Qarabağda qaranlığı yaranlar 10 illik işıqlı tarix
Qaynarinfo-dan əldə olunan məlumata görə, Icma.az məlumat verir Qarabağda qaranlığı yaranlar 10 illik işıqlı tarix.
"Azərişığ"ın işğaldan azad edilmiş ərazilərdə 5097 abonenti var imiş... Bu abonentlərdən isə 4182-si əhali, 915-i isə qeyri-əhali kateqoriyasına aiddir.
Bir gün belə bir statistikanı eşidəcəyim isə bəlkə yuxuma belə girməzdi...
Yolumuz Zəngilanadır. İşğaldan azad edilmiş torpağa, vətənə, vətənin bir parçasına...
İşğaldan azad olunan torpaqlara ilk səfər
Bu, mənim işğaldan azad edilmiş torpaqlarımıza ilk səfərimdi.
Bir az həyəcanlı, bir az qürurluyam. Səfərimizi isə "Azərişıq” ASC və Medianın İnkişaf Agentliyi təşkil etmişdi.
Səfərin məqsədi "Azərişığın” 10 illik yubileyi ərəfəsində işğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən layihələrlə media nümayəndələrini də tanış etmək idi.
Bakıdan, görüş məkanından düz 27 ildən sonra düşmən caynağından azad etdiyimiz Zəngilana tərəf səfər başlayır.
Yolboyu işğaldan azad edilmiş ərazilərə daha əvvəl səfər etmiş jurnalist həmkarlarımın təəssüratını dinləyirəm.
Bildirirlər ki, hər dəfə səfərlərində həmin ərazilərin necə dəyişdiyinin fərqinə varırlar, bu torpaqlarda həyatın canlandığına şahid olurlar.
Dövlət və dövlət qurumları isə bu ərazilərə həyat vermək üçün 5 ildir gecə-gündüz, yay-qış demədən çalışırlar.
İşğaldan azad olunmuş ərazilərə ilk həyat gətirən dövlət qurumlarından biri də məhz "Azərişıq”ASC olub. Qurumun əməkdaşları "qaranlığa qərq olmuş”, 30 il düşmən talanı görmüş vətəni işıqlandıraraq, ora yeni həyatın izlərini gətiriblər. İsiti-soyuq, gecə-gündüz demədən çalışan "Azərişıq” əməkdaşları azad olmuş vətənin dağında, təpəsində, düzündə öz izlərini qoyur.
Yolumuz uzun idi...
Buradan çıxanda bizə tapşırılmışdı ki, hava çox soyuq olacaq, Zəngilana qar yağır, xahiş edirik, əyinlərinizi qalın edin.
Amma əksi oldu. Həmin gün Bakıda hava çox soyuq idi, necə deyərlər, külək adamı kəsirdi. Ancaq Zəngilan öz qonaqlarını sanki yaz havası ilə qarşıladı.
Çox qəribə təbiəti var imiş Zəngilanın. Qar yağmağına baxmayaraq, hava çox sakit idi. Maraqlı bir mənzələ ilə də qarşılaşdım. Yolun bir tərəfinə qar yağsa da, sanki o tərəfində başqa fəsil idi.
Yol boyu beynimdə qəribə fikirlər var-gəl edirdi, hələ də yollarda, dağılmış evlərdə, uçulmuş hasarlarda düşmən izi, bunun bir narahatlığı olsa da, beynimin bir hissəsində bu torpaqları işğaldan azad edənlərin də səsi vardı. Sanki onlar bizimlə bərabər yol boyu addım-addım gedərək, "biz də burdayıq, həmişə də burda olacağıq” demək istəyirdilər.
Səfərimizin bir məqsədi də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzində görülən işlərlə tanış olmaq, "Azərişığın” işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bu ötən 10 ildə ölkə ərazisində gördüyü işlərlə bağlı məlumatlandırılmaq idi.
İdarəetmə Mərkəzinin yerləşdiyi, bir vaxtlar Zəngilanın mərkəzi hesab edilən məkana gedən yolumuzun üstündə qərar tutan, hər dəfə fotolarda, videolarda izlədiyimiz Ağalı kəndini bu qədər yaxından görəndə "doğurdan da vətənə həyat gəlib” deyə düşündüm.
Zəngilanın Ağalı kəndinə ilk köç 2022-ci ildə, düz 3 il bundan əvvəl baş tutub. Prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə məhz burada, Zəngilan rayonunun Ağalı kəndində icra edilib.
Yenidən qurulan Ağalı kəndində küçələrin "ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib. Həmçinin kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.
Və ötən bu illərdə Ağalının timsalında Zəngilanda yenidənqurma tam sürəti ilə davam edir.
"Azərişıq” hədəfə doğru
Ötən il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutan Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzində keçirilən konfrans zamanı jurnalistlərə Mərkəz haqqında məlumat verildi.
Müasir texnologiya və avadanlıqlarla təchiz olunan Mərkəzdə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq "Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.
Mətbuat konfransı zamanı "Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək 2015-2025-ci illər ərzində "Azərişıq” ASC-nin keçdiyi yoldan danışdı. "Azərişıq” ASC tərəfindən son 10 il ərzində ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik xətləri çəkilib, 30 min km-ə yaxın mövcud elektrik xətləri yenisi ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb. Həmçinin 700 min köhnə sayğac müasir ölçü cihazları ilə əvəz olunub. Son 10 ildə abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. "Azərişıq” ASC-nin həyata keçirdiyi uğurlu strategiyanın nəticəsində şəbəkənin qoyuluş gücündə də əvvəlki illərlə nisbətdə xeyli artım müşahidə olunub. Təkcə ötən 1 ildə bu rəqəm 14 min 400 MVA-dan 14 min 900 MVA-ya yüksəlib.
Son 10 ildə Rəqəmsal İdarəetmə Mərkəzləri və SCADA sistemlərinin tətbiqi ilə şəbəkələrin dayanıqlılığı və etibarlılığı xeyli artıb. Hazırda ölkədə bu sistem vasitəsilə idarə olunan 34 yarımstansiya mövcuddur.
"Azərişıq” yaşıl enerjinin izi ilə...
"Azərişıq” ASC tərəfindən son illərdə həyata keçirilən ən uğurlu layihələrdən biri ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsidir. Bu sahədə son 1 il ərzində, xüsusən ötən il noyabrın 11-dən 22-dək ölkəmizdə keçirilən COP-29 ərəfəsində ciddi addımlar atılıb. Paytaxtda və regionlarda, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilib. Bakı şəhəri və ətraf ərazilərdə 22, işğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda 15 EDM quraşdırılıb. Bir ədəd 60 kVt-lıq EDM məntəqəsinin Qusar şəhərində Şahdağ istirahət kompleksi yolunda quraşdırılması yekunlaşıb və proqram təminatına inteqrasiyası həyata keçirilir. Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib.
İşğaldan azad edilən torpaqlarımızda isə ötən 5 ildə az iş görülməmişdi...
Araz Məmmədzadənin sözlərinə görə, "Azərişıq” üçün qarşıya qoyulan əsas hədəflərdən biri Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunandan dərhal sonra elektrik şəbəkəsinin yenilənməsi idi. Cəmi 1 ayda Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunub.
Araz Məmmədzadə qeyd edib ki, ötən illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 35/0,4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq bir yarımstansiya, həmçinin Hadrut qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda isə Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib. 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə iki böyük güc mərkəzinin rəsmi açılışı baş tutub.
Sentyabrın 2-də Kəlbəcərdə 110/35 kV-luq İstisu yarımstansiyası işə salınıb, oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi açılıb. Bundan başqa, Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazırdır. Hər üç güc mərkəzi müasir SCADA sistemi ilə təchiz edilib.
"Azərişıq” bütün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura işıq "saçır”
İşğaldan azad edilmiş ərazilərdə işlər bununla yekunlaşmayıb.
Hazırda işğaldan azad olunmuş ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin inşası aparılır. Laçında müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi tikilir, 110/35/10 kV-luq Minkənd yarımstansiyasının inşası davam edir, Ağbulaq-SES və Minkənd yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi başa çatmaq üzrədir, Xocalıda Xocalı yarımstansiyası və İdarəetmə Mərkəzi, Əsgəran, Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir, Xocavənddə Zoğalbulaq yarımstansiyasının tikintisi və Hadrut Qovşaq yarımstansiyası ilə Zoğalbulaq yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi həyata keçirilir, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatı üçün müasir transformator yarımstansiyaları inşa edilir, Qubadlıda Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri aparılır. Bundan başqa, Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədlivə, Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi, Qubadlıda Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN elektrik veriliş xəttlərinin çəkilişi davam edir.
"Azərişıq” gənc mütəxəssis yetişdirir
"Azərişıq” ASC gənc mütəxəssislərin hazırlanıb işlə təmin olunmasında da ötən illərdə bir çox uğurlu layihələr həyata keçirib. Bu məqsədlə Cəmiyyətin 2012-ci ildən fəaliyyət göstərən Tədris və İnnovasiyalar Mərkəzinin 2015-ci ildən başlayaraq 9 regional filialı təsis edilib. Bu gün yüksək bilik və bacarığa malik peşəkar kadrların hazırlanması bilavasitə həmin filiallarda gerçəkləşdirilir. Həmçinin Tədris Mərkəzinin nəzdində fəaliyyət göstərən 1 Yarımstansiya-Muzey, 3 Regional Təlim Poliqonu və Elektroenergetika Yaddaş Mərkəzi mövcuddur. Tədris və İnnovasiyalar Mərkəzi nəzdində "Ağıllı Şəbəkələr”, "Mühəndis Pedaqogikası”, "Yaşıl Enerji”, "Texnoloji İnnovasiyalar” kafedraları və "Təlim-Təcrübə Laboratoriyası” təsis edilib. "Texnoloji İnnovasiyalar” kafedrası nəzdində "Beyin Mərkəzi – Analitik Təkmilləşdirmə Qrupu” fəaliyyət göstərir. Həmin müəssisələrdə müxtəlif istiqamətlər üzrə ixtisasartırma və təkmilləşmə kursları təşkil olunur.
Gənc kadrların elektroenergetika sahəsində yüksək peşə bilik və bacarığına yiyələnməsi məqsədilə son 10 il ərzində 21 minə yaxın müdavim 1700-dən çox müxtəlif kurslara, 12 mindən çox tələbə təcrübə proqramlarına cəlb olunub. Eyni zamanda mərkəzdə innovativ layihələr, beynəlxalq ekspertlərin iştirakı ilə konfranslar, dəyirmi masa və təcrübə mübadiləsi kimi tədbirlər də həyata keçirilir. 2022-ci ildən başlayaraq, Tədris Mərkəzində "Təlim-Təcrübə Laboratoriyası” fəaliyyət göstərir ki, burada ödənişli əsaslarla "Mühəndis hazırlığı” təlimlərinə cəlb edilən məzunlar yekunda Səhmdar Cəmiyyətin struktur bölmələrində işlə təmin edilir. Hazırda Tədris Mərkəzi Türkdilli dövlətlər də daxil olmaqla 12-dən çox ölkəni əhatə edən beynəlxalq şirkətlə əməkdaşlıq edir.
10 ildə dayanmadan, sürətlə çalışan "Azərişıq” ölkənin dörd bir tərəfini işıqlandırmaqda uzun illər davam edəcək.
Yolunuz işıqlı olsun...
Günay İlqarqızı