Icma.az
close
up
RU
Qəhrəmanlıq Vətənə borcunu sonadək anlamaqdır...

Qəhrəmanlıq Vətənə borcunu sonadək anlamaqdır...

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağı işğaldan azad etməklə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmiş zəfər savaşımız çağdaş hərb sənətinə mükəmməl döyüş kimi daxil oldu. Müsahibimiz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev xalqımıza bu tarixi qələbəni qazandıran qeyrətli oğullardandır. Bu qəhrəman haqqında ilk dəfə Şuşanın giriş qapısına Azərbaycan bayrağını sancan, Qarabağ ordenli Rəşad Aslanovdan eşitmişdik. O demişdi: “Döyüşlər zamanı Zoğalbulaqda yanımda bir komandir ağır yaralandı. O, Anar Mirzəyev idi. Düşündük ki, artıq şəhid olub. Anar o komandirlərdən idi ki, tabeçiliyindəki hərbi hissəni yüksək peşəkarlıqla, bacarıqla idarə edirdi. Onun döyüşçüləri Anarla nəfəs alırdılar. Anar Mirzəyev kimi Azərbaycan zabitlərinin ömür yolu bugünkü və gələcək nəsillər üçün örnəkdir. Şükür Allaha ki, bu gün Anar sağdır və Vətənə xidmətini davam etdirir”. Vətən müharibəsinin canlı qəhrəmanı Anar Mirzəyevin sorağı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gəlib onunla müsahib olduq.

– Vətən Müharibəsi Qəhrəmanı kimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsi sizə etibar ediləndə hansı hisslər keçirdiniz?

– Bu hərbi lisey həqiqətən, müqəddəs yerdir. 1971-ci ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan bu liseyin yüzlərlə məzunu içərisində Azərbaycanın Milli Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları, igid zabitlər, generallar var. Ümummilli Lider deyirdi ki, məhz bu məktəbin sayəsində Azərbaycanın milli hərbi kadr bazası formalaşmışdır: “Bu lisey mənim üçün doğma övlad kimidir. Hərbi lisey həmişə mənim qəlbimdədir. Hər il mən bu məktəbə gəlmişəm. Kursantlarla, müəllimlərlə, zabitlərlə görüşmüşəm”.

Belə bir məktəbin rəisi kimi onu deyə bilərəm ki, Vətən qarşısında borcum vicdan haqqımdır. Vətən Müharibəsi Qəhrəmanı kimi hərbi andıma sadiqliyimi əməli işimdə yerinə yetirməyi özümə borc bilirəm. Birinci gündən bu vəzifədə fəaliyyətimə belə bir ruhla başlamışam. Bu müqəddəs məkanda təhsil alan kursantlar qalib Ordumuzun gələcək milli kadrları olacaqlar. Bütün bunlar o deməkdir ki, Vətən qarşısında bacardığımı sevə-sevə yerinə yetirməliyəm. Bu hərbi liseyin Azərbaycan Ordusuna töhfəsi yetərincədir. Tanınmış hərbiçilərin, qəhrəmanların döyüş məharətinin təməli burada qoyulub.Vətən müharibəsində döyüşlərdə şücaət göstərən yüzlərlə cəsur döyüşçü bu məktəbin yetirmələridir.

– Elə isə gəlin, ömür yolunuza əvvəldən nəzər salaq.

– Mən 1982-ci il oktyabr ayının 25-də İsmayıllı rayonunda doğulmuşam. 2000-ci ildə tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil oldum.

Nəyə görə hərbçi oldum? 90-cı illərin Qanlı Yanvar hadisələri ilə mənim yaşım arasında müəyyən zaman fərqi olsa da, hələ uşaq yaşlarımdan sual edirdim: nəyə görə bu hadisələr Azərbaycanda baş verib?! İşğal olunan torpaqlarımız, köçkün, qaçqınların faciələr yaşaması bir gənc kimi məni çox ağrıdırdı. Yüzlərlə, minlərlə hərbçinin qisas haqqı bizim taleyimizə yazılmışdı. Döyüşmək üçün əmr gözləyirdik.

44 gündə öz torpaqlarımızda döyüş apardıq. Halal yurd-yuvamız üçün silaha sarıldıq. Faciəmiz bilirsiniz nədə idi?! Bizi öz evimizin içində qırmışdılar, öz torpaqlarımızda didərgin, qaçqın, köçkün olmuşduq. Dünya bu haqsızlığı, ədalətsizliyi görmürdü? Ocaqlarımız söndürülmüşdü, külü göylərə sovrulmuşdu. Xidmətə başlayan gündən hərbçi yoldaşlarıma demişdim ki, bizim bu xalqa verəcəyimiz borc var. Bu borcu ödəməyin bir gün zamanı yetişəcək. Dövlət və xalq qarşısında şərəf və qürur hissinin məsuliyyətini dərk edirdik. Bəli, biz hərbçilər hərb meydanında bu borcu yerinə yetirdik.

– 27 sentyabr tariximizə xilas və qisas günü kimi yazıldı.

– Həmin günün təəssüratı o qədər böyükdür ki, sözlə ifadə etmək mümkün deyil. Ordumuz düşmən həmləsinə cavab olaraq əks-hücum əməliyyatına keçmişdi. Torpaqlarımız bizi haraylayırdı. Yalnız Qələbə naminə hərb meydanına girmişdik. 27 sentyabr şanlı hərb tariximizin yeni bir salnaməsinin, Zəfərimizin başlandığı gündür. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq” şüarı altında Ordumuz əks-hücum əməliyyatlarına başladı. Bu barədə danışanda xalqımızın – arxa cəbhənin “Dəmir Birliyini” də xüsusi olaraq vurğulamalıyıq. Bizə müqəddəs analarımız, atalarımız xeyir-dua vermişdi. Ona görə də torpaq uğrunda verdiyimiz canın dəyərini bilirdik. Döyüşləri belə sevə-sevə qarşılayırdıq, Vətən sevgisi yaralarımızın sarğısı idi.

Hərbi hissəmiz Füzuli istiqamətindən irəliləyirdi. O zaman silahları götürməyimiz, o soyuq dəmir parçasına toxunan isti barmaqlar, yanan nəfəslər, maşınlara minməyimiz gözlərim önündə kino lenti kimi canlanır. Bu, bir ümidin, qisas gününün yaddaş salnaməsidir. Hərbi hissəni tərk edən zaman gördüm ki, döyüşçü yoldaşlarım tankın üstündə belə bir şüar yazıb: “Ya Qarabağ, ya olüm!” Dedim ki, ölüm sözünü silin. Bizə ölümmü yaraşır?! Yalnız Qələbə deyib meydana girməliyik: “Yalnız Qarabağ! Şüarımız budur: İgidlər, biz Qarabağı – doğma yurd yerlərimizi almağa gedirik. Sentyabrın 27-də döyüşlər başlanan gündən içimizdəki döyüş əzminin, eşq-məhəbbətin bir adı var idi: Vətən, Torpaq!

– Tankın üzərindən ölüm sözünü sildirmisiniz. Bəs elə bir an oldumu ki, siz ölümlə üz-üzə qaldınız?

– Təbii ki, müharibə qurbansız, itkisiz olmur. Hər an şəhidlik zirvəsi qarşımızda idi. Zəfərə doğru müqəddəs bir yolda idik. Düşmənin bağrını yaran əfsanəvi qəhrəmanlarımızın şəhidlik məqamına yüksəlməsi hünər, qeyrət epopeyası idi. Bu, yaxınlaşan Zəfərimizin uvertürası idi.

Həyatla ölüm arasında döyüşürdük. Sevgi hissi ilə şəhidlik zirvəsinə yüksəlməyin möcüzəsini yaşayırdıq. Yaralı döyüşçülər də meydanı tərk etməyərək canlarını torpağa qurban verirdilər. Azərbaycan Ordusunun bütün qüvvələrinin cəbhəboyu sürətlə irəliləməsi Vətən sevgisi üstündə köklənmişdi. Ön cəbhənin döyüş qüdrəti bizi Zəfərə yaxınlaşdırırdı.

Düşmənin 30 ilə yaxın mühəndis istehkamları qurması və Qarabağın relyefinin mürəkkəbliyi, sıx meşə zolaqlarının çoxluq təşkil etməsi o demək idi ki, biz ağır döyüşlərə başlamışıq. Bəli, döyüş çox amansız idi. Amma xalqın bizə olan inamı, əzmkarlığı, xüsusilə vahid ordu komandanlığı hamımıza güc verirdi. Hər bir əsgər, zabit bilirdi ki, Ali Baş Komandanlıqdan aldığı əmr onu uğura doğru aparır. Hamı Ali Baş Komandanı səngərdə, öz yanında hiss edirdi.

– Bu, 30 illik Qələbə həsrətinin, qisas aclığının yaratdığı qüdrət idi.

– Bəli, Azərbaycan Ordusunun hər bir əməliyyatı Zəfərimizə hədəflənmişdi, saatbasaat kəndləri, qəsəbələri, yüksəklikləri azad edirdik. Müharibədən əvvəl Ağdamda xidmət edirdim. Ön xətlə tanış olanda həmin bölmənin komandiri məndən xahiş etdi ki, səngərdə gəzərkən ehtiyatlı olaq, dik gəzməyək, düşmən hər an bizi vura bilərdi. Bu sözlər məni o qədər ağrıtmışdı ki... Öz Vətənimdə, öz torpağımda dimdik gəzə bilmirdimsə mən niyə yaşayırdım?! Bax buna görə də, bütün varlığımızla son nəfəsimizə qədər döyüşürdük. Biz qalib gəldik. Axır ki, öz doğma yurd yerlərimizdə başıuca gəzə bildik. Döyüşlərin birində boğazımdan qəlpə yarası aldım. Tez yanımdakı sarğı ilə özümə ilk yardımı etdim və irəli getdim. Biz yalnız qələbə üçün döyüşürdük, istiqamətimiz isə Şuşaya idi. Günün sonuna qədər komandir kimi öz borcumu yerinə yetirdim. Sonra əməliyyat keçirdim, boğazımdan qəlpə götürüldükdən sonra, yenə döyüş yoldaşlarımın yanına qayıtdım. Mən komandir kimi döyüş meydanında yoldaşlarımı tək qoya bilməzdim.

– Bu inam, yenilməz ruh düşməni məğlub etdi.

– Biz əzəli və əbədi torpaqlarımız uğrunda qətiyyətlə döyüşdük. Kimsə bizi yıxa bilməzdi. O ki qaldı komandiri. Şəxsi heyət sanki bir ailədir. Komandir isə bu ailənin başçısıdır. Sən bir mayak olmalısan ki, irəli gedən yol aydın görünsün. Oktyabrın 25-i – doğum günümdə Xocavənd uğrunda gedən döyüşlərdə, Qırmızı Bazar istiqamətində düşmənin güclü atəşi ilə üz-üzə gəldik. Onların müəyyən qrupları meşə zolağında qalmışdı. Gərgin döyüş gedirdi. O an düşündüm ki, bu gün mənim doğum günümdür. Və bu gün şəhid olsam, şərəfli bir son olacaq. Belə düşünmək mənə qürur verirdi. Beləcə, ölümlə savaşaraq Zəfərə doğru gedirdik.

Çox böyük bir əzmlə özümüzdə güc toplayıb düşmənə qalib gəldik. Güllələr qulağımızın dibindən keçərək, göz açmağa aman vermirdi.

Azərbaycan Ordusunu yaşadan və qələbəyə doğru aparan belə oğullar oldu.

Döyüşlər vaxtı deyirdim: “Ya Rəbbim, Sən bizi xalqın qarşısında utandırma. Sən bizə güc, qüvvət ver. Biz qələbəni xalqımıza yaşadaq. Zəfər Azərbaycan xalqının haqqı idi”. Bu qələbəni xalqımıza bəxş etmək isə Azərbaycan zabiti kimi bizim vəzifə borcumuz idi. Şüarımız belə idi: bir cana min can almalıyıq! Şəhidlərimizin qanı yerdə qalmadı. Onların qisasını sona qədər aldıq. Bütün şəhidlərimizin ruhu, onların ailələri qarşısında baş əyirik. Onların ruhu isə rahatdır. Çünki Qarabağ Azərbaycana qaytarıldı.

– Bəs Qələbəni harada qarşıladınız?

– Biz koordinatları verdikcə düşmən hədəfləri vurulurdu. Döyüşlərin birinin gedişatında artilleriya bölmələrinə yenə də koordinat verdik və uğur qazandıq. Çox təəssüf ki, oktyabrın 26-da mərmi qəlpəsi ilə Zoğalbulaqda çox ağır yaralandım. İki döyüşçümüz orada şəhid oldu, bir çoxu yaralandı. Mən isə huşsuz halda hospitala yerləşdirilmişəm. Yaşamaq ehtimalım sıfıra bərabər imiş. Həkimlərin gecəli-gündüzlü səyi, bacarığı nəticəsində yenidən həyata qayıtmışam.

Qələbə sözünü də, Vətən Müharibəsi Qəhrəmanı adını da hospitalda eşitdim. Mənə sağlamlığımı qaytaran həkimlərə ömür boyu borcluyam. Azərbaycanın fədakar həkimləri Vətən Müharibəsində əsl qəhrəmanlıq göstərdilər. Onlar bir daha sübut etdilər ki, bu xalqın həkimi də, zabiti də, bütün vətəndaşları Vətən torpaqlarının xilası naminə “Dəmir yumruq” kimi birləşdilər. Məni “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq bilən komandanlığıma, Ali Baş Komandana ürəkdən təşəkkürümü bildirirəm.

– Qəhrəman zabit kimi sizin üçün qəhrəmanlıq nədir?

– Qəhrəmanlıq məqsəd deyil. Məqsəd Vətən qarşısında borcunu sonadək anlamaqdır. Elə bir an çatır ki, sənin bu borcu yerinə yetirməyinin nəticəsi qəhrəmanlıq sayılır.

– Hərbi Liseyin qəhrəman rəisinin yetirmələri də gərək bu hikməti dərindən anlayıb özləri də qəhrəmanlığa hazır olsunlar...

– Bizim hərbi liseyə gələn hər bir kursant mənim doğma övladımdır. Onlar Azərbaycanın gələcək tarixini yazan hərbçilər olacaqlar. Bizim xilas etdiyimiz torpaqları əbədi olaraq göz bəbəyi kimi qorumaq onların üzərinə düşür. Ona görə də, burada təhsil alan hər bir kursantın həyatı, təhsili, gələcəyi mənim üçün çox önəmlidir. Onların milli zabit kadrları kimi formalaşmasının, hərbçi kimi yetişməsinin bünövrəsi burada qoyulur. Onu da deyim ki, övladını isti ana qucağından ayırıb bu Vətənə xidmət etməyə göndərmək üçün böyük ürək lazımdır. Vətənə hərbçilər yetişdirmək üçün oğullar verən analar, atalar var olsunlar.

Sonda xatırladım ki, bu Hərbi lisey Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə yaradılmışdır. 1997-ci ildə Ulu Öndərin sərəncamı ilə bu liseyə Azərbaycanın görkəmli hərbçisi, 1937-ci il repressiyasının qurbanı Cəmşid Naxçıvanskinin adı verilmişdir. Hərbi liseyin 11 məzunu “Azərbaycanın Milli Qəhrəmanı”, 19 nəfər isə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülmüşlər. Bu gün hərbi təhsil ocağına onların xatirəsinin əbədiləşdirilməsinin rəmzi olan “Şəhidlər muzeyi” fəaliyyət göstərir.

Qoy bizim övladlarımız Vətənə və torpağa sevgi, məhəbbətlə bağlansınlar. 44 günlük Vətən Müharibəsi onu sübut etdi ki, Azərbaycan xalqının vətənpərvər övladları hər zaman olub, olacaq da. Onları dünyaya gətirən anaların qarşısında baş əyirik.

– Maraqlı müsahibə üçün sağ olun. Rəhbərlik etdiyiniz hərbi liseyə daha böyük uğurlaq arzulayırıq.

Kəmalə ABDİNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see282

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see280

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see274

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see264

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see263

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see256

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see255

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see250

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see238

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see237

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see236

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see231

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see230

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see222

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see218

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see215

Səhiyyədə yeni əməkhaqqı modeli

05 Sentyabr 2026 17:29see201

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see200

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see199

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri