Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
Icma.az, Azertag saytına istinadən bildirir.
Ankara, 15 oktyabr, AZƏRTAC
Türkiyənin Qars şəhərində “Azərbaycan incəsənət həftəsi” çərçivəsində ölkəmizin zəngin mədəni irsinin, milli musiqi və rəqs sənətinin, eləcə də ənənəvi geyim mədəniyyətinin təqdim olunduğu geniş konsert proqramı və moda nümayişi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında, Qars Bələdiyyəsinin və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə həyata keçirilib.
Mədəniyyət proqramında Qars Bələdiyyəsinin sədri professor Ötüken Senger, Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, yerli dövlət və ictimai qurumların nümayəndələri, mədəniyyət xadimləri və çoxsaylı Qars sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq münasibətləri, ortaq tarixi və mənəvi dəyərlər, milli mədəniyyətimiz haqqında məlumat verilib.
Proqram çərçivəsində Azərbaycan milli geyimlərinin moda sərgisi nümayişi keçirilib. Bakı Milli Geyim Evinin və gənc dizayner Leyla Babazadənin kolleksiyaları İğdır Universitetinin tələbələrinin iştirakı ilə təşkil olunan dəfilədə nümayiş etdirilib.
Kolleksiyalarda Azərbaycanın müxtəlif bölgələrinə xas ənənəvi bəzək motivləri müasir qadın geyimləri ilə vəhdətdə təqdim olunub. Milli ornamentlərin, naxışların və rəng çalarlarının müasir dizayn həlləri ilə birləşdirildiyi libaslar Azərbaycan geyim mədəniyyətinin zənginliyini və özünəməxsusluğunu nümayiş etdirib.
Tarixi geyim elementlərinin müasir qadın dəbi ilə uyğunlaşdırıldığı dəfilə tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Dəfiləni Qars Kafkas Universitetinin tələbələrinin təqdim edib.
Daha sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunub.
Konsertdə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, tanınmış vokal ifaçıları İlkin Dövlətov və Elgün Quliyev Azərbaycan musiqisinin müxtəlif janrlarına aid əsərlər səsləndiriblər. Milli musiqimizin zəngin melodiyaları, xalq mahnıları və sevilən bəstəkar əsərləri tamaşaçıların alqışları ilə qarşılanıb.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Xalq Rəqs Ansamblı da maraqlı proqramla çıxış edib. Kollektivin ifasında təqdim olunan “Cəngi”, “Mirzəyi-Vağzalı” və “Uzundere” rəqsləri Azərbaycan xalqının qədim folklor ənənələrini, milli rəqs sənətinin zənginliyini və özünəməxsusluğunu nümayiş etdirib.
Azərbaycan musiqisinin, milli rəqslərinin və geyim sənətinin təqdim olunduğu konsert proqramı iştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 15 Oktyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















