Icma.az
close
up
RU
Qanunidir, amma ədalətli deyil

Qanunidir, amma ədalətli deyil

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə aydır kartdan karta pul köçürmələri zamanı tətbiq edilən yüksək komissiya haqları müştərilərin böyük narazılığına səbəb olur. Hətta cüzi məbləğlərdə - məsələn, 2 manat köçürmə zamanı 1 manat xidmət haqqının tutulması istifadəçilər arasında ciddi suallar doğurur. Bu, faktiki olaraq 50 faiz komissiya deməkdir və gündəlik maliyyə əməliyyatlarını həyata keçirən vətəndaşlar üçün əlavə yük yaradır.

Mütəxəssislərin fikrincə, problemin əsas səbəblərindən biri bankların xidmət haqlarını müəyyən edərkən vahid standartların olmamasıdır. Hər bir bank öz daxili siyasətinə uyğun olaraq tariflər təyin edir və bu da bazarda qeyri-bərabər şərait yaradır. Bəzi hallarda isə komissiya haqları köçürülən məbləğlə müqayisədə olduqca yüksək faiz təşkil edir ki, bu da istifadəçi məmnuniyyətinə mənfi təsir göstərir. Digər tərəfdən, banklar bu haqları texnoloji infrastrukturun saxlanılması, təhlükəsizlik sistemlərinin qurulması və xidmət keyfiyyətinin artırılması ilə əsaslandırırlar. Doğrudur, rəqəmsal bankçılığın inkişafı müəyyən xərclər tələb edir. Lakin müasir dövrdə bir çox ölkələrdə rəqabətin artması nəticəsində bu xidmətlər ya tamamilə pulsuz, ya da minimal ödənişlə təqdim olunur. Bu isə yerli istifadəçilərin də daha əlverişli şərtlər gözləməsinə səbəb olur. Kartdan karta pul köçürmələri zamanı yüksək komissiya haqları problemi yalnız istifadəçilərin deyil, bütövlükdə maliyyə sisteminin etibarlılığı baxımından da ciddi əhəmiyyət kəsb edir. Bu sahədə balanslı və ədalətli yanaşmanın tətbiqi həm bankların, həm də müştərilərin maraqlarına uyğun olar.

İqtisadçı ekspert Razi Abbasbəylinin sözlərinə görə, Azərbaycanda bəzi kommersiya banklarının tətbiq etdiyi komissiya siyasəti ədalətli prinsiplərlə uzlaşmır: "Bəzi hallarda həmin bankın müştəriləri, hətta kartları arasında aparılan köçürmələrə görə belə əlavə ödənişlər tələb olunur ki, bu da müştəri məmnuniyyətinə ciddi xələl gətirir. Komissiya haqları bankların əməliyyat xərclərini qarşılamaq üçün nəzərdə tutulsa da, beynəlxalq təcrübədə bu gəlirlərin müəyyən həddi aşmaması əsas prinsip sayılır. Dünyada qəbul olunmuş normalara görə, bankların xidmət haqlarından əldə etdiyi vəsaitin ümumi məbləğin 7 faizi həddində saxlanması tövsiyə edilir. Lakin Azərbaycanda bəzi hallarda bu göstəricinin daha yüksək olduğu müşahidə edilir. Bəzən 2 faizlik komissiyalar tətbiq olunur, bəzi banklarda isə vahid tariflər adı altında köçürmə məbləğindən asılı olmayaraq yüksək rüsumlar tutulur. Hətta elə hallar var ki, komissiya 10 faizə qədər yüksəlir".

Razi Abbasbəyli bildirib ki, problem təkcə kartdan karta köçürmələrlə məhdudlaşmır: "Vətəndaşlar kreditlərin rəsmiləşdirilməsi, nağdlaşdırılması, ödənişi və gecikmələrə görə tətbiq edilən cərimələr zamanı da müxtəlif əlavə komissiyalarla üzləşirlər. Bu isə ümumi maliyyə yükünü daha da artırır. Mövcud vəziyyət vətəndaşların təməl hüquqları baxımından da suallar doğurur. Xüsusilə bankomat infrastrukturunun qeyri-bərabər inkişaf etdiyi şəraitdə vətəndaşlar alternativ bankların xidmətlərindən istifadə etməyə məcbur qalır və bu zaman daha yüksək komissiyalar ödəyirlər".

İqtisadçının fikrincə, problemin həlli üçün əsas məsuliyyət tənzimləyici qurumun üzərinə düşür: "Kommersiya banklarının maraqları nəzərə alınmalıdır, lakin vətəndaş hüquqları prioritet təşkil etməlidir. Mərkəzi Bank bu sahədə daha aktiv rol oynamalı, komissiya haqları üzrə yuxarı həddi qanunvericiliklə müəyyən etməli və bu limitdən artıq tariflərin tətbiqinə imkan verməməlidir. Hazırda daha çox tövsiyə xarakterli yanaşma müşahidə olunur, lakin bu, kifayət deyil. Hesab edirəm ki, banklar etimadı qorumaq üçün 1-10 AZN arası köçürmələrdə daha aşağı və ya "0" komissiya tətbiqi və ya aylıq pulsuz limitlər (məsələn, ilk 10 transfer pulsuz) təklif edə bilərlər".

Mütəxəssis hesab edir ki, bank sektorunda şəffaf və ədalətli tarif siyasətinin tətbiqi həm müştəri məmnuniyyətinin artırılması, həm də rəqəmsal ödəniş sistemlərinin inkişafı baxımından vacibdir. Əks halda, yüksək komissiya haqları vətəndaşları yenidən nağd əməliyyatlara yönəldə və maliyyə inklüzivliyinə mənfi təsir göstərəcək.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, banklar qanunvericiliyə uyğun olaraq xidmət haqlarını müqavilə əsasında sərbəst müəyyən edir və rəqabətli bazar şəraitində vətəndaş alternativ bank seçə bilər: "Banklar haqqında qanuna görə banklar müştərilərdən tutulan komissiya, faiz və xidmət haqlarını sərbəst müəyyən etməkdədirlər. Yəni bu barədə müştəri ilə bağlanan müqavilədə həmin xidmət haqları əvvəlcədən nəzərdə tutulur və sonradan tətbiq edilir. Bu da dünya praktikasına uyğundur. Azərbaycanda da bank bazarı bir-iki bankdan ibarət deyil, ölkədə 20-dən çox bank fəaliyyət göstərir. Bu banklar arasında tam sağlam rəqabət olmasa da, müəyyən rəqabət mövcuddur. Buna görə də vətəndaşın bu xidmət haqqı xoşuna gəlmirsə, digər bankın xidmətlərindən istifadə edə bilər".

Ekspertin dediyinə görə, xidmət haqqı bankın əməliyyat xərclərini qarşılayaraq mənfəət əldə etmək üçün göstərilən xidmətə görə tətbiq etdiyi komissiyadır və bu, beynəlxalq praktikada da geniş yayılmışdır: "Ümumiyyətlə, xidmət haqqı nədir? Bank istənilən xidmətin göstərilməsi üçün xərc çəkir: işçi saxlayır, sistem xərcləri, inzibati xərclər və s. eyni zamanda qazanc da əldə etməlidir. Bank xeyriyyə fondu deyil. Buna görə də müəyyən komissiya haqları tətbiq olunur. Məsələn, köçürülən məbləğdən faiz və ya sabit məbləğ tutulur. Ona görə də vətəndaş az məbləğ köçürdükdə komissiya daha yüksək kimi görünür, çox məbləğdə isə bu o qədər də nəzərə çarpmır. Əgər bu vətəndaş üçün problemdirsə, alternativ olaraq pulu nağd şəkildə, yəni əlbəəl də vermək mümkündür. Ümumilikdə isə bu cür komissiya haqları xarici ölkələrdə də mövcuddur".

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə əsasən, 2 və ya 1 manatlıq pul köçurməsindən 1 manat komissiya tutmaq qanuna zidd deyil, amma ədalətli də deyil. Banklar kartdan karta köçürmədə adətən 1 faiz götürür, lakin minimum 1 manat limit qoyurlar: "2 manatın 1 faizi 2 qəpik eləyir, amma minimum 1 manat işə düşdüyü üçün 50 faiz çıxır. Bank bunu əməliyyat xərcləri ilə izah edir, çünki hər köçürmədə prosessinq, təhlükəsizlik yoxlaması, SMS xərci var. Problem ondadır ki, kiçik məbləğlər üçün bu haqq çox ağırdır və adamları nağd pula qayıtmağa məcbur edir. Bu isə nağdsız iqtisadiyyat siyasətinə ziddir. Dünyada da oxşar minimumlar var, amma bizdə bütün bankların 1 manat qoyması rəqabəti azaldır. Əgər xırda məbləğ göndərirsənsə, eyni bankın kartları arasında köçürmə adətən pulsuz olur. Ən yaxşı yol Ani Ödəniş Sistemi (AÖS) ilə mobil nömrəyə göndərməkdir, 100 manata qədər çox bankda komissiya tutmur. 2 manat göndərəndə heç nə itirmirsən".

İqtisadçı ekspert Samir Əliyev bildirib ki, köçürmələrə görə təyinatdan asılı olaraq komission haqq tələb oluna da bilər, olunmaya da bilər: "Bu, normaldır, hətta əladır. Normal olmayanı nədir? A kartından A kartına, yəni özünə pul köçürməyə görə müştəridən komission haqq tutmaq və üstəlik, buna görə gündəlik faiz tətbiq etmək. Bu, müştəridən haqsız pul qopartmaqdır".

S.Əliyev deyib ki, bankın tövsiyəsinə görə, kredit kartındakı güzəştli müddətləri düzgün idarə etmək üçün vəsaiti əvvəlcə debet kartına, sonra isə kredit kartına köçürürəm. Ancaq keçən dəfə debet kartından kredit kartına köçürtmək əvəzinə səhvən kredit kartından özünə köçürtmə etmişəm. Nəticədə 50 manatdan 4 faiz (2 manat) komissiya çıxıblar və gündəlik 5 qəpik (illik 35 faiz) olmaqla faiz tətbiq etməyə başlayıblar. Yəni kredit kartından başqa karta yox, məhz özünə köçürtmüşəm. Belə çıxır ki, həmin vəsaiti nağdlaşdırmışam. Bu ona oxşayır ki, sahibkar (VÖEN) hesabımdan cari hesab əvəzinə səhvən həmin sahibkar hesabıma pul köçürürəm və dövlət məndən təkrar vergi, bank isə nağdlaşdırma vergisi tutur".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

29 Sentyabr 2026 03:43see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri