Qərbin Gürcüstan planı fiaskoya uğrayır...
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qonşu və dost Gürcüstanda oktyabrın 26-da keçirilən növbəti parlament seçkiləri artıq geridə qalsa da, ölkədə seçki ajiotajı hələ də bitməyib. Bunun əsas səbəbi isə ABŞ başda olmaqla kollektiv Qərbin müxalifəti “Exit-poll”un müəyyənləşdirdiyi və aidiyyatı qurumların bəyan etdikləri nəticələri tanımamağa təhrik etməsidir. Qərbin seçkilərdən fürsət kimi istifadə etməklə Gürcüstanı qarşıdurmalara çəkməsi, bu ssenaridə müxalifəti və bəzi hakimiyyət mənsublarını alət kimi istifadə etməsi isə təsadüfi deyil. Bunun kökündə ABŞ-nin və Avropa İttifaqının (Aİ) geostrateji maraqları dayanır. Kollektiv Qərb Cənubi Qafqazda möhkəmlənmək, burada Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün plasdarm dövlətlər axtarışındadır. Bu məqsədlə məmnuniyyətlə Qərbə qucaq açan Ermənistanın ardınca hədəf kimi Gürcüstan seçilib. Burada da marionet bir hakimiyyət qurulmasına cəhdlər göstərilir. Rəsmi Tbilisi isə okeanın o tayından, Avropa paytaxtlarından gələn təzyiqlərə boyun əymir və milli maraqlardan çıxış edir.
Belə təzadlı mənzərə fonunda Gürcüstanın da Ukrayna kimi qlobal Qərblə qlobal Şərq arasında qarşıdurmalar poliqonuna çevrilmək ehtimalları artır. Beləliklə, qonşu və dost ölkənin ətrafında və daxilində nə baş verir?
Bir-birini təkzib edən dəyərləndirmələr: Qərb açıq təhdidə və təzyiqə başlayıb
Əvvəlcə onu xüsusi vurğulamaq lazımdır ki, Gürcüstan hakimiyyəti parlament seçkilərinin demokratik keçməsini, siyasi partiyaların proseslərə qatılmasını təmin etməkdən ötrü bütün mümkün tədbirləri görüb. Seçkiqabağı dönəmdə namizədlərin qeydə alınmalarına və təbliğatlarını aparmalarına lazımi şərait yaradılıb. Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, seçkilərdə 26 siyasi partiya, ictimai hərəkat və birlik 150 deputat yeri uğrunda mübarizə aparıb. Milli qanunvericiliyə əsasən, əvvəlcədən müəyyən olunmuş 5 faizlik baryeri keçən partiya parlamentdə deputat mandatı qazanır. Verilən məlumatlara görə indiyədək seçki məntəqələrinin 99,97 faizinin göstəriciləri emal olunub və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası (sədr İrakli Qaribaşvili) 53,93 faiz səs qazanıb.Qeyd edək ki, bu partiya seçkilərə ən çox namizədlə (150 nəfər) qatılıb. Həmçinin digər dörd partiya da 5 faizlik baryeri aşmaqla parlamentdə təmsilçilk hüququ qazanıb. Bütövlükdə müxalifət birlikdə 37 faizdən bir qədər çox səs toplayıb. Beləliklə də, bundan əvvəlki seçkilərdə olduğu kimi “Gürcü arzusu” və “Xalqın gücü” bloku parlamen?də 90, müxalifət isə 60 yer əldə edib. Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini noyabrın 21-də açıqlayacaq.
Səsvermədə seçici fəallığı 58,94 faiz olub. Qeyd edək ki, səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə ediblər. Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq edilib.
Onu da vurğulayaq ki, Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar “İmedi” televiziya kanalının sifarişi ilə “Qorbi” şirkəti “exit-poll” keçirib. MSK-nın və “Exit-poll”un ilkin nəticələri kiçik fərqlərlə üst-üstə düşür.
Sadalanan faktlardan və müşahidəçilərin dəyərləndirmələrindən göründüyü kimi, Gürcüstan hakimiyyəti kiçik nöqsanlar nəzərə alınmasa, tam şəffaf seçkilər keçirməyə nail olub. Bununla belə, ayrı-ayrı Qərb dövlətləri və təsisatları Gürcüstanda keçirilən seçkilərlə bağı qərəzli rəylər ifadə edirlər. Məsələ burasındadır ki, bir sıra hallarda Qərbdən gələn dəyərləndirmələr bir-birini təkzib edir. Əslində, Qərb seçkilərdə pozuntu və qüsur aşkar edə bilməyib. Hətta BDİPÇ/ATƏT, ATƏT PA, AŞPA, NATO PA və Avropa Parlamentinin birgə missiyası seçkilərinin legitimliyini tanıyıb. Bu onların hesabatlarında da əksini tapıb.
Bununla belə, Qərb dövlətləri rəsmi Tbilisiyə qarşı açıq şəkildə təhdid və təzyiqə başlayıblar. Ən sərt dəyərləndirmələr ABŞ-dən və Brüsseldən gəlir. ABŞ və Avropa İttifaqı Gürcüstan hakimiyyətini parlament seçkiləri zamanı yol verilən hansısa qanun pozuntuları ilə bağlı araşdırma aparmağa çağırıb. Konkret faktlar isə göstərilmir, xəyali qanun pozuntularından bəhs edilir. “Beynəlxalq müşahidəçilər seçkilərin nəticələrini azad və ədalətli kimi tanımayıblar. Biz beynəlxalq normaların bütün pozuntularını pisləyirik və seçkilərlə bağlı bütün pozuntuların araşdırılması üçün beynəlxalq və yerli müşahidəçilərin çağırışlarına qoşuluruq”, - deyə ABŞ-nin dövlət katibi Antoni Blinken yaydığı bəyanatında bildirib. ABŞ rəsmisi qanun pozuntuları arasında “hakim partiyanın adminsitrativ resurslardan sui-istifadə etməsini, seçicilərə rüşvət verməsini və hədə-qorxu gəlməsi” kimi “faktları” sadalayıb.
Daim Vaşinqtondan fəaliyyət direktivləri alan Aİ rəsmilərinin açıqlamaları da məzmunca A.Blinkenin dəyərləndirmələrinin oxşarıdır. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel də öz bəyanatında rəsmi Tbilisiyə qınaqlar ünvanlayaraq bildirib ki, seçki prosesində “səsvermənin məxfiliyinin pozulması” və “son qanunvericilik dəyişikliklərinin səsverməyə təsiri ilə bağlı narahatlıqlar” kimi problemlər yaşanıb. “Biz Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər aidiyyəti qurumları üzərinə düşən vəzifələri yerinə yetirməyə, seçki pozuntularını və bununla bağlı iddiaları operativ, şəffaf və müstəqil şəkildə araşdırıb baxmağa çağırırıq. Bu pozuntular müəyyən edilməli və aradan qaldırılmalıdır. Bu, seçki prosesinə etimadın bərpası istiqamətində zəruri addımdır”,- deyə Aİ rəsmisi vurğulayıb.
ABŞ prezidenti Cozef Bayden də Gürcüstanda keçirilən seçkilərlə bağlı bəyanat yayıb. Ağ evin sahibi iddia edir ki, oktyabrın 26-da Gürcüstanda keçirilən son parlament seçkiləri çoxsaylı sənədləşdirilmiş inzibati resurs sui-istifadəsi, həmçinin seçicilərin hədə-qorxu və məcburiyyəti ilə yadda qalıb. “Gürcüstan vətəndaşlarının müstəqil beynəlxalq və yerli müşahidəçilərin azad və ədalətli adlandırmadığı bu seçkilərin keçirilməsi ilə bağlı öz fikirlərini dinc şəkildə ifadə etmək hüququ var. Biz Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran Xarici Təsir Aktı kimi qanunları ləğv etməyə və Gürcüstandakı bütün siyasi qüvvələrlə seçkilərin bütövlüyünü bərpa etmək üçün dərhal dialoqa başlamağa çağırırıq”, - deyə ABŞ prezidentinin bəyanatında qeyd olunur.
Bütövlükdə, Gürcüstanda keçirilən seçkilərlə bağlı bəyanatların siyahısı çox uzundur. Böyük Britaniya XİN-i “seçkilərdəki mümkün pozuntuları araşdırmağa” çağırıb. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller: “Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir” açıqlaması ilə çıxış edib.
Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində “seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər” olduğunu iddia edir.
Kanada seçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir. Heç bir fakt göstərilmədiyi halda, başda ABŞ olmaqla Qərbin proksiləri sayılan Estoniya, Litva, Latviya kimi ölkələr xalqın seçiminə kölgə salmaq üçün Gürcüstana qarşı faktiki olaraq hibrid müharibəyə başlayıblar.
Müxtəlif Avropa paytaxtlarından gələn bəyanatlar Qərbin Gürcüstan və bütövlükdə Cənubi Qafqaz siyasətinə hansı prizmalardan yanaşdığını təsdiqləyir. Bu bəyanatların məzmununa açıq şantaj və diqtə ruhu hakimdir. Belə çıxır ki, onlar ayrı-ayrı dövlətlərin mili iradələrini qəbul etmirlər. Qərbin demokratiya anlayışının gerçək mahiyyəti bundan ibarətdir. Maskalar artıq yırtılıb. Hansı dövlət onların ambisiyalarına boyun əymirsə, diktələrini qəbul etmirsə və müstəqil siyasət aparmağa çalışırsa, ona dərhal “antidemokratik” çamuru atılır, təzyiq və cəza mexanizmləri işə salınır. Son olaraq Gürcüstanın hələ seçkilərdən öncə Vaşinqtonun və Brüsselin sanksiyaları ilə hədələnməsi bunun bariz ifadəsidir.
Kollektiv Qərb Gürcüstana niyə qəzəblidir?
Sual yaranır: Bəs Qərb Gürcüstana niyə qəzəblidir? Axı yaxın keçmişədək Vaşinqton və Brüssel Gürcüstana hərtərəfli dəstək göstərir, burada baş verənləri alqışlayırdı. Ölkəyə Avropa İttifaqına sıx inteqrasiya vədləri verilirdi və hətta Aİ üzvlüyünə namizədliklə bağlı müzakirələrə də başlanılmışdı. Nə baş verdi ki, Qərb Gürcüstana münasibətini kəskin dəyişdi?
Qərbin rəsmi Tbilisiyə artan qəzəbi cari ildə qəbul olunan “Xarici təsirin şəffaflığı haqqında” və “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı iki mühüm qanundan qaynaqlanır. Gürcüstan hakimiyyəti birinci qanunun qəbul olunmasını ölkənin milli maraqlarının qorunması zərurəti ilə əlaqələndirir. Qanunda xaricdən maliyyələşən müvafiq təsisatlara nəzarət mexanizmi nəzərdə tutulur. Bu nəzarət mexanizmi isə ilk növbədə şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədi daşıyır. Fəaliyyətlərini qanunla müəyyənləşdirilən prosedurlara uyğun qurmayan təsisatları ciddi cərimələr gözləyir. Eyni zamanda, Gürcüstan hakimiyyəti gələcəkdə vətəndaş cəmiyyəti təsisatlarının hökumətdən maliyyə alacaqlarının anonsunu edib və bu istiqamətdə müzakirələrə başlanıb. Bəhs olunan ikinci qanun isə Gürcüstan hakimiyyətinin xalqın ənənələrini, dəyərlərini və ləyaqətini qorumaq hədəfini özündə ehtiva edir.
Bəhs olunan birinci qanunun qəbul edilməsi Gürcüstan cəmiyyətinin Qərbdən asılılığının azaldılmasına hesablanan addımdır. Qərb isə bunu istəmir və qanunu başqa izahlar altıında təqdim edir. Qərb o qənaətdən çıxış edir ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın siyasi oriyentasiyasını Avropadan Rusiyaya doğru dəyişmək məqsədilə qəbul olunub. Halbuki belə bir izahın əsası yoxdur. Bu, Qərbin növbəti riyakarlığıdır. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, oxşar qanunlar həmçinin Fransada, ABŞ-də və digər ölkələrdə də qəbul olunub. Ancaq həmin ölkələrə irad tutulmur, Gürcüstan isə total ittihamlarla üzləşib. Qərb dairələri həmçinin “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanuna münasibətdə də eyni kontekstdən çıxış edirlər. Onlar hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”. Arqumentləri də budur ki, yeni qanunvericilik ölkədə “LGBT+ mövzusunda sərbəst reportaj hazırlamaq imkanlarını məhdudlaşdırır”. Maraqlıdır, Gürcüstan öz ərazisində ailə institutunu qorumağa yönəlmiş addımlar atırsa, Avropa nə üçün bu qədər narahat qalır? Qərb bu qanunları “Rusiya qanunları” adlandırır. Cozef Baydenin bəyanatında oxuyuruq: “Buna görə də mən ölkənin son demokratik geriləməsindən, o cümlədən əsas azadlıqları məhdudlaşdıran və müstəqil vətəndaş cəmiyyəti təşkilatları üçün məkanı məhdudlaşdıran Rusiya qanunlarını kopyalayan qanunvericiliyin qəbulundan dərin narahatam”.
Vaşinqtondan gələn belə dəyərləndirmələr milli dövlətin açıq şəkildə şantaj edilməsi anlamında qəbul olunur. Gürcüstan hakimiyyəti son illər Qərb şəbəkəsini ifşa etmək istiqamətində ciddi addımlar atıb, qanunlar qəbul edib. Elə Qərbin artan narahatlığının əsasında da məhz bu amil dayanır. Gələcəkdə ölkənin taleyini təhlükəyə atmamaq üçün, artıq Gürcüstanda Qərbin əlaltılarının şəbəkəsini tam yığışdırmağın vaxtıdır. Heç bir şübhə yoxdur ki, rəsmi Tbilisi bundan sonra da özünün milli maraqlarını və gürcü xalqının ləyaqətini qorumaq üçün qətiyyətli mövqe sərgiləyəcək.
Ənənəvi qarşıdurma ssenariləri təkrarlanır
Vaşinqtonun, Brüsselin təhriki ilə müxalifət partiyaları parlamentdə təmsilçilikdən imtina ediblər. Həmçinin müxalif mövqedə dayanan prezident S. Zurabişvili xalqı etirazlara çağırıb. Beləliklə, Qərb Gürcüstanda ənənəvi qarşıdurma ssenarilərini təkrarlayır. Qonşu ölkədə bunun əsası 2003-cü ilin noyabrında qoyulub. O zaman Qərb Gürcüstanda “rəngli inqilab”ın qələbəsini təmin etməyə nail oldu. Belə ki, hazırda gürcü xalqının nifrətlə xatırladığı “Qızılgül inqilabı” nəticəsində prezident Eduard Şevardnadze istefa vermiş, müxalifət lideri Mixael Saakaşvili hakimiyyətə gəlmişdi. Onun hakimiyyəti dövründə ölkə müharibəyə cəlb olundu və ərazi itkilərinə məruz qaldı. 2011-ci ildən etibarən Gürcüstanda “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası yaradan milyarder Bidzina İvanişvili prezident Saakaşvili hakimiyyətinə qarşı mübarizəyə başladı. 2012-ci il oktyabrın 1-də keçirilən parlament seçkilərində İvanişvilinin başçılıq etdiyi blok qalib gəldi. O, həmin ilin oktyabrından 2013-cü ilin oktyabrınadək ölkədə hökumətə rəhbərlik edib. Sonradan bir müddət siyasi fəaliyyətdən uzaqlaşan İvanişvili 2023-cü ilin dekabrında yenidən siyasətə qayıtdığını bəyan edib. Ötən il İvanişvili “Gürcü arzusu”nun fəxri sədri olub. 2016 və 2020-ci illərin parlament seçkilərində də “Gürcü arzusu” seçkilərdən qalib çıxaraq hökuməti formalaşdırmağa nail olub. Bəhs olunan seçkilər ərəfəsində də Qərbə bağlı olan müxalifət küçələrdə çoxsaylı etiraz aksiyaları keçirirdi. Parlamentə getməkdən imtina edən müxalifət etiraz aksiyalarında həmçinin M. Saakaşvilinin azadlığa buraxılması tələbini səsləndirirdi. Ancaq bu etirazlarla xalqın və hakimiyyətin iradəsini qırmaq mümkün olmadı. Gürcüstanda sülh və saabitlik təmin olundu, ölkə inkişafa istiqamətləndi. Oktyabrın 26-da “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının növbəti dəfə qələbə çalmasının təməlində də məhz bu kimi amillər dayanır. Gürcü xalqı bu seçimlə ölkənin müharibəsiz gələcəyinə, inkişafına və sabitliyinə səs verib.
Növbəti parlament seçkilərindən sonra müxalifət yenidən eyni ssenari üzrə hərəkətə keçib. Qərbə güclü bağlılığı olan prezident S.Zurabişvili və müxalifət bu dəfə də xalqı küçələrə, etirazlara səsləyiblər. “Radikal müxalifət dövlət çevrilişi ssenarisini izləyir və konstitusion quruluşa qarşı gedir”. Bunu “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Siyasi Şurasının üzvü, parlamentin sədri Şalva Papuaşvili oktyabrın 28-də keçirdiyi brifinqdə deyib.
Gürcü xalqının bu cür fəaliyyətləri dəstəkləməyəcəyinə əminliyini ifadə edən Papuaşvili bildirib: “Müxalifət cəbhəsində hər şey əvvəlcədən yazılmış ssenari üzrə gedir. Onlar texniki hökumət barədə danışırdılar. Biz bunu 1990-cı illərdən bəri xatırlayırıq. Onlar hakimiyyəti güc yolu ilə ələ keçirəndə texniki hökumət qururlar. Ona görə də müxalifət bütün bu ssenariyə hazırlaşıb”.
Parlament sədrinin sözlərinə görə, müxalifət seçkiləri qeyri-legitim elan etmək, texniki hökumət qurmaq, bir sözlə, bu mövzuda hər şeyə hazırlaşıb. “Onların izlədiyi çevriliş ssenarisidir və bu, əlbəttə ki, konstitusion quruluşa, demokratik seçkilərə və prinsiplərə ziddir. Gürcü xalqı belə fəaliyyətlərin ardınca getməyəcək”, - deyə Şalva Papuaşvili vurğulayıb.
Azərbaycanın birmənalı dəstəyi
Cənubi Qafqaz kiçik bir məkan olsa da, strateji önəm daşıyan coğrafi yerləşməsi ilə böyük güclərin maraq dairəsindədir. Burada yerləşən üç ölkədən birinin - Ermənistanın fürsətcil mövqeyi bəllidir. N.Paşinyan iqtidarı ölkənin ənənələrinə uyğun olaraq Ermənistanın oriyentasiyasını dəyişməyə, regional maraqlara zərbə vurmağa və Qərbə qucaq açmağa hazırdır. Artıq Qərb qüvvələri bu ölkədə yerləşiblər. Azərbaycan rəhbərliyi isə ölkəmizin Qərbin qonşu dövlətlərə qarşı poliqonuna çevrilməyəcəyini dəfələrlə bəyan edib. Ölkəmizin aldığı qərarlar hansısa paytaxtlarda deyil, məhz Bakıda verilir. Gürcüstanın indiki rəhbərliyi də ortaya milli iradə qoyur.
İndiyədək Azərbaycan və Gürcüstan bir sıra qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrini birlikdə reallaşdırıblar. İndiki həssas dönəmdə də respublikamız Gürcüstanın yanındadır. Gürcüstanda növbəti parlament seçkilərində hakim partiyanın qələbəsində Azərbaycanın birmənalı dəstəyi də mühüm rol oynayıb. Azərbaycan dost və qonşu ölkəyə dəstəyini verməklə bir daha Qərbə nümayiş etdirdi ki, ölkəmizin iradəsi olmadan regionda heç bir layihə baş tutmayacaq.
Mübariz ABDULLAYEV

