“Qarabağı vermərəm” deyən Tofiq Bayramın doğum günüdür: “Onun ruhu bu gün şaddır” FOTO+ÖZƏL
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərinin Əmircan kəndində Qulam bəy və Məşədi Zivər xanımın ailəsinin ilk övladı olaraq dünyaya göz açmışdır. Orta məktəb təhsilini doğma Əmircan kəndində aldıqdan sonra şair Azərbaycan Pedaqoji İnstituna qəbul olmuş və burada tarix fakültəsində təhsilinə davam etmişdir. Tofiq Bayram ilk qələm təcrübəsinə 1950-ci ildən, daha doğrusu, orta məktəbdə təhsil aldığı dövrdən başlamışdır. Poeziya aləminə belə erkən qədəm qoyması onu tezliklə ədəbi dərnəklərə, yaradıcı müzakirələrə qoşmuş, elə həmin vaxtlardan başlayaraq, o, Yazıçılar Birliyində aparılan müzakirələrdə iştirak etməyə başlamışdır. Burada tanınmış şair və ədiblərdən məsləhətlər alan, T.Bayram tezliklə yaradıcılıq sirlərinə bələd olmağa, daha çox həvəs göstərir. Yəqin elə buna görə də sonrakı illərdə Tofiq Bayramı 1950-ci illərin sonlarında Azərbaycan ədəbiyyatına gələn şairlər nəslinin ən istedadlı nümayəndələrindən biri hesab edilir. O, öz ecazkar şeirləri ilə oxucuların ürəklərinə yol tapmış, orijinal sözü, poetik duyumu, fərqli dəsti-xətt və üslubu ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Tofiq Bayramın əsərləri hər şeydən əvvəl aydın obrazlı dili ilə fərqlənirdi. Əsərlərində yaratdığı poetik obrazlar və zəngin lövhələr, emosionallıq və yetkin pafos oxucularını valeh edirdi. Yaradıcılığa kiçik həcmli şeirlərlə başlamış şair, daha sonra lirik, vətənpərvərlik, humanizm, insansevərlik və s. mövzularda yazmaqla əbədiyaşar və təkrarolunmaz poeziya nümunələri müəllifi kimi tanınmışdır.Tofiq Bayram bütün ömrünü şeirə, sənətə həsr etmiş, mənalı ömür yaşamışdır. Müxtəlif illərdə onun bir-birinin ardınca "Ana təbəssümü" (1961), "Mənim şair xalqım" (1963), "Sizi düşünürəm" (1964), "Azərbaycan dünya gəzir" (1965), "İnamım, əqidəm" (1969), "Gərək elə yanım" (1971), "Azərbaycan deyəndə" (1974), "Səninlə görüşəndə" (1980), ("Məsləkim-silahım" (1984), "Ay gecikən məhəbbətim" (1987), ("Məsləkim-silahım" və "Ay gecikən məhəbbətim" kitabları əsasında "Seçilmiş əsərləri" (tərtib edən bacısı Svetlana Bayramova) (2005) və "Ay anam Bakı" (tərtib edən həyat yoldaşı Zərifə Bayramova) (2012), Azərbaycanım (tərtib edən bacısı Svetlana Bayramova) (2015) adı altında əsərləri nəşr olunmuşdur.
Tofiq Bayram Azərbaycan Ədəbiyyatında bir tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Şair eləcə də Y.Yevtuşenko, L.Xaustov, V.Konstantinova, İ.Abaşıdze, M.Posxişvili, T.Ciladze, balkar şairi Qaysın Quliyev və bir çoxlarının həqiqi sənət əsərlərini seçərək, onları yüksək bədii səviyyədə tərcümə etməklə Azərbaycan ədəbiyyatına töhfə vermişdir. Bundan əlavə Tofiq Bayram Aleksandr Puşkinin "Kiçik Tragediyalar"ına daxil olan "Motsart və Salyeri", Aleksandr Tvardovskinin "Üfüqlərdən Üfüqlərə" poemasını və Anna Axmatovanın məşhur "Rekviyem" əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.[3] Öz əsərləri ilə Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə görə Tofiq Bayrama 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, dünya xalqlarının poeziyasından nümunələrin yüksək peşəkarlıqla Azərbaycan dilinə tərcümə edilməsindəki əməyinə görə isə 1988-ci ildə “Maksim Qorki adına Azərbaycan Dövlət Mükafatı” laureatı fəxri adları verilmişdir.
Tofiq Bayramın bacısı Svetlana Bayramova Moderator.az-a açıqlamasında bildirib ki, qardaşının adı və soyadı hər zaman onun üçün uca olub:

“Tofiq Bayramın bacısı olmaq, bu soyadı daşımaq böyük məsuliyyətdir. O bu gün həyatda yoxdur, amma mən yenə də Tofiqin bacısı olduğumu heç vaxt unutmuram. Deyə bilərəm ki, mənim üçün dünyada ən böyük titul Tofiq Bayramın bacısı olmaqdır. Tofiq həddindən artıq səmimi adam idi. Bacılarına, qardaşlarına münasibətdə özünü böyük kimi aparırdı. Tofiqin portretini yaratmaqda acizəm, o poeziyasında özü öz portretini şeirləri ilə yaratmışdı.. Onun anaya, bacıya münasibəti tam başqa idi. Uşaq olanda mənə də bir şeir yazmışdı.. Tofiqin “Vağzalı çalınır, anam ağlayır” şeirinə bəstələnmiş mahnı bu gün bütün el şənliklərində ifa olunur. Həmin mahnının da öz tarixçəsi var. Bizim bacımız Elmira xanım ailə həyatı quranda atam, anam, böyük qardaş kimi Tofiq onu yola salanda keçirdiyi hisslərin və gördüyü mənzərənin məhsulu olaraq həmin şeir meydana gəldi. Bu şeirdə nə qədər səmimi hisslər var. “Onun “Azərbaycan deyəndə” şeirini bir çoxları əzbərdən bilir. Tofiq Azərbaycanı bütöv qəbul edib, böyük Azərbaycan cənublu-şimallı Azərbaycanı nəzərdə tuturdu. Heç də təsadüfi deyil ki, Naxçıvanda olarkən təkidlə İranla sərhədə gedib, ordan Azərbaycanı bütöv görmək arzusunu bildirəndə ona bir çox maneələr törədiblər. Tofiqin həyatında, fəaliyyətində Qarabağ mövzusu geniş yer tuturdu. Tez-tez Qarabağa gedirdi. Hətta avtomobilini də gedib Ağdamdakı ustalara təmir etdirirdi. Qarabağa çox bağlı idi. 1988-ci ilin hadisələri, daha sonra Qarabağla bağlı hadisələr Tofiqin səhhətinə çox pis təsir edirdi. Əsəblərini tamamilə yerindən oynatmışdı. O dövrdə Tofiq “Qarabağı vermərəm” şeirini yazdı. Orada belə bir misra var: “Gözlərimin qarasını verərəm, Qarabağı vermərəm”. Ürəyində bir inam var idi ki, biz Qarabağı geri qaytaracağıq. Həm də fikirləşirdim ki, nə yaxşı ki, Tofiq Qarabağın işğalını görmədi. Biz Qarabağı əbədi olaraq geri qaytardıq. Qarabağı geri almaq cənab prezidentimizin böyük hünəri idi. Fövqəlada bir hadisə idi” deyə Svetlana Bayramova qeyd edib.

Svetlana Bayramovanın ən böyük arzusu ata yurdu Əmircanda Tofiq Bayramın ev muzeyinin yaradılmasıdır:
“Bizim Əmircanda həyətimiz var. Tofiq sağlığında da deyirdi ki, bilirəm bu ev, həyət -baca muzey olacaq. Tofiqə bizim çox borcumuz var. Biz Tofiqin adını daşıyan küçədə yerləşən evimizin muzey olması ilə onun xatirəsinin əbədiləşməsini istəyirik. Bu halda həmin küçədə artıq fəaliyyət göstərən Səttar Bəhlülzadə və Abbasqulu Ağa Bakıxanovun ev muzeyi kimi Tofiq Bayramın da doğma evi muzey kimi fəaliyyət göstərər. Bu ünvan soydaşlarımız və ölkəmizə gələn qonaqlar üçün turizm marşurutuna daxil ola bilər. İstər əhali, istərsə də tələbə və məktəblilər ardıcıl olaraq göstərilən ünvanları ziyarət etməklə Əmircanla bağlı görkəmli şəxsiyyətləri daha yaxından tanıyarlar. Əmircandan çıxan görkəmli şəxsiyyətlərin xatirəsini də bu yolla yad etmiş olarlar” Svetlana Bayramova bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 16 Dekabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















