Icma.az
close
up
RU
Paytaxtda gizli təhlükə: lift problemləri və cavabsız qalan suallar ARAŞDIRMA

Paytaxtda gizli təhlükə: lift problemləri və cavabsız qalan suallar ARAŞDIRMA

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Sovet dövründən qalan, 35–40 il əvvəl tikilmiş kooperativ binaların əksəriyyətində lift təsərrüfatı kritik vəziyyətdədir. İstismar müddəti çoxdan başa çatan, texniki cəhətdən köhnəlmiş və mütəmadi nasazlıq yaradan liftlər bu gün minlərlə sakinin təhlükəsizliyini sual altına alır. Sakinlər müxtəlif vasitələrlə şikayətlərini dilə gətirsələr də, problem heç cür həllini tapmır.

Bakı sakini: “Liftimiz yararsız vəziyyətdədir”

Şikayətçilərdən biri Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən doqquzmərtəbəli binanın sakini Yeganə Rüstəmova APA-ya bildirib ki, binada liftin avadanlıqları tamamilə sökülüb: “Lift yararsız vəziyyətdədir. bir gün işləyir, beş gün işləmir, yaman gündədir. Gah silkələnir, gah dayana-dayana qalxır. Elə olur, ilişib qalır, bir neçə dəqiqə sonra yenidən tərpənir. Lift İdarəsinə (Bakı Lift-Təmir İstehsalat Birliyi – red.) yığırıq, baxmırlar. Ustaya yığırıq, usta da gəlmir. Qalmışıq naəlac. Binada yaşlı var, əlil var, xəstə var, uşaq var, ikicanlı qadın var. Bizdən çox onlar əziyyət çəkir. Bəzi qonşular bu problemə görə köçüb getdi. Belə görürəm ki, gözləməkdən bir şey çıxmayacaq. Yəqin ki biz də köçəcəyik”.

Deputat: 1000-ə yaxın liftin dəyişdirilməsinə vəsait ayrılmalıdır

Milli Məclisdə də bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu yaxınlarda Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Əli Əhmədov Bakıda kooperativ binalarda 1000-ə yaxın liftin dəyişdirilməsinə vəsait ayrılmasını təklif edib.

Əli Əhmədov qeyd edib ki, təxminən 35–40 il bundan əvvəl Bakı şəhərində kooperativ binalar tikilib və bu binalarda quraşdırılan liftlərin istismar müddəti çoxdan başa çatıb. Həmin binalarda quraşdırılan liftlərin sayı təxminən 1000 ədəddir: “Bu binalarda yaşayan insanların həmin liftlərin dəyişdirilməsi üçün imkanları çatmır. Hökumət bu məsələyə müdaxilə etməsə, liftlərin dəyişdirilməsi çox çətin bir problemə çevriləcək və eyni zamanda, qısa müddətdə risklər yarana bilər. Xahiş edirəm ki, hökumət vəsait ayırsın və 5–10 illik proqram çərçivəsində bunun reallaşması üçün addımlar atsın”.

Narazılıq və təkliflərin fonunda belə bir sual yaranır: kooperativ binalarda liftlərin saxlanmasına görə məsuliyyət kimə aiddir? Dövlətə, kooperativlərə, yoxsa sakinlərə?

Bakı şəhər Lift-Təmir İstehsalat Birliyindən APA-ya bildirilib ki, sözügedən kooperativ binalar Dövlət Mənzil Fonduna aid olmadığından Bakı şəhər Lift-Təmir İstehsalat Birliyi tərəfindən onların dəyişdirilməsi və ya xidməti həyata keçirilmir.

Hüquqşünas: Kooperativ binaların liftləri dövlətin balansına keçsə, aidiyyəti idarə tərəfindən dəyişdirilə bilər

Mövzu ilə bağlı danışan hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, kooperativ binaların liftləri o halda dövlət tərəfindən dəyişdirilə bilər ki, həmin binalar dövlətin balansına keçmiş olsun: “Bu o deməkdir ki, faktiki olaraq həmin binalardakı idarə heyətləri ləğv olunur, bina tamamilə dövlət büdcə təşkilatının balansına keçir və xidmət dövlət tərəfindən göstərilir. Amma indiki halda həmin kooperativ binalarda yaşayan şəxslər tərəfindən binanın saxlanması üçün oranın idarə heyətinə aylıq üzvlük haqqı formasında kvadratmetr hesabına görə ödənişlər olunur. Bu ödənişlərlə bağlı yoxlamalar dövlət qurumu tərəfindən aparılsa və həmin ödənişlərin təyinatı üzrə sərf olunmadığı müəyyənləşsə, bu zaman həmin kooperativ bina idarəçiliyinə rəhbərlik edən şəxslərin hüquqi məsuliyyəti yaranır, yaxud dövlət qurumları bu məsələdə güzəşt edir. Çünki burada həmin binalarda olan nasaz liftlər insan həyatı üçün baha başa gələ bilər. Bu da dövlətin insanların yaşamaq hüququna münasibətdə pozitiv öhdəliklərinin pozulması ilə nəticələnə bilər”.

Məsələ Nazirlər Kabineti və Milli Məclis tərəfindən ciddi şəkildə müzakirə olunmalıdır

Hüquqşünas bildirib ki, bu məsələ Mülki Məcəllə, Mənzil Məcəlləsi, həmçinin mənzil kooperativlərinin, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin nizamnamələrində ilə tənzimlənilir: “Ümumiyyətlə, məsələ Nazirlər Kabineti və Milli Məclis tərəfindən ciddi şəkildə müzakirə olunmalıdır. Əgər həmin binaların idarəçiliyi varsa, problemin həllinə dair məsuliyyət özlərinin üzərinə düşməlidir. Onlara liftlərin quraşdırılması ilə bağlı sadə şərtlərlə kreditlər təyin edilə bilər. Ümumiyyətlə, dövlət tərəfindən hər hansı kooperativə, özəl binaya, yaxud özəl bina tikən şirkətə vətəndaşların pulu hesabına büdcədən formalaşan vəsaitin ayrılması doğru deyil”.

Hüquqşünas bildirib ki, xarici ölkələrdə bina tikən şirkətlər prosesi yekunlaşdırdıqdan sonra idarəçilik dövlətin balansına keçir: “Əgər uzun müddət bina idarəçiliyini həmin şəxslər edirlərsə və bunu sonra davam etdirə bilmirlərsə, belə olan təqdirdə, yoxlamalar başlanılır. Bundan dərhal sonra əskikliklər barədə akt tərtib olunmaqla, idarəçilərin məsuliyyəti müəyyən olunur və bina dövlətin balansına qəbul olunur”.

Deputat: Məsələ özəl şirkətlərə həvalə olunmalıdır

Deputat Fazil Mustafa hesab edir ki, bu məsələ müvafiq dövlət orqanından daha çox özəl şirkətə həvalə olunmalıdır və vətəndaşlara bu xidmət daha keyfiyyətli şəkildə göstərilməlidir: “Bu olduqca vacib məsələdir. Millət vəkili olduğum Sabunçu rayonu Bakıxanov qəsəbəsində xeyli sayda bina var ki, liflər lazımi səviyyədə işləmir, təmirinin vaxtı keçib. Bu istiqamətdə xidmət haqqı toplanırsa, lift keyfiyyətli xidmət göstərməlidir. Mən də bu ideyanı dəstəkləyirəm. Liftlərin dəyişdirilməsi ilə bağlı müəyyən addımlar atılmalıdır. Bu həm həyat üçün təhlükəlidir, həm də vətəndaşların gündəlik narahatlığına səbəb ola bilir. Bu baxımdan prosesin başladılması vacibdir, yerində olan təklifdir”.

Deputat deyib ki, problemin həlli istiqamətində mütləq addım atılmalıdır: “Bu həyati risk daşıyan məsələdir. Ona görə də problem təcili həll edilməlidir. Edilən təklifləri nəzərə alsalar, problemi həll etmək mümkündür. Bu daha çox özəl sektora aid olan və məsuliyyət onun üzərinə qoyulan məsələdir. Bununla bağlı ciddi nəzarət mexanizmi qurulmalıdır. O zaman iş sürətlə həllini tapacaq. Yoxsa dövlət büdcəsindən vəsait ayırmaqla məmurların bu işdə çevik hərəkət etməsini gözləmək real görünmür”.

Dövlət Mənzil Fonduna aid neçə lift dəyişdirilib?

Məlumdur ki, problemə təkcə kooperativ binalarda yox, yeni tikililərdə də rast gəlinir. Əldə etdiyimiz məlumata görə, son bir neçə ildə Dövlət Mənzil Fonduna aid 5000-ə yaxın liftdən 1147-si dəyişdirilib.

Sovetdənqalma binaların liftlərindən bəziləri Dövlət Mənzil Fonduna aid olsa da, bəziləri kooperativlər tərəfindən tikilib. Buna görə də kooperativlər tərəfindən tikilən binalardakı liftlərin təmiri dövlət büdcəsi hesabına aparılmır.

Qeyd edək ki, qaydalara görə, təhlükəsizlik baxımından liftə ən azı ayda bir dəfə müntəzəm texniki qulluq göstərilməli, ildə bir dəfə isə texniki baxış keçirilməlidir. Fəaliyyətə yararlı olub-olmaması müəyyənləşdirilməlidir. Əgər texniki şərtlərə cavab vermirsə, istismardan çıxarılmalıdır.

Maraqlıdır, ötən il neçə liftdə qalma hadisəsi olub? FHN neçə xilas etmə əməliyyatı keçirib?

Ötən il liftdə qalan 939 vətəndaş xilas edilib

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2025-ci ildə nazirliyin “112” qaynar telefon xəttinə vətəndaşların liftdə qalması ilə bağlı 597 müraciət daxil olub: “Nazirliyin xilasediciləri tərəfindən aparılan xilasetmə tədbirləri nəticəsində 939 vətəndaş xilas olunub”.

Bu məsələni dövlət proqramı çərçivəsində mərhələli şəkildə həll etmək mümkündürmü? Özəl sektor bu prosesə cəlb edilməlidirmi? Liftlərin dəyişdirilməsi ilə bağlı vahid proqram hazırlanmalıdırmı? Beynəlxalq təcrübədə bu cür məsələlər necə tənzimlənir?

Pulu kim ödəməlidir mübahisəsi ucbatından bu məsələlər həllini tapmır

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev qeyd edir ki, problemin illərdir həll olunmamasının səbəbi kooperativ binaların başsız qalması ilə bağlıdır: “Burada bir sahiblik davası gedir. Dövlət binalarında liftlər mərkəzi qaydada dəyişdirilir. Amma kooperativ binalar ortalıqda qalıb. Bakı Lift-Təmir İstehsalat Birliyi deyir ki, bu binalar Birliyin balansında deyil, sakinlər özləri baxmalıdır. Sakinlər və komendantlar isə deyir ki, bizim bu qədər pulumuz yoxdur. Liftin təzələnməsi 50-60 min manatdan başlayır. Heç bir sakin yığışıb bu qədər pulu qısa vaxtda düzəldə bilməz. Pulu kim ödəməlidir mübahisəsi ucbatından bu məsələlər həllini tapmır. Liftlər də gündən-günə daha da köhnəlir”.

Ekspertin sözlərinə görə, xüsusilə Yasamal, Binəqədi, Nizami rayonlarındakı köhnə doqquzmərtəbəli binalarda vəziyyət dözülməzdir: “Burada əsas problem maliyyə məsələsi ilə bağlıdır. Problemin həlli üçün dövlət səviyyəsində bir strategiya və standart qaydalar tətbiq olunmalıdır. Min ədəd liftin dəyişdirilməsi təxminən 45-50 milyon manat deməkdir. İlkin mərhələdə bu pulu dövlət büdcəsindən ayırmaq olar. Sonrakı mərhələdə də vətəndaşlar bu pulun müəyyən bir hissəsini ayda 3-5 manat ödəyərək qaytara bilərlər. Belə olanda həm vətəndaşın cibinə ağırlıq düşmür, həm də hər kəs bilir ki, bu lift onun öz malıdır, onu qorumalıdır”.

Şəhərdə hər bir liftin pasportu olmalıdır

Müsahibimizin sözlərinə görə, problem təkcə liftin yolda qalması deyil, həm də liftin kanatının qırılması, yaxud tormoz sisteminin sıradan çıxmasıdır: “Bu, birbaşa ölüm deməkdir. Digər tərəfdən liftlərin elektrik naqilləri 30-40 ilin naqilləridir. Hər an qısaqapanma verib yanğın törədə bilər. Bir də bu işin sosial tərəfi var. 9-cu mərtəbədə yaşayan yaşlı adamı, xəstəni, əlil arabasında olanı təsəvvür edin. Lift işləməyəndə adam evindən çölə çıxa bilmir, əməlli-başlı ev dustağı olur. Ona görə də bu məsələni komendantın, bina kooperativlərinin insafına buraxmaq olmaz. Onsuz da onlar bu yükün altından çıxa bilmirlər. Mütləq dövlət səviyyəsində bir proqram olmalıdır. Şəhərdə hər bir liftin pasportu olmalıdır. İstifadə müddəti, təhlükəli olub-olmaması, sonuncu texniki müayinələri ilə bağlı məlumatlar və s. sistemdə qeyd edilməlidir. Bu məlumatlar liftdən istifadə edən və etməyən insanlara əlçatan olmalıdır”.

Ötən il liftdə qalma halları ilə bağlı yüzlərlə müraciətin daxil olması göstərir ki, problem artıq nəzəri risk deyil, real təhlükədir. Xüsusilə istismar müddəti başa çatmış kooperativ liftlər ilə bağlı vahid nəzarət və yenilənmə mexanizminin olmaması bu təhlükəni daha da artırır. Mövcud vəziyyət onu göstərir ki, məsələ epizodik müdaxilələrlə yox, aydın məsuliyyət bölgüsü ilə uzunmüddətli, hüquqi və maliyyə baxımından əsaslandırılmış proqram çərçivəsində, şəffaf nəzarətlə həll edilməlidir. Amma ilk növbədə liftlərin dəyişdirilməsi üçün kimin məsuliyyət daşıyacağı müəyyənləşdirilməlidir. Əks halda, bu köhnə liftlər gündəlik narahatlıqdan çıxaraq hər an daha ağır nəticələrə yol aça biləcək təhlükə olaraq qalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Aprel 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri