Qarabağın çağdaş qiymətləndirmə konsepsiyası
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sürətli bərpa-quruculuq bölgəni davamlı inkişaf yoluna çıxaracaq
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq prosesi keyfiyyətcə yeni mərhələyə daxil olur. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, bu ərazilərdə özünü təmin edən iqtisadi fəaliyyətin, dayanıqlı məşğulluğun, rəqabətqabiliyyətli sahibkarlığın və cəlbedici investisiya mühitinin formalaşdırılması da ümummilli prioritetdir. Beynəlxalq post-münaqişə təcrübəsinin öyrənilməsi, turizmin digər iqtisadi sahələrlə inteqrasiyası, rəqəmsal kadastr infrastrukturunun inkişafı və daşınmaz əmlak bazarının gələcək dinamikasının düzgün qiymətləndirilməsi bu baxımdan müstəsna əhəmiyyət daşıyır.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı ilə söhbətimizdə bu və digər mətləblərə aydınlıq gətirildi.
– Müharibədən sonrakı bərpa və yenidənqurma prosesində əsas hədəf nə olmalıdır?
– Müharibə və uzunmüddətli münaqişələrdən çıxmış ölkələrin təcrübəsi göstərir ki, fiziki bərpa iqtisadi dirçəliş üçün zəruri şərtdir. Əsas məsələ yenidən qurulan ərazilərin işlək, rəqabətqabiliyyətli və davamlı iqtisadi sistemə çevrilməsidir. Qarabağ və Şərqi Zəngəzurda çəkilən avtomobil və dəmir yolları, inşa olunan hava limanları, yaşayış məntəqələri, kommunal və sosial infrastruktur strateji əhəmiyyət daşıyır. Bunlar iqtisadi fəaliyyət üçün baza yaradan alətlərdir.
Yaradılan hər bir infrastruktur obyektinin arxasında sahibkarlıq, investisiya, məşğulluq, turizm və yerli istehsal dayanır. Bu mərhələdə bərpanın nəticəsini yalnız xərclənən investisiyanın həcmi və ya tikilən obyektlərin sayı ilə ölçmək doğru olmazdı. Əsas sual odur ki, yaradılan infrastruktur nə qədər daimi iş yeri, yeni biznes, gəlir və əlavə iqtisadi dəyər formalaşdırır?
– Beynəlxalq postmünaqişə təcrübəsində Qarabağ üçün faydalı ola biləcək hansı nümunələri qeyd etmək olar?
– Müxtəlif ölkələrin təcrübəsində bizim üçün faydalı olan bir neçə ümumi yanaşma var. Xorvatiyada Vukovarın bərpası zamanı infrastrukturun yenilənməsi ilə yanaşı şəhərin sosial-iqtisadi və məkan inkişafının uzlaşdırılmasına diqqət yetirildi. Bosniya və Herseqovinada Mostar nümunəsində fiziki bərpa əhalinin geri qayıdışı, institusional inkişaf və iqtisadi inteqrasiya ilə paralel aparıldı. Albaniyada Berat və Gjirokastra kimi tarixi şəhərlərin qorunması isə sonrakı mərhələdə turizm və kiçik sahibkarlıq üçün yeni imkanlar yaratdı.
Nümunələrdən çıxan nəticə onu deməyə əsas verir ki, postmünaqişə bərpasının məqsədi keçmiş vəziyyəti yenidən bərpa etmək daha dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi model qurmaqdır. Məncə, Qarabağ üçün də məhz bu yanaşma aktualdır. Biz keçmişin iqtisadi strukturunu olduğu kimi bərpa etməkdənsə, regionun yeni coğrafi mövqeyini, nəqliyyat imkanlarını, təbii ehtiyatlarını, turizm potensialını və müasir texnologiyaları nəzərə alan yeni iqtisadi ixtisaslaşmalar formalaşdırmalıyıq.
– Bu yeni inkişaf modelində turizmin hansı rolu və təsiri ola bilər? Turizm digər sahələrin inkişafına necə töhfə verə bilər?
– Qarabağda turizmə ayrıca xidmət sektoru kimi baxmaq düzgün olmaz. Turizm bir çox sahəni eyni vaxtda hərəkətə gətirə bilən iqtisadi platformadır. Şuşanın tarixi və mədəni irsi, Kəlbəcər və Laçının təbiəti və sağlamlıq turizmi potensialı, Zəngilanın ekoturizm və yaşıl inkişaf imkanları müxtəlif turizm məhsullarının formalaşdırılmasına şərait yaradır. Lakin burada məqsəd yalnız turist sayını artırmaq olmamalıdır.
Əsl iqtisadi effekt turistin regionda nə qədər qalması və xərclədiyi vəsaitin hansı hissəsinin yerli iqtisadiyyatda qalması ilə ölçülməlidir. Turizm zənciri elə qurulmalıdır ki, otel, restoran, muzey, bələdçi, nəqliyyat şirkəti, fermer, sənətkar və digər xidmət göstərənlər bir-birindən ayrı fəaliyyət göstərməsinlər. Turistin xərclədiyi vəsait mümkün qədər yerli bizneslər arasında dövr etməlidir.
– Deməli, turizmin iqtisadi effektini turist sayından daha geniş göstəricilərlə qiymətləndirmək lazımdır?
– Təsəvvür edək ki, turist Qarabağa gəlir, otelə yerləşir və bütün xidmətləri regiondan kənardan alınmış məhsul və resurslarla təmin olunur. Bu halda turist sayının artmasına baxmayaraq, yerli iqtisadiyyatda yaranan əlavə dəyər məhdud qalır. Əksinə, hotel yerli fermerdən ərzaq alır, restoran həmin məhsullardan istifadə edir, turist yerli sənətkardan məhsul alır, nəqliyyat və bələdçi xidmətlərindən yerli sahibkarlar yararlanırsa, bir turistin xərci bir neçə dəfə iqtisadi dövriyyəyə daxil olur.
Ona görə bizim hədəfimiz “turist gəldi və otelə pul ödədi” modeli deyil, “turist gəldi, regionda qaldı, yerli məhsul və xidmətlərdən istifadə etdi və yerli iqtisadiyyatda çoxsaylı gəlir zənciri yaratdı” modeli olmalıdır. Qarabağın xalçaçılıq, tətbiqi sənət, musiqi və qastronomiya irsi də bu zəncirə daxil edilə bilər.
– Belə bir iqtisadi ekosistemin formalaşmasında kiçik və orta sahibkarlığın və dövlət-özəl tərəfdaşlığının rolu necə olmalıdır?
– Kiçik və orta sahibkarlığın rolu həlledicidir. Böyük dövlət infrastrukturu iqtisadiyyat üçün skelet yaradırsa, onun gündəlik fəaliyyətini təmin edən əsas mexanizm məhz sahibkarlıqdır. Ailə otelləri, kənd evləri, restoranlar, yerli qida istehsalçıları, suvenir və sənətkarlıq emalatxanaları, turizm xidmətləri və logistika şirkətləri iqtisadiyyatın şaxələnməsinə imkan verir. Burada dövlət və özəl sektorun funksiyaları da aydın müəyyənləşdirilməlidir.
Dövlət əsas infrastrukturun, təhlükəsizliyin, şəhərsalma və kadastr sisteminin, hüquqi çərçivənin və uyğun təşviq mexanizmlərinin formalaşdırılmasını təmin etməlidir. Özəl sektor isə bu imkanları real biznes layihələrinə, xidmətlərə və investisiyalara çevirməlidir. Ən sağlam model dövlətin iqtisadi fəaliyyəti özü həyata keçirməsi deyil, özəl kapital üçün proqnozlaşdırılan və təhlükəsiz biznes mühiti yaratmasıdır.
– Yaradılan iqtisadi dinamikanın nəticələrini hansı əsas fəaliyyət göstəriciləri ilə ölçmək daha doğrudur?
– Burada qiymətləndirmə fəlsəfəsinin özü dəyişməlidir. Xərclənən büdcə və tikilən kvadratmetr mühüm məlumatlardır, lakin bunlar son nəticə göstəriciləri deyil. Əsas göstəricilər arasında dövlət investisiyasına nisbətdə cəlb olunan özəl investisiyanın həcmini, yaradılan daimi və keyfiyyətli iş yerlərini, turistlərin orta qalma müddətini və adambaşına gündəlik xərclərini qeyd edə bilərik.
Eləcə də yerli məhsul və xidmətlərin turizm zəncirindəki payını, yeni bizneslərin sayını və onların davamlılığını xüsusi vurğulamaq istərdim. Bunlara daha bir mühüm göstəricini, torpaq və daşınmaz əmlak aktivlərinin bazar dəyərindəki dinamikanı də əlavə etmək olar. Beləliklə, “nə qədər tikdik?” sualından “nə qədər davamlı iqtisadi dəyər yaratdıq?” sualına keçirik.
– Daşınmaz əmlak bazarının inkişafını da ayrıca iqtisadi indikator kimi vurğulayırsınız. Səbəb nədir?
– Çünki daşınmaz əmlak bazarı ərazidəki iqtisadi aktivliyin mühüm göstəricilərindən biridir. Yeni magistral yolun, hava limanının, sənaye parkının və ya turizm mərkəzinin yaradılması ətraf ərazilərin əlçatanlığını və kommersiya potensialını dəyişir. Bu dəyişiklik isə zamanla torpaq və daşınmaz əmlakın bazar dəyərində özünü göstərə bilər. Qiymətləndirmə sektoru üçün burada böyük analitik imkanlar yaranır.
Məsələn, yeni nəqliyyat dəhlizinin istifadəyə verilməsindən sonra həmin ərazidə torpaq dəyərinin necə dəyişdiyini, yeni turizm obyektinin ətraf kommersiya sahələrinin icarə potensialına necə təsir etdiyini və sənaye obyektlərinin yaxınlığında torpaq istifadəsinin necə transformasiya olunduğunu sistemli şəkildə izləmək mümkündür. Sözügüdən məlumatlar həm qiymətləndiricilər, həm investorlar, həm də dövlət planlaşdırıcıları üçün mühüm qərarvermə bazasına çevrilə bilər.
– Bunun üçün keyfiyyətli məkan məlumatlarına ehtiyac var. Rəqəmsal kadastr bu sistemdə hansı rolu oynayır?
– Müasir kadastr artıq torpağın hüquqi statusu, istifadə təyinatı, mühəndis-kommunikasiya təminatı, şəhərsalma rejimi və digər mühüm parametrləri haqqında məlumatları bir araya gətirən rəqəmsal infrastrukturdur. Estoniya kimi ölkələrin təcrübəsi göstərir ki, rəqəmsal kadastr dövlət idarəçiliyində və investisiya qərarlarında mühüm alətə çevrilə bilər. Türkiyədə mülkiyyət, kadastr və məkan məlumatlarının elektron inteqrasiyası istiqamətində yaradılmış sistemlər də bu baxımdan maraqlı nümunələrdir.
Azərbaycanda elektron kadastr məlumatlarının inkişaf etdirilməsi və müxtəlif məkan məlumatlarının inteqrasiyası Qarabağ və Şərqi Zəngəzurun daha səmərəli idarə olunmasına ciddi töhfə verə bilər. Əlbəttə, burada məlumatların məxfiliyi, şəxsi məlumatların qorunması və qanunvericilik tələbləri tam diqqətdən yaynımamalıdır. Qanunvericiliyin imkan verdiyi çərçivədə peşəkar qiymətləndiricilər, investorlar və tədqiqatçılar üçün etibarlı məkan məlumatlarına çıxış bazarın şəffaflığını əhəmiyyətli dərəcədə artıra bilər.
– Beləliklə, “rəqəmsal kadastr” anlayışını daha geniş “rəqəmsal iqtisadi xəritə” kimi konseptuallaşdırmaq mümkündürmü?
– Bəli, məhz bu istiqamətdə düşünmək lazımdır. Qarabağın vahid rəqəmsal iqtisadi xəritəsində hər bir torpaq və daşınmaz əmlak obyekti üzrə mümkün olduğu çərçivədə hüquqi status, istifadə təyinatı, nəqliyyat əlçatanlığı, hava limanlarına, sənaye və turizm mərkəzlərinə məsafə, mühəndis infrastrukturu, şəhərsalma imkanları və investisiya potensialı haqqında məlumatlar inteqrasiya edilə bilər.
Ən vacibi isə bu xəritənin statistik deyil, dinamik olmasıdır. Yəni müəyyən ərazinin dəyərinin zamanla necə dəyişdiyini, yeni infrastrukturun hansı iqtisadi təsirləri yaratdığını və investisiya mühitinin necə formalaşdığını izləmək mümkün olmalıdır. Belə platforma investor üçün ilkin qərarvermə müddətini qısalda, dövlət üçün planlaşdırmanı təkmilləşdirə, qiymətləndiricilər və tədqiqatçılar üçün isə daha etibarlı analitik baza yarada bilər.
– Son olaraq, Qarabağın yeni iqtisadi xəritəsinin əsas fəlsəfəsini necə ifadə edərdiniz?
– Qarabağın yeni iqtisadi xəritəsi coğrafi və inzibati sərhədlərlə yanaşı, hər bir ərazinin canlı iqtisadi potensialını nümayiş etdirməlidir. Biz inkişafı “nə tikildi?” sualı əvəzinə “nə qədər davamlı dəyər yaradıldı?” sualı ilə ölçməliyik. Bunun üçün bərpa ilə kifayətlənməməliyik. İnfrastrukturu iqtisadi fəaliyyətə çevirməli, sahibkarlığı və investisiyanı təşviq etməli, turizmi yerli istehsal və xidmət zəncirinə bağlamalı, yaranan iqtisadi dəyəri ölçməli və bu dəyərin yeni inkişaf üçün yenidən dövriyyəyə daxil olmasını təmin etməliyik.
Qarabağın gələcək iqtisadi modelini məhz zəncir kimi görürəm. Ərazini bərpa etmək, iqtisadi dəyər yaratmaq, investisiya və insan kapitalını cəlb etmək, yerli iqtisadi zəncirləri formalaşdırmaq, dəyəri ölçmək, həmin dəyəri yenidən inkişafa yönəltmək. Bütün bunlar kompleks şəkildə həyata keçirlərsə, Qarabağ nəinki sürətlə inkişaf edəcək, regionun aparıcı iqtisadi mərkəzlərindən birinə çevriləcək.
Bu zəncir dayanıqlı şəkildə işlədikdə Qarabağ yalnız bərpa olunmuş ərazi kimi deyil, post-münaqişə şəraitində yeni iqtisadi inkişaf modelinin formalaşdığı, investisiya və innovasiya üçün cəlbedici regional mərkəz roluna sahibləndirəcək.
Müsahibəni qələmə aldı:
M.BAĞIRLI
XQ
Baxış sayı:142
Bu xəbər 03 Sentyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















