Sovet imperiyası dövründə belə, bir əlində xalqı, digər əlində hökuməti tutmağı bacarmış nadir vəzifə sahiblərindən biri...
Icma.az, Moderator.az saytına istinadən bildirir.
"Bu gün 80 yaşı tamamlanan Əlisaab Orucov səhifələdikcə hər sətrindən nur saçılan kitaba bənzər bir ömür yaşayıb... Həmin kitab əsasında gənclər üçün neçə həyat dərsliyi nəşr etmək, neçə sənədli və bədii filmlər yaratmaq olar..."
"Hansısa vəzifədə çalışmalı olan insan elə bir incə tərzdə orta yol tutmalıdır ki, həm yuxarıların tələblərini müəyyən çərçivədə yerinə yetirsin, həm də bununla bərabər mümkün qədər aşağılara, yəni xalqa heç bir zərər, zərbə vurmasın... Bu olduqca çətin və məsuliyyətli missiyadır. Onu yerinə yetirmək üçün insan öncə öz nəfsinə, tamahına sahib çıxmağı bacarmalıdır..."
....Həmişə hansısa vəzifəli şəxsin real əməlləri və gerçək şəxsi keyfiyyətləri haqda düşünərkən rəhmətlik atamın dilindən eşitdiyim, ona ulu babamız Əbdüləli bəy Şirinbəylinin hələ 1960-cı illərdə- Sovet imperiya hökumətinin o kəshakəs vaxtında verdiyi bir tövsiyəni xatırlayıram:
“Oğul, hansısa vəzifədə işləyəndə daim çalış bir əlində xalqı, digər əlində hökuməti tutasan...”
Çar hakimiyyəti, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü də həyatının yetkin çağlarında görmüş, I Dünya savaşının od-alovundan keçmiş bir ağsaqqalın verdiyi tövsiyə doğrudan da reallığa uyğun qızıl həddi ehtiva edir. Yəni hansı formasiyada, hansı quruluşda; demokratik, avtoritar, yaxud totalitar sistemdə yaşamasından asılı olmayaraq, hansısa vəzifədə çalışmalı olan insan elə bir incə tərzdə orta yol tutmalıdır ki, həm yuxarıların tələblərini müəyyən çərçivədə yerinə yetirsin, həm də bununla bərabər mümkün qədər aşağılara, yəni xalqa heç bir zərər, zərbə vurmasın... Bu olduqca çətin və məsuliyyətli missiyadır. Onu yerinə yetirmək üçün insan öncə öz nəfsinə, tamahına sahib çıxmağı bacarmalıdır. Təbii ki, bizim dünyamızda belə şəxsiyyətlər çox nadir olur. Təvazökarlıqdan bir qədər uzaq olsa da, fakt kimi deyirəm: 58 illik ömrüm boyu ilk belə vəzifə adamı olaraq rəhmətlik atamı görmüşəm. Bunu onu tanıyanlar da təsdiqləyə bilər...
Vəzifə başında ola-ola xalq və hökumətə münasibətdə qızıl həddi bacardığı qədər gözləyə bilmiş barmaqla sayılası digər şəxsiyyətlərdən biri kimi müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasının ilk ədliyyə naziri olmuş Əlisaab Orucovu tanımışam...
Aşağıdan yuxarı tanıyanlar yaxşı bilir ki, elə son müstəqillik tariximizə bərabər yazar, jurnalist fəaliyyətim boyu çox nadir hallarda kimlərsə haqda tərif, yəni müsbət fikirlər söyləmişəm, yazmışam. Öz qəlbimdən gəlməsə, hansısa siyasi, yaxud maddi maraqlar xatirinə heç kəs bu sətirlərin müəllifini kiminsə haqda boğazdan yuxarı təriflər deməyə, yazmağa məcbur edə bilməz... Və fəaliyyətim boyu barələrində xoş fikirlər yazdığım şəxslər əsasən Qarabağ, yaxud müstəqillik savaşının şəhidləri, gerçək qəhrəmanları, yaxud həyatda olan və igidlikləri faktlarla təsdiqlənən döyüşçülər, zabitlər, komandirlər olub... Əgər kiminsə haqda hansısa fikirlərimdə, sözlərimdə yanılmışamsa, Allah Özü bağışlasın...
Əlisaab müəllim də barəsində qəlbimdən axıb gələn müsbət fikirlər söyləyə, yaza biləcəyim nadir şəxsiyyətlərdəndir...
O da 20 ilə yaxın bir müddətdə məsul postlarda çalışdığı qəddar Sovet imperiyasının dövründə belə, bir əlində xalqı, digər əlində hökuməti tutmağı bacarmış müstəsna vəzifə sahiblərindən biri olub...
...Onun sorağını hələ 1990-cı illərin əvvəllərindən, yəni Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizənin, savaşların ən qızğın, qaynar çağlarında eşitmişdim. O dövrdə istər cəmiyyətdə, istərsə də mətbuat və telekanallarda əksəriyyət Əlisaab Orucovun prinsipiallığından, dürüstlüyündən bəhs edirdi. Onun haqqında kiminsə mənfi fikirlər söylədiyini xatırlamıram. Halbuki, həmin illərdə Əlisaab müəllim ədliyyə naziri, Baş nazirin müavini - Prezidentin fövqəladə səlahiyyətli nümayəndəsi kimi yüksək vəzifələrdə çalışıb. Və onu xalqın diqqət mərkəzinə gətirən əsas səbəblər çalışdığı vəzifələrdə mümkün qədər ədalətli, mötədil, insanpərvər olmasıyla yanaşı, yüksək postlar tutmasına rəğmən mütəmadi olaraq Qarabağda, Ermənistanla sərhəd bölgələrdə işğalçılarla savaşın ön xətlərində olmasıdır. Fəqət bir çoxlarından fərqli olaraq Əlisaab müəllim belə ekstremal və təhlükəli durumlarda vətən, xalq, dövlət uğrunda gördüyü işləri heç vaxt reklam etməyə ehtiyac duymayıb. Bunu o fakt da sübut edir ki, biz ondan müsahibələr götürərkən, açıqlamalar alarkən dəfələrlə Qarabağda, yaxud sərhədyanı bölgələrdəki fəaliyyətini əks etdirən bir foto, yaxud video-görüntü təqdim etməsini istəsək də, özünün belə bir foto və ya video çəkdirmədiyindən arxivində də olmadığını bildirib. Halbuki, o dövrdə müxtəlif telekanal və qəzetlər Əlisaab Orucovdan dəfələrlə müsahibə və açıqlamalar götürüb və bizlər onu məhz həmin reportajlardan tanımışıq...
...1990-cı illərdən bəri Qarabağ mövzulu bir sıra yazılarımda onun adını çəksəm də, təəssüf ki, Əlisaab müəllimlə şəxsi tanışlıq qismət olmamışdı. Onunla yalnız cəmi 4 il öncə- 2021-ci ildə təsadüfən bir məclisdə tanış olduq... O gündən jurnalist-maraqlı müsahib formatında geniş ünsiyyətimiz yarandı. Diqqətimi cəlb edən yalnız onun sovet dövründə məhkəmə hakimi, müstəqilliyimizin ilk illərindən idə ədliyyə naziri kimi Azərbaycanda insan haqqlarının mümkün qədər qorunmasına və hüquqi demokratik dövlət quruculuğuna verməyə çalışdığı töhfələr yox, həm də öncə qeyd etdiyimiz kimi, Baş nazirin müavini və Prezidentin fövqəladə səlahiyyətli nümayəndəsi kimi cəbhə bölgələrində ərazi bütövlüyümüzün qorunması uğrunda birbaşa əməli fəaliyyəti oldu...
Müxbir-müsahib əlaqələri tədricən aramızda insani, səmimi dostluq münasibətlərinin də formalaşmasına şərait yaratdı. Yaşadığımız məkanlar yaxın olduğu üçün bu günədək mütəmadi olaraq Əlisaab müəllimlə zəngləşir və birgə axşam gəzintisinə çıxırıq...
Bu qısa müddət ərzində mən I Qarabağ savaşı dövründə yalnız mətbuat səhifələrindən, telereportajlardan milli qeyrətliƏ ədalətli və cəsarətli yüksək vəzifə sahibi kimi tanıdığım Əlisaab Orucovu həm də bir insan kimi kəşf etdim... Tutmuş olduğu yüksək mövqelərə rəğmən yetərincə sadə və təvazökar bir insan olaraq tanıdım onu... Həm barəsində mediada yazılan və danışılan, nümayiş etdirilənlər, həm özü ilə geniş söhbətlər əsasında bu 8 onillikdə yaşadıqlarını dərindən öyrəndikdən sonra onun eyni zamanda bir sıra adi həyati, həmçinin siyasi məsələlərdə gərəyincə ciddi, prinsipial, səbirli, təmkinli və qətiyyətli bir şəxsiyyət olduğunu öyrəndim...
Əlisaab müəllim həmçinin həyata nikbin, imanlı və inamlı baxışlarıyla seçilən bir insandır. Bu, həm də onun artıq neçə onillikdir ki, Allahın bir mömin bəndəsi kimi ibadətlə məşğul olmasından irəli gəlir. Bu mənada adının mənası da diqqəti cəlb edir: "Əlisahib" (və ya Əlisaab) sözü ərəb mənşəli olub, “sahib, yiyə, hakim olan Əli”, "sahib yerində Əli çıxış edir", "Əli sahibdir" mənasını ifadə edən kişi adıdır. Ərəb dilindəki "Əli" (uca, yüksək) və "sahib" (yiyə, malik) sözlərinin birləşməsindən yaranmışdır...
Əlisaab müəllimlə hər dəfə həmsöhbət olduqdan sonra adam ruhən dincəlir, insanlara, gələcəyə ümidləri çoxalır...
Mənə atam yaşında belə bir ağsaqqal, nurani, müdrik bir insanla dost qismət etdiyi üçün Allaha çox minnətdaram...
Əlisaab Orucovun bir hüquqşünas kimi irsi Azərbaycan hüquq tarixində ədalət, peşəkarlıq və insan hüquqlarının qorunması nümunəsi kimi qiymətləndirilir və onun ictimai-siyasi həyatı bugünkü, həmçinin gələcək nəsillər üçün bir örnəkdir...
O, nəinki dövlətə və xalqa bağlılığı, yüksək peşəkarlığı, ədalətə sədaqəti və prinsipial mövqeyi ilə, eyni zamanda vaxtilə bir yüksək məqam sahibi kimi Azərbaycan xalqı, dövlətçiliyi, ərazi bütövlüyümüz uğrunda adi əsgərlərimizlə bir sırada, bir səngərdə sinəsini düşmən gülləsi qabağına vermiş bir sabiq nazir, məmur olaraq həmkarları və cəmiyyət arasında böyük hörmət və dəyər əldə etmiş bir insandır...
Əlisaab Orucov həm də elə bir sabiq vəzifə sahibidir ki, istər işlədiyi, istərsə də sonrakı zamanlarda övladları, doğma və əzizləri öz həyatlarında onun yalnız qürur duyulası, nəsil-nəcabətini başucalığı gətirəsi soraqlarıyla qarşılaşıblar və qarşılaşırlar...
Bu gün Əlisaab müəllimin 80 yaşı tamam olur. Amma maşallah, o, ruhən o qədər gənc, cavan enerjili görünür ki... Yəqin, bu enerjini ona həm də Allah, xalq, ayrı-ayrı insanlar qarşısında alnıaçıqlığı, qəlb təmizliyi, təmənnasızlığı, təvazökarlığı, daim – hər sözündə, hər addımında, hər əməlində, hər işində insanlıq, haqq-ədalət prinsiplərinə sadiq qalmaq cihadı verir...
Əlisaab müəllim, sizi bu yubileyiniz münasibətilə təbrik edir, ruh və cansağlığı, ictimai və şəxsi həyatınızda, hər iki aləmdə səadət diləyirik...
Siz elə bir ömür yaşamısız ki, o, səhifələdikcə hər sətrindən nur saçılan bir kitaba bənzəyir... Həmin kitab əsasında gənclər üçün neçə həyat dərsliyi nəşr etmək, neçə sənədli və bədii filmlər yaratmaq olar...
Allah cəmiyyətimizə sizi kimi ağsaqqal və ziyalıları çox görməsin!.. Sizlər hələ bu vətənə, bu xalqa çox gərəksiniz...
Dərin sayğılarla kiçik dostunuz:
Sultan Laçın
Baxış sayı:33
Bu xəbər 24 Yanvar 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















