Icma.az
close
up
RU
Qarabağın tacı, Zəfərin zirvəsi Şuşa

Qarabağın tacı, Zəfərin zirvəsi Şuşa

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə İraq və Suriya türkmənlərindən ibarət nümayəndə heyətinin Qarabağa səfəri barədə məlumat vermişdik. İndi isə nümayəndə heyətinin üzvü, İraq Türkmən Jurnalistlər Cəmiyyətinin xarici əlaqələr şöbəsinin müdiri, doktor Kürşat Çavuşoğlunun eksklüziv olaraq XQ üçün qələmə aldığı səfər təəssüratlarını oxucularla bölüşürük.

Şuşa inşa edildiyi vaxtdan tarixi, mədəni, mənəvi cəhətdən Azərbaycan üçün olduqca əhəmiyyətli, müqəddəs səcdəgah qədər dəyərli şəhər olub. Uzun illər qədim Azərbaycan torpağı Qarabağın paytaxtı olmuş bu qala şəhər tarixi və mədəni zənginliyi, təbii mühiti ilə bölgənin incisi, simvolu kimi qəbul edilib. İstedadlı bəstəkar və xanəndələrin yetişdiyi Şuşaya “Azərbaycanın musiqi beşiyi, konservatoriyası” da deyilir.

Bu qalaşəhərlə tanışlığımız Azərbaycanın dahi sənət adamları – Bülbülün, Natəvanın və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu mərkəzi meydandan başladı. Biz Şuşa qalası, Zəfərin simvollarından birinə çevrilən Yuxarı Gövhər Ağa Məscidi, İsa Bulağı, Molla Pənah Vaqifin Məqbərəsi, eləcə də bu qalaşəhərin tarixi-mədəni yerlərini ziyarət etdik. Bələdçimiz şəhərin təbii möcüzəsi Cıdır düzü, İkinci Qarabağ müharibəsi və Şuşanın azad edilməsi əməliyyatı barədə maraqlı faktlar danışdı.

Elm, mədəniyyət və musiqi beşiyi

Şuşa haqqında çox eşitmişdim, amma onun bu qədər gözəl olduğunu güman etməzdim. Qayaların üstündə cənnət guşəsini təsəvvürünüzə gətirin. Bələdçilərimiz bizə şəhərin tarixi, məşhur elm və incəsənət xadimləri barədə geniş məlumat verdilər. Xurşidbanu Natəvan, Molla Pənah Vagif, Mir Möhsün Nəvvab, Əbdürrəhim bəy Haqverdiyev, Qasım bəy Zakir, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Həmidə xanım Cavanşir, Bədəl bəy Bədəlbəyli, Əhməd bəy Ağaoğlu, Ceyhun Hacıbəyli, Səməd bəy Mehmandarov, Fərəc bəy Ağayev, Yaqub Quliyev və dünyaca məşhur digər şəxsiyyətlərin yaşadığı Şuşanın Azərbaycan xalqı üçün əlahiddə əhəmiyyət kəsb etməsi heç də təsadüfi deyil.

XVIII əsrin ikinci yarısından etibarən musiqi mərkəzinə dönən Şuşa Azərbaycan musiqisinin yüksəlişində önəmli rol oynayıb. Hacı Hüsü, Məşədi İsi, Əbdülbagi Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəci oğlu Məhəmməd, Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, segah İslam, zabul Qasım, Mütəllim Mütəllimov, Xan Şuşinski, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül, Rəşid Behbudov və digərləri Şuşanın yetişdirdiyi və dünyanın tanıdığı ünlü sənətçilərdir.

Azərbaycanın musiqi mədəniyyəti tarixində yeni bir dövrün müəllifi Üzeyir bəy Hacıbəyli Şuşada anadan olub. O, dahi bəstəkar, Azərbaycan opera sənətinin banisi olmaqla yanaşı, həm də istedadlı nasir və ictimai xadim kimi də tanınır. Ondan başqa, bəstəkarlar Fikrət Əmirov, Zülfüqar Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Mehdi Məmmədov, Süleyman Ələsgərov, xalçaçı-rəssam Lətif Kərimov, rəssamlar Cəlal Qaryağdı, Nadir Əbdürrəhmanov, Toğrul Nərimanbəyov da Şuşanın yetirmələridir. O dönəmlərdə əhalisi cəmi 15 min olan qalaşəhərin Azərbaycan mədəniyyətinə bəxş etdiyi şəxsiyyətlərin sayı bununla bitmir.

Cıdır düzü – Zəfərin səcdə yeri

Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, dağlar və sərt qayalarla əhatələnmiş Şuşa təbii gözəlliyi ilə diqqət çəkir. Şəhərin cənubunda Cıdır düzü, qərbində arxa-arxaya söykənmiş üç yüksəklik var. Şuşalılar bu təpələrə “Üçmıx” deyirlər. Uzun illər Azərbaycan türklərinin at yarışı oyunlarına, festival və idman yarışlarına evsahibliyi edən Cıdır düzü bu gün Zəfərin səcdəgahına çevrilib.

Şuşanın erməni silahlılarından azad olunması fövqəladə hadisədir. Azərbaycan xüsusi təyinatlıları ağır silahlara malik, zirehli texnikası olan Ermənistan ordusuna qarşı soyuq silah, tapança və süngü ilə vuruşub. Üzbəüz küçə döyüşlərində əsgərlər düşmənin üzərinə qurd ürəyi ilə atılıblar. Əvvəlcə Cıdır düzünün aşağısındakı Daşaltı kəndi azad edilib. Sonra şəhərə qərb cinahdan yaxınlaşan igidlər strateji Şuşa–Laçın–Xankəndi yolunun bir hissəsini ələ keçiriblər. Buradan sıldırım qayanın üzərindəki Şuşa görünürdu. Az sonra dağın zirvəsində qərar tutmuş qalaşəhər Azərbaycan əsgərinin qəhrəmanlıq dastanının da zirvəsinə çevriləcəkdi. Üzərində qartalların qıy vurduğu sərt qayalıqla üzüyuxarı dırmanan Azərbaycan əsgərinin şücaətini sözlə ifadə etmək mümkün deyil.

Xüsusi təyinatlı qüvvələr Şuşaya fərqli istiqamətlərdən, qayalıqları aşaraq daxil olublar. Noyabrın 8-i səhər saatlarında Azərbaycanın Müzəffər Ordusu Şuşanı Ermənistanın ordusunun quldur-işğalçı tör-töküntülərindən tamamilə təmizlədi. Yəni, işğaldan 28 il sonra ermənilərin “alınmaz qala” dedikləri Şuşa yenidən əsl sahibinə qayıtdı.

Bu əməliyyat hərb elminin düsturlarını alt-üst etdi

Şuşanın azad olunması əməliyyatı dünyanın hərb tarixində bənzəri olmayan bir hərəkət olaraq qiymətləndirilir. Bu qurtuluş əməliyyatı Azərbaycanın savaş markası halına gəlmişdir. İkinci Qarabağ müharibəsində 44 gün ərzində torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusu NATO başda olmaqla dünyanın ən güçlü ordularına malik ölkələrin hərbi mütəxəssisləri tərəfindən diqqətlə nəzərdən keçirilir. Onlar Azərbaycan Ordusunun Şuşanı azad etmək taktikası ilə dünya hərb tarixində yeni cığır açdığını dilə gətirirlər. NATO generalları Şuşa əməliyyatının hərb tarixində yeni bir mərhələ olduğunu etiraf edirlər. Dağın yamacından üzüyuxarı yüksək peşəkarlıqla həyata keçirilən hücüm nəticəsində Şuşa şəhəri ələ keçirildi. Azərbaycanın şanlı Ordusu bu əməliyyatın gedişində savaş meydanında bir yaralı və ya şəhid belə qoymadan irəli getdi. Xüsusi təyinatlılar yaralıları və şəhid olmuş döyüş yoldaşlarını çiyinlərində daşıyaraq savaşı davam etdirdilər, sərt qayalıqları adlayaraq şəhərə doğru irəlilədilər.

Hərb sahəsinin alimləri Şuşanın düşməndən azad olunması əməliyyatını müasir hərb elminin qaydalarını alt-üst edən bir əməliyyat olaraq qeyd edirlər. Şuşa düzdən-düzə deyil, aşağıdan-yuxarıya doğru azad edilib. Bu isə çağdaş hərb sənətinin bütün prinsipləri ilə qətiyyən uyuşmayan bir hadisədir. İndi dünyanın dörd bir tərəfindəki elmihərbi mərkəzlər artilleriyadan istifadə etməməklə üzüzə döyüşərək qalaşəhəri azad etməkdən ötrü 400 döyüşçünün işlətdiyi taktikanı araşdırmaqla məşğuldir. Bu döyüş taktikası xarici ölkələrdə hərbi dərslik kitablarına belə daxil edilib. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi akademiyalarında araşdırma mövzusudur.

Şuşa doğmalarını qoynuna alır

Şəhərin işgal dönəmi ilə bağlı hekayətlər ürəyimizi ağrıdır, azadlığa qovuşandan sonrakı həyatı isə qəlbimizi fərəh hissilə doldurur. Şuşanın tarixi binaları, məscidləri, qəbiristanlığı erməni vandalizminə məruz qalıb. Heykəlləri güllələyən faşistlərdən başqa nə gözləmək olardı?

Amma indi geniş vüsət almış bərpa-quruculuq işləri Şuşanın əvvəlki simasını özünə qaytarmaqdadır. Xüsusilə, Şuşa Qalası, Yuxarı Gövhər Ağa Məscidi, Aşağı Gövhər Ağa Məscidi, Saatlı Məscid, Xan Sarayı kimi maddi-mədəni irs nümunələri böyük sevgi və ustalıqla bərpa edilib. Şuşa işgaldan azad ediləndən sonra ilk işlərdən biri məhz mədəni mirasın tarixi özəlliyinə uyğun şəkildə restavrasiya edilməsi oldu.

Ermənistanın 28 illik işğalından qurtulan Şuşaya, eləcə də Qarabağın digər bölgələrinə köç karvanlarının gəldiyini iftixar hissi ilə izlədik. Bu proses yüksək templə davam etdirilir. Böyük Qayıdış layihəsi çərçivəsində, təxminən, minə yaxın şuşalı dogma şəhərlərinə qayıdıb. Tarixi abidələri ilə yanaşı, erməni işğalının fəsadlarından təmizlənən küçələr, məhəllələr artıq gerçək sahiblərini qoynuna almağa başlayıb.

Etiraf edək ki, Qarabağın 30 ilə yaxın müddətdə işğal altında qalması tək Azərbaycan deyil, Türk dünyası üçün də bir travma idi. Qarabağ Zəfəri isə, sadəcə, Azərbaycanın deyil, bütün Türk dünyasının birlik və həmrəylik zəfərinə çevrildi. Bununla da işgaldan azad edilmiş torpaqların Azərbaycana məxsus olduğu bütün dünyaya bəyan edildi və göstərildi.

Suşaya səfərimiz yaddaşımda elə dərin və isti izlər buraxdı ki, bu qeydləri ilkin təəssürat kimi qəbul edə bilərsiniz. İnşallah, daha geniş xatirələrimi bir qədər sonra yazacağam.

Kürşat ÇAVUŞOĞLU,
İraq Türkmən Jurnalistlər Cəmiyyətinin xarici əlaqələr şöbəsinin müdiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see375

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see276

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see248

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see246

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see245

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see239

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see234

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see233

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see232

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see230

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see230

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see226

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see219

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see213

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see205

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see203

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see199

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see181

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see180

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri