Icma.az
close
up
RU
Peranın səssiz şahidi: Böyük London oteli

Peranın səssiz şahidi: Böyük London oteli

Icma.az, 525.az saytına istinadən bildirir.

Türkan TURAN

Məkan, ruh və tarix üçbucağı

Bir neçə gün əvvəl Bəyoğlunda bu dəqiqə adını unutduğum, içərisində fərqli üslubda sərgi təşkil edilmiş bir pasajı axtarırdım. Telefonda naviqatoru açıb dar, qədim küçələrdə dırnaq ucu boyda bir işarənin arxasınca düşmüşdüm. Cihaz üç dəqiqə göstərən məsafədə üç min dəfə dövrə vurdurduqdan sonra məni quru divarın önünə aparıb çıxartdı. Açığı, kefimi pozmadım. Əvvəl idi o, bir şey olmayanda, alınmayanda dirənib onu mütləq alındırmağa çalışmağım. Ancaq ən böyük müəllim olan zaman insanı elə incəliklə cilalayıb düzəldir ki, olanı olduğu kimi qəbul eləməyin idrakına varırsan. Olmayan yerdə oturub gözləməyin əbəsliyini, həyatın irəliləmək, addımlamaq sənətindən ibarət olduğunu dərk edirsən. Çünki artıq əminsən ki, bir şey olmursa, daha gözəl bir plan yazıldığına görədir. Mən də eləmədim tənbəllik, əvvəlcə əlində girinc qaldığım naviqatoru söndürdüm, sonra da divarın önündən çəkilərək Peranın mərkəzi yolunda üzü yuxarı getməyə başladım. Bir-iki əsr öncə təməli atılan binalara baxa-baxa gedərkən bir tikilinin üstündə "1892 since", altına isə "Grand Hotel de Londers" yazıldığını görüb ayaq saxladım. Binanın önündə dayanıb fasadını, balkonunu, üzərindəki naxışları aşağıdan yuxarıya doğru heyranlıqla izlədim. İçəri keçdim, gördüyüm gözəlliklərə inana bilmədim. Hamısını mərhələ-mərhələ yazacağam. Amma öncə otelin tarixinə nəzər yetirək.

"Şərq ekspressi"

Böyük London oteli adını XVIII əsrdə Osmanlıda başlayan Avropa çılğınlığına borcludur. 1700-cü illərdən etibarən Qərbin ilk turistləri olan ingilislərin İsveçrə və Rivieraya səyahət etməyə başlamaları bu ölkələrdə ilk açılan möhtəşəm otellərə ingilis adlarının verilməsinə səbəb oldu. XIX əsrin sonlarına doğru həmin turistləri şərqə daşıyacaq qatar yolu açıldı. Məşhur "Şərq ekspressi"nin İstanbula qədər uzanması ilə şəhər Şərqə maraq göstərən turistlərin sevimli məkanına çevrildi. "Şərq ekspressi" 1883-cü ildə fəaliyyətə başlayan uzun məsafəli qatar xətti idi. Əslində müntəzəm qatar kimi başlasa da, zaman keçdikcə adı intriqalara, lüks səyahətlərə, varlı həyatlara qarışdı. "Şərq ekspressi" deyiləndə ağıla gələn iki şəhər var: Paris və İstanbul. Təbii ki, digəri də Aqata Kristinin məşhur "Şərq ekspressində qətl" əsəridir. Bu roman sadəcə dedektiv hekayə deyil, həm də İstanbulun 1930-cu illərdəki sehrli, gizli və aristokratik ab-havasını yaşadan ədəbi nümunədir. Əsərin başlanğıcı İstanbulda, o dövrün ən gözəl məkanlarından olan Pera Palas otelində baş verir. Dedektiv Erkül Puarı bir işi həll etdikdən sonra Sirkəci vağzalından Parisə gedən məşhur qatara minir və hekayə davam edir. A.Kristi əsərində Pera Palas, Sirkəci, Qalata, Karaköy kimi yerləri incəliklə təsvir edir. Sanki İstanbulun o illərdəki rüzgarı, limanın səsi və Pera küçələrinin işığı səhifələr arasından duyulur. Hekayənin sonunda qatar yenidən İstanbula qayıdır, sanki sirr başladığı yerə dönür. Hətta deyilənə görə, Aqata bu əsəri Pera Palas otelinin 411 nömrəli otağında yazıb. Kitabda bəhsi keçməsə də, Kristinin o dönəmlərdə Böyük London otelində yazıçı çevrəsi, sənət dostları ilə birlikdə zaman keçirdikləri deyilir. Çünki bura Pera Palasın bir neçə addımlığında ondan heç də geri qalmayan əhəmiyyətli yer sayılırdı. Səyyahlar, yazıçılar, səfirlər, sənət adamları burada qalırdılar. Ümumiyyətlə, o vaxtlar Pera ərazisi İstanbulun ən parlaq, ən modern yeri hesab edilirdi.

İtalyan zərafəti

London oteli 1892-ci ildə indiki bina ilə bitişik küçənin adını daşıyan Qlavanidə (hazırkı Kallavi küçəsi) taxta malikanənin yerində tikilmişdi. Malikanənin sahibi adından da göründüyü kimi, İtaliya əsilli Qalata bankiri Qlavani idi. Malikanə yox edildikdən sonra iki şərik olan Leonidas Adamopoulos və N.Aperghisin istəyi ilə italyan memar Guglielmo Semprinin sifarişi ilə dövrün memarlıq üstünlüklərinə uyğun şəkildə tikilib. Əvvəlcə yaşayış binası kimi nəzərdə tutulan bina sonradan mehmanxanaya çevrilib. İçində lüks klassik mebelləri, dəbdəbəli pərdələri, hidravlik lift vardı. Lift bu gün də var, amma müasir dövrə aiddir. Binanın pilləkənləri xüsusi sənət əsəridir. Bir vaxtlar iqamətgah olan binanın ağac ətirli dəhlizləri və pilləkənləri ilə yuxarıya çıxmaq insana zaman tunelindəymiş kimi bir hiss bəxş edir. Ən üstdə, sonuncu mərtəbənin qapısı terasa açılır. Addımını atdığın anda həm Bəyoğlu, həm də Haliç əsrarəngiz görkəmi ilə ayaqlarının altına sərilir. Mənim otelə gedişim gün batana təsadüf elədi. Gördüyüm mənzərəyə bir könüldən, min könülə heyran oldum. Sırf bu gözəl mənzərəsinə görə, bir dönəm adından London kəlməsi çıxarılaraq "Belle Vue Otel" adı altında fəaliyyət göstərməyə başlayır. Fransızca bu kəlmənin mənası "gözəl mənzərə" deməkdir.

Bir məkan, min xatirə...

Bina o zamanlar çox məşhur olan elektik üslubda, ön fasadı naxışlı, yan fasadı sadə tərzdə inşa edilib. Fasad üçün istifadə edilən daşın Kiçik Çəkməcədən gətirildiyi güman edilir. Çünki bu daşların yumşaqlığı üzərində incə oyuq işləmələr etməyə imkan verirdi. Elə buna görə də, fasadda oyularaq ərsəyə gətirilən iki qadın binanın simvoluna çevrilib.

London oteli bir dönəm Pera Palas və Tokatlıyan kimi böyük otellərlə həm keyfiyyət, həm də qiymət baxımından rəqabət aparacaq gücdə idi. Ancaq 1930-cu illərdə iqtisadiyyatın milliləşdirilməsi və sonradan Levantinlərin nüfuzunu itirməsi ilə otel əvvəlki parlaqlığını itirməyə başlayır. 1940-cı illərdə İkinci Dünya müharibəsinin sıxıntıları və məşəqqətləri arasında binanın parlaqlığı daha da solur. 1950-ci illərdə Hilton və Divan kimi yeni, müasir müəssisələrin "bazara" gəlməsi ilə otel tamamilə kölgədə qalır. Bu müddət ərzində həm otelin sahibi, həm də rəhbərliyi dəfələrlə dəyişdi. Məsələn, 1926-cı il "İstanbul bələdçisi" kitabçasındakı elanda otelin sahibinin Moulatiç olduğu yazılır. Ancaq 1930-cu illərdə torpaq reyestrinin qeydlərinə baxanda otelin d'Andria ailəsinə məxsus olduğunu görürük. Genuya mənşəli Levantinli bu ailə eyni zamanda meydanın Asmalımescit tərəfində, indiki Sosial Müdafiə binasında arxada yaşayış binasına sahib idi. Daha sonra Yunanıstana köçən bu ailənin bu günün özündə də Pera ərazisində otellər işlətdiyi məlumdur.

Peranın sükutu və Heminqueyin addım səsləri

Tavandan 1800-cü illərin motivləri ilə bəzədilmiş çilçıraqlar asılır; musiqi qutuları, şamdanlar, rəsmlər, kalkulyatorlar və radiolar antik dövrü xatırladır. Aşağıda giriş zalında, pilləkənlərin altındakı qəbul masasının yanında qonaqların adları yazılmış qara lövhə diqqət çəkir. Buradan öyrənirik ki, otelin məşhur qonaqları siyahısında 1922-ci ildə "Toronto Daily Star" qəzetində işləyən və o dönəmdə  "İşğal olunmuş İstanbul" haqqında yazmaq üçün buraya gələn Ernest Heminqueyin də adı var. 25 sentyabr Parisdan qatarla yola çıxaraq İstanbula gəlir və uzun müddət bu oteldə qalır.

Ləlöyün adamın hekayəsi

Divarlardakı digər fotolardan öyrənirik ki, binanın solunda indi hədiyyə mağazası kimi fəaliyyət göstərən yer bir vaxtlar xanımlar salonu, bu otağın yan tərəfindəki yer isə oxu zalı imiş. Hal-hazırda lobbi kimi istifadə edilən yer isə o dövrlər yeməkxana kimi xidmət göstərirmiş. Yeri gəlmişkən, otel D'Andria ailəsi tərəfindən idarə edildiyi dönəmdə burada maraqlı hadisə baş verib. 1934-cü ildə amerikalı bankir 198 milyon dollarla Yunanıstana, oradan da İstanbula qaçaraq Böyük London otelində məskunlaşır. O vaxt gecəlik beş lirə olan otel haqqı bankirin gözünə çox görünür. Yüz doxsan səkkiz milyon dolları olan bu ləlöyün eləmir tənbəllik, gedir otel müdiri ilə danışaraq qiyməti iki lirəyə endirməyə nail olur. Hər yerdə axtarışda olan bankir bir həftə sonra tutularaq həbsə atılır. Di gəl, bütün axtarışlara rəğmən, özü ilə gətirdiyi 198 milyon dollar tapılmır ki, tapılmır.

"Grand London Hotel"də Fatih Akının "Divara qarşı", "Ömrün kənarında", "İstanbul hafizəsi" filmləri, Sezen Aksu və Hande Yenerin klipləri, "Hatırla sevgili" serialından səhnələr də daxil olmaqla saysız-hesabsız çəkilişlər aparılıb. Kino, televiziya, klip və foto çəkilişləri üçün əlverişli olan bu 70 otaqlı otelin gündəlik kirayəsi bir neçə min avrodur, otaq qiymətləri də avro ilə hesablanır. Zamanda səyahətin sübutu olan bu otelin qonaqları daha çox ingilislər, fransızlar və almanlardır.

Köhnənin dəyəri

Otelin bugünkü sahibləri 1967-ci ildən bəri eyni insanlardır: Hüzmeli ailəsidir. Bu möhtəşəm sənət əsərini satın aldıqdan sonra təmir edirlər. On üç ildən sonra daha dərin təmir işləri aparılır və hazırkı vəziyyətə gətirilir, amma 1980-ci illərdə həm qarışıqlıq, həm də digər məsələlərdən dolayı turizm passiv dönəmdən keçirdi. Bəyoğlunun 1990-cı illərdə oyanış yaşamağa başlaması ilə otellər də canlanır. Eyni zamanda "Köhnə"nin dəyəri dərk edilir. Bu dəyərlərdən biri də Böyük London Oteli olur. Otel bu gün rəssamların, sənətçilərin (xüsusən də kino dünyasından), səyahətçilərin, ən çox da avropalıların sevimli məkandır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Noyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see229

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see151

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see146

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see141

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see136

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see130

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see127

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see126

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see125

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see124

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see124

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri