Icma.az
close
up
RU
Prezident İlham Əliyevin qurultay çıxışı tariximizin ibrət manifesti

Prezident İlham Əliyevin qurultay çıxışı tariximizin ibrət manifesti

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxud Heydər Əliyev şəxsiyyətinin dahilik xarakteri

Günlər ötüb keçsə də, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Nəzərə alaq ki, dövlətimizin başçısı proqram xarakterli nitqində ölkəmizin dünəni və bugünü ilə bağlı vacib məqamları açıqladı, gələcəyə dair prioritet istiqamətləri vurğuladı, ən əsası, keçmişdə yaşananların unudulmamasına dair son dərəcə vacib mesajlar səsləndirərək, fikirlərini dolğun şəkildə əsaslandırdı.

Prezident İlham Əliyev YAP-ın təsis qurultayını qələbələrimizin başlanğıc tarixi kimi xarakterizə etdi: “O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı, faktiki olaraq, qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi”.

Dövlətimizin başçısı çıxışında ötən əsrin 90-cı illərinin əvvəllərinin mənzərəsini canlandıraraq, barəsində söz açdığı ictimai sifarişin nələrdən, hansı durumlardan qaynaqlandığını da diqqətə çatdırdı. O durumlar ki, onlarla əlaqəli hadisə və prosesləri xatırlamaq ağrılıdır. Axı yenicə müstəqilliyini qazanmış ölkə saysız-hesabsız problemlərlə yanaşı, işğal faktı ilə üzləşmişdi. İnsanlar imperiya buxovundan xilas olub azad yaşamaq uğrunda mübarizə aparmış, istək və arzularına qovuşmuş, amma məlum olmuşdu ki, verdikləri mücadilə sonunda qazandıqları heç nədir, hətta uğrunda canlarını fəda elədikləri dövlətin yaşam aqibəti belə sual altındadır.

Həqiqətən, çox ağrılı durumdur və Prezident İlham Əliyev çıxışında, sanki, o ağrını dindirdi. Dindirdi ona görə ki, tarix, eyni zamanda, ibrət səhnələrinə şahiddir. Hər kəsin dərs götürəcəyi, nəticə çıxaracağı ibrət səhnələrinə. Ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikamızda rəhbərliyə başlamasının start nöqtəsi olan YAP-ın 1992-ci ilin noyabrında Naxçıvandakı təsis qurultayı da müasir tariximizin ibrət yüklü şanlı səhifəsidir.

Dövlətimizin başçısının təbirincə desək, cəmiyyətimizin cəsarətli, mütərəqqi, dövlətin taleyini düşünən insanları məhz həmin qurultayda Ulu öndərin ətrafında birləşdilər: “Çünki xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş – 1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir”.

Ümumən, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı tarixin ibrət anlamı xüsusunda dilə gətirdiyi fikirlərlə zəngindir. O fikirlər ki, özündə ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərinin hadisə və proseslərin gərginlik yaşantısıdır: “Təsəvvür edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi, müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir”.

***

Bu yerdə o dövrün bir sıra erməni ictimai-siyasi və dövlət xadimlərinin dediklərini, daha doğrusu, etiraflarını yada salaq. Məsələn, 1974-1988-ci illərdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postunu tutmuş, sonra müstəqil Ermənistanın Milli Assambleyasının sədri olmuş və 1999-cu ilin “parlament terroru”nda qətlə yetirilmiş Karen Dəmirçyan Heydər Əliyevin Qarabağ hərəkatı başlamazdan əvvəl vəzifədən uzaqlaşdırılmasını ən mühüm nailiyyət kimi təqdim etmişdi: “Biz ən vacib işi görə bildik - Əliyevi hərəkat (Qarabağ hərəkatı nəzərdə tutulur – red.) başlamazdan əvvəl vəzifədən uzaqlaşdırdıq”.

Bundan başqa, K.Dəmirçyanadək, yəni 1966-1974-cü illərdə Ermənistan KP MK-nın birinci katibi olmuş Anton Koçinyan demişdi ki, “mənim rəhbərliyim dövründə Qarabağ məsələsi bir neçə dəfə qaldırıldı, lakin Heydər Əliyevin təsiri və mərkəzdə onun sözlərinin kəsəri bu məsələnin həllinə imkan vermədi”.

Bir sözlə, erməni tərəfi Qarabağ məsələsini dəfələrlə gündəmə gətirsə də, Heydər Əliyevin siyasi mövqeyi və Moskvadakı nüfuzu nəzərdə tutulan səssiz qəsbkarlığın reallaşmasına imkan və şərait tanımamışdı. Ulu öndər özü də müsahibələrinin birində bununla bağlı düşüncələrini bölüşərək demişdi: “Mənim işlədiyim dövrdə Ermənistan Azərbaycanın torpağının bir qarışını belə ələ keçirə bilmədi. Bu faktdır”.

***

Məlum olduğu kimi, 1969-cu ilin mayınadək sovet rəhbərliyi tərəfindən ermənilərə Azərbaycan torpaqları hesabına müxtəlif ərazi hədiyyələri olunub. İlk baxışdan, Qarabağ avantürasını bu hədiyyələrdən həvəslənmə kimi də xarakterizə etmək mümkündür. Amma ayrı-ayrı məqamların təhlili göstərir ki, avantüranın mahiyyətində daha dərin mətləblər var. Ulu öndər Heydər Əliyev 1990-cı ildə “Ulduz” jurnalının 6-cı nömrəsində yayımlanmış “Keçilmişlər haqqında düşünərkən” sərlövhəli müsahibəsində həm bu dərinliyi izah edib, həm də erməni millətçilərinin Qarabağ avantürası ilə bağlı maraqlı faktlar açıqlayıb. Söhbət müəllifi o dövrün tanınmış jurnalisti Elmira Əmrahqızı (Əhmədovaya) olan müsahibədən gedir.

Beləliklə, 1948–1949-cu illərdə Ermənistan rəhbərliyinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi məsələsini qaldırdığını vurğulayan Ümummilli lider ozamankı Azərbaycan rəhbərliyinin buna imkan vermədiyini, nəticədə məsələnin bağlandığını vurğulamışdı. Heydər Əliyev 1960-cı ildə eyni uğursuz cəhdin yenidən edildiyini də diqqətə çatdırmışdı. Uğursuzluqlar erməni millətçilərinin azğınlığını artırmış və Ulu öndərin respublikamıza rəhbərliyi dövründə azğınlıq dramatik məcraya qədəm qoymuşdu. Heydər Əliyev müsahibəsində bu barədə detalları açıqlayıb: “Mənim işlədiyim dövrdə yaxşı bilirdim ki, DQMV-də Ermənistandakı həmfikirləri ilə sıx əlaqələr saxlayan millətçilər var. Təbii ki, bütün bunlar gizli şəkildə həyata keçirilirdi. 1973-cü ildə DQMV rəhbərliyinin dəyişdirilərək yeni rəhbərliyin təyin olunmasını yaxşı xatırlayıram. Qeyd edim ki, vilayətin yeni rəhbərləri bu cür düşüncələrin yayılmasına imkan vermirdilər”.

Ulu öndər sözügedən müsahibəsində, həmçinin 1969-cu ildə birinci katib seçildikdən bir ay sonra Ermənistan KP MK-nın adını çəkdiyimiz birinci katibi Anton Koçinyana zəng etdiyini, onunla görüşdüyünü bildirmişdi: “Görüşümüz Qazax rayonu ilə İcevan rayonunun sərhədində baş tutdu. Mən məsələni kəskin şəkildə qoydum və Koçinyandan ərazi iddiaları irəli sürən erməni millətçilərini cilovlamağı, konkret tədbirlər görməyi xahiş etdim. Məncə, həmin görüş səmərəli keçdi. Çünki sonrakı dövrdə respublikalarımız arasında heç bir anlaşılmazlıq baş vermədi”.

Erməni millətçiləri Koçinyanın rəhbərlikdən getməsindən sonra yenidən fəallaşmağa başlamışdılar ki, Heydər Əliyev müsahibəsində həmin dövrü – 1975-ci ildən sonrakı zaman kəsiyini də təsvir etmişdi: “1975-ci ildə DQMV-də keçirilən plenumda vilayət partiya komitəsinin katibi Gevorkov beynəlmiləlçilik ruhunda tərbiyəyə həsr olunmuş məruzəsində bəzi millətçiləri tənqid etdi və konkret faktlar gətirməklə onları vilayətdə vəziyyəti sabitliyi pozmağa cəhd göstərməkdə ittiham etdi. O, onların arasında bu gün artıq çirkin niyyətləri ilə tanınan Zori Balayanın, ermənilərin xalq qəhrəmanı kimi təqdim etməyə çalışdıqları daşnak Andronikin adını çəkdi. Bu, bir sıra millətçilərin yenidən fəallaşmasına səbəb oldu, vilayət partiya komitəsinə, ilk növbədə isə, Gevorkova qarşı müxtəlif hərəkətlər başladı. Moskvaya və digər regionlara teleqramlar göndərilməyə başlandı, vəziyyət gərginləşdi.

İki ay sonra Moskvada Dəmirçyanla (Koniçyandan sonra Ermənistan KP MK-nın birinci katibi olmuş Karen Dəmirçyan – red.) mənim dörd saatlıq görüşüm oldu. Mən ona bildirdim ki, DQMV ilə bağlı məsələləri vilayət və Azərbaycan rəhbərləri həll etməlidirlər. Ayrı-ayrı şəxslərin Qarabağın işlərinə müdaxiləsi iki xalq arasındakı münasibətlərə zərər vura bilər və biz buna yol verməyəcəyik. Vəziyyət yenidən sakitləşdi”.

***

Məlum olduğu kimi, sakitlik 1987-ci ildə pozuldu. Erməni millətçiləri həmin il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutmuş Heydər Əliyevin, hətta xəstələnməsini də fürsət bilmiş və hərəkətə keçmişdilər. Ulu öndər o dövrü belə xatırlamışdı: “1987-ci ilin mayında mən xəstələndim. Sağaldıqdan sonra daha 1–2 ay işlədim. Həmin vaxt Ermənistandan mənə bir məktub gəldi. Məktubun müəllifi “Qarabağ” cəmiyyətinin rəhbərlərindən biri İqor Muradyan idi. Təəssüf ki, məktub indi məndə deyil. Bu məktubu son dərəcə həyasız bir adam yazmışdı. Məktubda o məni təhqir edir və hədələyirdi. Məktubun müəllifi bildirirdi ki, Qarabağın Ermənistana verilməsinə mane olduğum üçün mənə qarşı mübarizə aparacaqlar. Məktubda erməni terrorçuları tərəfindən öldürülmüş azərbaycanlıların və türklərin siyahısı da verilmişdi. Bu məktubu ailə üzvlərimdən başqa heç kim görməyib”.

Heydər Əliyev həmin zaman kəsiyində Ermənistanda rus dilində nəşr olunan “Kommunist” qəzetində sonradan Xocalıda uşaq qatili olmasından qürur duyan və yazdığı kitabda belə bir qəddarlığı təsvir edən cani Zori Balayanın “Artsaxın ağrısı və ümidi” adlı məqaləsinin yayımlandığını da bildirib: “O (Zori Balayan), məni Qarabağın Ermənistana verilməsinə mane olmaqda ittiham edirdi. Məqalədə deyilirdi ki, o və Silva Kaputikyan mənimlə bağlı şikayətlərlə Moskvaya müxtəlif məktublar göndəriblər. İqor Muradyan isə mənim məhkəməyə verilməyimi tələb edirdi. Yalnız sonralar öyrəndim ki, Moskvada işlədiyim dövrdə erməni millətçiləri Balayan, Kaputikyan və Muradyan mənə qarşı müxtəlif məktublar göndəriblər”.

O da məlumdur ki, ulu öndər Heydər Əliyev respublikamıza birinci rəhbərliyi dövründə erməni millətçilərinin məkrli niyyətlərini bildiyindən, Qarabağın Azərbaycana bağlılıq tellərini möhkəmləndirmək istiqamətində çoxsaylı tədbirlər reallaşdırmışdı. Ən əsası, bölgənin respublikamıza məxsusluğunu açıq şəkildə ifadə edən cəsarətli fikirlər səsləndirmişdi. Erməni millətçilərinin Heydər Əliyevə qəzəbi həm də bütün bunlara görə idi. Ulu öndər məqsədyönlü fəaliyyəti ilə avantürizm daşıyıcılarının Qarabağ fəallığının, kifayət qədər, yüksək fazasının dramatizmini heçə endirmişdi. Ona görə də bu dahi şəxsiyyətin SSRİ-nin siyasi olimpindən uzaqlaşdırılması ilə azğınlıq özünün pik həddinə çatmışdı. Sonra yaşananlar isə hamıya məlumdur.

***

Prezident İlham Əliyev YAP-ın qurultayındakı manifest xarakterli çıxışında Heydər Əliyevin respublikamıza birinci rəhbərliyindən sonrakı durumun təsvirini verərkən, o dövrdə Azərbaycana başçılıq edənlərin üzərində xüsusi dayanır. Çünki tarixi olduğu kimi çatdırmaq lazımdır. Çatdırmaq lazımdır ki, barəsində söz açdığımız ibrət yükü qabarıq olsun. Ona görə qabarıq olsun ki, torpaq itkilərinə və həmin itkilərin gətirdiyi acılara və məşəqqətlərə, məhrumiyyət və faciələrə yenidən qatlaşmaq məcburiyyətində qalmayaq. Dövlətimizin başçısının diqqətə çatdıracağımız bu fikirlərinə də məhz vurğuladığımız kontekstdən yanaşmaq şərtdir: “Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər, faktiki olaraq, Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən dırnaqarası liderlər faktiki olaraq iflic vəziyyətdə idi, öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır. İlk növbədə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın nəzarəti tam itirilmişdir. Ondan sonra Şuşa və Laçın rayonları 1992-ci ilin may ayında işğal altına düşmüşdür və ondan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi. Yəni birbaşa onların cinayətidir. Hakimiyyətə gəlmək üçün, ovaxtkı hakimiyyəti devirmək üçün məhz bu təxribata əl atdılar, faktiki olaraq, torpağı Ermənistana təhvil verdilər və ondan sonra bizim itkilərimiz daha da böyüdü”.

Bəli, müstəqilliyimizi itirmək təhlükəsini də böyüyən itkilərimizin fonunda yaşadıq. Lakin müdrik xalqımız hər şeyin yoluna düşəcəyinə olan ümidini itirmədi. Çünki onun Heydər Əliyev kimi ümid çırağı var idi. Obrazlı desək, o çıraq YAP-ın Naxçıvandakı təsis qurultayı ilə közərdi, 1993-cü ilin iyununda yandı, həmin ilin oktyabrında isə gur işıq saçmağa başladı. Beləliklə, Heydər Əliyevin liderliyi və YAP-ın yaranması ilə çıxılan qələbə yolu, bütün çətinliklərinə rəğmən, rəvan müstəviyə qədəm qoydu. O yol ki, 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri ilə torpaqlarımızı işğaldan qurtardı, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası məqsədinə çatdı, xalqımız adına müqəddəs amalın, haqq işinin gerçəkləşməsini təmin etdi.

Əvəz CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri