PİYADA QALMAMQÇÜN PİYADA GEDİLƏN YOL Rafael Hüseynov yazır
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rafael HÜSEYNOV
Akademik
Adi olmayan ömürləri ilə, insanlara yadigar qoyduqları fövqəladə yaradıcılıqlarıyla tarixdə əbədilik qalan insanların haqqında rəvayətlər söylənib, əfsanələr qoşulub və onların haqqında belə əfsanələrin, rəvayətlərin, söyləmələrin qoşulması da həm qanunauyğundur, həm də haqqitirməz insan nəcibliyinin ifadəsidir.
Onlar hər insan övladı kimi, bu fani dünyaya gəliblər və həmin fanilik üzərində zəfərlərinin təntənəsi olacaq, heç vaxt zavala uğramayacaq əsərlər doğurublar, istedadları ilə onlara qədər olan dünyanı daha yaxşı etməkçün müstəsna işlər görməyi bacarıblar. İnsanlar da onlara minnətdarlıq və məhəbbət borclarından qoşub-düzdükləri hekayətlərlə, nəğmələrlə, o seçilmişlərin adına bağladıqları dastanlarla çıxıblar. Bəzən o qəbildən olan rəvayətləri, əfsanələri oxuduqca, dinlədikcə əvvəlcə bunları inanılmaz sayır, möcüzəvari qavrayırıq. Axı gözümüz önündəki insanlar, gündəlik həyatda rastlaşdığımız əməllər bunca qeyri-adi olmur, axı dərk edirik ki, sıradan olan bəşər övladının qabiliyyəti və imkanları belə yüksəkliklərə yetməkdə acizdir. Ancaq unutmayaq ki, bu insanların özləri də bizim kimi, hər kəs kimi, ətrafımızdakı yüzlər, minlər kimi olmayıblar. Onlar varlıqları ilə bu dünyaya elə işıq kimi, möcüzə kimi, bir ananın doğduğu övlad kimi deyil, İlahidən əta olunan töhfə kimi gəliblər. Necə ola bilər ki, üzərlərində Tanrı şəfqəti olan bu cür nadirlərin həyatı, iş-gücləri elə sadə insanlarınkı təhər olsun?! Ona görə də əslində elə onların hər biri, hansı millətin bətnindən gəlməsindən asılı olmayaraq, BƏŞƏRin övladıdır, belələri haqqındakı rəvayətlərə, əfsanələrə, hekayətlərə də nə qədər ağlasığmaz, nə qədər möcüzəvari təsir bağışlasa belə, tam səmimiyyət və ciddiyyətlə inanmaq istəyirsən. Ülvi, Yerdəkilərdən çox ucada dayanan sözlər elə nəhənglərə yaraşar.
Əbu Əli - məşhur Avitsenna haqqında sıra-sıra rəvayətlər var və o hekayətlərdən biri deyir ki, İbn Sina uşaqkən dil açanda ilk sözü "niyə?" olub. Əlbəttə, eldən-elə, dildən-dilə fərq var. Biri dili söz tutunca "inqa" deyir, bir başqası "ana" deyir, bir ayrısı gələcəkdə danışacağı, ona ana dili olacaq lisanda "ana" sözünə oxşar bir səs çıxarır. Bəlkə də o səs heç həmin dildəki "ana" sözünə oxşamır da. Ancaq biz "inqa"nı elə "ana" kəlməsi kimi qəbul etmirikmi? Başqaları elə bu sayaq. Hər valideyn sevərək balasının çıxardığı səslərdə bəlli kəlmələrə bənzəyişi özü tuta bilir. Lakin nə qədər oxşadırsan-oxşat, dünyaya gələn uşağın elə ilk sözü olaraq aydınca "niyə" səslənməsi mümkünsüz görünür axı!
Di gəl başqalarına nisbətdə təsəvvürəsığmaz sayılan bu söyləm İbn Sina haqqında olduğundan ona şəkk gətirməkdə tərəddüd edirsən. O körpənin böyüyüb İbn Sina olduğunu bilincə istər-istəməz düşünürsən ki, niyə də yox? Axı bu, Əbu Əlidir! Çünki ondan sonra qalan miras açıqca anladır ki, bu düşüncə sərvətini doğuran dahilər dahisi imiş, dünyaya da elə "niyə"lərə cavab tapmaqçün gəlibmiş. Bütün ömrü və irsi möcüzə səviyyəsində olanın elə dil açınca möcüzə göstərməsinə niyə inanmayasan?!
XI yüzilliyin böyük şairi və filosofu Baba Tahir Üryandan insanlığa "Kəlamat-i qisar" - "Zərbülməsəllər" adlı müdrik və sonra da şərhinə silsilə risalələr həsr edilən köhnəlməz əsər qalıb. Min il əvvəl yaranıb, ancaq bu gün də təzədir, ən müasir insanların düşüncəsini dəbərdə, yeni fikir üfüqlərinə qanadlandıra bilir, lap elə gələcək yüzillər içərisində də insanlara yol göstərəcək, öyüd verəcək. Baba Tahirin hərəsi dördcə sətirdən ibarət dübeytiləri qalıb - hamısı ilahi və insani məhəbbətlə çağlayan şeirlər. Min il əvvəl hansı atəşi saçırdısa, bu gün də həmin gücdədir. Baba Tahir haqqında da bolluca rəvayətlər dillərdə dolaşmaqdadır. Onlardan biri nağıl edir ki, Baba Tahir yazıdan-pozudan xəbəri olmayan savadsız odunçu imiş. Guya günlərin birində mədrəsəyə gəlir. Yazıb-oxuyan, dərs söyləyən uşaqlara gendən bir neçə gün həsrətlə baxır və nəhayət, soyuq qış günündə uşaqların dərsdən sonra mədrəsənin həyətində yığışdığı dəqiqələrdə onlardan birinə üz tutur, soruşur ki, axı necə olur, belə gözəl oxuya, yaza, danışa, bu qədər biliklərə sahib ola bilirsiniz, hansı kitabı açsanız, oxuyunca beyninizə hopur?
Geyim-kecimi çox kasıbyana, beli odun şələli bir yeniyetmənin mədrəsə yoldaşlarından birinə yaxınlaşdığını görən digər uşaqlar da cəmləşirlər onların başına. Odunçunun belə sadəlövh sualını eşidincə onunla məzələnməyi qət edirlər. Ən zarafatcıllarından biri qayıdır ki, o nə sualdır verirsən, bu ki lap asan işdir, istəsən, sən də edə bilərsən. Sadə bir yolu var. Əgər sən də bizim kimi etmiş olsan, günü sabahdan olacaqsan elə bizim kimi ağıllı, bəlkə bizdən də üstün. Tahir tez maraqlanır ki, axı necə olur o? Həmin cüvəllağı dillənir ki, bu hovuzu görürsənmi, üzü buz tutub, əgər sübh tezdən mədrəsənin həyətinə gəlib alnını bu hovuzun səthinə çırparaq buzu sındırsan, başını soyuq suyun içinə bir neçə dəfə salıb çıxarsan, həmin dəqiqə ağıllanacaqsan, biliklər hamısı uçub gələcək sənin üstünə.
Guya sadədil Tahir bu deyilənlərə inanır, ertəsi gün dan yeri qızarmamış həmin mədrəsəyə yollanır. Baxır ki, ətrafda heç kəs yoxdur. Yaxınlaşır həmin hovuza. Başıyla hovuzun buzunu sındırır, bir neçə dəfə başını salır hovuzun suyuna və əfsanə söyləyir ki, həmin anda möcüzə baş verir. Səmadan bir parça şölə qoparaq onun ağzına girir və Tahir hiss edir ki, birdən-birə sanki içərisi işıqla, istiliklə doldu, qəfilcə bilikləri artdı, sanki həmin ləhzədən etibarən aləmi başqa cür görməyə başladı və o günəcən bilmədiyi ərəb dilində bədahətən, sonralar atalar sözü kimi dil-dil dolaşacaq bir cümlə deyir: "Əmseytu kurdiyyən, və əsbəhtu ərəbiyyən". Yəni "Mən cahil kimi yatmışdım, alim kimi oyandım".
Beləcə, el söyləməsi bir qafili anlar ərzində aqilə çevirir.
Qəzəlin zirvəsi Hafiz Şirazi haqqındakı rəvayət də elə Baba Tahir haqqında olan söyləmə kimi möcüzə çalarlıdır.
Hafiz də günlərin birində məzarlığa təşrif gətirir, çox sevdiyi, amma erkən itirdiyi sevgilisinin məzarını qucaqlayır. Günorta vaxtı gəlibmiş, ancaq saatlar ötür, axşam düşür, gecə yetişir və elə qəbrin üstündəcə nakam aşiqi yuxu tutur. Hələ dan yerinin çırtlamadığı əsnada, hələ zülmətin dağılmadığı çağda ayılınca onu qəbiristanlığın vahiməsi basırsa da, sonra baş verən hadisə bütün vücudunu silkələyir: qaranlıqdan bir əlçim alov parçası sıyrılaraq ona doğru uçur, ağzına girir, içərisi həmin andaca nurla, hərarətlə dolur və o saniyələrədək ömründə bircə misra belə şeir yazmamış Şəmsəddin bədahətən bu misraları deyir: "Duş vəxt-e səhər əz ğosse necatəm dadənd, Vəndə an zolmət-e şəb ab-e həyatəm dadənd". Yəni səhər çağı mənə qəmlərdən nicat bəxş olundu və həmin gecə zülmətində mənə dirilik suyu verildi.
Rəvayət inandırır ki, məhz həmin gecədən sonra bu cavan oğlan dönüb olur sonralar hamının tanıyacağı, şeirləri könüllər fəth edəcək Hafiz Şirazi.
Zəkasının ənginliyi ilə sələfi olan düşüncə zirvələrinə bənzəyən, XI əsrdə parlamış və işığı bu günə qədər kəsilməyən Azərbaycan ulduzu Xətib Təbrizi haqqında da oxşar rəvayət var ki, mədrəsədə oxuyurmuş, şagird yoldaşlarının arasında biliyi, çalışqanlığı ilə çox fərqlənirmiş və gecələrdən birində yuxuda görür ki, saysız-hesabsız əlyazmalarla dolu bir kitabxanadadır. O, rəflərdən bir-bir kitabları götürüb baxdığı zaman anidən zəlzələ qopur, qalın-qalın əlyazmaların, divanların, risalələrin hamısı qalaqla bu yeniyetmənin üstünə aşır və müdhiş ağırlıqdan nəfəsi kəsilməyə başlayır, hiss edir ki, tab gətirməyəcək, dəqiqələr, saniyələr ərzində ömrü bitəcək. Nəfəsinin tıncıxdığı o məqamda qorxulu röyasına ağ geyimli bir nurani şeyx varid olur. Yaxınlaşır, əsası ilə bircə anda o kitabları aralayır və cığır açılır. Deyir, yavrum, əgər istəyirsən ki, həyatın çətinlikləri səni beləcə üstündən basaraq əzməsin, açdığım yolla irəlilə, bu yol Şama aparır, bu yolu tutub get, orada böyük ustadlar var, get onlardan dərs al, öyrən, dediyimi etsən, mətləbinə qovuşacaqsan, gün gələcək, sən elə kamil olacaqsan ki, ustadlarını da ötüb keçəcəksən.
Ədəbiyyatımızın son min illik dövrünü göz önündə canlandıranda qatarının sonu görünməyən ulu ədiblərin, alimlərin, mədəniyyət insanlarının adları, surətləri iftixar oyadır. Onlar Azərbaycanın və yalnız Azərbaycanın da deyil, bütün Yaxın və Orta Şərqin möhtəşəm elmini, əlvan mədəniyyətini, böyük ədəbiyyatını yaratmaq yolunda can qoyublar. O insanların hər biri minnətdarlıqla və əlbəttə ki, iftixarla anılmağa layiqdir.
İndi XXI yüzilliyin hündürlüyündən arxada qalan minilliyin ayrı-ayrı əsrlərini seyr edirkən, həmin yüzillərin qoynundan keçib-getmiş dahilərimizi düşünürkən istər-istəməz həm də xalqımızın, yurdumuzun taleyi barədə fikrə dalmalı olursan. Arxada qalan min ildən artıq zaman boyunca, elə indiki yaşadığımız zamanda da bizim ədəbiyyatın, mədəniyyətin, elmin ən vacib xüsusiyyətlərindən biri bu olub ki, yalnız özümüzə deyil, ətrafdakı bütün mədəni aləmə ünvanlanıb. Həm də o dühalarımızın daimi üstünlüklərindən biri də budur ki, onlar yalnız ana dilində yazıb-yaratmayıblar - çoxdilli olublar. Bəzən naşılar, həqiqətin dərinlərinə getməkdə aciz olanlar, yaxud cild dəyişmiş düşmənlərimiz əslində üstünlük olan bu keyfiyyətimizi kəsirimiz kimi qələmə verməyə cəhd edirlər, bugündə oturub əsrlər öncə yaşamışlara irad tuturlar ki, niyə filan şair, filan alim 600 il qabaq, 900 il öncə, ya 300 il əvvəl ərəbcə, farsca, ya qeyri bir dildə yazıb. İslamın gəlişindən, VIII-IX əsrlərdən başlayaraq müsəlmanlığın intəhasız kimi görünən coğrafiyanı əhatə etməsindən sonra ərəb dili də, ərəb əlifbası da bu böyük ərazini əhatə etdi və bərqərar oldu, hökmranlığını başladı. Ərəb işğalı müəyyən bir zaman sürdü və günü yetişdi ki, bitdi. Həyat dəyişirdi. Ərəblərin bir zaman istila etmiş olduqları yerlərdəki xalqlar azadlığına da çatdı, bir çoxları öz dövlətlərini də qurdu, müstəqilliklərini də irəlilətdi. Ancaq ərəblər çıxıb getmişdilərsə də, onların gətirdiyi din də, dil də, əlifba da burada qaldı. Yüzillərlə qaldı və yerliləşdi, vətəndaşlaşdı, dildə ərəb kəlmələri doğmalaşaraq oturuşdu. Ərəb əlifbası gündəlik həyatımızın bir parçasına çevrildi. Elmimiz də ərəb dilində uzun əsrlər boyu yaranmaqda davam elədi. Zamanına görə bu, kürəsəlləşmənin, indi qloballaşma dediyimiz o cahanşümul ortaqlaşmanın Şərqdəki görüntüsü demək idi. Başlanğıcda islam dini də, ərəb əlifbası da ortaq dildə - ərəbcə yaranan elm də, müştərək lisanda - farsca yaranan ədəbiyyat da xalqları bir-birindən ayrı salmırdı, əksinə, onları ortaq bir mənəvi müstəvidə qovuşdururdu.
Ərəblər İspaniyaya qədər gedib çatmışdılar. Yüzillər boyu Əndəlüsdə onların bayrağı ucaldı. Əndəlüsdə ərəb dilində yazılan bir elmi əsər çox tezliklə Orta Asiyada da oxunurdu, Qafqazlarda da, Anadoluda da, İranda da, Hindistanda da. Ya Orta Asiyada, yaxud Qafqazda - Azərbaycanda fars dilində yaranan Nizami məsnəvisi tezliklə əks-sədasını Hindistanda verirdi. Bu səsləşmələr əngin ədəbi-elmi-mədəni məkanı hamınınkılaşdırırdı. Zamanında latın dili də Qərb üçün eyni birləşdirici vəzifəni yerinə yetirmişdi. Necə ki, elə ingiliscə, fransızca da bu gün dünyada mahiyyətcə eyni birləşdirici, ortaq mənəvi mühityaradıcı işi görməkdədir. Və çoxdillilik Azərbaycan elminin, ədəbiyyatının da həmişə baş ucalıqlarından, güc göstəricilərindən biri olub.
XI əsrdə parlamış, işığı bu gün də kəsilməyən və əlbəttə ki, gələcək yüzillərin içərisində də daim var olacaq Yəhya ibn Əli ibn Zəkəriyya Xətib Təbrizi belə çoxdilli, çoxbilikli və bütün gələcəklərə əsərlər ünvanlayan dühalarımızdandır.
Xətib Təbrizi çox yaşamayıb, vur-tut 79 il. Ancaq onun vəfatından 790 il keçəndən sonra da, bu gün də və 7900 il sonra da dünya qalacaqsa və azərbaycanlılı olacaqsa, o vaxt da Xətibin əsərləri təzəliyini və gərəkliyini qeyb etməyəcək.
Xətib Təbrizi risalələrini XI əsrdə yazmışdı. XIX əsrdə yüksələn Qərb bir vaxtlar ondan çox ucalarda olmuş Şərqə indi üstdən baxırdı. Lakin bununla belə, elə həmin XIX əsrin əvvəllərində Xətib Təbrizinin XI yüzildə yazdığı risalələri qərblilər sevərək, bu əsərlərdən öyrənərək onları həvəslə fransızcaya, ingiliscəyə, almancaya çevirirdilər. Məhz bu əsərlərdə köhnəlməyən, yeni zamanda da gücünü qoruyub saxlayan bilik olduğundan bu qəbil tərcümələri gerçəkləşdirməyi lazım bilirdilər.
Xətib möcüzəsi yoxdan yaranmamışdı. Ona qədər Azərbaycanın böyük alimləri də, şairləri də, ədibləri də, musiqişünasları da olmuşdu. İndi əski təzkirələri qaldırsaq, orada adı keçən və Xətibdən əvvəl IX-X əsrlərdə parlamış alimlərin, ədiblərin adlarını seçərək ard-arda yazsaq, bu şərəfli siyahı bir deyil, çox vərəqlərə sığar. Təbii ki, bu zaman onların adlarının, nəsəblərinin, künyələrinin, yəni ata və övlad adlarının yanında nisbələri, yəni hansı yurddan olduqları da göstəriləcək. Onda həmin sıralanmada bütöv Azərbaycan coğrafiyası görünəcək: Təbrizilər, Ərdəbililər, Zəncanilər, Xoylular, Marağalılar, Səlmasilər, Bakuvilər, Gəncəvilər, Şirvanilər, Bərdəyilər. Bu elmi-ədəbi xəritənin qürurvericiliyi ilk növbədə ondan ibarətdir ki, Azərbaycanın dörd bucağında orta əsrlərdə elmi-mədəni inkişafın bütün yurd boyunca cərəyan etdiyini nişan verir.
Həm də bu alimlərin, ədiblərin çoxunun ad-sanı IX-X yüzillərdə, yəni Xətibdən bir qədər əvvəl o çağın ədəbi-mədəni, elmi mərkəzlərində - Mosulda, Qahirədə, Bağdadda, Misirdə yayılıb. Demək, Azərbaycan zəkası Xətib Təbriziyə qədər də ucsuz-bucaqsız ərazidə etiraf və qəbul edilibmiş. Yəni Xətib göydən düşməmişdi, bir möcüzə kimi yaranmamışdı, o, bəlli ənənənin davamı idi. Ancaq mövcud olan ənənənin, var olan köklərin, təməllərin üzərində necə ucalmaq məsələsi də var axı. Xətib Təbriziyə qədər lüğətçiliklə məşğul olanlar, leksikoqrafiyaya aid əsər yazanlar olmuşdu. Ancaq Xətib elə əsərlər yazdı ki, onaqədərki bütün leksikoqrafiya tarixinin, lüğətçilik keçmişinin, dilçilik dünəninin doğurduqlarını üstələdi və bu istiqamətlərin hamısında "ən böyük alim" qiymətini qazandı. Xətib Təbriziyə qədər "elm-i bədi" - poetika elmi vardı və beş hissədən ibarət idi: bəyan, bədi, məani, qafiyə, əruz. Bu istiqamətlərdə başqaları da - həm azərbaycanlılar, həm ərəblər və farslar, həm də Mərkəzi Asiyada ömür sürən digər irili-xırdalı xalqların təmsilçiləri əsərlər yazmışdı. Ancaq bu təfəkkür meydanında Xətib göründü. Əruza və qafiyəyə dair əsərlər yazdı, indiyə qədər yazılanların hamısını üstələdi, bu sahələrdən söz açılarkən əsas istinad nöqtəsinə çevrildi və sabiq əruzçulardan, qafiyəşünaslardan bəhs ediləndə hökmən onun adının əvvəlinə "ilk ən böyük alim" əlavəsi edildi.
Ərəbcə Xətib Təbrizinin ana dili deyildi, doğma dili türkcə idi. Təbrizdə təvəllüd tapıb böyüdüyündən uşaqlığından farscanı da ana dili kimi mənimsəmişdi. Ərəb dilini isə sonradan öyrənmişdi. Ancaq ərəb dilçiliyinə dair, ərəb dilinin qrammatikasına aid elə əsərlər yazdı ki, ərəblər özləri heyrətdə qaldı. Ərəb oğlu ərəb bu dilin incəliklərini, tarixini, gizlinlərini bir azərbaycanlının - Xətib Təbrizinin əsərlərindən öyrənməyə başladı. Ona görə də ərəb dilçiliyindən, orta çağın sərf-nəhvindən bəhs ediləndə də yazılmamış bir qayda ilə ən müxtəlif müəlliflər Xətib Təbrizinin adını çəkirkən ona "bu sahələrin əvvəlinci ən böyük alimi" deyə qiymət verirlər.
Səndən əvvəl keçilmiş yolları keçmək, o yolları adlamış birinci adam olmamaq, amma həmin yoldan keçənlərin hamısından yuxarı qalxaraq hamısının arasında "ən birinci", "ilk" adlana bilmək sadə hünər deyil. Bu, tarixdə ən nadir zəka sahiblərinə qismət olan bir səadətdir ki, Xətib Təbrizinin alnına belə bir xoşbəxtlik yazılmışdı.
