Rusiya ilə ənənəvi təhlükəsizlik münasibətlərinə yenidən baxması, eyni zamanda, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına önəm verməsi fonunda qiymətləndirib.
Noyabrın 12-də isə Paşinyan 2 günlük işgüzar səfərlə İrlandiyaya gəlib. Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirak edən baş nazir bu çərçivədə ikitərəfli görüşlər də keçirib. Qeyd edək ki, bu platformanın əvvəlki, 8-ci sammiti 2026-cı ilin yazında İrəvanda keçirilmişdi. Dublin görüşü Ermənistan üçün yalnız növbəti beynəlxalq məclisdə iştirakla məhdudlaşmayıb. Sammit çərçivəsində bir sıra Avropa dövlətlərinin liderləri və nümayəndələri Paşinyanla görüşərək Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, sabitliyinə və dayanıqlılığına dəstəklərini ifadə edən birgə bəyanat qəbul ediblər.
Aİ-nin İrəvana dəstəyi
Birgə bəyanatda Ermənistanın suverenliyi və müstəqilliyinə dəstək ifadə olunmaqla yanaşı, ölkənin xarici siyasət seçimləri ətrafında baş verən proseslərə də toxunulub. Sənəddə bildirilir ki, 5 ay əvvəl Ermənistanda keçirilmiş parlament seçkiləri erməni xalqına sülh, demokratiya və Avropa ilə daha sıx əlaqələr lehinə seçim etmək imkanı yaradıb.
Bəyanat müəllifləri bu prosesə Rusiyanın müxtəlif formalarda müdaxilə etdiyini bildiriblər. Sənəddə daha sonra Rusiyanın Ermənistana birbaşa siyasi və iqtisadi təzyiqlərini gücləndirdiyi irəli sürülür. Bildirilir ki, Moskva Ermənistan ixracına qarşı görünməmiş məhdudiyyətlər tətbiq edib, enerji daşıyıcılarının tədarükündən isə təzyiq vasitəsi kimi istifadə etməklə hədələyir.
Paşinyanın son səfərlərini ayrı-ayrı diplomatik tədbirlərin təqvimi kimi qiymətləndirmək düzgün olmazdı. Burada daha geniş siyasi mənzərə var. Ermənistan hökumətinin başçısı ardıcıl şəkildə Qərbin təşkil etdiyi platformalarda iştirak edir, Avropa ölkələrinin rəhbərləri ilə görüşür, Fransa ilə strateji tərəfdaşlığın dərinləşdirilməsini müzakirə edir, Brüssel və digər Avropa strukturları ilə əlaqələrin genişləndirilməsinə çalışır. Bunun müqabilində Rusiyanın rəhbərlik etdiyi siyasi və təhlükəsizlik platformalarında İrəvanın fəallığı əvvəlki səviyyədə görünmür.
Noyabrın 11-də KTMT sammitində iştirak etməmək bu baxımdan xüsusi siyasi məna daşıyır. Çünki Ermənistan uzun illər Rusiyanın əsas təhlükəsizlik müttəfiqlərindən biri olub, KTMT çərçivəsində öhdəliklər götürüb və Moskva ilə hərbi-siyasi əməkdaşlığı xarici siyasətinin mühüm dayağı hesab edib. İndi isə Paşinyan həmin təşkilatın liderlər toplantısına qatılmaq əvəzinə Türkiyədə keçirilən beynəlxalq iqlim sammitində iştirak etməyə üstünlük verir.
Moskva ilə məsafə çoxalır
İrəvanın Qərbdən gələn rəsmi şəxsləri qəbul etməyə və Avropa paytaxtları ilə təmaslara xüsusi önəm verməsi də diqqət çəkir. Rusiya rəsmilərinin Ermənistana yüksək səviyyəli səfərlərinin intensivliyinin azalması fonunda Qərb nümayəndələri ilə görüşlərin və qarşılıqlı səfərlərin ön plana çıxması diplomatik münasibətlərin çəkisindəki dəyişikliklərdən xəbər verir. Bu mənzərə Ermənistanın xarici siyasətində yeni tərəfdaşlar axtarışının, iqtisadi və təhlükəsizlik əlaqələrini şaxələndirmək istəyinin gücləndiyini göstərir.
Ancaq burada bir məqamı da unutmaq olmaz. Bu da ondan ibarətdir ki, Ermənistanın Qərbə yaxınlaşması hələ Rusiya ilə bütün əlaqələrin qırılması demək deyil. Moskva İrəvanın iqtisadiyyatı, enerji təminatı, ticarəti və təhlükəsizlik sistemi baxımından hələ də mühüm tərəfdaşdır. Bu asılılıqların qısa müddətdə aradan qaldırılması real görünmür. Elə buna görə də Paşinyanın siyasətini daha çox mövcud münasibətləri yenidən balanslaşdırmaq, Rusiyanın təsir imkanlarını azaltmaq və Qərbin dəstəyini artırmaq cəhdi kimi qiymətləndirmək olar. Bununla belə, Dublindəki bəyanatın siyasi məzmunu göstərir ki, Ermənistanın Qərbə yönəlişi artıq təkcə İrəvanın təşəbbüsü ilə məhdudlaşmır. Avropa dövlətləri də bu istiqamətdə siyasi dəstək verməyə, iqtisadi əməkdaşlığı genişləndirməyə və Ermənistanın xarici təsirlərdən daha az asılı olmasına yardım göstərməyə hazır olduqlarını nümayiş etdirirlər. Deməli, tərəflər arasında münasibətlər qarşılıqlı maraqlar əsasında yeni mərhələyə daxil olur.
Nəticə etibarilə, Paşinyanın noyabrın 9-dan başlayan səfər marşrutu Ermənistanın xarici siyasətindəki prioritetlərin dəyişməsini əks etdirən diqqətçəkən mənzərə yaradıb. Paris, Antalya və Dublin istiqamətindəki diplomatik fəallıq, Moskvanın təşkil etdiyi KTMT sammitində iştirakdan imtina və Avropa ölkələrinin İrəvana açıq siyasi dəstəyi bir-birini tamamlayan hadisələrdir. Görünən budur ki, Paşinyan Ermənistanın gələcək siyasi və iqtisadi inkişafını getdikcə daha çox Qərblə əlaqələrin dərinləşdirilməsində görür. Moskva ilə münasibətlər isə əvvəlki müttəfiqlik çərçivəsindən uzaqlaşaraq daha mürəkkəb və ziddiyyətli xarakter alır.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 14 Noyabr 2026 01:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















