Icma.az
close
up
RU
PUTİNİ DEVİRMƏK İSTƏYƏN “KREML QÜLLƏLƏRİ”... Tofiq Zülfüqarov nə demək istəyirdi?

PUTİNİ DEVİRMƏK İSTƏYƏN “KREML QÜLLƏLƏRİ”... Tofiq Zülfüqarov nə demək istəyirdi?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Putin varsa, Rusiya var, Putin yoxdursa, Rusiya yoxdur”. Bunu hələ bir neçə il əvvəl Rusiya Dumasının sədri Vyaçeslav Volodin demişdi. 

Bir çox eybəcərliklər kimi məddahlıqda da keçmiş SSRİ respublikaları arasında lider mövqelərində olan Rusiyada bu cür ifadələrə, xüsusilə də müharibə başlayandan bəri tez-tez rast gəlmək olar. Lakin Volodinin dediyi bu fikrə yalnız məddahlıq, yaltaqlıq nümunəsi kimi baxmaq da doğru olmazdı. Ən azından ona görə ki, Putinin 25 ilə yaxın davam edən idarəçiliyi və Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsi sayəsində doğrudan da Rusiyanın ondan sonrakı varlığı ciddi suallar yaradır…

Ukraynadakı müharibə elə bir nöqtəyə çatıb ki, onun davam etdirilməsi kimi, dayandırılması da Putin hakimiyyəti üçün ciddi risklər yaradır. Hətta demək olar ki, müharibənin dayandırılması onun hakimiyyətinə daha çox təhlükə yaradır, nəinki davam etdirilməsi. Putinin son açıqlamalarında Ukraynadakı hakimiyyətin “qeyri-legitimliyi” və digər bəhanələrlə danışıqların perspektivini sual altına alması da bununla əlaqələndirilir. Bu cür “bulanıq” və qeyri-müəyyən durumun yaranması əlbəttə ki, daha çox Putinin “əsəridir” və bu vəziyyət sonsuza qədər davam edə bilməz. Bu isə Rusiya elitalarını, hakimiyyətdə nüfuzu olan qruplaşmaları narahat edir. Son zamanlar Kremldə saraydaxili çevriliş, Putinin fiziki olaraq aradan qaldırılması cəhdi və s. bu kimi mövzularda informasiyaların, mülahizələrin, iddiaların çoxalması da bununla bağlıdır.

Qeyd edək ki, bu günlərdə məlum amerikalı qalmaqallı jurnalist Taker Karlsonun Bayden administrasiyasının Putinə qarşı sui-qəsd hazırlaması barədə dedikləri, eləcə də Rusiya “teleqram” kanallarında Nikolay Patruşevin dövlət çevrilişinə cəhddə təqsirli bilinərək həbs edildiyi barədə yayılan məlumatlar da təsadüfi görünmür. Yeri gəlmişkən, Kreml Patruşevlə bağlı məlumatlara şərh verməkdən imtina edib...

Bütün bunların fonunda Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun “feysbuk” səhifəsindəki dünənki paylaşımı diqqət cəlb edir: “Rusiya - Ukrayna müharibəsində atəşkəs yaxınlaşır. Bu, yekun sülh olmayacaq, ancaq cari və ya ona oxşar təmas xəttində əməliyyatların müvəqqəti dondurulması olacaq”.

Zülfüqarov qeyd edir ki, atəşkəsdən sonra həm Zelenski, həm də Putin özlərini qalib elan edəcəklər: “Bununla belə, həm Ukraynada, həm də Rusiya Federasiyasında “qaliblərin” yeni oyunçularla əvəzlənməsi mövzusu aktuallaşacaq. Ukraynanın siyasi elitası və “Kreml qüllələri” daxilindəki qruplar artıq hakimiyyət uğrunda ölümcül mübarizəyə hazırlaşaraq “gizli” fəaliyyətlərə başlayıblar. Qərb onlarla təmasda olmaqla, ümidverici siqnallar verir, qarşıdurmanı daha da kəskinləşdirir”.

Daha sonra sabiq nazir Azərbaycanın bu oyunlara cəlb edilməsi cəhdlərinə eyham vurur: “Təyyarəmizlə bağlı baş verən faciə Kremlin və Kremlə yaxın qrupların daxili siyasi mübarizəsində istifadə üçün situasiya fonuna çevrildi... Söhbət Rusiya dövlətinin hazırkı rəhbərinə açıq şəkildə meydan oxuyan iddialı və güclü “Kreml qüllələri”nin birindən gedir. Azərbaycan Prezidenti öz mövqeyini açıq şəkildə bildirdi. Bizi öz daxili siyasi çəkişmələrinizə qatmağa çalışmayın... “Kreml qüllələri” və Qərb oyunçuları başa düşməlidirlər ki, “yeni Priqojinlər” onların problemidir və bizi bu avantüraya sürükləməyin perspektivi yoxdur”.

Zülfüqarovun dediyindən belə aydın olur ki, “Kreml qüllələri”ndən biri təyyarə məsələsini və Azərbaycanın Moskvanın məsuliyyətsiz, yekəxana davranışlarına haqlı, kəskin münasibətini Putinə qarşı təzyiq, onu gözdən salma və hakimiyyətdaxili mübarizə vasitəsi kimi istifadə etməyə çalışır. Zülfüqarovun məntiqi ilə Rusiya mediasında Azərbaycana qarşı aparılan kampaniya, ölkə rəhbərliyinin təhqir edilməsinə qədər gedib çıxan yazılar, bəyanatlar, açıqlamalar da məhz “Kreml qüllələri”ndən birinin əməlidir və Kremllə rəsmi Bakı arasında gərginliyi artırmağa, Putinin postsovet məkanındakı mövqelərini zəiflətməyə yönəlib. Sabiq nazirin təcrübəsini, məlumatlılıq səviyyəsini nəzərə alsaq, onun bu yanaşmasında məntiq var. Doğrudan da təyyarəmiz ətrafında baş verənlərdən, Moskva ilə Bakı arasında münasibətlərin müəyyən qədər gərginləşməsindən Kremldə hakimiyyətdaxili mübarizədə istifadə edə bilərlər. Lakin Rusiya mediasına total nəzarəti, eləcə də Putin administrasiyasının hələ də təyyarəmizin vurulması cinayətinə adekvat münasibət göstərməməsini nəzərə alsaq, bu yanaşmada mübahisəli məqamların olduğunu söyləmək olar...

Sabiq nazirin paylaşımında diqqət cəlb edən digər önəmli məsələ “yeni Priqojinlər” və ümumilikdə “Kreml qüllələri” barədə deyilənlərdir. Zülfüqarov sonrakı açıqlama və şərhlərində bununla bağlı suallardan yayınıb. Məsələ ondadır ki, nisbətən müstəqil sayılan bəzi Rusiya media orqanlarında da “Kreml qüllələri” barədə danışılmasına baxmayaraq, bu yazılardan konkret cizgiləri, liderləri müəyyən etmək çətindir. Bununla yanaşı, “qüllələr” deyərkən ən çox adı hallanan Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi, hazırda rəsmən Putinin köməkçisi vəzifəsini daşıyan Nikolay Patruşevdir. Eləcə də bu mövzudakı yazılarda Rusiya Prezident Administrasiyası başçısının birinci müavini Sergey Kiriyenko və digər iri məmurların, Putinə yaxın sayılan bəzi milyarderlərin adlarına rast gəlmək olar. Lakin bu sırada “yeni Priqojin” obrazına uyğun personaj tapmaq çətindir. Ona görə də “yeni Priqojin” və çevriliş deyərkən söhbət daha çox Yevgeni Priqojin kimi Ukrayna cəbhəsindən başlayaraq Rostova, oradan da Moskvaya qədər yol qət etməli olan hərbi qruplaşmanın mövcudluğundan yox, daha sakit və daha az hərbi güc, lakin daha çox iri fiqurların cəlb olunduğu saraydaxili çevrilişdən, o cümlədən Putinin fiziki olaraq aradan götürülməsi cəhdindən gedə bilər.

Putin hakimiyyətinə az-çox meydan oxuya biləcək hərbi gücə gəlincə, “yeni Priqojin” roluna daha çox Çeçenistan başçısı Ramzan Kadırovla, onunla eyni qruplaşmada olduğu bildirilən “Rosqvardiya” başçısı, general Viktor Zolotovun birliyi uyğun gəlir. Qeyd edək ki, Kadırov son dəfə yanvarın 8-də ictimaiyyət qarşısına çıxıb. Həmin gün atasının şərəfinə memorial kompleks açılışına qatılan Kadırov deyib ki, Çeçenistandakı bütün hərbiləşdirilmiş birləşmələr müstəsna olaraq yalnız onun özünə tabedir! Bunu açıq şəkildə Moskvadakı güc strukturları başçılarına meydan oxunması kimi başa düşmək olar, güc strukturları isə birbaşa Putinə tabedir. Elə Rusiya mediası da bunu deyir. Yeri gəlmişkən, həmin Rusiya mediası Kadırovun ağır xəstə olduğunu da iddia edir, bununla bağlı informasiyalar yayır. Bunun özü də sifariş, Kremldəki hakimiyyətdaxili çəkişmənin daha bir nümunəsi kimi qəbul oluna bilər.

Hazırda Kadırovun Putindən sonrakı dövrlə bağlı hazırlıqlar gördüyünə dair iddialar var və bu mübarizədə onun nəzarətindəki çeçen silahlı birləşmələrinin əsas alət olduğu heç kimə sirr deyil. General Zolotovun “Rosqvardiyası”nın da “X” günündə Kadırovla birgə olmayacağına zəmanət vermək çətindir...

Bir sözlə, “Kreml qüllələri” və “yeni Priqojinlər” mövzusu Rusiya siyasəti üçün aktuallığını qoruyur, hətta getdikcə daha çox irəli çıxmağa başlayır. Ancaq T.Zülfüqarovun da dediyi kimi, bizim üçün önəmli olan bu saraydaxili oyunlara Azərbaycanın bu və ya digər formada cəlb edilməsi cəhdlərinə, adımızın hallanmasına qətiyyən yol verməməkdir...

C.Məmmədov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Yanvar 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see225

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see195

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see161

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see154

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see150

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see147

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see144

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see136

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see135

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see135

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see134

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see134

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see131

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see126

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see125

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri