Pilot, Milli Qəhrəman Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova: Oğlumun naminə yaşadığım həyat mənim üçün söndü
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Həyat elə bil yolçuluqdur ki, heç birimiz son dayanacağımızın yerini və vaxtını bilmirik. Elə də olur ki, yollar yarımçıq qalır, sözlər tamamlanmır. İnsanın içində işıq kimi yanan arzular həmişə var. Kimi bu işığın arxasınca düşüb istəyinə yetişir, kimi üçünsə də yolun yarısında işıq sönür, o işığı özü ilə bərabər, əbədi qaranlığa gömür.
Həyat elə bir yolçuluqdur ki, bəzən gedəcəyin ünvanı sən özün yox, taleyin seçir.
Və həyat elə bir yolçuluqdur ki, orada hər anın öz hökmü var...
O məşum faciədən 150 gün ötüb. Həyat öz axarı ilə davam etsə də, ağrı-acısı dinməyən, göz yaşları tükənməyən ailələr hələ də ovunmaq bilmir. Keçən ilin dekabr ayının sonunda Azərbaycana məxsus "Embraer E190" sərnişin təyyarəsi hava hücumuna məruz qalanda, son ana qədər mümkün olan bütün imkanlardan istifadə etməklə, neçə-neçə insan həyatını qorumağa müvəffəq olan peşəkar kapitanla onun ekipaj üzvlərinin qəhrəmanlığı dünyanı heyrətə gətirməyi bacardı. Ötən həftə oxucularımızı Milli Qəhrəman, təyyarə kapitanı İqor Kşnyakinin ailə üzvlərilə görüşdürdük. Bu gün isə ekipajın həlak olan ən gənc üzvü, təyyarə pilotu, Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun anası Yelena Yuryevna Kalyaninova həmsöhbətimizdir.
- Yelena xanım, atanız Bakıdandır...
- Bəli, Keşlə qəsəbəsində doğulub, böyüyüb. Sonra atam işləmək üçün Rusiyaya gəlib, anamla tanış olub və ailə qurublar. Mən Tolyatti şəhərində doğulmuşam və iki yaşım olanda atam ailəsini götürüb Bakıya köçməli olub, çünki yaşlı babam xəstə idi. Beləcə, 1972-ci ildə biz təməlli olaraq Bakıya gəldik və o vaxtdan həyatım bu şəhərlə bağlıdır. Məktəbi bitirəndən sonra layihə institutunda işləməyə başladım. Bir müddətdən sonra ailə həyatı qurdum, Saşa dünyaya gəldi və onun tərbiyəsilə məşğul olmağa başladım. Oğlum 5-6-cı siniflərdə oxuyanda Peşəkar Fitnes Assosiasiyasında kurs keçib məşqçi kimi çalışmağa başladım və 15 il işlədim.
- Saşa Kalyaninovların yeganə övladı oldu...
- Onun varlığı mənim bütün həyatım demək idi. Həyatda etdiklərimin hamısı Saşanın naminə olub. Onu ləyaqətli bir insan kimi yetişdirməyə çalışmışıq və deyərdim ki, buna nail ola bilmişdik. Bakı Avropa Liseyində təhsil alarkən müəllimlərinin, sinif yoldşlarının sevimlisi idi. Onun təhsil göstəriciləri həmişə yüksək olub. İngilis və Azərbaycan dillərini mükəmməl bilirdi. İkinci sinifdən bu dillər üzrə Saşa individual olaraq hazırlıqlar keçib. Sirr deyil ki, dövrümüzdə dil bilgiləri çox önəmlidir və oğlumuzun gələcəyi üçün biz hər şeyi nəzərə alırdıq. Hətta liseyi bitirəndə ingilis dili müəlliməsi ona demişdi ki, Dillər Universitetinə birmənalı olaraq qəbul oluna bilərsən. Gəlib mənimlə məsləhət edəndə, dedim ki, özünü, gələcəyini təmin edə biləcək bir yol seç.

- Və Saşa atasının yolunu seçdi...
- Aviasiyanı kiçik yaşlarından sevirdi, çünki gözünü açandan atasını pilot olaraq görmüşdü. Liseyi bitirəndən sonra Milli Aviasiya Universitetinin Uçuş Akademiyasını bitirib hərbi xidmətə gedib. Saşa oxumağa çox həvəsli idi. Hərbi xidmətdən qayıtdıqdan sonra Trenajor Simulator Mərkəzində təlimlərə başlayıb. Məlum pandemiya dövründə həm Akademiya, həm trenajor mərkəzi qapalı olduğundan təlimlərə davam etmək mümkün olmadı və vaxt itirməmək üçün dostu Kamran Xəlilovla birlikdə Ukraynada Milli Aviasiya Universitetində aviasiya nəqliyyatı üzrə magistr təhsilini almağa gedib. Üç illik karantin rejimi olmasaydı, o, artıq pilot ola bilərdi. Bu sahədə atası onun üçün bir nümunə idi. Saşa pilot kimi cəmi bir il idi ki, fəaliyyətə başlamışdı. Peşəsindən o qədər razı idi ki, əlindən gələni bu yolda əsirgəmədi, çətin imtahanlar verdi və var gücü ilə çalışdı. İlk uçuşu 2023-cü ilin oktyabr ayında oldu və həmin gün Saşanın sevincini onunla birlikdə mən də yaşadım.
- Yəqin ki, işi ilə bağlı ailəsilə bölüşdükləri olub...
- İllərin pilotu olan həyat yoldaşımla ailədə işlə bağlı söhbətlər heç zaman olmayıb. Saşa da onun kimi. Onun arzuları vardı - işləmək, şəxsi həyatını qurmaq, gələcəkdə ailəsini təmin etmək, uşaqlarının yaxşı təhsil ala bilməsi üçün şərait yaratmaq. Mən ona inanırdım, o, buna qadir bir insan idi.
- Atasından sonra Saşa ailədə ikinci pilot oldu. Kifayət qədər təcrübəniz olsa da, bir ana uçuş günlərində oğlu üçün həyəcan keçirib yəqin ki...
- Günümüzdə sərnişin aviasiyası ən təhlükəsiz nəqliyyatdır, yol nəqliyyatından belə, təhlükəsizdir. Heç kimin ağlına gələ bilməzdi ki, sərnişin təyyarəsinə iki raket buraxaraq terror törədilə bilər. Bayram ərəfəsində müxtəlif yaşlı dinc adamların ölümünə bais olmaq insanlıq adına yazılası əməl deyil. Dünyanın inkişaf etdiyi belə bir zamanda beyinlərdə terrorçuluğun hələ də yaşaması o deməkdir ki, bəşəriyyət təhlükədən sığortalanmayıb. Bayaq soruşdunuz ki, Saşa işi ilə bağlı fikirlərini evdə bölüşürdümü? Mən ekipaj üzvlərini bu faciədən sonra tanıdım, eyni dərd, eyni ağrı bizim tanışlığımıza səbəb oldu. Bu, düşündüyünüzdən də ağırdır. Bu baxımdan Saşa reyslərə gedəndə həyəcanım olmurdu.
- Boş vaxtlarında xoşladığı məşğuliyyət...
- Onun gecə reysləri tez-tez olurdu. Səhər qayıdandan sonra onlara bir gün yuxu almaq üçün vaxt verilirdi. Onların iş qrafiki nisbətən sıx olurdu. Həmin o istirahət günlərində dostları ilə vaxt keçirməyi xoşlayardı. Saşa o kəslərdən deyildi ki, ətrafında böyük kütlə ilə əylənsin. Onun bir neçə yaxın, etibarlı dostu vardı, boş vaxtlarında birlikdə olmağı sevərdi onlar və bu dostların hamısı azərbaycanlılar idi. Saşa Bakını çox sevirdi, bu şəhərlə o qədər doğmalaşmışdı ki, harasa gedəndə tez qayıtmaq istəyirdi, çünki Bakı üçün darıxırdı. Onun dil problemi yox idi, insanlarla rahat ünsiyyət qurmağı bacarırdı.
- Bakı həmişə beynəlmiləl şəhər olub və burada müxtəlif millətlərin əhalisi rahat şəkildə yaşayıb. Lakin 90-cı illərin əvvəllərindən başlayan hadisələr çoxlarını bu şəhəri tərk etməyə məcbur etdi...
- Bizim heç zaman belə bir fikrimiz olmadı. Həyat yoldaşım könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak edib. Müharibə dövründə sərnişin aviasiyasından hərbi aviasiyaya keçdi, oğlumuz dünyaya gələndə də o, Qarabağda idi. Atəşkəsdən sonra yenidən öz işinə qayıtdı. Deməyim odur ki, vəziyyətdən qorxub ölkəni tərk etməyi düşünməmişdik. Mən əminəm ki, həyat yoldaşım sağ olsaydı, 44 günlük Vətən müharibəsində iştirak edənlərin cərgəsində olacaqdı.
- 2024-cü ilin 25 dekabrı. Bir ana oğlunu növbəti uçuşa yola saldı...
- Həmin gün onu yola sala bilmədim, çünki bağda idim. Axşam zəng vurub dedi ki, səhər tezdən Qroznıya reysimiz var. Mən də həmişəki kimi ona uğurlar arzuladım və gələndə xəbər etməsini tapşırdım. Əslində bu tapşırığı verməyə ehtiyac yox idi, çünki Saşa özü buna bir qayda olaraq əməl edirdi. Gec saatda gəlsə belə, mesaj göndərərdi, bilirdi ki, səhər oyanan kimi oxuyacağam.
- O gün isə Saşadan xəbər gəlmədi...
- Özündən xəbər gözlədiyim halda, qara xəbərini eşitdim. Saşanın dostları ilə ailəvi yaxın münasibətlərimiz var. Rəfiqəm və Saşanın dostu Kamranın anası zəng vurub onun hansı reysdə olduğunu soruşdu. Biləndə ki, Qroznıya uçub, bircə kəlmə dedi - təyyarə yerə çırpılıb. İnanın sonra baş verənləri hələ də dəqiqliyilə xatırlaya bilmirəm. Məlumatların qeyri-dəqiqliyi haradasa bir ümid yarada bilirdisə, intizarda qalmaq çox üzücü idi. Məlumat təsdiqlənəndən sonra oğlumun naminə yaşadığım həyat mənim üçün söndü. Faciə günündən iki həftə əvvəl 32 yaşı tamam olmuşdu. Bütün arzularını, həyata keçirmək istədiyi hər şeyi özü ilə apardı. Mənim üçün heç nə qoymadı - nə bir təsəlli, nə bir yadigar...
- Zənnimcə, ondan qalan dostları bir təsəlli, bir yadigardır (Söhbətimizdə Saşanın yaxın dostu da iştirak edirdi).
- Bayaq düz vurğuladınız, Saşasız 150 gün yaşaya bilmişəmsə, bunda onun dostlarının və ailələrinin payı çoxdur. Məni özümə qapanmaqdan qoruyurlar. Bundan əlavə, yanımda yaşlı və xəstə anam var. Bütün bunları düşünərək, özümü toplamağa çalışıram. Hər ana üçün övladı digərlərindən fərqlidir. Saşa xasiyyət etibarilə cəmiyyət adamı deyildi, özünü, gördüyü işi qabartmağı heç sevmirdi. Bilik qazanmaq onun ən ali istəyi olub. Hər şeyin yerli-yerində olmasını sevirdi. O, çox ailəcanlı biri olacaqdı, buna heç şübhəm yox idi. Öz ayaqları üstə durmaq, kimsədən asılı olmamaq üçün inadkar biri idi. Həyatda sevmədiyi cəhət yalan olub. Nə özünün dilində yalan vardı, nə də yalan eşitməyi qəbul edərdi. Həyata özünün müəyyən baxışları vardı, kortəbii iş görməzdi və düzgün insan idi. Düzgün insanlar üçün həyat həmişə rahat olmur və bunu həmişə ona deyərdim. Saşa gənc yaşında peşəkar bir kapitanın yanında neçə-neçə insan həyatını xilas edə bildi. Bu, nə qədər qürurverici olsa da, onun yanında bir ana dərdi də var.
Bir dövlət olaraq Azərbaycan, onun Prezidenti bu faciəyə xüsusi diqqət və şəhid olanlara qayğı göstərdi, qəti şəkildə öz mövqeyini bildirdi. Adı terror olan bu hadisəyə humanist don geyindirməyə çalışanlardan ölkə başçısı sərt şəkildə tələb etdi ki, hər şeyi öz adı ilə adlandırmaq lazımdır. Həlak olan ekipaj üzvləri həqiqətən böyük qəhrəmanlıq göstərdilər və onlara verilən Milli Qəhrəman adı dövlətin öz vətəndaşına qarşı nə qədar həssas olduğunun sübutudur. Söhbətimizin əvvəlində belə bir fikir bildirdim ki, aviasiya ən təhlükəsiz nəqliyyat növüdür. Bu fikrimdə yenə də qalıram və arzu edərdim ki, qara niyyətlər heç zaman mavi səmaya əl uzatmasın, çünki ora sülh göyərçinlərinin məkanıdır.
SÖZARDI: Müsahibə üçün ünvana gələndə qapı açılan kimi Yelena Yuryevnanı qabaqlayıb qarşıma dikilən iri bir it gördüm. İlk anda qorxsam da, üzünə baxdıqda o qədər məsum baxışlarla qarşılaşdım ki, bu, bir qədər sakitlik gətirdi. Müsahibə boyu da nə səsi çıxdı, nə də maneçilik törətdi. Hətta onun üçün ayrılan yumşaq döşəkçədə evin pişiyi belə, rahat şəkildə uzanmışdı. Sağollaşanda onu bir daha diqqətlə süzdüm - bu məsumluğun arxasında sahibi üçün darıxan bir ürək var idi. Daha sonra ev sahibəsi mənə onun tarixçəsini danışdı: "Labrador cinsindən olan bu iti sığınacaqdan götürmüşdük. Baxmayaraq ki, heyvan almağa imkanımız vardı, biz belə qərar verdik, çünki itlər də isti bir evdə sahibləri tərəfindən sevildiklərini hiss edərək yaşamaq istəyir".
Sonda anladım ki, Molli adlı itin baxışlarındakı bu ifadə həm minnətdarlıqdır, həm də həsrət...
Tamilla M-ZADƏ


