Icma.az
close
up
RU
Qərbi Azərbaycanda kütləvi vandalizm və etnik təmizləmə

Qərbi Azərbaycanda kütləvi vandalizm və etnik təmizləmə

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Erməni millətçilərinin monoetnik dövlət yaratmaq məqsədi Azərbaycan xalqının tarixi-mədəni irsinin məhv edilməsi ilə müşayiət olunub

Ermənistanın uzun illər ərzində Azərbaycan xalqına məxsus tarixi və mədəni irsi hədəfə alan fəaliyyəti Cənubi Qafqazın etnik-mədəni coğrafiyasında ən radikal dəyişikliklərdən birinə səbəb olmuş, tarixən çoxmillətli olan bu məkanın mədəni simasını qəsdən dəyişdirərək monoetnik vəziyyətə gətirmişdir. Bu proses təsadüfi deyil, ardıcıl şəkildə həyata keçirilmiş siyasi strategiyanın nəticəsi kimi formalaşmışdır. Bu barədə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərlinin XQ-yə müsahibəsini sizə təqdim edirik.

– Ermənilər Qərbi Azərbaycan ərazisində etnik təmizləmə aparmış, monoetnik dövlət qurmuş və Azərbaycan xalqına məxsus tarixi-mədəni irsi sistemli şəkildə məhv etmişlər. Xahiş edirəm, dağıdılmış qəbiristanlıqlar, yox olmuş tarixi abidələrimiz barədə məlumat verərdiniz.

– Mən öncə bu “uzun illər” ifadəsinə bir qədər dəqiqlik gətirmək istəyirəm. Yadınızdadırsa, bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayılmışdı. Ermənistanın birinci prezidenti həmin çıxışında bildirirdi ki, “Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək”.

Bilirsinizmi, Ter-Petrosyan “600 il” deyəndə nəyi nəzərdə tuturdu? 1431-ci ildə İrəvan çuxurundakı Üçkilsə (indiki Eçmiədzin) adlanan ərazinin bir hissəsinin Maku vilayətindən olan Qriqor adlı bir erməninin pulla satın almasını və 1441-ci ildə erməni dini kafedrasının Kilikiyanın Sis şəhərindən bu əraziyə köçürülməsini.Levon Ter-Petrosyan bununla etiraf edir ki, Qərbi Azərbaycan ərazisində həmin tarixdən görünməyə başlayan ermənilər elə o vaxtdan yerli Azərbaycan xalqına – türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə siyasətinə rəvac veriblər. Bu gün Ermənistanda və erməni xalqında dərindən kök salmış irqçiliyin, xalqımıza qarşı nifrətin, işğalçılıq siyasətinin kökünü məhz burada axtarmaq lazımdır.

Ter-Petrosyan həmin çıxışında deyirdi: “Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi, 180 min yad millətin (oxu: azərbaycanlıların – Ə.Ə.) nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi – Vardenis, Masis və Amasiya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib”.

Ermənizmin, erməniçiliyin gerçək sifəti budur! Ermənistanın həmin ərazidə Azərbaycan xalqına məxsus tarixi və mədəni irsi hədəfə alması məhz 600 il əvvəldən başlayır. Məqsəd bu coğrafiyaya tarixən heç bir aidiyyəti olmayan ermənilərin bu ərazilərin tarixi sakinləri olması uydurmasını əsaslandırmaq, Azərbaycandan, Türkiyədən, Gürcüstandan ərazilər qopararaq tədricən bütün Cənubi Qafqazı “Böyük Ermənistan”a çevirmək, sonra da onun hüdudlarını Şimali Qafqaz, İran və digər ölkələrin əraziləri hesabına genişləndirmək. Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycanı – indiki Ermənistanı monoetnik dövlətə çevirmək də məhz bu bədnam siyasətin tərkib hissəsi idi. Əlbəttə ki, bu proses ardıcıl şəkildə həyata keçirilmiş siyasi strategiyanın nəticəsidir. Amma iflasa məhkumdur! Çünki tarixi təhrif etmək olar, amma onu pozub, təzədən yazmaq olmaz. Tarix bu gün deyil, dünəndir və bir dəfə yaşanır.

Təəssüf ki, ermənilər bunu anlamaq istəmirlər. Təsəvvür edin, yüzillər ərzində abidələrimizi dağıdıblar, toponimlərimizi erməniləşdiriblər, qəbiristanlıqlarımızı yer üzündən siliblər, nəticədə özlərini çıxılmaz bir vəziyyətə salıblar. Yüzlərlə, minlərlə mənbələr var, onlar hamısı o abidələri ilkin vəziyyətində, o toponimləri ilkin adında qeydə alıb, saxlayıb. Və biz texnologiyanın indiki imkanları ilə onların hamısının koordinatlarını müəyyənləşdirir, ilkin halını bərpa edir və erməniləri sual qarşısında qoyuruq: hanı onlar?

Təsəvvür edin, bu yaxınlarda alim dostum Səbuhi Hüseynovla birgə indiki Ermənistan ərazisindəki qəbiristanlıqlarımızın monitorinqini başa çatdırdıq, ilkin olaraq 37 il əvvəl – sonuncu deportasiya zamanı tərk etmək məcburiyyətində qaldığımız kəndlərimizin 201 müsəlman qəbiristanlığının materiallarını çap etdik. Bu tədqiqat zamanı ABŞ-nin KORONA, Gambit və Heksagon kimi XX əsrin ikinci yarısına aid məxfilik qrifi götürülmüş hərbi kəşfiyyat peyklərinin arxiv təsvirlərini və müasir yüksək ayırdetmə qabiliyyətli peyk görüntülərini sistemli şəkildə təhlil etdik. Bu məqsədlə 712 birbaşa təsvir, ümumilikdə 2000-dən artıq görüntü tədqiqata cəlb edildi.

Bundan əlavə, tədqiqat çərçivəsində Ermənistan Respublikasının müasir ərazisini tam əhatə edən 1890-1991-ci illərə aid, müxtəlif miqyaslı 250-dən çox xəritəni sistemli şəkildə araşdırdıq. Həm də bu xəritələr əsasən Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib edilmiş, uzun müddət məxfi saxlanmış, bu gün isə Berlinin Humbolt Universiteti, İndiana Universiteti, ABŞ-ın Milli Konqres Kitabxanası və Rusiya Coğrafiya Cəmiyyəti kimi nüfuzlu elmi və arxiv mərkəzlərində qorunub saxlanılan xəritələr idi.

Təəssüf ki, mənzərə çox acınacaqlı oldu: 12 qəbiristanlıq üzərindən asfalt yollar çəkildiyini, 16 qəbiristanlıq üzərində yaşayış evləri tikildiyini, 56 qəbiristanlığın ərazisinin əkin sahəsinə çevrildiyini, 67 qəbiristanlıq üzərində vandalizm hərəkətləri edildiyini, 4 qəbiristanlıq üzərində sənaye və istehsal obyektləri salındığını, 5 qəbiristanlıq ərazisində hərbi istehkam işləri aparıldığını, 32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görüldüyünü, 6 qəbiristanlıq üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrildiyini, 3 qəbiristanlıq ərazisində su anbarı inşa edildiyini müəyyən etdik. İndi özünüz deyin, buna vəhşilikdən başqa nə ad vermək olar?!

– Ermənilərin bu fəaliyyətini mədəni soyqırım, etnik təmizləmə və ya insanlıq əleyhinə cinayətlər kontekstində necə qiymətləndirmək olar?

– Əlbəttə, bütün bunlar təkcə Azərbaycan xalqına yox, bütün insanlığa qarşı törədilmiş cinayətdir və insanlıqdan kənar hərəkətlərdir. Bütün beynəlxalq sənədlər, konvensiya, protokol, pakt və digər qanunvericilik aktları bu cinayətləri pisləyir. Belə cinayətlər heç vaxt cəzasız qalmır və onu törədən millət, dövlət gec-tez bu cəzanı çox ağır şəkildə ödəməli olur. Ya insanlar ödəyir bu cəzanı, ya təbiət, ya da tarix.

– UNESCO və digər beynəlxalq təşkilatların bölgədə aparılan mədəni vandalizmi araşdırmaq imkanlarının Ermənistan tərəfindən məhdudlaşdırılması beynəlxalq monitorinq sisteminə hansı zərbələri vurur? Bu, beynəlxalq hüququn icbari mexanizmlərinin zəifliyini necə nümayiş etdirir?

– Vaxtilə Qarabağ və Şərqi Zəngəzur ərazisində Azərbaycan mədəni irsinə qarşı Ermənistan tərəfindən törədilən vandalizm hərəkətlərinə münasibət bildirməsi ilə bağlı Azərbaycan ziyalıları, digər vətəndaş qurumları UNESCO-ya və digər beynəlxalq təşkilatlara dəfələrlə müraciət etmişlər. Hətta cənab Prezident İlham Əliyev də işğaldan azad edilmiş ərazilərdən həmin qurumlara müvafiq çağırışlar etmişdir. Lakin təəssüf ki, ikili standartlar sayəsində dünya Azərbaycan həqiqətlərinə həmişə kar və kor olaraq qalmışdır. Qərbi Azərbaycan İcması olaraq, biz də indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə qarşı erməni vandalizminin durdurulması ilə bağlı UNESCO-ya və Ermənistan rəhbərliyinə müraciətlər etmişik. Hətta UNESCO-ya müraciətimiz BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi bütün ölkələr arasında yayılmışdır. Üstəlik, BMT-nin Baş katibi Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin monitorinqinin keçirilməsinə şərait yaradılması ilə bağlı Ermənistan rəhbərliyinə müraciət də etmişdir. Amma nə olsun, Azərbaycanın suveren ərazilərini 30 il işğal altında saxlamasına rəğmən, ona bir dəfə də “işğalçı” deməyən dünya indi Ermənistanın xətrinə dəyən bir addım atarmı? Atmaz, atmadı da, bu gün də atmır. Beynəlxalq hüququn icbari mexanizmləri həmin mexanizmlərin rıçaqlarını əlində möhkəm saxlayan beynəlxalq güclərin subyektiv maraqlarını təmin etməyə xidmət edir.

– Qayıdış hüququnun beynəlxalq hüquqda təsbit olunması deportasiya olunmuş Qərbi azərbaycanlıların geri dönüşünü hansı hüquqi əsaslarla legitim edir? Bu hüququn reallaşması üçün Ermənistanın üzərinə hansı beynəlxalq öhdəliklər düşür?

– Biz ata-baba yurdlarımız olan Qərbi Azərbaycana qayıdışımızın bütün detallarını Qərbi Azərbaycana Qayıdış Konsepsiyamızda vermişik. Qayıdış hüququmuzun beynəlxalq hüquqda təsbit olunması faktları da həmin Konsepsiyada öz əksini tapmışdır və bir daha təkrar etmək istəmirəm. Təkcə onu deməklə kifayətlənirəm ki, insan hüquq və azadlıqları ilə bağlı bütün beynəlxalq sənədlər bizim doğulub boya-başa çatdığımız ata-baba yurdlarımıza qayıdışımızı təsbit və tələb edir. Bu hüququn reallaşması üçün Ermənistan dövlətinin üzərinə düşən beynəlxalq öhdəliklər də həmin Konsepsiyada öz əksini tapmışdır. Bura mülkiyyət hüququndan tutmuş bütün vətəndaş hüquqları da daxildir.

– Qərbi Azərbaycan İcmasının beynəlxalq səviyyədə apardığı fəaliyyətin diplomatik, hüquqi və informasiya mübarizəsi nə dərəcədə effektlidir? Bu fəaliyyət qayıdış prosesinin legitimliyinə necə təsir edir?

– Qərbi Azərbaycan həqiqətlərinin və soydaşlarımızın qayıdış hüququnun beynəlxalq müstəviyə daşınması Qərbi Azərbaycan İcmasının əsas prioritetlərindəndir. 2022-ci ildə İcmamızın yenidən təşkilatlanmasından ötən üç il ərzində bu sahədə xeyli uğurlara imza atmışıq. BMT-nin ən nüfuzlu orqanları — Təhlükəsizlik Şurası, Baş Assambleya və İqtisadi və Sosial Şuranın rəsmi sənədi statusunda yayılan müraciətlərimizin sayı bu gün 11-ə çatıb. Xarici İşlər Nazirliyi ilə sıx koordinasiyada olan müxtəlif beynəlxalq mərkəzlərə ümumilikdə 119 məktub ünvanlamışıq. Ermənistanın və bəzi qərəzli dairələrin həqiqətləri təhrif edən cəhdlərinə qarşı fəaliyyət dövrümüzdə 339 bəyanatla çıxış edərək, informasiya hücumlarının qarşısını vaxtında almışıq.

Şübhəsiz ki, bütün bu uğurlarımızda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin tövsiyələri və hərtərəfli dəstəyi müstəsna rol oynayır. Təkcə yenicə yola saldığımız 2025-ci ildə cənab Prezident bu məsələni yerli və xarici platformalarda düz 9 dəfə, ümumiyyətlə isə 67 dəfə səsləndirib. Yanvarın 7-dən etibarən istər Ankarada, istər Xankəndidəki mötəbər Zirvə görüşlərində, istərsə də dekabrın 5-də Bakıda təşkil olunan III beynəlxalq konfransa ünvanlandığı müraciətində cənab Prezident bu məsələyə öz qəti dəstəyini hər addımda nümayiş etdirib. Məhz bu siyasi iradə bizə imkan verib ki, İcma qısa müddətdə həm ölkə daxilində, həm də xaricdə çevik və effektiv siyasi mexanizmə çevrilsin. Bu illər ərzində nümayəndələrimiz Türkiyə, Polşa, Macarıstan, Meksika, Niderland, Qazaxıstan, Özbəkistan, Mərakeş, Avstriya, Belçika və İordaniya kimi ölkələrdə keçirilən mötəbər konfranslarda Qərbi Azərbaycan həqiqətlərini geniş auditoriyalara çatdırıblar. Ümumilikdə beynəlxalq tədbirlərdə 43 dəfə yüksək səviyyədə təmsil olunmuşuq. Bununla yanaşı, Bakıda xarici diplomatlar və müxtəlif nümayəndə heyətləri ilə 78 görüşümüz baş tutub. Milli Məclisdə keçirilən 6 ictimai dinləmə isə bu məsələnin daxili siyasi gündəmimizdə nə dərəcədə önəmli yer tutduğunu bir daha sübut etdi.

Bütün bunlar qayıdış prosesinin legitimliyinə əhəmiyyətli dərəcədə təsir göstərir və göstərəcəkdir. Dünya ictimaiyyəti bölgədə gedən proseslərdən tam məlumatlı olmalı, Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinə adekvat qiymət verməli, ən azı, Azərbaycan xalqının haqlı olduğunu etiraf etməlidir. Əlbəttə, biz Qərbin bizim haqq işimizə dəstək verəcəyinə bir o qədər də inanmırıq, amma heç olmasa, Ermənistanın necə bir siyasət və əxlaq sahibi bir dövlət olduğunu hər kəs bilməlidir.

– Qayıdış hüququnun həyata keçirilməsi gələcək Azərbaycan–Ermənistan münasibətlərində etimadın bərpasına hansı təsirləri göstərə bilər? Ədalətin bərpası və tarixi yaddaşın dirçəldilməsi regional sülh mexanizmlərinin qurulmasında nə dərəcədə həlledicidir?

– Biz Qayıdış hüququnun həyata keçirilməsini Azərbaycan-Ermənistan münasibətlərində qarşılıqlı etimadın bərpası üçün əsas şərt hesab edirik. Təsəvvür edin, ölkələrimiz arasında Sülh sazişi bağlanır, delimitasiya işləri aparılır, sərhədlər çəkilir, biz tikanlı məftillər arxasından qəzəblə bu tərəfdən onlara baxırıq, onlar tikanlı məftillər arxasından qəzəblə o tərəfdən bizə baxırlar. Bu, barışıq olmadı ki. Bu, iki millət arasında düşmənçiliyin davam etdirilməsi oldu. Qarşılıqlı etimadın, dayanıqlı sülhün yeganə şərti birgəyaşayışdır. Bu təcrübə var, müharibədən əvvəl bu xalqlar birgə yaşayıb və bu birgəyaşayış qarşılıqlı etimada və sülhə xidmət edib. Yenə də etməlidir. Həm də bu dəfə güzəşti Ermənistan tərəfi etməlidir, münaqişəni başlayan da, müharibəni edən də və ərazilərimizi işğal edən, insanlarımıza 30 il məcburi köçkün, qaçqın həyatı və məşəqqəti yaşadan da Ermənistandır. Ermənistanda bir ev, bir kənd də zərər görməyib, amma Azərbaycanın yüzlərlə kəndi, şəhəri yer üzündən silinib, 20 min nəfərə qədər insanımız öldürülüb, 100 min nəfərə yaxın əlilimiz var. Və bütün bunları Ermənistan edib. Bunu qarşı tərəf anlamalıdır. Edib, etməməzlikdən gəlmək dövrü keçib, onlar da, biz də həqiqətin gözünün içinə dik baxmalıyıq və gələcəyə addımlamalıyıq.

– 2025-ci il Vaşinqton Birgə Bəyannaməsi Qərbi azərbaycanlıların qayıdışı üçün hansı yeni siyasi və hüquqi imkanlar yaradır? Bu bəyannamənin icrası regionun gələcək təhlükəsizlik arxitekturasına hansı təsirləri göstərir?

– Qərbi Azərbaycan İcması Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan bütün addımları dəstəkləyir. Azərbaycan və Ermənistan rəhbərlərinin 8 avqust Vaşinqton görüşündəki təşəbbüslərini də alqışlayırıq və bütün bu addımlara Qərbi Azərbaycandakı ata-baba ocaqlarımıza qayıdış istiqamətində qarşımızda açılan yeni imkan kimi baxırıq.

– Keçən il noyabrın 3-də AMEA-nın 80 illik yubiley tədbirində Prezident İlham Əliyev Qərbi Azərbaycana Qayıdış məsələsi ilə bağlı ciddi məsələlər qaldırdı. Qərbi Azərbaycan İcması 2026-cı ildə bu istiqamətdə hansı işləri görməyi planlaşdırır?

– Cənab Prezident həmin çıxışında görülən işləri qeyd etməklə yanaşı, görülməli olan işlərin də xeyli dərəcədə xəritəsini cızdı: “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi... Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var”.

Qərbi Azərbaycan İcması bütün bu istiqamətlər üzrə 2026-cı ildə ciddi addımlar atmaq əzmindədir və cari ilin tədbirlər planında biz bunları nəzərdə tutmuşuq. Elə hesab edirəm ki, 2026-cı il Qərbi Azərbaycana Qayıdış hədəfimiz yolunda yeni-yeni uğurlara imza atacağımız bir il olacaqdır.

Hazırladı:
Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri