Portuqaliyanın 2 ci liqasından ÇL də ən yaxşı sayılmağa qədər Duranın dəyəri beş ayda üç dəfə artıb!
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir cavan oğlan düşünün. Portuqaliya 2-ci liqasında ortabab klublardan birinin futbolçusudu. Ehtiyatda qalır. Start heyətində bir oyuna belə çıxmır. Qızmar yay günü birdən telefonuna zəng gəlir ki, “səni “Qarabağ” adlı klub görmək istəyir". O isə düşünmədən razılaşır, gəlir. Bir də gözünü açır ki, Çempionlar Liqasında matçın ən yaxşı oyunçusu sayılıb.
Yəqin ki, söhbətin kimdən getdiyini təxmin etdiz. Qəhrəmanımız Kamilo Duran haqda danışacağıq. 2002-ci ildə Kolimbiyanın Santa Marta vilayətində doğulan Kamilo Cənubi Amerikada doğulan bir çox uşaq kimi futbola böyük maraq göstərib.
Karyerasının ilk peşəkar müqaviləsini 2021/22 mövsümündə ölkəsinin “Medelyin” klubu ilə bağlayır, U-20-də oynamağa başlayır. Daha sonra Braziliya “Flamenqo”su ilə müqavilə bağlayır. Lakin burda özünü doğrulda bilməyən Kamilo ölkəsinə dönür. Növbəti mövsüm Portuqaliya aşağı liqalarında qapı-qapı gəzir. “Lustaniya”ya transfer olunan Kamilo “Eştrela” ilə müqavilə bağlayır, lakin bu klubun U-23 komandasında çıxış edir. Burda da heyətə düşməkdə problem yaşayan gənc futbolçu “Lusitaniya”ya qayıdır. Ötən mövsüm isə “Portimonense”yə transfer olunur. Bu komandada 26 oyuna çıxır, mümkün 2340 dəqiqənin 1544-də meydanda olur, 5 qol vurur, 1 məhsuldar ötürmə verir. Və Portuqaliyanın aşağı liqalarından 10-dan çox futbolçu götürüb, potensialının tavanına çatdıran bir klubun “radarına düşür”. Söhbət “Qarabağ”dan gedir. Bəli, yayboyu hücumçu axtaran, ala bilmədiyinə görə hər kəsin tənqid atəşinə tuş gələn “Qarabağ” və Qurban Qurbanov onu transfer edir.
Kamilo Duran Leandro Andradenin əvəzedicisi kimi düşünülürdü. Lakin Nəriman Axundzadənin zədələnməsi, Duranın özündə görmədiyi xüsusiyyətləri Qurbanovun onda görməsi gənc yarımmüdafiəçini - vingeri hücumçuya çevirdi. Kolimbiyalı futbolçu debütünü 3-cü turda Şamaxıda - “Karvan-Yevlax”la matçda etdi. Amma burda da vinger kimi oynadı.
Sentyabrın 16-da “Qarabağ”ın Lissabonda “Benfika” ilə ağır səfər matçı var idi. Bundan 4 gün əvvəl isə “Zirə”yə qarşı oyun. Aydın məsələ idi ki, “köhlən atlar” “Zirə”yə qarşı hansı heyətdə meydana çıxacaqdısa, “Benfika” ilə oyunda da o heyət olacaqdı. Qurban Qurbanov hər kəsə sürpriz etdi. Hücumun sivri ucunda Duran var idi. Özü də 90 dəqiqə meydanda oldu.
Ulduzun ulduz olması isə Lissabon gecəsində bəlli oldu. 2-ci liqasında heyətinə düşməkdə çətinlik çəkdiyi ölkənin ən güclü komandasına ÇL-də qan uddurdu. 30-cu dəqiqədə məhsuldar ötürmə verdi, 48-ci dəqiqədə isə qol vurdu. Bundan sonra hər kəsə məlum oldi ki, Nəriman Axundzadə sağalandan sonra da əsas hücumçu ən azı qışa qədər Durandı.
O, oyundan-oyuna “artırdı”. Dəhşətli dərəcədə çox pressinq edir, bu mənada hətta Olavio Juninyonu da unutdurdu. Varlığı ilə rəqib müdafiəsini, qapıçısını vahiməyə salır. Sanki əsas işi elə budu. Belədə ya özü topu ələ keçirir, ya da oyundaşının ələ keçirməsinə şərait yaradır.
“Qarabağ”ın pley-offa çıxması üçün “Ayntraxt”ı məğlub etməsi hava-su kimi lazım idi. Kolumbiyanın çöllərindən qitənin ən mötəbər klub turnirinə qədər yüksələn 23 yaşlı gənc almanları iki dəfə məyus etdi, qələbədə böyük pay sahibi oldu və oyunun ən yaxşısı seçildi. Oyundan sonra müsahibəsində buna özünün də inanmadığını deyir. Ay Kamilo, kim inanardı ki, sən də inanasan? Duran Ağdam təmsilçisinin heyətində bu mükafatı qazanan 3-cü futbolçu oldu. Daha əvvəl bunu Pedro Bikalyo və Elvin Cəfərquliyev bacarmışdı. Kamilo isə geridə qalan 7 ÇL oyununun hamısında start heyətində meydanda olub, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Bilirsiz, maraqlı olan nədi? “Qarabağ”a gələnə qədər cəmi 9 qol vuran hücumçu bu komandanın heyətində geridə qalan 5 ay ərzində 5 qolun müəllifi olub. Rusiyalı həmkarlarımız isə kolumbiyalının ÇL-də belə parlaq nəticə fonunda ölkə çempionatında 15 oyunda cəmi bir qol vurmasını xüsusi maraqla qarşılayıb.
Artıq “Qarabağ” qışda hücumçu transfer etməlidi” kimi fikirlər də azalıb. Səbəbkar da məhz elə Kamilodu. Çox güman, onun “Qarabağ”a keçidində həmyerlisi Kevin Medinanın da rolu olub. Kamilodan yaşca 9 il böyükdü. “Qarabağ”da da xeyli müddətdi oynayır. Durana həm böyük qardaşlıq edir, həm də uyğunlaşmasında böyük pay sahibidi. “Qarabağ”ın hücumu da, müdafiəsi də kolimbiyalılara əmanətdi.
Olsun! Nəzərə alaq ki, Kamilonun cəmi 23 yaşı var. ÇL-də xarüqələr yaradan, bombardilik yarışında “10-luq”da olan bu cavan oğlan 300 min avroya gəldiyi “Qarabağ”a milyonlar qazandıra bilər. Bu arada Duran “Qarabağ”a gələndə “transfermarkt” dəyəri 275 min avro idi. Beş ay ərzində dəyəri üç dəfə artıb - 750 min avro olub.
Belə Duranı (Duran Emmi) türk dünyası sonuncu dəfə “Kurtlar Vadisi”ndə görüb. Amma o obraz idi, bu isə reallıq! Rəqibləri pressinqi və qolları ilə tar-mar edən reallıq!
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 24 Yanvar 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