Xətib Təbrizidən sonra da əsrlər boyu ayrı-ayrı ölkələrin böyük alimləri, elmlərin təkinə nüfuz etməyə səy göstərənlər ondan yadigar qalan risalələri oxuyub, buradakı bilik dərinliyinə, zəka hüdudsuzluğuna heyran qalıb, onun ali dəyərini veriblər. Bəs Xətib Təbrizinin öz zamanında, ona nisbətən yaxın olan əsrlərdə bu alim və ədib haqqında nə deyirdilər?
Xətib Təbrizi ilə eyni dövrdə yaşamış Ukbəri adlı bir alim olub ki, onu "bütün ədiblərin imamı" adlandırır - ellik ədiblərin öndəgedəni.
Yaxud bir qədər sonra yaşamış Yaqut Rumi adlı təzkirəçi Xətibi bütün leksikoqraflar, bütün qrammatika ilə məşğul olanlar, bütün ədiblər arasında "başçı" adlandırır.
Bəs başçının özünün yolu necə başlanmışdı?
1113-cü ildə vəfat etmiş, demək, elə Xətib Təbrizini görmüş insanlardan biri - Nəsir ibn Əhməd Xoylu onun haqqında məftunluqla söz açır, "Xətib Təbrizini Azərbaycan ölkəsində ədəbiyyatın şeyxi" adlandırır.
Bu tarixi əhəmiyyətli qiymətvermənin digər diqqətəlayiq cəhəti ondan ibarətdir ki, bu deyişdə əslində Azərbaycanın oçağkı ədəbi-mədəni və alimlər, ədiblər mühitinin dəyərləndirməsi də əks olunub. Demək, Xətib Təbrizi bir şeyx məqamındadırsa, onun ətrafındakılar da hər halda parlaqlarmış, onların da sözü Azərbaycana sığmayan, daha gen üfüqlərə çatanmış.
Xətib Təbrizi də əslində Azərbaycanın içərisində parlamamışdı ki. O, Azərbaycandan kənarlarda oçağkı elmin, ədəbiyyatın, mədəniyyətin mərkəzlərindən olan Bağdadda sözünü demişdi. Sonra həmin şöhrət sədası Azərbaycana da gəlib çatmışdı, Yaxın-Orta Şərqin digər mədəni mərkəzlərinə də.
Xətib Təbrizidən, onun müasirlərindən, Xətib Təbrizidən əvvəlki dövrün böyük Azərbaycan alimlərindən, şairlərindən, mədəniyyət adamlarından yazmağa qələm götürəndə, söz açmaq istəyəndə mütləq gərək ən başda artıq bizim zamanların insanı olan bir şəxsiyyət yad edilə. Müasir Azərbaycan ərəbşünaslığının orta əsrlərdə yüksələn o zirvələr parlaqlığında bir ulduzu da var idi - professor Malik Mahmudov. Malik Mahmudov ona qədər heç kəsin etmədiklərini etdi. Xətib Təbrizini bu gün Azərbaycan da, dünya da keçmişdəkilərə nisbətən daha yaxşı tanıyırsa və bu zirvəmiz barəsində artıq onlarca sanballı əsərlər yaranıbsa, Xətibin bir para risalələri tərcümə və şərh edilərək zəmanəmizin insanlarına təqdim edilibsə, əsas səbəbkar mərhum Malik Mahmudovdur. O, cavan yaşlarından çətin bir istiqamətə sarı yönəldi - Azərbaycanın VII-XII əsrlərdə yaranmış ərəbdilli irsini araşdırmağa girişdi, vaxt laylarının altında uyuyan misilsiz mirası qaldırmağa başladı. Malik Mahmudov bu sahədəki tədqiqlərini başlayanadək geniş kütlələrə də, elə elmi ictimaiyyətə də əsrlərin uzağında qalmış həmin şəxsiyyətlərimizin bir çoxlarının yalnız adları bəlli id. Malik Mahmudov Azərbaycan insanına o adların niyə yaşamasının sübutu və dayağı olan əsərləri tanıtdı, o simaların ömür və yaradıcılıq yolu haqqında ilk dolğun bilikləri yenigünkü elədi və ərəbdilli əski irsimizi örtmüş qalın dumanı və toz qatını yox elədikcə həm də o şəxsiyyətlərin hər birinə doğru pəncərələr açmış oldu: yəni mən cığırları göstərdim, siz də hərəkətə gəlin. Çünki həmin adlar və əsərlər sırası elə sıx idi ki, onları müfəssəl araşdırmağa nəinki bir alimin, heç iri bir alimlər dəstəsinin də ömür möhləti bəs etməzdi. Odur ki, Malik Mahmudov özü işlədikcə şərqşünaslığımızın "xam torpaqlarından" olan bu sahəyə qabil cavanları da dəvət və cəlb etmək haqqında düşündü. Nə heyif ki, həyatı insafsızca tez bitdi. Yarada biləcəyi böyük məktəb onun düşündüyü və gördüyü miqyaslarda şəkillənmədi və ərəbdilli zəngin irsimizi araşdırmaq yenə qığılcımını ondan almış ayrı-ayrı təşəbbüskar ardıcılların ümidinə qaldı.
1970-ci illərdə, hələ tələbə olduğum və ilk elmi araşdırmalara başladığım çağlarda günlərin birində Malik Mahmudovun mənə dediyi sözləri heç unutmuram. Şərqşünaslıq fakültəsinin indiki İstiqlaliyyət küçəsində yerləşdiyi binanın birinci mərtəbəsindəki kiçik kitabxanadaydıq, masanın üstündə o dövr üçün nailiyyət hesab edilən, mötəbər müəlliflərin iştirakı ilə hazırlanmış, Elmlər Akademiyamızın buraxdığı üçcüldlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabları düzülmüşdü. Malik müəllim qayıtdı ki, bizim ədəbiyyatımız, elmimiz elə zəngindir ki, əslində bu cildlər 3 yox, 10 və daha çox ola bilər. Ərəbdilli ədəbiyyatımızı yaxşı araşdırıb hətta bu kitabdakı kimi qısa oçerklər kimi yazsan, bu cür 3 cildə zorla sığar.
Ömür vəfa etsəydi, Malik Mahmudov özü təkbaşına da həmin işi görə bilərdi. O, vaxtı macal verən hüdudda ərəbdilli irsimizdən bəzi seçmələri şeirlə tərcümə də etmişdi. Bu iş də hökmən ayrıca davam etdirilməlidir. Ümumən, professor Malik Mahmudovun başladığı o yol - klassik ərəbdilli Azərbaycan ədəbi-elmi irsinin tədqiqi və yeni nəsillərə layiqincə təqdimi bir milli vəzifə və borcdur ki, gərək yerinə yetirməyə biganə qalmayaq.
Orta əsrlərin daha əvvəlki yüzillərə körpü olan ən mühüm müəlliflərindən olan Yaqut Həməvi "Mucəm əl-buldan" əsərində Xətib Təbrizini hədis elminin sütunlarından biri adlandırır.
Hədis elmi də, məşğul olduğu digər elm sahələri kimi, Xətib Təbrizidən xeyli əvvəl yaranmışdı və Xətibəcən xeyli adıbəlli hədisşünas ərəb alimi olmuşdu. Ancaq Xətib Təbrizi imzası hədisşünaslıqda görününcə mənzərə dəyişdi. O, elə əsərlər qələmə aldı ki, bu elmdə də "ilk ən böyük" adlandırılmağa başlandı, onu bu elmin də sütunu saydılar.
Salnaməçi, ədəbiyyatşünas İbn Quteybə Dinəvəri 828-889-cu illər arası yaşamışdı, ancaq yazdıqları bu aralıqdakı zamanı günümüzədək yaxın çəkə bilir. Ərəblər işğal etdikləri ərazilərdən götürdükləri əsirlərin ən yaxşılarını seçərək Məkkəyə, Mədinəyə yerləşdirirdilər və qul etdikləri bu adamlara "məvali" deyirdilər. Həmin məvalilərin də böyük əksəriyyəti elə azərbaycanlılarmış. İbn Quteybənin verdiyi məlumat da elə bu barədədir. Yazır ki, məvalilər arasında şairlər çoxdur, ancaq Mədinədə elə bir məvali şairə rast gəlməzsən ki, o, azərbaycanlı olmasın.
Bu sözlər qələmə gələndə hələ IX əsr tamam olmamışdı. Başqa sözlə, bunlar 1000 ildən də əvvəlin söhbətləridir və Azərbaycan istedadının gücünə baxın ki, o çağda da etiraf edilirmiş, hətta qul məqamına endiriləndə də bu xalqın balaları böyük və güclü olduqlarını əyan edə bilirmişlər.
Elə haqqındakı rəvayətlər və şeirindən örnəklər bizə Əbülfərəc İsfahaninin "Kitab ul-əğani"sində gəlib çatmış İsmayıl ibn Yəsar da həmin məvalilərdən biri idi. Ancaq ağlının, istedadının sayəsində hələ uşaqkən Peyğəmbər ailəsinin yaxınlarından birinə çevrilmiş, Peyğəmbərin nəvələri ilə dostluq etmişdi.
Xətib Təbrizi gedib Mosula, Şama, Bağdada çatana qədər də orada tanınıb-bilinən və əslən azərbaycanlı olan alimlər də, şairlər də yetərincə idi. Ancaq Xətib o mühitə daxil olandan az sonra sadəcə yaxşı şairlərdən, kamil alimlərdən biri kimi şöhrət qazanmadı. Şimşək kimi elə parladı ki, onun işığı bütün gözləri qamaşdırdı. Bu işıq elə gur idi ki, onu görməmək, görməzliyə vurmaq mümkün deyildi. Di gəl onu görməməyə, etiraf etməməyə, danmağa, gözdən salmağa çalışanlar da tapılırdı. Paxıllarının, rəqiblərinin, sadəcə əleyhinə danışmayıb həm də ona qarşı yıxıcı iş görmək istəyənlərin az olmamasını özü də şeirlərində acı-acı bəyan edib, başqaları da yazıb.
...Xətib Təbrizi şeirşünas idi, söz ümmanının görünməz qatlarına enməyə, başqalarının sezmədiyi gözəllikləri və incəlikləri aşkarlamağa, özü görüb başqalarına da göstərməyə qadir idi.
Şeirin elminə, yazılışının bütün qayda-qanunlarına xırdalıqlarınadək bələd olan kəsin, onda fitrətdən şairlik istedadı olmasa belə, məhz biliklərinin gücünə, səliqə-sahmanlı, qulağa xoş gələn, hətta ürəyə yata da bilən şeirlər yazması istisna deyil - oxuyacaqsan, vəzn də, qafiyə də, təşbihlər-istiarələr də öz yerində. Amma səriştəli şeir həvəslisi oxuyunca nəzm ülgüləri baxımından hər cəhətdən dübbədüz olan belə qoşqularda hökmən bir kəsiri də qeyri-ixtiyari tutacaq.
Yazanı nə qədər əlləşsə də, xəfifcə də olsa hiss edilir ki, bu qisim şeirlərdə nəbz döyüntüsü zəifdir, anlaşılır ki, bu şeirdəki ürək o ürək deyil - hərarət çatmır, səmimiyyət qıtlığı var. Bu misralardakı duyğuların özü yox, şəklidir.
Fəqət şeirşünas Xətib Təbrizi həm də fitrətdən qaynar ürəkli, tükənməz ilhamlı şair idi. Yəni onun şairliyi də alimliyindən, şeir biliklərindən deyil, Pərvərdigarın ona bağışladığı ilhamdan gəlirdi.
Xətib az yazıb, "Divan" bağlamayıb (Hərçənd sonradan onun şeirlərini toplayaraq xələflərin "Divan" adı altında məcmuələşdirməsi cəhdlərinə də rast gəlinir).
Xətibin az yazmağının da səbəbi, yəqin ki, şeir doğurmağa yalnız ürəyi hökm edəndə qələm götürməsidir. Elə bu səbəbdən də nə yazıbsa, hamısında onun kimsəyə bənzəməyən yanaşması, incə sezgisi, duyub-yaşadığına uyğun da zərif təsviretməsi var. Həm də onun şeirləri ənənəvi axından seçilir. Başqalarının yazdıqlarına əsla oxşamır.
Xətibdən əvvəlki, Xətibdən əsrlər sonrakı hansı şairin kitabını açırsan aç, hamısında Ay da olacaq, göylər də, günlərin birində bir çayın sahilində dayanıb düşüncələrə dalmağın təsviri də. Çox vaxt da belə qəlibləşmiş şeirlərdə əvvəlki iki-üç beyti oxuyunca ardını elə öz-özünə təsəvvür edəcəksən, bir an sonra mətləbin elə gözlədiyin kimi hicran ağrısı, vüsal həsrəti üstünə gəldiyini görəcəksən.
Ancaq Xətibin kimsəyə oxşamayan tərzdə qələmə aldığı misraları oxumağa başlayanda sonrakı beytlərdə mətləbin hansı istiqamətə yönələcəyini öncədən müəyyən etmək mümkünsüzdür. Çünki onda köhnə biçimlərə uyğun yazılmış bircə şeir də yoxdur. Nə yazıbsa, hamısı təzə sözdür.
Bu, Xətibdir. Səhər bir başqa çayın sahilində imiş, ancaq artıq axşam qaranlığa qatışanda ayrı bir çayın sahilindədir.
Ay da çıxıb, onun surəti titrəşən ləpələrin üstündə donuq şəkil sayaq deyil, hərəkətdə olan canlı kimi əks olunur.
Şairin əlində qədəh var, amma onun nəzərincə, şırıltıyla axıb keçən çay, sahilində dayandığı Fərat da bu anlarda ayrı bir qədəhdir ki, o qədəhi Ay nuş edir.
Bir Ay burada - ləpələr üstündə sayrışır, digər Ay səmada - Ay ikiləşib.
Və əslində bir olanın ikiyə dönməsinə heyrətlənən Xətib başlayır göydəki Ayla həsb-hala. Ondan bu gizlinci, belə ikiləşmənin nədənini açmasını diləyir.
Və səmadakı Ay da təsdiqləyir ki, yox, yanılmamısan, bu anda biz, doğrudan da, ikiyik. Mən burada səmadayam, obiri tayımsa sənin lap yanında. Sən üzüm şərabını nuş etdikcə, o da Fəratın suyunu mey kimi başına çəkir və həmin meyiçən mənim doğmaca qardaşımdır.
Yox, buna sadə şair təsviri demək doğru çıxmaz. Bu şeirdəki təsvir əsl rəssam lövhəsidir ki, var! Amma rəssamdan-rəssama da fərq var axı! Zahirən, peşəkar rəssam hər cür şəkil çəkə bilir. Fəqət dənizi daha çox çəkən və bu sahədə ustalaşanları marinist deyib ayırıblar, portretçilər rəssamlıqda bir ayrı zümrədir, canlı aləmi çəkən animalistlər bir başqa xətt, təbiəti fırçaya alan peyzajçılar bir ayrıdır, natürmortçular bir başqa.
Tək bu parçada yox, Xətib Təbrizi hər şeirində bir ayrı cür rəssamdır. Onun gözlə görülə bilən, əyaniləşən, təsvirləşən şeirlərini misra-misra oxuduqca bu gümana da düşürsən ki, yəqin, onun əl qabiliyyəti də varmış, şəriət yasaqları macal versə, elə gerçəkdən də şəkillər çəkərmiş.
Mey içirdim zövq ilə Dəclə boyunca sübhdən,
Axşam ondan da safın içdim Fərat səmtində mən.
Dəclədə bir ayrı dad, indi Fəratda fərqli dad,
Şəhdini almış üzümdən, hər biri ləzzət verən.
Zənn elə heç mey deyil, qətrə seçilməz dürridən,
Mey nədir? Mayeyə dönmüş dürr sanar nuş eyləyən.
Əks olunmuş Ay suda, heyrət, qarışmış, Ay Aya
Göy Ayıyla yer Ayı durmuş bu anda tənbətən.
Vəcdə gəlmiş varlığım,
meydir bu çay, qoy içsin Ay,
Mey deyil, Ay ləblərindən damcılardır mən içən,
Mən Aya saqi, Ay isə saqi olmuşdu mənə,
Gör səhər kim bircə an sərməst olurdu içmədən.
Göydəki Aydan soruşdum:
Kimdi bu çayda çimən?
- Qardaşımdır. Mən kimi bədr olmağın görməzmisən?!
(Ərəbcədən bütün şeirlərin bədii tərcümələri özümündür - R.H.).
Orta çağdan bəri Azərbaycanda yaxşı tanınan Bərməkilər nəslindən çıxmış alim, tarixçi, salnaməçi ibn Xəlliqan 1211-ci ildə anadan olmuşdu, 1282-ci ildə həyatdan getdi. Bu tarixləri ona görə ayrıca seçdiririk ki, İbn Xəlliqan yaşama zamanına görə Xətib Təbrizidən çox da uzaqda deyil.
Xətib haqqında hekayətlər Xəlliqanın dövründə hələ təzə idi, Xətiblə əlaqədar bir çox söhbətlər uzaq olmayan günlərin xatirələri kimi ibn Xəlliqanın qoca müasirlərinin hafizəsində qalmaqdaydı.
Və İbn Xəlliqan Xətib Təbrizini böyük elm imarətinə doğru aparan yolun əvvəli haqqında gerçəkçi soraqlar çatdırır.
Yəhya ibn Əli ibn Zəkəriyya, yəni Əli oğlu, Zəkəriyyə atası Yəhya - gələcəyin məşhur Xətib Təbrizisi 1030-cu ildə həmin o gözəllər gözəli Təbrizdə dünyaya göz açmışdı. Belə anlaşılır ki, həm də yazıya-pozuya, maarifə yaxın bir ailədə doğulubmuş. Çünki elə uşaqlıq çağlarında, yeniyetməlik dövründə mükəmməl mədrəsə təhsili görmüşdü. Belə nəticə çıxarırkən İbn Xəlliqana arxalanırıq. O məlumatı ki İbn Xəlliqan çatdırır, sadə bir ailədən çıxan, kitab-dəftərdən uzaq olan ailənin övladında belə maraqlar ola bilməzdi.
Məhəmməd Peyğəmbərin məşhur hədisidir ki, biliyin ardınca gedin, o, lap Çində olsa da. "Çin" məcazi alamda deyilən kəlmə idi, məqsəd ən uzaq mənzil, ən uzaq məsafə idi. Səma elçisinin də insanlara nəsihəti, vəsiyyəti bundan ibarət idi ki, elm nə qədər uzaqlarda olsa da, ona çatmaq nə qədər müşküllərlə bağlansa da, bunları aşın, elmə doğru irəliləyin.
Xətib Təbrizinin cavan yaşından keçdiyi yol və ömrünün yekunu həmin Peyğəmbər kəlamına sədaqətlə riayətin nümunəsidir.
İbn Xəlliqan yazır ki, gənc Xətib Təbrizi tanınmış alim Əbu Mənsur Əzhərinin "Dildə düzəliş" əlyazmasını oxumuş, ancaq həmin kitabda mənasını anlamadığı, yaxud mahiyyətini sonacan dərk etməkdə çətinlik çəkdiyi bir çox məqamlarla rastlaşmışdı. Təbrizin başbilənlərindən, ötkün alimlərindən məsləhət almışdı. Demişdilər ki, burada o suallara cavab verəcək alimləri tapa bilməzsən, sən Mosula yollan, Şam tərəflərə üz tut, orada böyük alimlər çoxdur, bu suallara cavabı oralarda tapa bilərsən.
İbn Xəlliqanın bu məlumatıyla Xətib Təbrizinin yuxusuna bir ağ əbalı şeyxin girərək məsləhətlər verməsi haqqındakı ayrı-ayrı rəvayətlər arasında oxşayış duyulmaqdadır.
Soraqlaşa-soraqlaşa Yəhya ibn Əli odövrkü Təbriz üləmalarının ən ağsaqqalına da yanaşır, ondan da oxuduğu kitabdakı qəlizliklər barədə soruşur. Əvvəlki ustadlardan eşitdiyini bu da təkrarlayır. Anladır ki, sənin suallarının cavabları burada deyil, Məərrə şəhərindədir, orada yaşayan alimlər alimi Əbül Əladadır, gərək Suriyaya gedəsən.
...Təbrizdən Şama qədər olan məsafə xeyli uzaq idi. Ya gərək daha xətərsiz və arxayın olanı seçərək bir karvana qoşulaydın, səni də aparaydı, ya da özünün miniyin olaydı, Allah ümidinə yola düzələydin. Ancaq səfər xərcini çəkməyə Yəhya ibn Əlinin imkanı yoxdu, gücü özünə çatırdı. Ona görə də bu uzun yolu piyada getmək qərarını verir. Heybəsinə Əzhərinin kitablarını, içərisində anlamadığı, yaxud sonuna qədər dərk eləmədiyi mənalar olan ayrı-ayrı risalələri yığır, düzəlir yola - payi-piyada, Təbrizdən Şama doğru.
Təbii ki, yol uzun idi. Bu məsafəni üç-beş günə, həftələrə qət etmək mümkün olmayacaqdı və səfər, elə qabaqcadan ehtimal edildiyi kimi də, aylarla uzanır.
Bu yolun qızmarı, tozu-küləyi, soyuğu-sazağı, küləyi-yağmuru vardı. Hələ uzun səyahətdə qarşısına yox yerdən nə qədər təsadüfi təhlükələr də çıxa bilərdi. Gərək hamısına dözə idi, çünki bu cavanın elmdə piyada olmamaqçün piyada getməyə başladığı yol məslək, əqidə, şərəf yolu idi və gün gələcək, elə bu yolçuluğun özü də ondan insanlığa qalan ən ibrətli dərslərdən birinə çevriləcək.
1 noyabr 2025
Baxış sayı:92
Bu xəbər 17 Noyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















