Icma.az
close
up
RU
Qəbul imtahanından 697 bal yığan futbolçu: Valideynlərimin dəstəyi uğurun əsas səbəblərindəndir

Qəbul imtahanından 697 bal yığan futbolçu: Valideynlərimin dəstəyi uğurun əsas səbəblərindəndir

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Peşəkar futbolla məşğul olan şəxslərin təhsildə yüksək nəticə göstərməsi bizə tanış mənzərə deyil. Xüsusilə ölkəmizdə valideynlər övladlarının təhsilə marağı zəif olduqda alternativ kimi idmana yönəlməsini üstün tuturlar. Ümumiyyətlə, həm futbolla, həm də digər idman növləri ilə ciddi şəkildə məşğul olan gənclərin eyni zamanda təhsildə fərqlənməsi nadir hadisədir. Lakin müsahibimiz bu stereotipi qırmağı bacarıb. Söhbət "Zirə" klubunun U17 komandasında çıxış edən Əbülhəsən Məmmədovdan gedir. O, Xətai rayonu 64 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib və qəbul imtahanında 697 bal toplayaraq yüksək nəticə göstərib. 700 bala sadəcə üç balı çatmayan Əbülhəsən ikinci cəhddə də uğurunu qoruyub. O, ali təhsilini Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyi ixtisası üzrə davam etdirmək niyyətindədir.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Nə istəyirsənsə, onu et", - dedilər"

Futbola iki-üç yaşlarından maraq göstərib. Ailədə futbolla maraqlanan olmasa da, Əbülhəsənə dəstək olublar. Deyir ki, ailəm məni öz arzularına görə yox, maraqlarımı əsas götürərək dəstəkləyirdi: "İkinci-üçüncü siniflərdə futbola yazılmaq istədim, istəyimi anlayışla qarşıladılar. Ailəm düşünmədi ki, bu, mənim dərslərimə mane ola bilər. Çünki görürdülər ki, təhsilimə nə qədər maraq göstərir, məsuliyyətlə yanaşıramsa, futbolu da bir o qədər çox sevirəm. Mənə, - "nə istəyirsənsə, onu da et", - dedilər. Valideynlərimin dəstəyi bu uğurun əsas səbəblərindən biridir. Onlar mənə azadlıq vermişdilər. Həmişə deyirdilər ki, hansını seçsən, biz sənin yanındayıq. Mən futbolu seçsəydim və qəbul ola bilməsəydim belə, onlar mənim arxamda olacaqdı. Çünki onlar üçün ən önəmlisi sevdiyim işlə məşğul olmağım idi. Bu dəstəklə peşəkar futbola da başladım. Təhsilimə də diqqəti azaltmadım. Hədəfim 700 bal toplamaq idi və bunun üçün də əlimdən gələni edirdim".

"Kiminə dərs maraqsız gəlir, kiminə isə futbol"

Müsahibimiz deyir ki, əgər hədəfinin nə olduğunu bilir, onun üçün çalışırsansa, mütləq istədiyinə nail olursan: "İnsan istəsə həm idmanla, həm də təhsillə eyni anda məşğul ola bilər. Düzdür, ətrafımda elə insanlar var ki, yalnız idmana yönəlirlər və dərslə maraqlanmırlar. Bu da fərdi seçimdir. Kiminə dərs maraqsız gəlir, kiminə isə futbol. Hər ikisini bir yerdə aparmaq isə doğrudan da çətindir, çünki vaxtını düzgün bölməlisən. Xüsusilə də yuxarı siniflərdə hazırlıqlar başlayanda, vəziyyət daha da gərginləşir. Bu zaman bir çoxları futbol və təhsil arasında seçim etmək məcburiyyətində qalırlar. Amma mənim belə məcburiyyətim olmadı. Çünki uşaqlıqdan həm dərslərimə ciddi yanaşır, həm də futbolla məşğul olurdum".

"Bilirdim ki, 11-ci sinifdə vaxtım daha məhdud olacaq"

Əbülhəsən tək çətinliyinin vaxtla bağlı olduğunu bildirir. Çünki bütün həftə hər gün beş saat futbola həsr etməli idi. "Eyni zamanda məktəbi və hazırlıqları da diqqətdən kənarda qoymur, hər birinə məsuliyyətlə yanaşırdım. Yorucu olsa da, məqsədlərim daha güclü idi. Vaxtımı düzgün bölmək və hər şeyə fokuslanmaq mənə çox kömək etdi. Doqquzuncu sinifdən hazırlıqlarım başladı. Amma üstünlüyüm o idi ki, mən birinci sinifdən dərslərimi oxuyur, hər günümü universitetə hazırlaşırmış kimi çalışırdım. Yəni, doqquz il gözləyib yalnız iki il hazırlıq dövründə oxumamışam. Hazırlıq dövrü mənim üçün sadəcə təkrar etmək üçün fürsət idi. Erkən yaşlardan möhkəm baza formalaşdırdığım üçün hazırlıq mərhələsində sıfırdan başlamadım".

"Yolda keçirdiyim iki saat fürsət idi"

Bütün gününü məktəb və futbola həsr etsə də, telefonla oynamaq, dostları ilə söhbətləşmək üçün də vaxt bölgüsü aparıb. O, futbol məşqləri üçün hər gün Əhmədlidən Mərdəkana iki saat yol gedir. Amma o iki saatı da fürsətə çevirməyi bacarır: "Yolda keçirdiyim vaxtı daha çox istirahət və sosial ünsiyyət üçün istifadə edirdim. Adətən, bu zamanı ya telefonda olur, ya da dostlarımla söhbət edirdim. Mənim üçün sosial əlaqələr də ən az dərslər qədər önəmlidir. Yalnız imtahanlara az qalmış, ciddi hazırlaşmalı olduğum dövrlərdə yolda dərs oxuyurdum".

"Arzularım üçün heç nədən tam imtina etməmişəm"

Müsahibimiz vurğulayır ki, onun üçün həm futbolçu olub, həm də 697 bal toplamaq gözlənilməz deyil. Üstəlik, bunu əldə etmək üçün də həyat tərzindən heç nəyi qurban verməyib: "Bəzən deyirlər ki, bu balı toplamaq üçün gecə-gündüz yatmamışam, yaxud telefondan imtina etmişəm. Arzularım üçün heç nədən tam imtina etməmişəm. Nə gecə yuxusuz qalmışam, nə də tamamilə telefondan, sosial şəbəkələrdən və ya futboldan uzaqlaşmışam. Sadəcə, hər şeyə vaxt ayırmağı bacarmışam. Vaxtını düzgün planlaşdıranda heç birindən imtina etməyə ehtiyac qalmır".

"Futbol zehni istirahət idi"

İmtahana hazırlaşmaq onu nə qədər yorsa da, futbola zehni istirahət kimi yanaşıb: "Fiziki yorğunluq olurdu, amma futbola getmək mənim üçün zehni istirahət idi. Səhərdən axşama qədər dərslərlə məşğul olsam da, futbola gedəndə beynim tamamilə dərsdən uzaqlaşırdı. Bu, mənim üçün dincəlmək kimi idi. 4-5 saatlıq məşqdən sonra evə qayıdanda beynim sanki yenidən təmizlənirdi və rahat şəkildə dərslərimi oxuya bilirdim. Evdə də heç vaxt, - "yorulursan, getmə", - deməyiblər. Ailəm başa düşürdü ki, bu, mənim üçün sadəcə əyləncə deyil, peşəkar futbol yoludur".

Əbülhəsən gələcəkdə məşhur futbolçu, yoxsa kibertəhlükəsizlik mühəndisi olacağına hələ qərar verməyib: "Hələ ki hər ikisini paralel davam etdirməyə çalışıram. Hansında daha uğurlu və yararlı olacağımı görsəm, onu seçəcəyəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri