Qacar Rus Savaşları Gülüstan və Türkmənçay müqavilələri
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
III Yazı
Şuşa valisinin siyasəti
Abbas Mirzə Tehranda qaldığı müddətdə paytaxtdakı nüfuzlu dövlət xadimlərinin nəzərini rus qoşunlarının hücumuna,Qacar qoşununun münasib olmayan şəraitdə belə bir böyük qüdrətli dövlətin saysız ordularına qarşı müharibənin əhəmiyyətinə cəlb etmiş və qeyd etmişdir ki, müharibə davam etdiyi təqdirdə,onlar yardım göstərməzlərsə ruslar,şübhəsiz Azərbaycanı ələ keçirəcək və Tehranı da təhlükə altında saxlayacaqdı.
Fətəli şah Qacar düşməni işğal etdiyi şəhərlərdən çıxarıb geri qaytarmağı qəti qərara alaraq vəliəhdinə hər cür yardım göstərməyi vəd etmişdir.Buna görə də o,tapşırıq vermişdir ki,inadcıl adamların hiyləsi və bəzi acgöz dövlət xadimlərinin ziyankarlığı nəticəsində hökumət işlərindən kənar edilib, bir zaman vəzir olmuş Qaimməqam Mirzə Büzürk, Naibüssəltənənin vəziri vəzifəsinə təyin edilsin və o,Abbas Mirzə ilə birlikdə Azərbaycana hərəkət etsin.
Abbas Mirzə Qaimməqam Mirzə Büzürk ilə birlikdə Təbrizə gəlib, orada bir neçə gün qalmış və bu müddət ərzində Azərbaycana aid bütün işlər haqqında tapşırıq verdikdən sonra yeni toplanmış zirək və təcürbəli əsgərləri ilə düşmən hücumunun qarşısını almaq üçün yola düşmüşdür.
İgid oğluna çoxlu yardım vəd etmiş və bu uğursuz müharibənin tezliklə qurtaracağını arzulayan Fətəli şah bir çox sərkərdə və dövlət xadimləri ilə birlikdə Qacar dövlətinin paytaxtı Tehrandan çıxıb Sultaniyyə Çəməninə gəlmişdir.Burada Qacar dövləti şahı Damğanlı İsmayıl xana və Abbas Mirzənin qardaşı şahzadə Əli xana,habelə Qacar tayfasından olan İsmayıl xana tapşırıq vermişdir ki, başçılıq etdikləri orduları Abbas Mirzənin qoşunu ilə birləşdirsinlər.Sonra müharibədə iştirak etmək üçün şah özü də cəbhəyə hərəkət etmişdir.
Abbas Mirzə Arazdan keçərək, Şuşa qalasını mühasirə etmək məqsədi ilə oraya qoşun yeritmişdir.Ağa Məhəmməd şah öləndən sonra Qafqazda-Şuşada özbaşına,müstəqil yaşayan ,Fətəli şah Qacara boyun əymək istəməyən Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir(1759-1806) rus qoşunlarına tabe olmaq və onlarla birlikdə iş aparmaq məqsədi ilə oğlunu Sisianovun yanına göndərmişdir.Abbas Mirzə bu hiyləgər valinin olduğu qalaya hücuma başladıqda Sisianov da Şuşanın müdafiəsi üçün çoxlu əsgər göndərmişdir.İbrahim Xəlil xan Cavanşir 1805-ci ilin 14 mayında Qarabağ xanlığı ilə Sisianov arasında imzalanmış Kürəkçay müqaviləsi ilə Rusiyanın himayə və işğalını qəbul etmişdir. Abbas Mirzənin gizli tapşırığı üzrə Əhərdən Şuşaya doğru yola düşmüş Damğanlı İsmayıl xanın dəstəsi Xudafərin körpüsünün dörd ağaclığında rus qoşunlarına rast gəlmişdir.İsmayıl xan əsgərlərinin sayca az olduğuna baxmayaraq, düşmənə qarşı var qüvvəsi ilə müqavimət göstərməyə çalışmışdır.Bu vaxt sayca çox olan düşmənin qarşısında əsgərlərinin gücdən düşdüyünü hiss edib ruhdan düşmüş İsmayıl xan uzaqdan Abbas Mirzənin başçılığı ilə gələn qoşunun ön sırasında dalğalanan Qacar dövləti bayrağını görüb ruhlanmış,daha inadla müqavimət göstərmişdir.Yeni qüvvələrin yetişməsindən və Abbas Mirzənin şəxsən müharibədə iştirak etməsindən qorxuya düşmüş rus qoşunları sürətlə geri çəkilmiş,yaxınlıqdakı bağlara, meşələrə çəkilərək çox çətinliklə özlərini Şuşa qalasına yetirmiş,ora sığınmışdılar.
Naibüssəltənə Abbas Mirzə çar əsgərlərindən aldığı çoxlu əsirləri sorğuya çəkib,bir sıra lazımlı məlumat öyrəndikdən sonra əsir rus əsgərlərini Fətəli şahın yanına göndərmiş,özü isə qaçan düşmən hissələrini izləyib,onları Ağoğlana (Ağoğlan indiki Xocavənd rayonu ərazisində müdafiə qalası olmuşdur) kimi qovmuşdur.Bu zaman Abbas Mirzəyə xəbər çatmışdır ki,təcrübəli rus ordu komandanı Pənahabad qalasında (Pənah xanın tikdirdiyi Şahbulaq qalası) Qacar qoşunlarına qarşı müharibə üçün düşərgə salıb,qüdrətli top qüvvələri və yeni gələn rus qoşunlarını orada yerləşdirmişdir.
Abbas Mirzə düşmənə fürsət verməmək üçün öz hərbi hissələrinə döyüşə hazırlaşmaq əmri verib,sonra Pirqulu xan Qacarı,Əliqulu xan Qovanlı Qacarı və Sadıq xanı cinahlara göndərmiş,özü isə orta atəş xəttində qalmışdır.Digər tərəfdən rus polkovniki öz hissələrinə atəş əmri vermiş və Qacar qoşununu amansız top atəşinə tutmuşdur.Lakin Abbas Mirzə böyük cəsarət və ona xas hərbi bacarıqla düşməni öz mövqeyindən çıxarmışdır.Sonra o,ordusunun döyüşkən atlı dəstəsi ilə rus qoşununun bağlara doğru uzanmış cinah dəstəsinə arxadan hücum etmiş və siyrilmiş qılınclarla bir neçə həmlə nəticəsində həmin dəstəni dağıtmışdır.Bu döyüşdə Abbas Mirzənin qoşununda mərdlik və fədakarlıq göstərən Sadıq xan bir neçə güllə yarasısından şəhid olmuşdur.Abbas Mirzənin arasıkəsilmədən və bir-birindən gərgin olan hücumları nəticəsində,nəhayət,döyüş vəziyyəti onun xeyrinə olaraq dəyişilmişdir.Rus qoşunları geri çəkilib bir məzarlığa sığınmış,Qacar qoşunu hücumundan müdafiə olunmaq üçün tələsik xəndəklər qazmış, orada yerləşmişlər.
Bu qanlı döyüş meydanının yaxınlığında olan Fətəli şah rus qoşunlarının məğlub olaraq geri çəkildiyini gördükdə Hüseynəli xan Qacara əmr etmişdir ki, Damğan hərbi dəstələri və dörd topla birlikdə düşmənin yorulmuş qüvvələrinə həmlə edib onları tamamilə darmadağın etsin.Abbas Mirzə isə yeni Qacar qüvvələri ilə rus əsgərlərinə hücum edərək düşmən səngərlərinə soxulmuş,qanlı döyüş nəticəsində qələbəyə ümid bəsləyən rus ordu komandanının qüvvələrini əzib əsir almışdır.Üç yerdən ağır yaralanmış polkovnik bir neçə əsgərlə birlikdə qaça bilmişdi. Lakin Pirqulu xan Qacar onları izləyərək,bir qalada dövrələmiş, polkovnik ondan aman istəmişdir.Pirqulu xan ona rəhm edərək aman vermişdir.Rus ordusuna komandanlıq edən polkovnik isə bundan istifadə edərək hiylə etmiş,gecə qaladan qaçmışdır.Lakin Qacar əsgərləri onu təqib edib,yanındakı əsgərləri öldürmüşdür.Bir dünya arzu ilə uzaq yollardan gəlmiş polkovnik bunu gördükdə,nəhayət,bir çox əziyyətlərə dözdükdən sonra özünü çaya ataraq boğulmuşdur.
Abbas Mirzə əleyhinə sui-qəsd təşkil edilməsi
Abbas Mirzə Gəncəni ruslardan xilas etdikdən sonra Ağstafa-Qazax tərəfə yollanmış,burada bir neçə gün qalmışdır.
Abbas Mirzənin yanına Qafqazda yaşayan ağsaqqallar,xanlar və ruhanilər gələrək,cəsarətli Qacar şahzadəsinin,əldə etdiyi parlaq müvəffəqiyyət və qələbələrin onların sevincinə səbəb olduğunu bildirmişdilər.Abbas Mirzə isə onları mərhəmət,iltifatla qəbul etmiş, özünün və Qacar şahının onlara hər cür yardım edəcəyini söyləmişdir. Sonra o, sıx, meşəlik arasından uzanan cığırla İrəvana doğru hərəkət etmişdir.Ancaq bir adamın keçə biləcəyi bu dar cığırın ətrafında rus kazaklar Qacar ordusunun baş komandanı Abbas Mirzənin pusqusunda yataraq, çar sarayında hörmət qazanmaq üçün Qacar dövlətinin qeyrətli vəliəhdini öldürmək fikrinə düşmüşlər.
At üstündə qorxmadan irəliləyən Abbas Mirzə bir az yol getdikdən sonra namaz qılmaq məqsədi ilə atdan düşmüş,bir anda ona atəş açılmışdır.Lakin xoşbəxtlikdən güllə Abbas Mirzənin çəkməsini deşib ayağını yaralamışdır.Başına toplanan adamların qorxuya düşdüklərinə baxmayaraq,Abbas Mirzə ayağının yaralanmasına,qanın axmasına əsla əhəmiyyət verməmiş bir azdan yenə atına minərək qoşununu sağ-salamat İrəvana çatdırmışdır.
Hindistanda Qacar dövləti səfiri Qəzvinli Hacı Xəlil xanın öldürülməsi
Rusların Qafqaza hücumu, Rusiya imperatoru I Aleksandrın Qacar dövlətinin istiqlaliyyət və siyasi həyatını pozub azad və isti dənizə yol açmaq istəməsi,habelə bu qüdrətli böyük dövlətin Qacar dövlətinə,yaxud Hindistanın qapısına çatması,dəniz ortasında yaşayan İngiltərə imperiyasının (1707-1997) həyat mənbəyi və şah damarı olan Hindistanın sərhədinə yaxınlaşması ingilisləri həddən arıq iztiraba,qorxuya salmış,onların əks fəaliyyət göstərmələrinə səbəb olmuşdur.Bu ölkənin başçıları belə bir məcburiyyət qarşısında qalmışlar ki, nə yolla olursa-olsun bu zaman Rusiya imperiyası əleyhinə savaşan,daima artan rus qüvvələrinin ağırlığını öz üzərində hiss edən Fətəli şahla yaxın dostluq münasibəti bərqərar etsinlər.O dövrün cahanşümul,beynəlxalq siyasi vəziyyətini nəzərə alaraq İngiltərə Hindistanı müdafiə məqsədilə mümkün olan maneələri dəf edir,müharibənin xərclərindən çəkinməyib rusların sel kimi axan qoşunlarının qabağını alan Abbas Mirzənin döyüşkən əsgərlərinə, Qacar dövlətinin igid müdafiəçilərinə yardım etməkdən boyun qaçırmırdı.İngiltərə dövləti şahın və saray xadimlərinin hüsn-rəğbətini cəlb etmək məqsədi ilə əvvəl Hindistanın baş hökmdarı tərəfindən təyin olunmuş məşhur səfir ser Con Malkomu bahalı və nəfis hədiyyələrlə birlikdə Qacar dövlətinə,Fətəli şahın yanına göndərmişdi. Ser Con Malkom Qacar dövləti və saray tərəfindən olduqca hörmətlə qarşılanmışdır.O, Tehranda üç ay qaldıqdan sonra Hindistandakı Qacar dövləti səfiri Qəzvinli Hacı Xəlil xanla birlikdə
Hindistana yola düşmüşdür.
Qəzvinli Hacı Xəlil xana tapşırıq verilmişdir ki, Hindistan hökmdarı və bu ölkənin başçıları ilə görüşdükdən sonra səfirlik vəzifəsini yerinə yetirmək və münasibət bərqərar etmək üçün Londona səfər etsin.O,Bombeyə yetişdikdə Hindistandakı ingilis baş komandanlığının işçiləri və limanda yaşayan bir sıra məsul ingilis xadimləri tərəfindən mehribanlıq və səmimiyyətlə qarşılanmışdı.Bir gün Qacar dövləti səfiri öz adamları ilə birlikdə Hindistanın sıx meşələrindən birində ova çıxmış,quş vurmaq üçün atəş açmışdır.Bu vaxt həmin meşələrdə yaşayan və öz dini adətləri üzrə quşları öldürməyi böyük günah hesab edən bəzi mövhumatçı hindlilər Qacarların atəş açıb quşları öldürməsindən bərk hiddətlənmiş, səfir Hacı Xəlil xan Qəzvinlinin evinə hücum etmişlər.Orada əlbəyaxa savaşda Hacı Xəlil xana atəş açıb öldürmüşdülər.Bu gözlənilməyən hadisədən Bombey valisi və limandakı ingilis işçiləri çox iztiraba düşmüşdülər.Onlar o vaxt Hindistanı hədələyən təhlükələrin qarşısını almaq üçün böyük əhəmiyyəti olan Qacar –İngiltərə münasibətlərini bu hadisə ilə pozmaq istəyən adamları 200 yerli əsgərin köməyi ilə tutub zindana salmışlar.Sonra Hindistan hökmdarı üzr istəmək üçün Fətəli şaha kədərli bir məktub yazmış,bir neçə ağsaqqalı və Hindistanın Bəsrədəki konsulunu qara matəm paltarında Qacar sarayına göndərmişir.
Rus işğal ordusunun komandanı Sisianovun öldürülməsi
Qış başlandığına görə Qacar dövlətinin şimal-qərb və Cənubi Qafqaz sərhədlərində Qacar qoşunlarının fəaliyyəti azalmışdır.Buna görə də Sisianov qəti hücumla Azərbaycanı almaq üçün ən münasib fürsət tapıb qüvvələrini mərkəzləşdirmişdi.Son vaxtlar Abbas Mirzənin rus qoşunundan xilas etdiyi Gəncəni yenidən işğal etmək məqsədi ilə hərəkət etmişdi.
Bu arada Quba və Dərbənd xanı Şeyxəli xan, II Surxay xan Kazikumux (1789-1820),Qacar dövləti tərəfindən təyin edilmiş Bakı valisi Hüseynqulu xan Abbas Mirzəyə məktub yazıb onun nəzəri-diqqətini bu məsələyə cəlb etmişdir ki, Şaft Gilanda rüsvayçılıqla məğlub edilib,qaçdıqdan sonra rus ordusu sırtıq işğalçı olduğundan şübhəsiz Bakını almaq fikrinə düşəcəkdir.Buna görə də Abbas Mirzənin hərbi yardım göstərməsi vacibdir.
Vəliəhd Abbas Mirzə cəsarətli,qorxmaz sərkərdəsi urmulu Əsgər xan Əfşara tapşırıq vermişdir ki,atlı və piyada hissələri ilə birlikdə Bakı qarnizonuna yardım göstərmək üçün hərəkət etsin.Doğrudan da,Bakı müdafiə hissələri sərkərdəsinin qabaqcadan xəbər verdikləri hadisə düzgün çıxmış,Şaftın Gilan məğlubiyyətindən sonra yeni qüvvələrlə təchiz olunmuş gəmiləri Bakı limanı qarşısında lövbər salmış və rus donanmasının komadanı əsgərlərinə atəş açıb limana doğru irəliləmək əmri vermişdir.
Qacar dövləti müdafiəçiləri rus əsgərlərinin qarşısını almaq üçün igidliklə müqavimət göstərib mövqeləri müdafiə etmiş,sarsılmaz iradə ilə Gilanda əldə etdikləri qələbəni bir daha təkrar etmək qərarına gəlmişdilər.Şaftın topları arasıkəsilmədən dəhşətli atəş açıb viranedici mərmilərini Azərbaycan türklərinin üstünə yağdırmış; türklər isə sayca az olan tüfəng və toplarla düşmənin şiddətli hücumunu dəf etmişdilər.
Abbas Mirzənin cəsarətli sərkərdəsi,Bakının igid müdafiəçilərinin komandanı Hüseynqulu xan toplardan birini şəxsən özü rus gəmilərindən azacıq aralı olan bir yerə çəkib,heyrətləndirici cəldlik və fədakarlıq göstərib düşmənin bir neçə gəmisini top mərmiləri ilə dağıdıb dənizə qərq etmişdir.
Şaft Hüseyqulu xanın bu qoçaqlığından qorxuya və iztiraba düşmüş, sağ qalan əsgərlərini toplayıb Bakı müdafiəçiləri tərəfindən deşik-deşik edilmiş bir neçə gəmiyə mindirərək geri çəkilmişdir.
Şaftın ikinci dəfə məğlubiyyətindən çox hiddətlənmiş Sisianov bu məğlubiyyətdən orduda görünən ruh düşkünlüyünü aradan qaldırmaq üçün Gəncəni mühasirə etmiş qoşunlarından bir hissəsini Şirvana doğru göndərmişdir.
Şirvanlı Mustafa xan Sisianovun saysız rus ordusu ilə yaxınlaşmasından qorxuya düşmüş,Abbas Mirzəyə məktub yazaraq yardım tələb etmişdir.Naibüssəltənə isə yardım üçün dərhal Qacar ordusu ilə Şirvana doğru yollanmışdır.Lakin o, Kür çayının kənarına yetişdikdə Sisianovun sürətli həmləsi nəticəsində Mustafa xanın ona tabe olması xəbərini eşitmişdir.Bundan sonra Abbas Mirzə Gəncəni düşməndən xilas etmək üçün ayrı-ayrı yollarla sərkərdələrini göndərmiş,qış fəsli olduğuna görə ərzaq,sursat daşıyan atlar və başqa heyvanların şaxtadan,soyuqdan tələf olmasına baxmayaraq,özü də Gəncəni qurtarmaq məqsədi ilə hərəkət etmişdir.
Yolda Abbas Mirzənin fədəkar əsgərlərindən bir çoxu soyuqdan ölmüş,qalan əsgərlər isə tələf olmuş atların əvəzinə top və azuqə daşıyan arabaları çiyinlərinə çəkib cəbhəyə aparmaq məcburiyyətində qalmışdır.
Abbas Mirzə xeyli əziyyət,korluq çəkdikdən sonra Gəncəyə çatmış, şəhərdəki ermənilərin Sisianovun gəlməsinə ümid bağlayıb rus qarnizonu ilə birlikdə inadla müqavimət göstərməsinə baxmayaraq, nəhayət bu böyük şəhəri Gəncə əhalisinin yardımı ilə almışdır.
Rus baş sərkərdəsi də qışın şiddətli soyuğundan çıxılmaz bir vəziyyətə düşmüş,Qacar qoşunlarının arası kəsilməyən hücumundan yayınmaq üçün Bakıya doğru yollanmaq məcburiyyətində qalmışdır.
Sisianov Bakı limanına sahib olmaq üçün hiylə işlətmək fikrinə düşmüşdü.O, Bakı valisi Hüseynqulu xanı hiylə ilə limandan çıxarmaq, yaxud mümkün olarsa,qızıl pulla aldadıb öz tərəfinə cəlb etmək,heç olmasa öldürmək məqsədi ilə öz adamlarından birini onun yanına göndərmişdir.
Rus baş sərkərdəsinin xəyanətkar məqsədini duyan Hüseynqulu xan Sisianovla görüşmək üçün qalanın xaricində bir yer təyin etmiş,onu həmin yerə gəlməyə çağırmışdır.
Sabahısı gün 8 fevral 1806-cı ildə general Pavel Dmitriyeviç Sisianov Bakının qala qapısının yanına gəlir.Rus ordu komandanı bir neçə əsgərlə birlikdə görüş üçün düşərgəsindən çıxmışdır.Hüseynqulu xan da əmisi oğlu İbrahim xan və iki başqa adamla birlikdə qaladan çıxıb Sisianovla danışmağa başlamışdılar.Onların danışıqları xeyli vaxt davam etmişdir.Sisianov irəli sürdüyü təklifləri,vədləri qarşısında Qacar sərkərdəsi olan Bakı xanının müqavimət göstərməsini gördükdə yanındakı adamlarına işarə edərək,qabaqcadan təşkil etdiyi xəyanəti icra etmək əmri vermişdir. Onlar qəfildən tüfənglərini Hüseynqulu xana və onunla gəlmiş əsgərlərə tərəf tuşlamışlar.Lakin Hüseynqulu xanın qabaqcadan tapşırığı ilə düşmənin sui-qəsd təşkil edəcəyini hiss edən,uzaqda durub vəziyyəti izləyən İbrahim xan onlara atəş açmağa macal verməmiş,Sisianovu bir güllə ilə öldürmüşdür.Rus sərkərdəsi bir sıra qanlı müharibələrdən sonra məğlub edilmiş,Bakı qalasının divarı önündə öldürülmüşdür.
İbahim xanın bu qoçaqlığından sonra buraya toplanmış Qacar ordusu əsgərləri Sisianovun başını kəsərək kəsərək rus ordusu içərisində böyük çaxnaşma salmışdılar.Bakı qalasındakı əsgərlər isə bu xəbəri eşitcək,ruhlanıb siyrilmiş qılınclarla düşmən səngərinə hücum etmişlər. Onlar şiddətli bir savaşdan sonra rus əsgərlərinin qanı ilə boyanmış qarlı çöllərlə düşməni qaçmağa məcbur etmişdilər.
Hüseynqulu xan Sisianovun başını naibüssəltənə (səltənət naibi) Abbas Mirzəyə göndərmiş,o isə rus ordusunun baş sərkərdəsinin başını bir qutuya qoyaraq müharibədən alınan bir qənimət kimi Fətəli şah Qacara ( Baba xan ) göndərmişdir.
Ardı var.

