Prezidentin Milli Məclisə göndərdiyi amnistiya aktını alqışlayırıq Qüdrət Həsənquliyev
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb. Xalqcəbhəsi.az müsahibəni təqdim edir:
-Qüdrət bəy, Prezident tərəfindən amnistiya aktı barədə qərar layihəsi Milli Məclisə göndərilib. Rəsmi məlumatda amnistiya aktı əsasında azadlıqdan məhrumetmə növündə cəza çəkən təqribən 5 min nəfər məhkumun azadlığa çıxacağı qeyd olunur. Fikrinizi bilmək istərdik...
-Biz, ƏHD Partiyası olaraq, Prezidentin Konstitusiya və suverenlik ili ilə əlaqədar Milli Məclisə göndərdiyi amnistiya aktını alqışlayırıq. Məhkəmələrin sərt cəzalar tətbiq etməsi səbəbindən ölkəmizdə azadlıqdan məhrumetmə növündə cəza çəkənlərin sayı hər 100 min nəfərə görə inkişaf etmiş Qərbi Avropa ölkələri ilə müqayisədə 5 dəfə çoxdur. Cinayətkarlığa qarşı mübarizədə effektivliyi sərt cəzalar yox, törədilmiş cinayətə görə cəzanın labüdlüyü təmin edir. Ölkəmizdə məhkəmə-hüquq islahatlarının genişləndirilməsinə böyük ehtiyac var.
Cəzaçəkmə müəssisələrində çarpayı çatışmazlığına görə dustaqlar döşəmədə yatır, sıxlıq normadan xeyli çoxdur. Ona görə amnistiya aktı ilə daha çox insanın azadlığa çıxmasını istərdim. Keçmiş təcrübəyə əsaslansaq, amnistiya aktı çox qüsurlu tətbiq olunur. Qərarda amnistiya aktının hansı maddələrə şamil olunmadığı ayrıca qeyd olunur. Bu zaman parlamentdəki hakim çoxluq azadlığa çıxmasını istəmədiyi məhkumun ittiham olunduğu maddəni, yaxud maddələri amnistiyanın tətbiq olunmadığı maddələrin sırasına daxil edir. Bu həm ədalətsizdir, həm də bu halda 1-2 nəfərə görə eyni maddələrlə ittiham olunmuş digər məhkumlara da amnistiya aktı şamil olunmur. 24 fevral 1994-cü ildə qəbul olunmuş "Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında" qanunla
Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı törədilən cinayət əməlləri ilə mübarizəni gücləndirmək, təqsirli şəxslərin real məsuliyyətə cəlb olunmalarını, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini təmin etmək məqsədilə 1990-cı il yanvarın 19—20-də Bakı şəhərinə sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilir.
Digər məhkumlara amnistiya aktı şamil oluna bilər və olunmalıdır. Cinayət Məcəlləsinin 81-ci maddəsinə görə, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
81-ci maddənin 2-ci hissəsinə görə, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
Bizim cinayət qanunvericiliyində cəzaçəkmə müəssisələrində məhkumları qanunlara ciddi əməl etməklə, vicdanlı davranışa stimullaşdırmaq üçün məhkəmələrin məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzetmə hüququndan məhrumetmə səlahiyyəti nəzərdə tutulmayıb. Bəzi ölkələrdə bu əlavə cəza növü kimi nəzərdə tutulur.
Məhkum olunmuş şəxslərə ədalətli və tərəfsiz yanaşmanı təmin etmək üçün amnistiya aktında onun tətbiq olunduğu maddələr göstərilməməlidir. Amnistiya aktı Cinayət Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq cinayətlərin təsnifatına əsaslanmalıdır.
Məsələn, yazılmalıdır ki,
1. Xüsusilə ağır cinayətlərə (12 İldən artıq müddətə) görə, müddətli azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş, cəzanın çəkilməsinin başa çatmasına bir il qalmış məhkumlar azad olunur.
Xüsusilə ağır cinayətlərə görə müddətli azadlıqdan məhrumetməyə məhkum olunmuş, cəza müddətinin başa çatmasına bir ildən artıq qalan məhkumların cəzası 1 il azaldılsın.
2.Ağır cinayətlər (7 ildən 12 İlə qədər) törətmiş və cəzalarının başa çatmasına iki il qalmış məhkumlar azad olunsun. Bu kateqoriyadan olan cinayətlər törətmiş cəzanın başa çatmasına 2 ildən çox qalan məhkumların cəzası iki il azaldılsın.
3.Az ağır (2 ildən 7 ilə qədər) cinayətlərə görə məhkum olunmuş şəxslər cəzalarının başa çatmasına 3 il qalırsa, azad edilsin. Bu kateqoriyadan olan məhkumların 3 ildən artıq cəzası qalırsa, çəkilməmiş cəza 3 il azaldılsın.
4.Yüngül cinayət törətmiş (2 ilə qədər) şəxslər cinayət məsuliyyətindən və cəzadan azad olunsun.
5.İqtisadi sahədə cinayətlər kateqoriyasına aid olan cinayətləri törətmiş şəxslər vurulan ziyanı tam ödəyərlərsə, təyin olunmuş cəzanın çəkilməmiş müddəti 5 ildən çoxdursa, həmin müddət 5 il azaldılsın.
Bundan başqa, müəyyən imtiyazlı şəxslər üçün, məsələn, vətən müharibəsi iştirakçılarına, yaşı 65-dən yuxarı olan şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara amnistiya aktının daha geniş tətbiqini nəzərdə tutmaq olar.
Bu cür yanaşma ədalətli olmaqla, cinyət hüququnun, cəza siyasətinin və amnistiya aktının fəlsəfəsinə daha uyğun olardı. Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər istisna olmaqla, amnistiya aktı dövlət humanizminin təcəssümü kimi bütün digər məhkumlara şamil olunardı.
Bizdə amnistiyanın tətbiq olunmadığı maddələrin sırasına bəzən azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmayan maddələr də daxil edilir ki, adam bunu izah etməyə söz tapa bilmir .
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 Dekabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















