Qacar Rus Savaşları Gülüstan və Türkmənçay müqavilələri
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
XI Yazı
Altıncı fəslin icrası haqda başqa müqavilə
Bu qəribə fəsil ilə Qacar dövlətinə qalan Azərbaycan ərazisi də Qacar dövlətindən ayrılıb böyük, bir hadisə törədə bilərdi.
Türkmənçay müqaviləsinin altıncı fəslində ruslar belə bir qeyd artırmışdılar ki,əlahəzrət Qacar ölkələri Rusiya dövlətinə təzminat üçün on korur pul verməli idi. Təzminat verilməsinin möhləti və miqdarı haqda başqa müqavilədə belə qeyd olunmuşdur:Təzminatın bütünlüklə və vaxtında ödənilməsi məqsədi ilə əlahəzrət Qacar şahı Rusiya imperatoruna girov vermək üçün: “Saziş bağlayan iki əzəmətli dövlət bu qərara gəlmişlər ki, səkkiz korur verilənə qədər bütün Azərbaycan vilayətləri bilavasitə rus əsgərləri himayəsi altında olmalı və Azərbaycanın intizamını təmin edən idarələr,yaxud başqa hökumət dairələrində ancaq Rusiya dövlətinin mənafeyini nəzərə almalıdırlar. Buna görə də, hazırda Təbriz şəhərində bərqərar olmuş müvəqqəti hökumət şəhərin intizamını, dincliyini saxlamaq üçün qalacaq,Rusiyaya lazım olan təzminat vəsaitini hazırlamaq üçün işğalçı ordu kimi işini davam etdirəcəkdir. Əgər 1828-ci il avqust ayının 15-nə qədər,yəni hicri 1244-cü il səfər ayının üçünə qədər səkkiz milyon tümən bütövlükdə ödənilməsə,bütün Azərbayca vilayətinin Qacar dövlətindən ayrılması qəti olacaq, əlahəzrət Rusiya imperatoru I Nikolay Azərbaycanı bötövlüklə öz imperiyasının tərkibinə daxil etməyə və bilavasitə, şəxsi himayəsi altına alıb irs qanunu üzrə öz canişinlərini təyin etməyə haqlı olacaqdır.
Azərbaycan bütövlüklə əldən getmək ərəfəsində idi.Üçüncü fəslin icrası üçün Fətəli şah Qacar və Abbas Mirzənin qarşısında duran çətinliklər ciddi şəkil almışdı.Azərbaycanın Qacar dövlətindən bütövlükdə ayrılmasının qabağını almaq məqsədi ilə vətənpərvər Qacar vəliəhdinin böyük fədakarlığı və güzəştə getməsi Naibüssəltənə Abbas Mirzəni Qacar dövləti tarixində əbədi olaraq qalan və gələcək nəsillər üçün nümunə olan parlaq fədakarlığı idi.
Fətəli şah Qacarın xəsislik və iradəsizliyinə, dövlət başçılarının və şahın ətrafında toplanan adamların ləyaqətsizliyinə, habelə şahzadələrin həsəd və acgözlüyünə görə Rusiya-Qacar savaşları Qacar qoşunları və Abbas Mirzənin fədakarlığına baxmayaraq, Qacar dövlətinin məğlubiyyəti ilə bitmişdir.Qacar səltənəti üçün böyük bədbəxliklər törədən biabırçı Türkmənçay müqaviləsi ilə nəticələnmişdir.Bu isə Qacar dövlətinin bütövlüyünü,etibarını saxlamaq uğrunda çoxlu fədakarlıqlar göstərən, canından keçən qeyrətli Qacar vəliəhdi Abbas Mirzənin və ordusunun dözülməz,fəlakətli çətinliklərə rast gəlməsinə səbəb olmuşdur.Rusiyanın Türkmənçay müqaviləsinin altıncı maddəsi üzrə on korur təzminatı almaq üçün Qacar dövlətinə arası kəsilmədən təzyiq və pulun verilmədiyi təqdirdə Qacarların əlində qalan Azərbaycan ərazisinin də öz imperiyası tərkibinə daxil edəcəyi ilə Abbas Mirzəni,Qacar şahı Fətəli xan Qacarı hədələməsi Naibüssəltənəni çıxılmaz bir vəziyyətdə qoymuşdur.Fətəl şah fitrətən xəsis olduğuna görə bu pulu verməyə razı olmur,altı korurdan başqa daha pul vermək istəmirdi.Buna görə də Abbas Mirzə Azərbaycanı əldən verməmək üçün pul toplamaqda böyük çətinliyə düşmüşdür.
Bir tərəfdən sülh müqaviləsi bağlamaq üçün vasitəçilik edib,özünü hər iki tərəfə xeyirxah göstərən,digər tərəfdən isə İngiltərə mənafeyini nəzərə alaraq, o dövlətin nüfuzunu artırmaqdan başqa bir məqsədi olmayan ingilis nümayəndələri yenə araya düşüb vasitəçilyə başlamışdı.
Rusiya səfiri Qriboyedovun öldürülməsi
Türkmənçay müqaviləsi fəsillərindən birisi də iki dövlət arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün Qacar və Rusiya dövlətlərinin bir-birinə qarşılıqlı səfir və nümayəndə heyətləri göndərmək məsələsindən ibarət idi.
Osmanlı dövlətinə qarşı aparılan müharibədən qorxuya düşdüyünə görə tezliklə Qacar sarayı ilə dostluq münasibətini bərqərar etmək istəyən Rusiya Türkmənçay sazişi üzrə müzakirələrdə iştirak etmiş Paskeviçin bacısı oğlu Qriboyedovu səfir vəzifəsi ilə Qacar dövlətinə göndərmişdir.
Qriboyedov Təbrizə gəlib,Abbas Mirzə tərəfindən ehtiramla qarşılandıqdan sonra Tehrana tərəf yollanmışdır.
Bazar günü Rusiya səfiri Tehrana çatdıqda Zilli Sultanın vəziri Kaşanlı Mirzə Məmmədəli xan onu qarşılamışdır.O,üç gündən sonra Fətəli şahın yanına qəbul edilmişdir.Qriboyedov təkəbbürlü,özünü bəyənən adam olduğuna görə sarayda şahın yanına qəbul olunan zaman saray adət-ənənələrinə,saray qaydalarına riayət etməmiş,Rusiya kimi böyük bir dövlətin nümayəndələrinin şəninə uyğun olmayan kobud bir şəkildə şahla danışmışdır.
Fətəli şah Rusiya səfirinin rəftarına məhəl qoymadan,danışıq tonunu və əhval-ruhiyyəsini heç dəyişmədən Qriboyedovu axıra qədər dinləmişdir.Lakin rus səfiri öz kobud rəftarını dəyişməyib əhaliyə təzyiq etməyə başlamışdır.O,bir çox erməniləri Qafqaza köçürmək üçün hamıdan artıq israr edirdi.Təsadüfən Rusiya səfiri erməniləri Zaqafqaziyaya köçürmək üçün fəaliyyət göstərdiyi zaman başqa bir hadisə də baş vermişdir.Bu isə əhalinin şübhələnməsinə və böyük acınacaqlı bir faciənin əmələ gəlməsinə səbəb olmuşdur.
Hadisə belə olmuşdur: Şahın hərəmxanasında,əslində erməni,lakin iyirmi ildən bəri müsəlman olmuş Ağa Yaqub adlı hərəm xacələrindən biri şah sarayından qırx min tümən oğurladığına görə Qriboyedovun evinə qaçmışdır.Digər tərəfdən Qriboyedov tezlklə erməni müharibə əsirlərini qaytarmaq üçün Qacar dövləti başçılarına təzyiq edirdi. Bundan başqa o, Asəfüddövləyə təklif etmişdir ki,evindəki iki qulluqçu gürcü qadınını ona qaytarsın.Bu iki gürcü qadın çoxdan müsəlman olmuş və Asəfüddövlənin evində qulluqçu idilər.Lakin Asəfüddövlə Rusiya səfirinin hədələrini,təzyiqini görüb,bəzi hadisələr baş verməsinə və ruslar üçün bəhanə törənməsinə imkan verməmək məqsədi ilə o, iki qulluqçu qadını Qriboyedovun evinə göndərmişdir.Rus səfirinin evində qətiyyən qalmağa razı olmayan bu iki qadın həmin günün səhəri Qriboyedovun evindən çıxıb Tehran küçələrində çığıra-çığıra qaçaraq, xalqı həyacana,qəzəbə gətirmişdir.Fanatik əhali bu zaman toplanıb əsəbiliklə rus səfirinin evinə yollanmışdır.Rus səfirinin evini Fətəli şahın yüz nəfər qvardiya əsgərləri və iki nəfər rus mühafizə edirdilər.Əhali səfirin evinə yaxınlaşdıqda Qriboyedovun əmri ilə rus gözətçiləri əhaliyə atəş açmış,birinci atəşdə altı nəfər öldürülmüşlər. Bu hadisə əhalinin daha da qəzəblənməsinə səbəb olmuşdur.Adamlar ölənlərin cəsədini əlləri üstünə götürüb gəzdirərək nümayiş etdirmiş və mollaları rus səfiri əleyhinə qaldırmışlar.
Bütün əhali arasında nüfuzu və hörməti olan din xadimi Mirzə Məsih evindən çıxıb,camaatın qabağına düşərək rus səfiri və onun adamlarına qarşı kütləvi cihad etməyə çağırmışdır.Buna görə neçə min Tehran əhalisi birdən-birə həyəcanlanıb yenidən Qriboyedovun evinə həmlə etməyə başlamışlar.Bu dəfə gözətçilərin atəşi nəticəsində on dörd yaşında bir oğlan həlak olmuşdur.Qiyamçılar səfirin evinə yol tapıb əvvəl Ağa Yaqubu qılınc və süngü ilə tikə-tikə doğramış,sonra səfirin oturduğu evə girmişlər.Qiyamçılar səfiri on dörd nəfər adamları ilə birlikdə öldürmüşlər.Aleksandr Sergeyeviç Qriboyedov 30 yanvar (11fevral) 1829-cu ildə 34 yaşında öldürülmüşdür.Səfirlə birlikdə onun iki erməni köməkçisi Solomon İosifoviç Melikov və Mirzə Nəriman Şahnəzərov öldürülmüşdü.Bu acı hadisəni Fətəli şah Qacar eşidən kimi rus səfirinə və adamlarına nicat vermək üçün dərhal oğlanlarından birini iki min əsgərlə birlikdə göndərmişdir.Lakin Fətəli şahın oğlu hadisə yerinə gec çatdığına görə səfirə nicat verə bilməmiş,ancaq Qriboyedovun katibini və iki rus əsgərini qurtarmağa müvəffəq olmuşdur.
Bu dəhşətli faciə yenidən müharibə odunu alovlandırmaq üçün ən yaxşı bir bəhanə ola bilərdi.Lakin keçmiş müharibələrin kədərləndirici, uğursuz xatirələrini hələ də unutmayan və şahzadələrin həsədinə,ziyankarlığına qarşı özünü gücsüz hiss edən Fətəli şah Qacar bərk qorxuya düşüb,pis nəticələrə səbəb ola biləcək bu qarışıqlığı yatırmağı Abbas Mirzəyə tapşırmışdır.Bu kədərli hadisənin səbəbi zahirən xalqın fanatikliyi,dindarlığı və o zaman böyük din xadimi Mirzə Məsihin verdiyi fitva olmuşdur.O əsrdə yaşayan bəzi tarixçilər qeyd etmişdir ki,Abbas Mirzəyə qarşı düşmən münasibət bəsləyən və Türkmənçay müqaviləsindən çox narazı olan ayrı-ayrı saray adamları və şahzadələr şahı Qacar dövləti və Rusiya arasında üçüncü müharibəni törətməyə məcbur edə bilmədiklərinə görə məharətlə din xadimlərini qızışdırıb belə bir hadisənin əmələ gəlməsinə səbəb olmuşdular.Onların məqsədi bu idi ki,həmin hadisə nəticəsində Rusiya Qacar səltənətinə müharibə elan etsin.Abbas Mirzə şah sarayındakı fitnəkarların planlarından xəbərdar idi.O bilirdi ki,yorulmuş Qacar dövləti silahlı qüvvələri Rusiya dövlətinin saysız qoşunları qarşısında artıq müqavimət edə bilməyəcək,bundan başqa,atası Fətəl şah Qacar qoşuna pul göndərməyə razı olmayacaqdır.Buna görə Qaimməqamın məsləhəti ilə Paskeviçin kölnünü ələ almaq və rus ordu komandanının fikrini bilmək üçün onun yanına nümayəndə göndərilmişdir.
Paskeviç Abbas Mirzənin məktubuna bu cavabı yazmışdır: “Atanız əlahəzrət Fətəli şah müharibəyə başlamaq istəyir.Bizim sərhəddəki vilayətləri müdafiə etmək üçün qalalarda saxladığımız qarnizonlardan başqa bir qüvvəmiz olmadığına görə siz iyul ayında bizim müdafiəsiz ölkələrimizə soxulub qarət edə bilərsiniz.Lakin siz bizim möhkəmləndirilmiş istehkamlarımızı ala bilməyəcək,onlardan keçə bilməyəcəksiniz.Oktyabrda dağlarınızı qar bürüdükdə mən Təbrizə doğru hücum edəcək,Azərbaycanı bir daha sizə qaytarmamaq məqsədi ilə alacam.Onda taxt-tacı əldə etməyə siz artıq ümid bəsləyə biməyəcəksiniz.
Bir il keçmədən Qacar sülaləsi şahlıq qulluğundan məhrum ediləcəkdir. Sizin siyasi istiqlaliyyətiniz bizim əlimizdədir.Sis ümidinizi Rusiyaya bağlamalısınız.Sizi ancaq o himayə edə bilər.Nə İngiltərə dövlətinin vədlərinə inanın,nə də Osmanlı dövlətinin sözlərinə.İngilislər sizi müdafiə etməyəcəklər.Onların siyasəti ancaq Hindistanda olan müstəmləkələrini nəzərə alaraq yürüdülür.Biz Asiyada hər hansı bir ölkəni əldə edə bilərik və heç bir dövləti də bu,qorxuya salmaz,Qacar dövləti ərazisində kimin hökmranlıq edə biləcəyi məsələsinə Avropada qətiyyən heç kim əhəmiyyət vermir”.
Abbas Mirzə bu məktubu aldıqdan sonra atası Fətəli şah Qacarın əksinə olaraq,yəqin etmişdir ki,Osmanlı türklərindən Qacar türklərinə heç bir fayda olmayacaqdır.O,tam aydınca dərk etmişdir ki,Rusiya öz qüvvələrinə arxalanaraq hərbi vəsaiti olmayan Qacar qoşunlarına hücum etməkdən heç də çəkinmir.Qraf (Kont) Paskeviç Rusiya səfirinin öldürülməsi münasibəti ilə Qacar dövlətindən etibarlı bir nümayəndə heyəti göndərilməsini və bununla da öz hörmətini qaldırmaq istəyirdi. O zaman Rusiya imperiyasının Qacar səltənətinə qarşı müharibəyə başlaması gözlənilirdi.Məlum olduğu kimi Türkmənçay müqaviləsindən sonra ruslar “ dincliklə nüfuz etmək” siyasətini təcavüzdən üstün tuturdu.Lakin buna baxmayaraq,Abbas Mirzə qoşundakı böyük nöqsanları,pul və hərbi vəsaiti təmin etmək üçün böyük çətinliklər qarşısında olduğunu nəzərə alaraq bildirdi ki,müharibəni davam etdirmək Qacar dövlətinin mənafeyi ilə uyğun deyildir və tezlklə bu siyasətin qabağını almaq lazımdır.
Tehranda Qacar əsgərlərinin köməyi ilə üsyançıların əlindən rus səfirinin katibi Maslovun xilas edilməsi iki dövlət arasındakı münasibəti yenidən bərqərar etmək üçün zahirən bir səbəb ola bilərdi.Maslov hadisənin necə baş verməsi haqda ətraflı məlumat vermişdi.Naibüssəltənə Abbas Mirzə və Fətəli şah Maslovun falçılığını hiss edərək onun hərəkəti üçün lazım olan əks vasitə hazırlamışdılar. Buna görə də Maslov məmnuniyyət və yaxşı xatirələrlə Qacar dövlətindən Rusiyaya qayıtmışdır.Abbas Mirzənin tapşırığına görə bu səfərdə Maslovla birgə Qriboyedovun arvadı Nina Aleksandrovna Çevçavadze də təxti-rəvanla atasının yanına göndərilmişdi.
Hərəkət etməmişdən əvvəl Qaimməqam həmin hadisə haqqında Rusiya səfirinin katibi ilə uzun-uzadı müzakirə etmişdir.Əvvəl Abbas Mirzə Qaimməqamla birlikdə Rusiyaya getməyi qərara almışdır.Paskeviç də elə bu fikirdə idi ki,Qacar dövləti Rusiyaya ən hörmətli şəxslər və başçılardan ibarət bir heyət göndərsin.Buna görə Naibüssəltənə Abbas Mirzənin gedəcəyini eşitdikdə general Abxazova əmr etmişdir ki,Abbas Mirzənin Sankt- Peterburqa hərəkəti münasibəti ilə ona dostcasına və səmimi bir məktub yazsın.Lakin Abbas Mirzə nümayəndə heyəti ilə Rusiyaya getməyi özünün və Qacar dövlətinin şərəfinə layiq görməyib getməkdən boyun qaçırmış, buna görə də bir neçə vaxt heyət üzvlərini seçməkdə tərəddüd etmişdir.Bəlkə də o,tezliklə Osmanlı dövləti ilə Rusiya arasında şiddətli müharibə başlanacağına ümid edərək,yeni ordu toplayıb üçüncü dəfə Rusiyaya qarşı hücum edəcəyini, Arazın o tayındakı şəhərlərə nicat verib Quzey Azərbaycan , Gürcüstan və Dağıstanı rus işğalından azad etməyi düşünürdü.İşğal olunmuş torpaqlara nicat verib ölkənin siyasi etibarını yenidən qaldırmağı hazırlanırdı.
Nəhayət, Abbas Mirzə nümayəndə heyətini göndərmək qərarına gəlmişdir. Çünki Fətəli şahın xəstəlyi onun son uğursuzluqlarına səbəb olmuşdu,indi isə uğursuz,ağır itkilər yenə gözləri önündə canlanırdı. O, nəhayət,dərk etmişdir ki,bu vəziyyətdə rus orduları ilə qarşı-qarşıya gələ biləcək,yeni müharibənin yeni tələfat və qurbanlardan başqa bir nəticəsi olmayacaqdır.
Bundan başqa Abbas Mirzə saray adamlarının və şahzadələrin ziyankarlığını,həsədini yaddan çıxarmayıb,bilrdi ki, onlar Qacar qoşunlarının əsas vəziyyətindən və hərbi nöqsanlarından istifadə edib, müharibəni qızışdırmağa çalışırdılar.
Nəhayət, Abbas Mirzə Sankt-Peterburqa nümayəndə heyəti göndərmək və oğlu Xosrov Mirzəni heyətə başçı təyin etməyi qərara almışdır. O, Qaimməqamın məsləhəti ilə Xosrov Mirzənin səfəri üçün tədarük görmüş,onu Əmir Nizam Zəngənə ilə birlkdə Tifls yolu ilə Sankt- Peterburqa yola salmışdır.
Qacar dövləti və Rusiya aradsında münasibəti möhkəmləndirmək və Rusiya səfirinin ölümü münasibəti ilə üzr istəmək üçün Qacar şahı Fətəli şah Qacar nəvəsi Xosrov Mirzəyə müəyyən göstəriş vermişdir. Bundan başqa həm Qacar şahı,həm də Abbas Mirzə Sankt-Peterburqa yazdıqları məktubu Xosrov Mirzəyə tapşırmışdılar.
Türkmənçay sülh müqaviləsinin ləğvi
Türkmənçay müqaviləsi Oktyabr sosialist inqilabına qədər Qacar-Rusiya münasibətlərinin əsasını təşkil edirdi.26 fevral 1921-ci ildə imzalanmış və növbəti ilin 26 fevral tarixində ratifikasiya edilmiş “Rusiya və Qacar dövləti arasında müqavilə”nin XI maddəsinə uyğun olaraq Türkmənçay müqaviləsi imzalayan ölkələr tərəfindən rəsmi olaraq ləğv edilmişdir.
Son
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 18 Noyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















