Qəbul imtahanları elektronlaşdırılacaq? EKSPERT AÇIQLADI
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qəbul imtahanlarının tam elektron formatda keçirilməsi Azərbaycanda təhsil sahəsində növbəti mühüm yeniliklərdən biri ola bilər. Belə bir sistemə keçid imtahan nəticələrinin daha qısa müddətdə açıqlanmasına, yoxlama prosesində insan faktorunun minimuma endirilməsinə, şəffaflıq və obyektivliyin artırılmasına imkan yarada bilər.
Bəs qəbul imtahanlarının tam elektronlaşdırılması nə dərəcədə realdır və bu sistemə keçid hansı üstünlükləri vəd edir?
Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev SİA-ya açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi (DİM) artıq qəbul imtahanlarının elektron formatda keçirilməsi istiqamətində planlar üzərində işləyir:
“Ötən il DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə də imtahanların elektronlaşdırılması ilə bağlı müvafiq planların olduğunu açıqlamışdı. Hazırda kiçikmiqyaslı imtahanların elektron formada təşkili istiqamətində müəyyən addımlar atılır və bunun üçün müvafiq inzibati infrastruktur da yaradılıb.
Genişmiqyaslı qəbul imtahanlarının elektronlaşdırılması üçün ilk növbədə zəruri maddi-texniki bazanın və imtahanların keçirilməsinə uyğun inzibati binaların formalaşdırılması vacibdir. Belə ki, həm Elm və Təhsil Nazirliyi, həm də DİM tərəfindən ayrı-ayrı imtahanların elektron formatda keçirilməsi təcrübəsi mövcuddur”.
Ekspert düşünür ki, lazımi texniki imkanlar yaradılarsa, növbəti mərhələdə böyük sayda abituriyentin iştirak etdiyi qəbul imtahanlarını da elektron formada təşkil etmək mümkün olacaq.
O, elektron imtahan sisteminin üstünlüklərindən danışarkən nəticələrin açıqlanma müddətinə xüsusi diqqət çəkib. Bildirib ki, hazırda qəbul prosesinin bir neçə mərhələdən ibarət olması və yazılı cavabların yoxlanılmasına sərf edilən vaxt imtahan təqviminin uzanmasına səbəb olur.
“Xüsusilə mart ayında keçirilən buraxılış imtahanlarından sonra şagirdlərin dərs prosesinə marağının azalması cəmiyyətdə birmənalı qarşılanmır. Lakin DİM-in imtahanları bu müddətdə təşkil etməsinin müəyyən səbəbləri var. Belə ki, açıq tipli sualların marker müəllimlər tərəfindən yoxlanılması təxminən bir ay vaxt aparır. Nəticələrin açıqlanması ilə yanaşı, blok imtahanları, təkrar cəhdlər, qabiliyyət imtahanları, eləcə də rus bölməsi üzrə Azərbaycan dili imtahanları da ümumi qəbul qrafikində nəzərə alınmalıdır”.
Ramin Nurəliyev qeyd edib ki, bu mərhələlərin ardıcıl şəkildə keçirilməsi qəbul prosesinin avqust ayına qədər uzanmasına, ixtisas seçiminin isə tədris ilinin başlanmasına yaxın vaxta təsadüf etməsinə gətirib çıxarır. Onun fikrincə, elektron imtahan sisteminə keçid bu müddətin qısaldılmasına müsbət təsir göstərə bilər.
“Elektronlaşdırma yoxlama prosesində insan faktorunu da əhəmiyyətli dərəcədə azaldacaq. Hazırda marker müəllimlərin cavabları yoxlaması zamanı bəzi hallarda səhvlərə yol verildiyi bildirilir. Bu cür hallar apellyasiya mərhələsində üzə çıxır və nəticələrin abituriyentin xeyrinə dəyişdirilməsi ilə nəticələnir.
İmtahanların elektron formatda təşkili və cavabların avtomatlaşdırılmış sistem vasitəsilə yoxlanılması bu cür halların qarşısını almağa, nəticələrin daha operativ və obyektiv qiymətləndirilməsinə şərait yaradacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 17 Noyabr 2026 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















