Qarabağ dünyanı heyrətləndirir
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.




Vətən müharibəsində müzəffər Ordumuzun Zəfəri sayəsində işğaldan azad olunan ərazilərə həyat qayıdır. Güclü və məsuliyyətli Azərbaycan dövləti üç onilliyi əhatə edən işğal illərində erməni vandallarının tamamilə viran qoyduqları bu əraziləri dirçəltmək və dünyanın ən gözəl guşələrindən birinə çevirmək əzmindədir.
Hazırda burada sürətli quruculuq işləri gedir. Biz artıq adət etmişik: Hər gün bəhs olunan ərazilərdən yeni iqtisadi və sosial infrastruktur quruculuğuna, şəhər və kəndlərin məskunlaşdırılmasına aid yeni-yeni xoş xəbərlər gəlir. İcra olunan çoxsaylı layihələri ümumiləşdirsək, qısa şəkildə belə ifadə edə bilərik: Qarabağ dünyanı heyrətləndirir.
Elə bu günlərdə - azad Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin liderlərinin növbəti Zirvə Görüşünün keçirildiyi ərəfədə Prezident İlham Əliyev ayrı-ayrı ünvanlarda yeni açılışlara və təməlqoyma tədbirlərinə qatılıb. Əlamətdar haldır ki, bu xoş əhval-ruhiyyəli mərasimlərin bir çoxunda ECO-nun Zirvə Görüşündə iştirak etmək üçün respublikamıza səfərə gələn dost ölkələrin yüksəksəviyyəli rəsmiləri də Prezident İlham Əliyevin yanında olublar.
Böyük Qayıdış proqramı uğurla reallaşdırılır
İkinci Qarabağ müharibəsindən əvvəl dövlətimizi və xalqımızı qayğılandıran əsas məsələ işğal faktına son qoyulması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi. Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində bu missiyanı yüksək səviyyədə həyata keçirdi. Müzəffər Silahlı Qüvvələrimizin 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və Prezident İlham Əliyevin müdrik diplomatik gedişləri sayəsində üç onillik ərzində düşmənin nəzarətində qalan ərazilərimiz hərbi-siyasi yolla işğaldan azad edildi, həmçinin torpaqlarımızda separatizmin kökü kəsildi.
Yeni reallıqlarla səciyyələnən postmüharibə dövründə hədəflərimiz dəyişib. İndiki mərhələdə 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib.
Hədəflərin müəyyənləşdirilməsi öz yerində. Azərbaycan həm də güclü və məsuliyyətli dövlət kimi qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. Hazırda işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması uğurla davam etdirilir. Qeyd edək ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 minə yaxın insan yaşayır. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın ümumi icra faizi təqribən 79 faizdir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21,6 milyard manat vəsait ayrılıb. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.
Böyük Qayıdış strategiyası perspektivdə də eyni ardıcılıqla davam etdiriləcək. Xatırladaq ki, Azərbaycan Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Həmin tapşırığın icrasının təmin edilməsi məqsədilə imzalanmış Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamına əsasən Strategiya və Dövlət Proqramı üzrə layihələrin hazırlanmasında aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiq edilib. Komissiyanın tərkibində Strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə iki işçi qrup yaradılıb və tərkibi təsdiqlənib, Baş nazirin müavinləri - Şahin Mustafayev və Samir Şərifov işçi qrupların rəhbəri təyin olunub. Strategiyanın hazırlanması məqsədilə 9, Böyük Qayıdış Dövlət Proqramı üzrə isə 4 alt işçi qrup yaradılıb.
Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışı
ECO-nun Xankəndidə baş tutan Zirvə Görüşü ərəfəsində Qarabağda yaşanan ən mühüm hadisələrdən biri, heç şübhəsiz ki, iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışıdır. Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi,1498 fərdi evin inşası nəzərdə tutulur.
Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə, 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır.
Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndində yeni tikilən bir sıra sosial təyinatlı obyektlərlə tanış olublar. Azərbaycanın və Qırğızıstanın dövlət başçıları, həmçinin Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.
Sonra prezidentlər İlham Əliyev və Sadır Japarov yeni mənzillərə köçən sakinlərlə görüşüblər.
Qarabağ atlarının “Zəfər” şousu
Qarabağ atlarının şöhrəti bütün dünyaya yayılıb. İyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə Görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.
Hərbi orkestrin ifasında milli musiqi nümunələrimiz, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılanıb. Şou müddətində süvarilərimiz yüksək peşəkarlıq nümayiş etdiriblər.
Sonra qonaqlar avtobusla Ağdam şəhərini gəziblər.
Səfər çərçivəsində prezidentlər İlham Əliyev, Şavkat Mirziyoyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar. Bildirilib ki, hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işlərinə başlanılıb.
“Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq
Məlumdur ki, rəsmən strateji müttəfiqlər olan Azərbaycan və Özbəkistan bir sıra müştərək investisiya layihələrinin həyata keçirilməsini razılaşdırıblar. İyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.
Azad Xankəndinin yeni rəmzləri
Bir vaxtlar tarixi Azərbaycan şəhəri olan Xankəndi separatizm yuvasına çevrilmişdi. Separatçıların ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə zidd fəaliyyətləri bu şəhərdən koordinasiya olunurdu. Müzəffər Ordumuzun 2023-cü ilin sentyabr ayında keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi separatçılardan birdəfəlik təmizləndi.
Hazırda isə Azərbaycan dövlətinin gücü ilə doğma şəhərimizin yeni rəmzləri yaradılır. Prezident İlham Əliyev iyulun 3-də Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib. Müasir texniki avadanlıqlarla təchiz olunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir. Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb.
Özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirən Mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var.
Şübhə yoxdur ki, Xankəndi-Şuşa kanat yolu hazır olandan sonra Qarabağın yeni gözəllik rəmzləri sırasında yer alacaq. Prezidenti İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.
Bildirilib ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.
Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasında mühüm rol oynayacaq.
Biznes üçün yaradılan şərait
İşğaldan azad olunmuş ərazilərdə iş yerlərinin yaradılması da əsas prioritetlərdən biridir. Prezident İlham Əliyev “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak edib.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi
İşğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi həm iqtisadi, həm də sosial önəm daşıyır. Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. Bildirilib ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir.
Dövlətimizin başçısı, həmçinin Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Məlumat verildiyi kimi, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam-Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025-2026-cı illəri əhatə edəcək.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam-Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı-Yevlax-Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənəcək.
Xankəndidə salınan “Zəfər “ parkı
44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan zəfərlər son 200 illik tariximizin ən şanlı səhifələridir. Azərbaycan xalqı bu qələbələrlə haqlı olaraq qürur duyur. Xankəndidə salınan “Zəfər “ parkı da tarixi qələbələrimizi əbədi yaşatmağa xidmət edir. Prezident İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub.
Qeyd edək ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək. Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib.
Mübariz ABDULLAYEV


