Icma.az
close
up
RU
Paşinyanın qəfil “cəsarəti”nin səbəbi nədir?

Paşinyanın qəfil “cəsarəti”nin səbəbi nədir?

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Üç il əvvəl, 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan bir cümlə ilə Ermənistanın postsovet tarixində yeni mərhələnin başlanğıcını elan etdi: "Mən artıq forpostun baş naziri deyiləm".

Bu bəyanat sadəcə simvolik xarakter daşımırdı - o, Ermənistanın xarici asılılıqlardan imtina etməsinin və eyni zamanda daxildə dərin institutlaşmış klerikal-oliqarxik sistemin tənəzzülə uğramasının xəbərçisi idi.

Rəsmi İrəvanın ilk dəfə açıq şəkildə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıması, Ermənistanın həm xarici siyasi himayədən, həm də daxildə əsrlərdir xarici güclərə söykənən strukturlardan uzaqlaşmasını şərtləndirdi.

2022-ci il oktyabrın 6-da Praqada keçirilən Avropa Siyasi İcmasının sammitində Ermənistan və Azərbaycan Almatı Bəyannaməsinə əsaslanan qarşılıqlı ərazi bütövlüyünün tanınmasına dair sənəd imzaladı. Bu hüquqi aktla İrəvan de-yure olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdı və bununla da illərlə regionda gərginlik mənbəyi olan separatizmin hüquqi zəmini aradan qalxdı.

Paşinyan həmin qərarın ardınca parlament tribunasından dedi: "Bu, Qarabağın itirilməsi deyil. Bu, Ermənistanın qazancıdır".

Bu ifadə, bütün siyasi yüklənməsinə baxmayaraq, soyuq rasional hesablamaya əsaslanan bir reallığı əks etdirirdi - Ermənistan ümidverici olmayan ərazi iddialarından imtina edərək, uzun illər bloklanmış Avropa istiqamətində yeni fürsətlər pəncərəsi açdı.

Almatı Bəyannaməsi SSRİ-nin dağılmasından sonra keçmiş ittifaq respublikaları arasında sərhədlərin tanınması prinsipini (uti possidetis juris) təsbit edirdi.

Məzkur sənədə istinad edən Ermənistan faktiki olaraq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə daxil olduğunu qəbul etdi və bununla da gələcəkdə bu bölgəyə dair legitim iddialar irəli sürmək imkanını rəsmən istisna etdi.

Praqada əldə olunan hüquqi dəqiqlik beynəlxalq aktorlar tərəfindən də alqışlandı. Avropa İttifaqının xarici siyasət üzrə nümayəndəsi Jozep Borrell 7 oktyabr 2022-ci ildə bildirmişdi: "Bu, bizim uzun müddətdir gözlədiyimiz bir addımdır. Avropa İttifaqı beynəlxalq hüquq əsasında hər iki tərəfin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir".

Beləliklə, beynəlxalq birlik üçün Qarabağın statusuna dair mübahisə həm de-fakto, həm də de-yure qapanmış hesab olunur.

Azərbaycanın ərazi bütövlüyünün tanınması Ermənistanın xarici siyasətində radikal dönüşün simvoluna çevrildi. Paşinyan Rusiyanın hərbi orbitindən çıxmağa qərar verdi və ölkəni ardıcıl şəkildə Qərbə doğru yönəltməyə başladı.

Dəyişikliyin ilk əlaməti 2023-cü ilin yanvarında Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşdirdiyi Mülki Müşahidə Missiyası (EUMA) oldu. Bu misli görünməmiş addım idi: Avropa İttifaqı faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yerini tutdu - halbuki KTMT 2020-2022-ci illərdə Ermənistanın yardım çağırışlarını faktiki olaraq görməzlikdən gəlmişdi.

Missiyanın rəhbəri Markus Ritter "Politico"ya müsahibəsində bildirmişdi: "Biz eskalasiya riskini azaltmaq üçün çalışırıq. Missiyamız Ermənistan və Aİ arasında formalaşan yeni reallığın bir hissəsidir - artıq biz strateji tərəfdaşıq".

Bu, Ermənistanın Rusiya təhlükəsizlik zonasını sürətlə tərk etdiyini və boşluğu digər beynəlxalq institutlarla doldurmağa çalışdığını göstərirdi. Paşinyanın daxildə tənqid olunan praqmatizmi öz ilk iqtisadi nəticələrini artıq bir il ərzində verdi.

Eurostat məlumatlarına əsasən, 2023-cü ildə Ermənistanın Aİ-yə ixracı 35% artdı. Əsas artım yüksək texnologiyalar, kənd təsərrüfatı və yüngül sənaye sahələrində qeydə alındı. Eyni zamanda Fransanın Ermənistan iqtisadiyyatına yatırımları 88 milyon avrodan 160 milyona, Almaniyanınkı isə 50 milyon avrodan 91 milyona yüksəldi. Bu rəqəmlər Ermənistanın xarici iqtisadi əlaqələrini diversifikasiya etməklə yanaşı, Avropa standartlarına uyğun yeni iqtisadi inkişaf modelinin formalaşmağa başladığını da göstərir.

Amma bu dəyişikliklər ciddi daxili əks-reaksiya doğurdu. Paşinyan erməni kollektiv kimliyinin iki dayağına toxundu. Birincisi, Rusiya ilə hərbi ittifaq faktiki olaraq birtərəfli qaydada pozuldu. Ermənistan KTMT-də iştirakını dayandırdı, rus hərbi təlimlərindən imtina etdi, "Zvartnots" hava limanından Rusiya sərhədçilərini çıxardı və "Rossiya-24" telekanalının yayımını dayandırdı.

Moskva buna dərhal sərt reaksiya verdi. Dmitri Medvedyev 2023-cü ilin sentyabrında bəyan etdi: "Ermənistan rəhbərliyi odla oynayır. Onlar düşünürlər ki, Qərb onları xilas edəcək. Onlar yanılırlar".

İkincisi, ölkənin həm dini, həm də siyasi institutuna çevrilmiş Ermənistan Apostol Kilsəsi siyasi legitimlik dairəsindən kənarlaşdırıldı. 2023-2024-cü illərdə hakimiyyət katolikos II Qareginin təsir imkanlarını kəskin şəkildə azaltdı, kilsəni təhsil islahatları müzakirələrindən uzaqlaşdırdı və bir sıra dini qurumlar üçün vergi güzəştlərini ləğv etdi. Bu addımlar daxildə kəskin müqavimətə səbəb oldu.

2024-cü ilin yazında İrəvanda keçirilən müxalifət mitinqləri "artsaxı xilas et" və "dövlətin müqəddəs əsaslarını müdafiə et" şüarları altında keçdi. Lakin bu aksiyaları xalq inqilabı kimi təqdim etmək cəhdləri uğursuzluğa düçar oldu: International Republican Institute-in 2024-cü ilin martında yaydığı məlumatlara görə, Paşinyana etimad səviyyəsi hələ də 47% təşkil edirdi, müxalifətin reytinqi isə 20%-ə belə çatmırdı.

Avrasiya İqtisadi Komissiyasının məlumatına görə, Ermənistanın xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu, xarici investisiyaların isə 60 faizi Rusiyanın dövlət strukturlarına bağlı biznes subyektlərinin payına düşürdü. Lakin bu iqtisadi inteqrasiya Ermənistana real dividentlər gətirmədi.

2015-2022-ci illərdə Ermənistanın adambaşına düşən ÜDM-i Aİİ-yə daxil olmayan Gürcüstanla müqayisədə daha yavaş templə artdı. Üstəlik, Dünya Bankının 2023-cü il hesabatına əsasən, Rusiya iqtisadiyyatında baş verən hər bir valyuta və enerji böhranı Ermənistan iqtisadi artımını dərhal zəiflədirdi ki, bu da ölkənin xarici qərarverici mərkəzə zərərli dərəcədə bağlandığını sübut edirdi.

2022-ci ildə Ermənistan Rusiya tərəfindən təklif olunan İttifaq Dövləti modelinə daha dərindən inteqrasiya təklifini rədd etdi və bununla da daha dərindən asılılığa getmək istəmədiyini açıq şəkildə göstərdi.

Bu, İrəvanın Moskvadan strateji uzaqlaşmasının ilk aydın siqnalı oldu. Ermənistanın hərbi asılılığı məsələsi isə xüsusilə ağrılıdır. Jane's Defence Weekly analitik mərkəzinin 2021-ci il məlumatına görə, Ermənistan ordusunun silah-sursatının təxminən 90 faizi Rusiya istehsalıdır. Buraya yalnız atıcı silahlar və zirehli texnika deyil, həm də hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə vasitələri və operativ-taktiki raket kompleksləri daxildir.

Əsas silah tədarükü isə Rusiya tərəfindən "hərbi-siyasi tərəfdaşlıq" çərçivəsində təqdim edilən güzəştli kredit xətləri ilə həyata keçirilirdi. Lakin bu texniki dəstək Ermənistan ordusuna döyüş meydanında üstünlük qazandırmadı. 2020-ci ilin payızında baş verən 44 günlük müharibə zamanı Ermənistan ordusu həm texnoloji, həm də təşkilati baxımdan ciddi fiasko yaşadı.

Rusiya istehsalı olan "Tor-M2KM" hava hücumundan müdafiə sistemləri Türkiyənin Bayraktar TB2 pilotsuz aparatları qarşısında aciz qaldı. Bu hadisə İrəvanda Rusiya silahlarının keyfiyyətinə və müttəfiqlik öhdəliklərinə olan etimada ağır zərbə vurdu.

2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra baş nazir Nikol Paşinyan ölkənin xarici siyasət prioritetlərini tədricən yenidən nəzərdən keçirməyə başladı. İlk illərdə Moskva ilə münasibətlər inersiyaya əsaslanan loyal mövqedə qalsa da, 2020-ci ildə Qarabağda baş verən hərbi məğlubiyyət bu loyal münasibətlərin açıq şəkildə tənqidə çevrilməsinin başlanğıcı oldu.

Paşinyan 2022-ci ildə "France 24" telekanalına verdiyi müsahibədə açıq şəkildə dedi: "KTMT üzv ölkəyə qarşı birbaşa hərbi təhlükəyə reaksiya verə bilmədi. Bu bizi təhlükəsizlik prinsiplərimizi yenidən nəzərdən keçirməyə məcbur edir".

Yaranan narazılığın kulminasiya nöqtəsi isə 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş verən eskalasiya zamanı yaşandı. Ermənistanın rəsmi müraciətinə baxmayaraq, KTMT yalnız "narahatlıq" bəyanatı ilə kifayətləndi.

Blokun əsas iştirakçısı olan Rusiya isə münaqişədən faktiki olaraq uzaqlaşdı. Kreml insidentin "KTMT-nin məsuliyyət zonasında baş vermədiyini" bəyan edərək, bu passivliyi əsaslandırmağa çalışdı. Bu ifadə İrəvanda açıq şəkildə xəyanət kimi qəbul edildi.

2025-ci ilin martında Ermənistan parlamentində çıxış edən Nikol Paşinyan tarixi xarakter daşıyan, sərt və çoxqatlı mənaya malik bir bəyanat verdi: "Ən dost ölkələr belə Ermənistanın ərazi bütövlüyünü tanımadı. Bu isə onilliklər boyu inandığımız müttəfiqlik sisteminin əsasını sual altına qoyur".

Bu sözlər sadəcə giley deyildi. Bu, Ermənistanın Rusiya yönümlü siyasət nəticəsində düşdüyü siyasi tıxacın açıq etirafı idi. "Ən dost ölkələr" ifadəsinin arxasında Paşinyanın Moskvanı nəzərdə tutduğu aydındır. Yəni Kreml nəinki Ermənistanı böhran anlarında dəstəkləmədi, əksinə, "dondurulmuş münaqişə" modelini dəstəkləyərək, separatçı qruplar vasitəsilə regionda təsir rıçaqlarını qoruyub saxladı.

Paşinyanın mübarizə apardığı ikinci cəbhə isə Ermənistandakı dini-siyasi birliyin dayağı sayılan Apostol Kilsəsi idi. O, bu qurumu "feodal birliyə" çevrilməkdə, Katolikos II Qareginin (dünyəvi adı - Ktritç Nersisyan) ailə klanı tərəfindən zəbt olunmaqda ittiham etdi. Paşinyanın dediyi kimi: "Ktritç Nersisyanın qardaşının oğlu - ən böyük yeparxiyanın rəhbəridir. Qardaşı başqa bir yeparxiyanı, bacısının oğlu isə başqa bir yeparxiyanı idarə edir. Apostol Kilsəsi bir klan tərəfindən işğal edilib".

Məsələ sadəcə nepotizmdə deyil. Apostol Kilsəsi Ermənistanda təkcə dini institut deyil, eyni zamanda ən böyük torpaq və əmlak sahibidir. Eurasia Partnership Foundation-un 2019-cu il hesabatına görə, kilsə azı 12 min hektar torpağa, İrəvanın mərkəzində onlarla binaya və bank-misafirxana sektorunda mühüm aktivlərə sahibdir.

Üstəlik, 2005-ci il konstitusiyasında bu kilsəyə "milli kilsə" statusu verilmiş və onun hüquqi imtiyazları heç bir digər dini quruma şamil edilməmişdir. Paşinyan isə XIX əsrin sonundan bəri ilk dəfə olaraq sekulyarlaşdırma prosesinə start verdi və bu yolda 356-cı ildə keçirilmiş Aştışat kilsə məclisinin qanunlarına istinad etdi - həmin qanunlara görə, kilsə mülkiyyətinin irsən ötürülməsi qadağandır.

Paşinyanın bu təşəbbüsü kilsəyə qarşı yox, dini monopoliyanı və mülkiyyət klanlarını dağıtmaq cəhdi idi. Amma nəticələr dərhal özünü göstərdi. 2025-ci ilin əvvəlindən etibarən Paşinyanın "dekolonizasiya" bəyanatları və kilsə əmlakının restrukturizasiyası təşəbbüsü fonunda bir neçə istiqamətdən hücum başladı: Koçaryan və Sərkisyan tərəfdarlarının daxil olduğu partiyalar, xaricdəki millətçi diaspor strukturları və ən başlıcası - Apostol Kilsəsinin daxilindəki klerikal aparat.

"İrəvan Daily" qəzetinin 2025-ci ilin aprel sayına görə, bu aparat Rusiya Xarici İşlər Nazirliyi və Moskva Patriarxlığı ilə sıx əlaqəlidir. Ermənistanda başlayan "dini" etiraz aksiyalarının iştirakçılarına dair polis məlumatlarına görə, iştirakçıların yalnız 18 faizi həqiqətən dini icmalara bağlı şəxslər idi, qalanlar isə keçmiş hakimiyyətlə biznes və siyasi əlaqələri olan qrupların nümayəndələri idi.

Erməni politoloq Arevik Mxitaryan "CivilNet" jurnalında yazırdı: "Paşinyan bu gün reformator deyil - o, imperiya sintezini dağıdan fiqurdur. Kilsə, diaspor və hərbi qardaşlıq əsasında Ermənistanı nəzarətdə saxlayan sistemin ifşasıdır bu. Bu, sadəcə diplomatik suverenlik deyil, dövlətçiliyin vassallıqdan ayrılaraq real dövlət halına gəlməsi cəhdidir".

Proses ağrısız deyil. Paşinyan eyni anda bir neçə cəbhədə savaş açdı: Moskva ilə əlaqələri qırır, kilsəni reformasiya edir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və revanşizmdən uzaq, müdafiə yönümlü hərbi doktrina formalaşdırır. 2024-cü ildə Ermənistanın müdafiə büdcəsi 47 faiz artırıldı, lakin bütün hərbi müqavilələrin 60 faizi Rusiya ilə deyil, Hindistan, Fransa və Kiprlə bağlandı.

Amma bu reformist siyasət Ermənistanın daxilində davamlı institusional sabotajla üzləşir. Bu gün ölkə iki ideoloji qütbə bölünüb: bir tərəfdə Qərbə inteqrasiyanı və dövlət institutlarının milliləşdirilməsini istəyən "gələcəyin partiyası" - Paşinyanın komandasının simasında; digər tərəfdə isə kilsəyə, revanşist diasporaya və sovetdənqalma elitaya söykənən "keçmişin partiyası". Bu qarşıdurma o qədər dərinləşib ki, hər bir reform bəyanatı yeni böhranların qığılcımına çevrilir.

Siyasi şərhçi Riçard Qiraqosyan bunu belə ifadə edir: "Ermənistan 1990-cı illərin Litvasının yolunu gedir, lakin imperiya ittifaqları ilə belinə bağlanmış bir yük altında. Bu proses ağrılı olacaq. Amma Ermənistanın obyekt deyil, subyekt olmağa doğru yeganə şansıdır".

Nəticə isə açıqdır: Nikol Paşinyan həqiqətən də "forpostun baş naziri" olmaqdan imtina etdi. Bu, sadəcə gözəl ritorika deyil - bu, real hüquqi, diplomatik və institusional vəziyyətdir.

O, keçmişin toxunulmaz alətlərindən - kilsənin immunitetindən, Kremlin himayəsindən, Qarabağ mifologiyasından imtina etdi. Lakin bu cəsarətli addımlara cavab olaraq qəti və yekdil dəstək yox, daxili müqavimət cəbhəsi ilə üzləşdi. Ermənistan yüzillik tarixində ilk dəfə xarici deyil, daxili dekolonizasiya yaşayır.

Və bu transformasiyanın uğuru xaricə yönəlik bəyanatlardan yox, cəmiyyətin öz içində suveren institutlar qurmaq bacarığından asılı olacaq.

Fanatizmsiz, şüarsız, lakin aydın və dürüst şəkildə - Ermənistanın kim olduğu və kim ola biləcəyi haqqında həqiqət əsasında.

Elçin Alıoğlu
Trend

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 İyun 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see318

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see225

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see214

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see210

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see209

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see204

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see187

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see180

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see177

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see177

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see173

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see169

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see167

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see165

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see160

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see159

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see157

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see156

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see156

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri