“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu həftə ölkənin əksər ticarət şəbəkələrində və brend mağazalarında "Qara Cümə" kampaniyaları başlayır.
Avtosfer.az xəbər verir ki, ticarət şəbəkələri və onlayn platformalar alıcılara 70 faizədək güzəştlər təklif edirlər. Çox vaxt məhsulların qiyməti kampaniyadan əvvəl artırılır və endirim günlərində sadəcə əvvəlki qiymətinə qaytarılır. Yüksək faizli güzəştlər isə bütün mallara deyil, yalnız köhnə kolleksiyalara və ya məhdud sayda məhsullara aid olur. “Qara Cümə” də elan olunan 70 faiz endirimlər həqiqətən qiymətlərin bu qədər aşağı düşməsi deməkdir, yoxsa mağazalar əvvəlcə qiymətləri qaldırıb, sonra endirim edirlər?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, dünyada "Qara Cümə" çox geniş yayılmış bir anlayışdır:

"Hətta Avropa ölkələrində, Amerikada ilboyu insanlar endirim günlərini gözləyirlər ki, əsasən də qara cümə günündə alış-veriş etsinlər. Şirkətlər də buna xüsusi hazırlaşırlar. Dünyada bunun şəbəkələşmiş yanaşması mövcuddur. Azərbaycanda isə dünyadakı trendlərə uyğun olaraq endirim kampaniyaları keçirilir. Amma bu şəbəkə şirkətlər, istehsalçılar tərəfindən deyil, satıcılar və mağazalar tərəfindən həyata keçirilir. Bəzən xaricdə gördüyümüz qiymətləri biz Azərbaycanda endirim günlərində görmürük. Bu da hansısa bir qanun pozuntusu deyil, müştəriləri cəlb etmək üçün bir reklam fəndidir. Burda kriminal bir hadisə yoxdur və vətəndaşı da aldatmaq indi daha çətindir. Çünki internet üzərindən qiymətləri müqayisə etmək mümkündür. Buna görə də ənənəvi, oflayn mağazalar müştəriləri özlərinə cəlb etmək üçün daha sərfəli qiymətlər təklif etməlidirlər".
Marketoloq Elxan Mərdanlının fikrincə isə, “Qara Cümə” ABŞ-də yaranmış və sonradan bütün dünyada geniş yayılmış marketinq və satış kampaniyasıdır:

"Bu kampaniyanın əsas məqsədi istehlakçıların alış-verişə marağını artırmaq, satış dövriyyəsini sürətləndirmək və mövcud mal ehtiyatlarını azaltmaqdır. 70 faiz endirimin tətbiq edilməsi şirkətin mənfəətinin 70 faizindən imtina etməsi demək deyil. Burada satış qiyməti, məhsulun maya dəyəri və mənfəət anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Pərakəndə ticarətdə məhsulun uzun müddət anbarda və ya mağazada qalması şirkət üçün əlavə maliyyə yükü yaradır. Bəzən şirkətlər məhsulu hətta maya dəyərindən aşağı qiymətə satmaqda maraqlı olurlar. Çünki həmin vəsaiti yenidən dövriyyəyə yönəltmək iqtisadi baxımdan daha səmərəli ola bilər. Reklamda qeyd olunan “70 faizədək endirim” bütün məhsullara 70 faiz endirim tətbiq edilməsi demək deyil. Bu kampaniya çərçivəsində tətbiq olunan maksimum endirim həddidir".
Marketoloq qeyd edib ki, qiymətlərin əvvəlcədən süni şəkildə artırılması və sonradan endirim adı altında təqdim olunmasına gəlincə, belə halların mövcudluğunu istisna etmək olmaz:
"Lakin konkret faktlar olmadan bunu bütün pərakəndə ticarət sektoruna şamil etmək düzgün deyil. Qara Cümənin psixoloji təsiri də kifayət qədər güclüdür. Məhdud zaman, yüksək endirim faizləri və fürsəti qaçırmaq qorxusu istehlakçının alış qərarını sürətləndirir. Bəzən insanlar ehtiyacları olmadığı halda belə məhsul alırlar. Bu səbəbdən istehlakçılara tövsiyəm odur ki, endirim faizindən daha çox məhsulun əvvəlki və cari satış qiymətini müqayisə etsinlər. Şirkətlər unutmamalıdırlar ki, yüksək endirim faizi müştərini bir dəfə mağazaya gətirə bilər, amma şəffaf qiymət siyasəti və etibar həmin müştərini daimi alıcıya çevirir".
Züleyxa Allahverdiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 Noyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















