Icma.az
close
up
RU
Professor: Azərbaycan universitetlərində sahibkarlıq fəaliyyəti təcrübəsi hələ geniş yayılmayıb

Professor: Azərbaycan universitetlərində sahibkarlıq fəaliyyəti təcrübəsi hələ geniş yayılmayıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 2010-cu il 10 fevral tarixli Fərmanına əsasən ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə 2010/2011-ci tədris ilindən, doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə isə 2020-ci ildən başlayaraq ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir. Mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin “Ali təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti haqqında” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrinə dövlət sifarişi İqtisadiyyat Nazirliyinin, ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə isə Elm və Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir. Bu halda ayrı-ayrı ixtisaslar və elm sahələri üzrə dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı və ali təhsilin hər bir səviyyəsi üzrə kadr hazırlığının maliyyələşdirilməsi qaydaları Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli Qərarı ilə tənzimlənir.

Digər tərəfdən məlumdur ki, 2017-ci ildən başlayaraq əvvəllər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları, sonralar isə Nazirlər Kabinetinin müvafiq qərarları ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevriliblər və bu missiya mərhələli şəkildə davam etdirilir.

Danılmaz faktdır ki, publik hüquqi şəxs statusu və kadr hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi ali təhsil müəssisələrinə bir sıra üstünlüklər verir. Bu, ali təhsil müəssisələrinin idarəetmə və maliyyə vəsaitlərinin sərf edilməsi sahəsində daha müstəqil fəaliyyət göstərməsinə imkan yaradır. Bu müstəqillik universitet rəhbərliyinin səlahiyyətlərinin artırılması, qərarvermə prosesində çeviklik və yerli ehtiyaclara uyğun addımlar atmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Publik hüquqi şəxs statusu həm də müəssisədə hesabatlılıq və şəffaflıq mexanizmlərinin gücləndirilməsini zəruri edir. Bu, müəssisənin fəaliyyətinə nəzarəti artırmaqla yanaşı, ictimaiyyətin universitetlərə olan inamını möhkəmləndirir, universitet-cəmiyyət əlaqələri güclənir, ictimai nəzarət formalaşır və fəaliyyətlər daha sistemli şəkildə həyata keçirilir.

Hazırda dövlət sifarişi ilə kadr hazırlığı aparan dövlət ali təhsil müəssisələri öz maliyyə-təsərrüfat fəaliyyətlərini, həm dövlət sifarişi ilə, həm də ödənişli əsaslarla kadr hazırlığından əldə edilən vəsaitlərdən, habelə qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə edir. Eyni zamanda məlumdur ki, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri əlavə gəlir əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada sahibkarlıq və innovasiya fəaliyyəti ilə də məşğul ola bilərlər və bu onların regional və beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin yüksəldilməsini və təhsilin inkişafını stimullaşdıra bilər. Şübhəsiz ki, bu məsələ xüsusilə publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərən universitetlər üçün daha çox əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, Azərbaycan universitetlərində əlavə gəlir əldə edilməsi məqsədilə sahibkarlıq və innovasiya fəaliyyətindən istifadə edilməsi təcrübəsi hələ geniş yayılmayıb.

Hər şeydən əvvəl qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinə əsasən, təhsil müəssisəsi (şübhəsiz ki, o cümlədən ali təhsil müəssisəsi – A.K.) qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə və innovasiya fəaliyyəti ilə məşğul ola bilər. Qanunun 41.2-ci maddəsinə əsasən təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir. Dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına, təhsilalanların həvəsləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir. Qanunun 41.3-cü maddəsinə əsasən təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər. Qanunun 41.4-cü maddəsinə əsasən sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli Fərmanının 2.1-ci bəndi ilə müəyyən edilib ki, Qanunun 41.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Fərmanının 1.28-ci bəndinə əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, həmin Qanunun 41.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Fərmanın 1.28-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” 2010-cu il 19 yanvar tarixli Qərarı ilə təhsil müəssisələrinin öz nizamnamələri çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq, əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri müəyyən edilib:

- ödənişli əlavə təhsil;

- məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi;

- təhsil məhsulunun (təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) satışı;

- elmi tədqiqat və təcrübi-konstruktor işləri;

- elmi-praktiki tədbirlərin təşkili;

- nəşriyyat-poliqrafiya işləri;

- tədris prosesində və ya təhsil müəssisələrinin tədris-istehsalat və xidmət sahələrində istehsal edilmiş məhsulların satışı, iş və xidmətlərin göstərilməsi;

- dövlət ümumi təhsil proqramlarında nəzərdə tutulmayan bilik və bacarıqların tədrisi və qiymətləndirilməsi, o cümlədən beynəlxalq təhsil proqramlarının tətbiqi;

- ümumi təhsil müəssisələrində məktəbə hazırlıq qruplarının, idman seksiyalarının və yaradıcılıq dərnəklərinin təşkili;

- təhsil müəssisələrinin idman zalları və meydançalarından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlarda təyinatı üzrə digər tədbirlərin həyata keçirilməsi üçün istifadə edilməsi;

- təhsil müəssisəsinin profilinə və fəaliyyət istiqamətlərinə ziddiyyət təşkil etməyən iş və xidmətlərin göstərilməsi.

Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin nümunəvi Nizamnaməsi”nin 3.2.7-ci yarımbəndinə əsasən ali təhsil müəssisəsi “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunlar ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Həmin Nizamnamənin 5.11-ci bəndinə əsasən ali təhsil müəssisəsi Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün ali təhsil müəssisəsi tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin razılığı ilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edir. Şübhəsiz ki, adı çəkilən nümunəvi Nizamnamənin qeyd edilən bəndi və yarımbəndi hər bir ali təhsil müəssisəsinin Nizamnaməsində öz əksini tapmalıdır və tapır.

“Publik hüquqi şəxslər haqqında” Qanunun 6.2.8-ci maddəsi ilə publik hüquqi şəxsə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak etmək hüququ (verildiyi halda) verilir, 3.1-ci maddəsinə əsasən isə publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Həmçinin bu Qanunun 3.2-ci maddəsinə əsasən, publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulduğu halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2024-cü il 3 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili Qaydaları”nın 2.16-cı bəndində qeyd edilir ki, ali təhsil müəssisəsində tədris prosesinin, elmin və istehsalın inteqrasiyası müxtəlif istiqamətlər, o cümlədən ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların, elmtutumlu istehsal sahələri və sahibkarlığın birləşməsi əsasında klasterlərin, xüsusi zonaların, texnopolislərin yaradılması yolu ilə həyata keçirilir.

“Elm haqqında” Qanunun 10.4-cü maddəsi ilə müəyyən edilən elmi müəssisə və təşkilatların (o cümlədən ali təhsil müəssisəsinin elmi qurumlarının) sahibkarlıq fəaliyyəti həmin Qanunun müvafiq maddələri ilə tənzimlənir və bu Qanunun 12.13-cü maddəsinə əsasən ali təhsil müəssisəsinin elmi işçilərinin statusu elmi müəssisə və təşkilatlarda çalışan elmi işçilərin statusuna bərabər tutulur. Azərbaycan Respublikası Prezidentinin “Elm haqqında” Qanunun tətbiqi barədə 2016-cı il 9 avqust tarixli Fərmanının 1.1.4-cü yarımbəndində Nazirlər Kabinetinə tapşırılıb ki, həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, elmi-tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Həmin Fərmanın adı çəkilən yarımbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin “Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” 2017-ci il 20 iyun tarixli Qərarı ilə elmi tədqiqat institutlarının nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri müəyyən edilib:

1. təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi;

2. elmi nailiyyətlərin tətbiqi yolu ilə elmtutumlu məhsulların istehsalı və satışı;

3. kitabxana, nəşriyyat və kitab satışı xidmətləri;

4. məsləhət-konsaltinq xidmətləri;

5. ödənişli laboratoriya testləri və sınaq işləri;

6. layihə və müsabiqə sənədlərinin hazırlanması;

7. elmi-praktik tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri;

8. informasiya xidmətləri;

9. sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparılması, ekspert rəyinin verilməsi;

10. elmi-tədqiqat institutunun fəaliyyət istiqamətlərinə zidd olmayan işlərin görülməsi və xidmətlərin göstərilməsi.

Qeyd edilənlərlə yanaşı, “Elm haqqında” Qanunun 38.5-ci maddəsinə əsasən elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi işçiləri və mütəxəssisləri ölkə daxilində və xarici ölkələrdə elmi innovasiya və elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Bu Qanunun 38.9-cu maddəsində nəzərdə tutulur ki, elmi müəssisələrin və ali təhsil müəssisələrinin işçiləri çalışdıqları təşkilatın istehsalat və digər sahələrində elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Həmçinin 38.15-ci maddədə qeyd edilir ki: elmi müəssisələrdə və ali təhsil müəssisələrinin elmi qurumlarında çalışan elmi işçilərin elmi innovasiya və elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınır.

Son olaraq qeyd edək ki, ali təhsil müəssisələrinin büdcə gəlirlərinin əhəmiyyətli hissəsi onların nəzdində məqsədli kapital fondlarının yaradılması yolu ilə də əldə edilə bilər. Məqsədli kapital fondu (endowment fund) fiziki və hüquqi şəxslər tərəfindən hər hansı qeyri-kommersiya müəssisə və ya təşkilatına (məsələn, hansısa ali təhsil müəssisəsinə) edilən ianələr hesabına formalaşdırılan xüsusi fond növüdür. Bu fondun fəaliyyətinin özəlliyi ondan ibarətdir ki, alınan ianələr birbaşa xərclənə bilməz. Fondda toplanılan maliyyə vəsaitləri bu və ya digər idarəedici şirkətə, məsələn, banklara yatırılır, həmin şirkət tərəfindən idarə olunur və illik gəlir əldə edilir. Sonradan hər il əldə edilən gəlir fondun əsasnaməsinə uyğun olaraq müəssisədə həyata keçirilən layihələrin maliyyələşdirilməsinə sərf olunur.

Bir sıra inkişaf etmiş xarici ölkə universitetlərində elmin və təhsilin inkişafına yönələn məqsədli kapital fondlarının yaradılması təcrübəsi çox geniş istifadə edilir və belə vəsaitlər daha çox universitetlərin imkanlı məzunları tərəfindən ianə edilir. Məsələn, Harvard, Stanford, Oksford, Kembric, Münxen universitetləri bu sahədə böyük təcrübəyə malikdir. Son illərdə Harvard Universitetinin gəlirlərinin 37, Stanford Universitetinin isə gəlirlərinin təqribən 22 faizi məqsədli kapital fondlarının payına düşür.

Yuxarıda qeyd edilənlərlə yanaşı, unutmayaq ki, qloballaşan dünyada sadəcə olaraq “yaşamaq” üçün yeni maliyyə mənbələri və resursların əldə edilməsi, gündən-günə artan rəqabətə davamlılığın təmin edilməsi məqsədilə yaxın gələcəkdə ali təhsil müəssisələrinin sahibkarlıq və innovasiya fəaliyyətləri ilə məşğul olması – “sahibkar universitet”lərin formalaşması zamanın tələbi olacaq. Bu tələblərin operativ olaraq vaxtında və ağrısız ödənilməsi üçün universitetlər artıq bu gündən başlayaraq gələcək haqqında düşünməli və müvafiq tədbirlər həyata keçirməlidlrlər. Eyni zamanda, hesab edirik ki, hazırda müxtəlif dairələrdə müzakirəsi davam etdirilən “Ali təhsil haqqında” qanun layihəsində də ali təhsil müəssisələrində sahibkarlıq və innovasiya fəaliyyətlərinin təşkili, həyata keçirilməsi və idarə olunması məsələləri ətraflı şəkildə öz əksini tapacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see140

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see139

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see135

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see132

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see131

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see124

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see120

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see118

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see116

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see116

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see113

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri