Icma.az
close
up
RU
Putinin “İstanbul razılaşması” mesajı ŞƏRH

Putinin “İstanbul razılaşması” mesajı ŞƏRH

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər Rusiya-Ukrayna müharibəsində hərbi aktivlik yenidən artıb. Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiyanın neft emalı zavodlarını, enerji obyektlərini və işğal altındakı Krımda logistika xətlərini hədəfə alıb. Xüsusilə Krımda dəmir yolu körpüsü, enerji infrastrukturu, neft anbarları və yarımadanın təchizat marşrutları zərbə altında qalıb.

Bu hücumların məqsədi Rusiyanın Krım üzərindən cənub cəbhəsinə hərbi təchizat imkanlarını zəiflətmək, eyni zamanda Moskvanın enerji gəlirlərinə və daxili sabitliyinə təzyiq göstərməkdir. Məhz belə bir fonda Vladimir Putinin “Rusiya Ukrayna ilə 2022-ci ilin İstanbul razılaşmaları əsasında sülh danışıqlarına hazırdır” bəyanatı səsləndirməsi təsadüfi görünmür.

2022-ci ilin İstanbul razılaşması müharibənin ilk aylarında Rusiya və Ukrayna arasında müzakirə edilən ilkin sülh çərçivəsi idi. Həmin dövrdə əsas ideya Ukraynanın neytral status qəbul etməsi, NATO-ya üzvlükdən imtina etməsi, əvəzində isə beynəlxalq təhlükəsizlik təminatları alması üzərində qurulmuşdu. Krım məsələsinin ayrıca və uzunmüddətli danışıqlar predmeti kimi saxlanılması, Donbasın statusunun isə daha yüksək siyasi səviyyədə müzakirəsi nəzərdə tutulurdu. Yəni İstanbul sənədi tam sülh sazişi deyildi, daha çox tərəflərin mümkün kompromis çərçivəsini yoxladığı ilkin diplomatik baza idi.

Putinin bu sənədə istinad etməsi ilk baxışda sülhə çağırış kimi görünə bilər. Lakin burada əsas məqam odur ki, Moskva danışıqları bugünkü Ukrayna şərtləri ilə deyil, 2022-ci ilin müharibənin ilkin mərhələsində formalaşmış şərtləri ilə aparmaq istəyir. O dövrdə Ukrayna daha çətin vəziyyətdə idi, Qərbin hərbi dəstəyi indiki qədər geniş deyildi və Kiyev təhlükəsizlik təminatları müqabilində neytrallıq modelini müzakirə etməyə daha açıq görünürdü. Bu gün isə vəziyyət dəyişib: Ukrayna NATO ilə daha sıx əməkdaşlıq edir, Qərbdən uzunmüddətli hərbi yardım alır və Rusiya tərəfindən işğal edilmiş ərazilərin tanınmasını qəti şəkildə rədd edir.

Bu baxımdan Putinin mövqeyi klassik mənada geri çəkilmə kimi qiymətləndirilə bilməz. Əgər Moskva həqiqətən geri çəkilsəydi, bunu işğal etdiyi ərazilərdən çıxmaq, atəşkəsə razılıq vermək və Ukraynanın suveren seçim hüququnu tanımaqla göstərərdi. Halbuki Rusiya “İstanbul razılaşması”na istinad etməklə yanaşı, həm də “reallıqların nəzərə alınmalı olduğunu” bildirir. Bu ifadə isə Kremlin dilində adətən Rusiyanın işğal etdiyi və sonradan öz ərazisi kimi elan etdiyi bölgələrin statusunun müzakirəyə açıq olmaması deməkdir.

Putinin bəyanatının əsas siyasi mesajı budur: Moskva danışıqlar masasına qayıtmağa hazır olduğunu göstərmək istəyir, amma bu masada gündəliyi özü müəyyən etməyə çalışır. Rusiya bununla həm Ukraynaya, həm də Qərbə “sülhə mane olan tərəf biz deyilik” mesajı verməyə çalışır. Eyni zamanda Moskva Ukraynanın son dron hücumlarını “Rusiya cəmiyyətini destabilizasiya etmək cəhdi” kimi təqdim edir və özünü müdafiə mövqeyində göstərməyə çalışır. Bu, informasiya müharibəsinin də bir hissəsidir.

Ukraynanın bu təklifə münasibəti böyük ehtimalla ehtiyatlı və sərt olacaq. Çünki Kiyev üçün 2022-ci ilin İstanbul şərtlərinə qayıtmaq indiki siyasi reallıqda riskli görünür. Ukrayna tərəfi hesab edir ki, müharibənin başlanmasından sonra Buça hadisələri, genişmiqyaslı dağıntılar, ərazi itkiləri və Rusiyanın ilhaq qərarları əvvəlki danışıqlar bazasını faktiki olaraq köhnəldib. Bundan başqa, Ukrayna cəmiyyəti üçün ərazi güzəşti və neytrallıq məsələsi artıq təkcə diplomatik deyil, həm də milli təhlükəsizlik və siyasi legitimlik məsələsidir.

Yaxın perspektivdə bu bəyanat atəşkəs ehtimalını müəyyən qədər gündəmdə saxlasa da, real sülh prosesinin başlanması üçün kifayət etmir. Çünki tərəflərin əsas tələbləri arasında dərin uçurum qalır. Rusiya Ukraynanın neytrallığını, hərbi məhdudiyyətlərini və “yeni ərazi reallıqlarının” qəbulunu istəyir. Ukrayna isə Rusiya qoşunlarının çıxarılmasını, ərazi bütövlüyünün bərpasını və təhlükəsizlik zəmanətlərini əsas şərt kimi irəli sürür.

Hazırda həm Moskva, həm də Kiyev danışıqlara hazır olduğunu desə də, hər iki tərəf bunu daha çox öz siyasi mövqeyini gücləndirmək üçün edir. Ukrayna Rusiya daxilində enerji və logistika obyektlərinə zərbələrlə Moskvanın müharibə aparmaq imkanlarını zəiflətməyə çalışır. Rusiya isə cəbhədə təzyiqi davam etdirməklə danışıqlar masasına daha güclü mövqedə oturmaq istəyir. Buna görə Putinin İstanbul razılaşmasına qayıdış çağırışı sülhə doğru real dönüşdən çox, diplomatik manevr və siyasi təzyiq aləti kimi görünür.

Nəticə etibarilə, bu bəyanat müharibənin bitməsi istiqamətində ciddi dönüş nöqtəsi deyil, amma diplomatik ritorikanın yenidən aktivləşdiyini göstərən mühüm siqnaldır. Moskva dünyaya danışıqlara açıq olduğunu nümayiş etdirməyə çalışır, Kiyev isə bunu Rusiyanın əvvəlki şərtləri yeni reallıq adı altında yenidən qəbul etdirmək cəhdi kimi oxuyacaq. Ona görə də yaxın müddətdə tam atəşkəs ehtimalı zəif qalır. Real sülh üçün təkcə İstanbul razılaşmasına istinad kifayət deyil; tərəflərin müharibənin dörd il ərzində yaratdığı yeni siyasi, hərbi və humanitar reallıqları qəbul edən daha geniş və etibarlı mexanizmə ehtiyacı var.

Alim Nəsirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyun 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri