Prezidentdən ana dili mesajı: “Bu fikirlər anında İrana da yayılır”
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin, ədəbi dilin saflığının qorunması ilə bağlı mühüm məqamlara toxunaraq bu istiqamətdə dövlət siyasətinin əsas prinsiplərini diqqətə çatdırıb.
Dövlət başçısı dilin milləti birləşdirən əsas amillərdən biri olduğunu qeyd edərək, xarici kəlmələrin nəzarətsiz şəkildə dilə daxil olmasının milli kimliyə ciddi təhlükə yaratdığına diqqət çəkib. Prezident Azərbaycan dilinin zənginliyini, tarixi dövrlər boyu qorunub saxlanmasını xalqın böyüklüyünün göstəricisi adlandırıb və həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlıları ana dilinin qorunması uğrunda birgə mübarizəyə çağırıb.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, bu, mədəniyyət və dil məsələsi olmaqdan daha çox siyasi məsələdir. O qeyd edib ki, cəmiyyətdə geniş razılıq doğuran əsas məqam Azərbaycan Prezidentinin dilin inkişafına ardıcıl və prinsipial şəkildə göstərdiyi diqqətdir:
“Bu, daha çox siyasi müstəvidə qiymətləndirilməlidir. Ona görə də burada konkret yol göstərmək və çıxış yolu tapmaq son dərəcə çətindir. Amma əsas diqqəti cəlb edən və cəmiyyətdə razılıq doğuran əsas məqam Azərbaycan Prezidentinin dilin inkişafına ardıcıl və prinsipial şəkildə göstərdiyi qayğıdır.
Akademiyanın yubileyində də bu məsələyə ciddi şəkildə toxundu. Sonradan mövzu geniş ictimai müzakirə olundu. Prezident jurnalistlərlə görüş zamanı da həmin məsələyə yenidən və ətraflı şəkildə qayıtdı.
Təbii ki, 50 milyonluq Azərbaycan xalqının bir hissəsi indiki İrandadır. İranda indiyə qədər Azərbaycan dilində, Azərbaycan türkcəsində bir dənə də olsun məktəb yoxdur. İnsanlara nəinki ana dilində təhsil almaq, hətta bəzən uşaqlarına öz istədikləri adları qoymaq imkanı belə verilmir.
Bu gün İranda etiraz dalğalarının getdikcə güclənməsinin səbəblərindən biri də ölkənin bir sıra xalqlar üçün həbsxanaya çevrilməsidir. Əgər insanlara öz ana dilində danışmaq qadağan edilirsə - bu, istər dini dövlət olsun, istərsə də İslam dövləti adı altında idarə edilsin - qəbuledilməzdir. Çünki İslamda hər hansı bir dilin yasaqlanmasına dair nə Quranda, nə də Peyğəmbərin hədislərində rast gəlinir.
Dil insana Tanrı tərəfindən verilibsə, o dildə danışmalıdır. Bu məsələyə vaxtilə mərhum Heydər Əliyev də dəfələrlə toxunub, Azərbaycan dilinə münasibətin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Dilimizin inkişafı ilə bağlı dəfələrlə məsələ qaldırmışdı.
Bu gün Azərbaycan Prezidenti əslində o ənənəni davam etdirir. Mənə elə gəlir ki, bu məsələ təkcə Azərbaycanın hüdudlarında və bizim mətbuatda qalmayacaq. Bu fikirlər anında qonşu ölkələrə, o cümlədən İrana da yayılır. Çünki bu, ən adi insan haqlarıdır. İnsan öz dilində danışmaq hüququnu itirməməlidir”.
Xalq şairi vurğulayıb ki, məsələ təkcə İranla məhdudlaşmır:
“Bu gün Dərbənddə yaşayan azərbaycanlıların ana dilində fəaliyyət göstərən məktəblərinin sayı getdikcə azalır. Dərslik məsələsi problemdir. Getdikcə ana dilinin istifadə dairəsi, çərçivəsi daralır. Borçalıda yaşayan azərbaycanlılar məcburən gürcü dilini öyrənməyə başlayırlar. Bu təbiidir, çünki gürcü dili yaşadıqları dövlətin rəsmi dilidir və onu öyrənmək zəruridir.
Amma Azərbaycan dilinə göstərilən qayğı azalmamalıdır. Əslində, hələ xalqımızın ayrılmaz parçaları olan İraq türkmənlərini və Suriya türklərini demirəm. Onlar gündəlik məişətdə, ailə daxilində Azərbaycan türkcəsində danışırlar. Türkiyə ilə qonşu olsalar da, onların danışıq dili Azərbaycan türkcəsinə daha yaxındır. Amma təəssüf ki, dilin orada inkişafı problemdir”.
Sabir Rüstəmxanlı əlavə edib ki, bununla yanaşı, vaxtında siyasi oyunbazlıqların qurbanına çevrilmiş əlifba problemi də var:
“Bu gün eyni millətin nümayəndələri müxtəlif əlifbalardan istifadə edirlər. Bir qismi ərəb əlifbası ilə yazır, digər qismi latın qrafikasından istifadə edir, yəqin ki, haradasa, bəzi bölgələrdə kiril əlifbası ilə yazanlar da var. Bu, çox ciddi məsələdir. Bir də varlıq məsələsi var.
Prezidentin də vurğuladığı kimi, dilin coğrafiyası və dildən istifadə birbaşa millətin özünün mövcudluğu ilə bağlıdır. Millət öz dilindən istifadə etmədiyi anda varlığını da tədricən itirməyə başlayır. Buna görə bu prinsipial mövqeyinə görə Azərbaycan Prezidentinə yazıçı, dilin taleyi ilə bağlı olan adam və Azərbaycan Dil Qurumunun rəhbəri kimi. minnətdarlığımı bildirmək istəyirəm. Mən sevinirəm ki, Azərbaycan Prezidenti dilimizin qorunmasına və inkişafına bu qədər güzəştsiz, bu qədər ciddi yanaşır”.
Onun sözlərinə görə, bu gün dünyada diasporlaşma və köç prosesi sürətlə genişlənir:
“Miqrasiya güclənir, millətlər qitədən qitəyə, ölkədən ölkəyə axın edir. İqtisadi, sosial və digər amillər insanları hərəkətləndirir. Yerdəyişmələr getdikcə daha sürətlənib və güclənib. Belə bir şəraitdə ailə ənənələri, dini və mədəni dəyərlər xüsusi rol oynayır. Məhz bu mühitdə dilin qorunması məsələsi daha həssas xarakter daşıyır.
Təəssüf ki, bizdə məsələn, tarixən İslam dini gəlib gərək ərəbcə oxuyasan. Dualar ərəb dlindədir. Yəni daha çox İslamı təbliğdən daha çox ərəbi təbliğ edir. Bunu açıq demək lazımdır ki, dinimiz bir növ siyasi yolla olmasa da, sakit yol ilə dilimizin inkişafına müəyyən mənada mane olub. İnsan ölüsünə öz ana dilində dua oxumur”.
Xalq şairi bildirib ki, bu məsələdə ailə ənənələrinin rolu son dərəcə vacibdir:
“İnsan harada yaşamasından asılı olmayaraq, gərək öz dilini qorusun. Təəssüf ki, bizdə bu məsuliyyət hər zaman lazımi səviyyədə dərk edilmir. Bir çox hallarda insanlar hansı ölkəyə gedirsə, tez adını da dəyişir, yerli xalqın adına uyğunlaşdırır.
Elə olur ki, heç ailə daxilində belə ana dilini qoruyub saxlamırlar. Bu isə artıq milli mentalitet, milli xarakter və milli dirəniş məsələsidir. Dilin qorunması birbaşa milli dövlətçiliyin inkişafı, məqsədyönlü təbliğat, siyasət, ailə tərbiyəsi və ailə mədəniyyəti ilə bağlıdır. Gərək bununla da ailələr məşğul olsun”.
Sabir Rüstəmxanlı insanların messenatlığı, bir-birinə dayaq olmağı, yardımlaşma və xeyirxahlıq dəyərlərini unutduğunu təəssüflə qeyd edib:
“Halbuki imkanlı şəxslər bir araya gəlib öz hesablarına bazar günü məktəbləri, yaxud həftədə bir dəfə dərs verən tədris ocaqları aça bilərlər. Rusiyanın müxtəlif bölgələrində kifayət qədər imkanlı azərbaycanlılar yaşayır.
Buna baxmayaraq, orada ana dilimizdə fəaliyyət göstərən bir dənə də olsun normal məktəb yoxdur. Bunu Rusiya dövləti açmır, deyək ki, marağı yoxdur. Amma orada yaşayan vətəndaşlarımız övladlarını Vətənlə bağlamaq, ana dilini qorumaq və yaşatmaq üçün bir qeyrət sərf etməlidirlər. Məktəblərin yaradılması üçün müəyyən məbləğdə vəsait ayıra bilərlər.
Təəssüf ki, hamı Vətəndən gözləyir, hamı Vətəndən umur. Halbuki Vətəndən ummaqla yanaşı, insan özünə sual verməlidir ki, mən Vətən üçün nə etmişəm? Onun dilini, mədəniyyətini qorumaq üçün bir fərd olaraq hansı addımları atmışam? Bunları da düşünmək vacibdir. Bunu etmədən Vətəndən ummaq çox asandır. Bu isə zəif olanların yoludur”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: Prezident ana dili Sabir Rüstəmxanlı
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Yanvar 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















