Icma.az
close
up
RU
Qələmsiz yazılanlar : müasir dövrün yeni publisistik nəfəsi

Qələmsiz yazılanlar : müasir dövrün yeni publisistik nəfəsi

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Adilə NƏZƏROVA
Filologiya üzrə fəlsəfə doktoru

İnsanlıq tarixi boyunca yazı yaddaşın, düşüncənin, cəmiyyətin ən etibarlı sığınacağı olub. Son iyirmi ildə yazının taleyi xeyli dəyişərək, sürət dövrü başladı və bu, qərarların, emosiyaların, gündəlik münasibətlərin təbii axınını pozdu. 

Bu gün publisistika təkcə qəzetin, jurnalın yox, həmçinin gündəlik həyat ritminin bir parçasına çevrilib.

Klassik esse, reportaj və sair əvvəlki kimi geniş və ağır formaya sadiq qaldıqda oxucudan bir az uzaqda görünür. Sosial şəbəkələrin ritmi isə tam fərqlidir: qısa, ani, impulsiv fikirlər daha tez yayılır və öz oxucusunu rahat tapır. "Əlüstü oxu" prinsipi insanın düşüncəsini də dəyişir. Elə buna uyğun olaraq "əlüstü yazı" yayğınlaşır, abzaslar qısalır, fikirlər yığcamlaşır, hisslər isə sıxılmağa başlayır.

Məhz belə bir zamanda Rəşad Məcidin "Qələmsiz yazılanlar" silsiləsi ortaya çıxır. Onlar nə tam klassik essedir, nə də sadə onlayn paylaşım forması: onlar dövrün sürətinə uyğun yaranan mətnlərdir. Bir ədəbiyyat adamının, ictimai düşüncə sahibinin gündəlik müşahidələrinin, narahatlıqlarının və şəxsi dünyagörüşünün özünəməxsus bədii ifadəsi, bəzən də sadə insan kövrəkliyi ilə yazılan status-esseləridir. Cümlələr qısa, kəskin, gündəlik nitq dilinə yaxındır. İçində tənqid, acı ironiya, bəzən qürur, sevinc və sair var.

"Qələmsiz yazılanlar"ın cazibəsini bir neçə nümunədə izləyək: 

"Kininizi körükləməyə sərf etdiyiniz enerjini pozitiv istiqamətlərə yönəltsəydiniz, indi özünüz də başqa olardınız, ətrafınız da".

Bu cümlə təsadüfi bir reaksiya deyil; illər boyunca yığılan etiraz və iradın, həmçinin bəlkə də onların halına duyulan gizli bir üzüntünün ifadəsidir. Eyni zamanda sosial şəbəkələrin gurultusuna, əsəb gərginliyinə qarşı bir dayanacaqdır.

"Öyrəşdiyi qaynar həyatdan sakitliyə çəkilib yaşamağı hər adam bacarmır".

Bu fikir hazırkı cəmiyyətin psixoloji portretidir. Bəzi insanlar üçün içlərində səssiz bir uçurum açılır. Vəzifədən və kollektivdən ayrılanlar ya özünü itirir, ya depressiyaya düşür, ya da yenidən səhnəyə atılmaq üçün "süni qəhrəmanlıqlar" axtarır. Çox az adam isə sakitliyin içindən yeni bir "mən" yarada bilir.

Nümunədəki sərtlik də elə bundadır ki, vəzifə tutmaq, diqqət mərkəzində olmaq sadəcə rol deyil, zamanla insana yüklənən bir borcdur və bir gün mütləq geri qaytarılması tələb olunacaqdır.

"İnsanın əsl xarakteri gərgin olanda üzə çıxır". Sadə görünən bu fikir əslində gündəlik bir müşahidədən çox, insan xarakterinin sınaq anlarında açığa çıxması ilə bağlı acı reallıqdır. Burada sosiologiyanın insan davranışına yanaşması, psixologiyanın "stress anında gerçək mən" konsepti və həyatın acı həqiqətini açır. Gərginlik insanın üzünə taxdığı maskaları əridən istilik kimidir. Sakit vaxtı hamı nəzakətli, səbirli, düşüncəli görünə bilər, amma vəziyyət çətinləşəndə insanın içində gizlənən xislət özünü göstərir: kimisi aqressiyaya meyillənir, kimisi çarəsizliyə qapılır, kimisi insafını itirir, kimisi də əksinə - məhz o vaxt öz böyükliyini göstərib əzmli dayanır.

"Yazmaq rahatlaşdırır, sakitləşdirir. Ürəyini kiməsə boşaltmaq, içindəkiləri kiminləsə bölüşməkdən etibarlısı, yazmaqdır. Terapiyadır".

Bu, R.Məcidin özünün də yazmaqla necə nəfəs aldığını göstərir. Yəni yazan təkcə oxucu üçün yazmır, yazmaq yazanın özü üçün də bir cür "müalicə"dir. Hər  paylaşım bir növ "özünüifadə" olduğu qədər "özünü toparlama", "özünü dinləmə"dir.

"Tədbirlər tənhalıq və lazımsızlıq duyğusunu arxa plana atır".

Bu, ictimai mühitin görünməyən tərəfi barədə diqqətli müşahidə və səmimi etirafdır. İnsan bəzən tədbirə özünü unudulmuş saymasın deyə, bəzən də içində yığılan fikirləri səssizcə dinləmək üçün gedir. Əgər tədbirin sahibi özüdürsə, orada deyilən sözlər adama həm həvəs, həm enerji, həm də özünü yenidən tanımaq imkanı verir. Başqasının tədbirində isə insan ya çıxışına görə qiymətləndirilir, ya da başqasının dəyərini görərək xoş təəssürat yaradır. Hər iki halda nəticə dəyişmir - sosial məkan insanın içindəki boşluğu bir anlıq da olsa doldurur və özünə, başqalarına bağlayan incə bir körpüyə çevrilir.

Nümunələrdəki cümlələr ayrı-ayrı status kimi görünür, amma birlikdə bir müəllifin portretini üzə çıxarır. "Qələmsiz yazılanlar"ı digər paylaşımlardan ayıran xüsusiyyət də məhz budur: qısa yazılır, amma uzun düşünülür, hər sadə cümlənin arxasında böyük həyat təcrübəsi dayanır. Bunlar qısa nəfəsinə düşüncəni, həyatın ağrısını və insanın özünü sığdırır. Müasir həyatın ritmini qoruyur və müəllif oxucunu fikir dərinliyinə, milli duyğuya və ictimai mühitin ümumi düşüncəsinə aparır. Duyduğu və gördüyü məqamlar, R. Məcidin əlində sözə çevrilir, ifadə tapır, statusa donuşur və bunlar təkcə fərdin təəssüratlarını əks etdirmir, yaşadığı mühitin ruhunu da göstərir. Hər qısa mətn dilin dəyişən nizamını, sosial davranışları və insan münasibətlərindəki incə çatları ortaya qoyur. Oxucuda bəzən sıxıntı, bəzən də ümid oyadır və bu duyğuların dalğasında cəmiyyətin iç səsi eşidilir.

Bu nümunələr göstərir ki, sürət dövründə də sözün əhəmiyyəti itmir, sadəcə yeni qəlib, yeni pəncərə, yeni nəfəs açılır.

Müəllif bu silsilə ilə yalnız məzmun təqdim etmir, yanaşı olaraq özünəməxsus janr təklif edir. Bu janrın gücü sadəlikdə, səmimiyyətdə və xəbərdarlıq tonunda yatır. Bir cümlə bəzən bütöv bir məqaləni əvəz edir, digərində isə fikir bir roman qəhrəmanının daxili monoloqu kimi oxucuya çatır.

"Qələmsiz yazılanlar" silsiləsinin dəyərli tərəflərindən biri dilə sevgi və qayğıdır. R.Məcidin status-esselərində dil daima diqqət mərkəzindədir. O, dilin pozulmasını yalnız filoloji proses kimi görmür, bunu millətin daxili nizamının pozulması kimi təqdim edir. Çünki dil xalqın ruhudur, ruhda baş verən hər cür zədə isə gec-tez insanlarımızın dünyagörüşünə, davranışına, düşüncəsinə, mədəniyyətinə sirayət edir. Müəllifin daxili sıxıntısı gündəlik danışıqda yad terminlərin həddən artıq çoxalması, sosial mediada "yüngül" dilin hökmranlığı, gənclərin öz sözümüzdən çox başqa dillərin sözlərinə sığınması konkret statuslarla müşayiət olunur. Gərginlik bəzən kəskin, bəzən yumorlu, bəzən də sarkazmla ifadə olunsa da, durum dəyişmir: dilə biganəlik, əslində, özümüzə biganəlikdir.

"Jurnalistlər üçün təlimlərin birində "mentor" sözünü çox işlədirdilər. Soruşdum ki, axı bu "mentor" nə deməkdir? İzah etdilər. Dedim, onda "ustad" deyin də, dilimizdə gül kimi qarşılığı var, "mentor" niyə deyirsiniz ki? ...İnanmaq istərdim ki, bugünkü konfrans yabançı sözləri yeri gəldi-gəlmədi işlədənləri düşünməyə vadar edəcək".

Bu, fərdi düşüncə ilə birgə, dövrün ovqatına dair müşahidə ehtiva edir. Müəllifin əvvəlcə şəxsi təcrübəsini paylaşır, sonra daha geniş bir mədəni və dilçilik problemə bağlayır. Qısa və məqsədsiz, yerinə görə bir anda gələn fikirdə mediada dil normalarının pozulması və peşəkarlığın azalması məsələsi qabardılır.

Dil sahəsində diqqət çəkən digər nümunə:

"Amma Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, general Abdulla ağa Bakıxanov "Əkinçi"nin nəşrə başlaması üçün Həsən bəyə 1000 manat verəndə məlum oldu ki, "tatarlar" ana dilli mətbuata o qədər də biganə deyilmişlər".

Məlumat maraqlı bir tarixi nüansa işarə edir. Belə ki, çox vaxt "tatarlar"ın, yəni Azərbaycan türklərinin XIX əsrdə ana dilli mətbuata biganə olduqları iddia edilsə də, xalqın içində maarifpərvər dayaqlar da varmış. Həsən bəyin qəzetini yaşatmaq üçün edilən dəstək, dövrün ziyalılarının ana dilinə bağlılığını və mətbuatın ilk cücərtilərini qoruma səylərini göstərir.

R.Məcidin statuslarında dilə münasibət təkcə şəxsi baxışla məhdudlaşmır. Prezident İlham Əliyevin ana dilinin qorunmasına dair fikirlərini paylaşması da onun mövzunu ictimai məsələyə çevirmək istədiyini göstərir. Müəllif beləliklə, dilə həm gündəlik qayğı istəyən, həm də ümummilli diqqət tələb edən bir dəyər kimi yanaşır.

O, uzun illərdir media rəhbəri, müəllif və müşahidəçi kimi digital platformada çalışır. Paylaşımlarında media etikası, jurnalist məsuliyyəti, xəbər manipulyasiyaları, peşəkarlığın azalması və informasiyanın ucuzlaşması kimi məsələlər təkcə tənqid deyil, həm də çaşqınlıq doğuran mənzərə yaradır.

Sosial şəbəkələrin sürətlə yayılması klassik medianın əvvəlki məsuliyyət sərhədlərini zəiflədir. R.Məcid göstərir ki, sözə laqeyd yanaşmaq ictimaiyyətdə boşluq yaradır, doğru və yerinə düşən söz seçmək isə müəllifin oxucu qarşısında məsuliyyətidir. Bu fikri o, "Yerinə düşən sözü tapmağın səadəti!" cümləsi ilə ifadə edir. Arxasında həm dilə sevgi, həm də sözə hörmət dayanır. Müəllif göstərir ki, sözün düzgün seçilməsi əsasən cəmiyyət qarşısında öhdəlikdir, hər yanlış fikir və təhrif etmə onların yaddaşına zərər vurur. "Mentor" və "ustad" misalında görünən yanaşma dilə ya biganəliyi, ya da əksinə, zövq, mədəniyyət və peşəkar diqqəti açıq şəkildə göstərir.

"Qələmsiz yazılanlar" təkcə ümumi-ictimai narahatlıqlar toplusu deyil, burada insanın daxili aləmi, gündəlik həyatda yığılan hisslərin incə qatları da var. Müəllif sıradan bir hadisədən, bir adamın hal-əhvalından, ya da bir uşağın sevincindən bədii-publisistik nəticə çıxarır. Bu mətnlərdə həyatın özündən gələn  real və metaforik lirika var.

"İpək Məcid yeganə oxucudur ki, Kitab sərgisində həm Anar müəllimlə şəkil çəkdirib, həm Kəramətlə".

Bir cümləlik esse iki ədəbiyyat qütbünü səmimi yumorla birləşdirir və gözəl müşahidə təqdim edir. Nəvəsinə olan sevgisini və qürurunu ifadə edən cümlə eyni zamanda onun yazıda və həyatda özünəməxsus, sadə və səmimi danışıq tərzinin tipik, hətta simvolik nümunəsidir. Müəllif fikrini elə ifadə edir ki, sanki İpək bu iki fərqli dünyanı bir araya gətirən yeganə oxucudur. Bu yumor hissi ilə bərabər, ədəbiyyatın müxtəlif qatlarının yanaşı mövcudluğuna incə işarədir. Fikrin əsas məğzi budur ki, balaca İpək müxtəlif ədəbiyyat nümunələri arasındakı süni sərhədi asanlıqla keçir və bizə xatırladır ki, ədəbiyyatın dəyəri oxucuya verdiyi təsirdədir, hansı divarlar arasında təmsil olunduğunda deyil.

"Qələmsiz yazılanlar" dövrün, medianın, dilin və insanın dəyişən mənzərəsini əks etdirən güzgüdür. O güzgüdə biz özümüzü və ədəbi yazının gələcəyini görürük, çünki söz çəkisi azalmayan yeganə sərvətdir və Rəşad Məcidin qələmsiz yazıları bu dəyəri bir daha önə çıxarır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see313

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see132

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see131

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri