“Qəzet analiz verməlidir, xəbər yox” MÜSAHİBƏ
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
21 noyabr müasir Azərbaycan ədəbiyyatında özünəməxsus imzası, duyğulara toxunan şeirləri, yazıları ilə seçilən Şahanə Müşfiqin doğum günüdür. Yaradıcılığı ilə oxucusunu düşünməyə, hiss etməyə və daha dərindən duymağa səsləyən şair-yazıçı eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi, “525-ci qəzet”in müxbiridir.
Tribunainfo.az Şahanə Müşfiqin doğum gününü təbrik edir və bu münasibətlə onunla hazırlanmış müsahibəni təqdim edir:
— Yaxın günlərdə şəhid mayor Natiq İsmayılovun xatirəsinə həsr etdiyiniz “Əzəli, əbədi Azərbaycanam!” kitabınız təqdim olunub. Cəbhədə qəhrəmanlar silahları ilə döyüşürlər. Sənət adamlarının silahı isə qələmləridir. Yazıçı qələmi ilə tarix yazır, xüsusilə də şəhidlərin həyatını işıqlandıranda.
Bir şəhid barədə kitab yazmaq üçün insanın içində müəyyən ağrı və borc hissi olmalıdır. Sizi bu kitabı yaratmağa sövq edən ən güclü duyğu nə idi?
— Bir şəhid haqqında yazmaq, xüsusən də onun ömrünü, yolunu, əqidəsini bir kitab halına gətirmək yalnız qələm işi deyil. Bu, insanın içində daşıdığı ağrının, borcun, təəssübün gün üzünə çıxmış kiçik bir halıdır. Məni bu kitaba aparan duyğu bircə kəlmə ilə ifadə oluna bilməz. Bu həm yanğı idi, həm də məsuliyyət. Çünki 2020-ci ildə Vətən müharibəmiz başlanan zamanlardan mən düşünürdüm ki, oğullarımız orada Vətəni müdafiə edərkən, torpaqlarımızı azad edərkən canlarından keçirlər. Onlar bizə bu qələbəni yaşadır, bəs biz, şəxsən mən özüm bu Vətən və o oğullar üçün nə edə bilərəm? Siz deyən kimi, qələm adamının silahı sözdür, qələmdir. Mən də bu silahdan istifadə etmək qərarına gəldim. Natiq İsmayılov kimi şəhidlər haqqında yazmaq, əslində, onların yoxluğuna deyil, varlıqlarının davamına xidmət edir. Mən o kitabı yazarkən tez-tez belə bir hiss yaşayırdım: sanki Natiqin ömründən qalan işığı itirmək olmaz, onu kiminsə qoruyub saxlaması mütləqdir. Bu düşüncə insana həm güc verir, həm də qəlbindəki kədəri qələmə pıçıldayır.
Ən güclü duyğu budur ki, bizim borcumuz onların hekayəsini unutdurmamaqdır. Onlar torpağı qoruduqları kimi, biz də yaddaşı qorumalıyıq. Mən bu kitabı yazanda düşünürdüm ki, Natiq yaşamalıdır, onu tanıyanlar qədər tanımayanlar üçün də.
Məni bu kitaba gətirən əsas duyğu şəhidin ruhuna borclu olduğum bir minnət duyğusu idi.
— Son günlər mediada qəzetlərin bağlanması ilə bağlı yazılar dərc olunur. Azərbaycan yeni media dövrünə başlayır. “525”-ci qəzetin yazıçısı kimi ölkəmizdəki qəzet mühitini necə dəyərləndirirsiniz?
— Son günlər qəzetlərin bağlanması ilə bağlı xəbərlər bir az kədər, bir az nostalji oyadır. Sanki bir dövrün qapısı yavaş-yavaş örtülür, amma o qapının arxasından gələn kağız qoxusu, səhər tezdən redaksiyaların işıqları, klaviatura səsi hələ də ruhumuzda yaşayır və yaşayacaq da. Bəli, Azərbaycan yeni media dövrünə qədəm qoyur, informasiya daha sürətli, daha çevik, daha rəqəmsal axır. Amma bu, qəzetlərin artıq heç nəyə yaramadığı anlamına gəlmir, gəlməməlidir. Qəzetlərin dəyəri onların tirajında deyil, yaddaş yaratmaq gücündədir.
“525-ci qəzet” ailəsinin bir üzvü kimi mən belə düşünürəm ki, qəzetlər bizim mədəniyyət salnaməmizdir. Hər say bir gündür, hər gün isə bir izdir. Rəqəmsal mühit bu izi sürətlə yayımlaya bilər, amma onu qoruyub saxlayan yenə də kağızın yaddaşıdır. Qəzet informasiyanı yox, dövrün ruhunu arxivləşdirir.
Bu gün qəzetçilik sanki daha ağır bir peşəyə çevrilib. Oxucu informasiyanı saniyələr içində əldə edir, amma onu düşünməyə, münasibət bildirməyə, mənalandırmağa hələ də ehtiyac var. Bu məsuliyyəti rəqəmsal platformalar tam üzərinə götürə bilmir. Qəzet isə düşünən insan yetişdirir.
Ona görə mən hesab edirəm ki, qəzetlərin bağlanması medianın sonu deyil, sadəcə, medianın forma dəyişimidir. Kimlərsə gedir, kimlərsə qalır, amma sözün çəkisini qoruyanlar həmişə yaşamağa davam edirlər. “525-ci qəzet” də bu keçid dövründə öz missiyasını dəyişmir. O, hələ də ədəbiyyatın, düşüncənin, fikir mədəniyyətinin evidir. Yeni media dövrü başlayırsa, qoy başlasın. Amma qəzetlər də yaşasın. Çünki mənim fikrimcə, kağıza həkk olunan söz həmişə bir az daha vicdanlı, bir az daha məsuliyyətli olur.
— “Əkinçi” qəzeti milli mətbuatımızın təməl daşıdır. İndiki qəzetlərin çoxu maklaturaya çevrilib. Rəqabət yoxdur sanki. Şişirdilmiş tirajları var. “Məcburi abunə”, “qurum abunə olacaq”, “dəstək olmasanız bağlanarıq” prinsipi ilə yaşayırlar. Saytlarda çıxan xəbərləri təkrar qəzetlərdə çap edirlər. Kopi-past qəzet formatını basdırıb katarsis dövrünə keçmək üçün nə təkliflər edərdin?
– Əlbəttə, “Əkinçi” bizim mətbuat yaddaşımızın ilk nəfəsidir, milli sözün cücərdiyi yerdir. O nəfəs olmasaydı, indiki mətbuat buralara gələ bilməzdi. Mövzuya sərt yanaşsaq görəcəyik ki, çox qəzetlər informasiya daşıyıcısı yox, informasiyanın köhnəlmiş surətinə çevrilib. Məncə, katarsis dövrü qəzet mətninə yenidən mənəvi dəyər qaytarmaqla mümkündür.
Məndən konkret təkliflər soruşduğunuz üçün öz təkliflərimi sayım. Qeyd edim ki, bu təkliflər tək mənim fikrimlə formalaşmayıb. Mən 4 ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Media və cəmiyyət” fənnindən dərs deyirəm. İlk gündən tələbələrimlə ən vacib şərtim hər dərs müxtəlif qəzetlərlə tanış olub, onların heç olmasa bir sayını başdan ayağa oxuyub, gəlib dərsdə təhlil etməlidir. Onları dinlədikcə, mən oxucunun, xüsusən gənclərin gözləntilərini daha yaxşı anlayıram. Bu təkliflər də həm öz müşahidələrim, həm də onları dinlədikcə gəldiyim qənaətlərin yekunu ola bilər:
1. Qəzet informasiyanı yox, fikri daşımalıdır. Xəbər artıq saytların, sosial şəbəkələrin işidir. Qəzet isə analiz verməlidir, mövqeyə çevrilməli, hadisəni yox, hadisənin mahiyyətini yazmalıdır. Bir cümləlik “nə baş verdi?” yox, daha dərin şəkildə “nəyə görə baş verdi?” sualının cavabını tapmalıdır.
2. Müəllif kultunu geri qaytarmaq lazımdır. Oxucu qəzet almağının səbəbini bilməlidir. “Bu müəllifin yazısı üçün”, “bu təhlili oxumaq üçün”- deyib qəzet almağa maraqlı olmalıdır. Cəsarətli, savadlı, məsuliyyətli müəllif qəzetin qanı, canıdır.
3. Toplu düşüncə deyil, fərdi mövqelər sərgilənməlidir. Fikrimcə, qəzet fərdi yanaşmaların rəngarəngliyi ilə yaşayar.
4. Mövzuların şaxələndirilməsi olmalıdır. Bugünkü qəzetlər çox vaxt ya siyasət, ya da gündəlik xəbər tirajlayır. Mədəniyyət, təhsilin problemləri, cəmiyyətin psixoloji halı, ədəbiyyat məsələləri bəzən kölgədə qalır. Halbuki, qəzet cəmiyyətin bütöv portreti olmalıdır.
5. Oxucu ilə əlaqə yenidən qurulmalıdır. Oxucu ilə canlı təmas – sorğular, müzakirələr, açıq debatlar, məktublar, ictimai dinləmələr – qəzetə yenidən həyat verə bilər.
6. Qəzet vizual kimliyini yeniləməlidir. Çünki o, həm məzmununda, həm formasında təzə nəfəsə ehtiyac duyur.
7. Yeni medianı rəqib yox, müttəfiq etmək lazımdır. Qəzet özü də rəqəmsala açılmalı, multimedia məzmunları, QR kodlu geniş yazılar, interaktiv əlavələr yaratmalıdır. Bu, qəzeti “köhnə” yox, “dayanıqlı” media formasına çevirər.
Bir sözlə, qəzetin katarsisi onun özünə, yəni sözün vicdanına, müəllifin imzasına, fikrin dərinliyinə qayıtmasıdır.
Sözün yükünü daşıya bilən qəzetlər yoluna davam edəcək. Necə ki “Əkinçi” yüz il sonra da adı ilə yaşayır.
— Ədəbi mühitdə kişi yazıçıların birləşməsi göz önündədir. Bir-birilərini tərifləyirlər. Qadın yazıçılar arasında sizcə niyə birlik yoxdur? Məişətin qurbanı olublar?
— Ədəbi mühitdə kişilərin birləşməsi, bir-birini açıq şəkildə dəstəkləməsi, hətta bəzən bir-birilərini şişirtməsi yeni müşahidə deyil. Bu, həm tarixi vərdişdir, həm də patriarxal ədəbi sistemin özünü qoruma instinktidir. Kişi yazıçılar arasında “çevrə” anlayışı daha güclüdür, çünki illərlə həmin çevrələr ədəbiyyatın mərkəzi kimi qəbul edilib.
Bəs qadın yazıçılarda niyə birlik yoxdur? Məncə, məsələ təkcə məişətdə deyil. Bəli, qadınların çiyinlərindəki görünməz yük – ailə, övlad, ev, sosial rol – onların yaradıcılıq enerjisindən, zamanından xeyli alır. Amma səbəb bununla bitmir. Qadınlar tərifləməkdən çox, susmağa öyrədilib.
Kişilər özlərini ustad elan edəndə, dostlarını “böyük qələm” kimi təqdim edəndə bunu tam təbii sayırıq. Qadın eyni şeyi etsə, ona tezcə “qadın həmrəyliyi”, “feminizim” kimi etiket yapışdırılır.
Qadınlar özlərini sübut etməklə o qədər məşğul olurlar ki, birləşmək yadlarına düşmür. Çünki buna məcburdurlar. Kişi müəllif üçün yazmaq kifayətdir, qadın müəllif üçün isə həm yazmaq, həm də “niyə yazdığını sübut etmək” məsuliyyəti var. Bu yüklə birlik yaratmaq çətin olur.
Ədəbi mühitdə qadınlar çox vaxt bir-birinə rəqib kimi göstərilir. Qadınların bir-birinə qarşı qoyulması illərlə formalaşmış davranışdır. Kişi yazıçıların isə rəqabəti belə bəzən zarafat, dostluq, yüngül ironiyadır.
Bir də qadın yazıçılar daha tənqidçidirlər. Onlar tərifdən çox səmimiyyət axtarır, boş sözlərə maraqlı deyillər. Bir sözlə, məsələnin kökündə məişət də var, sosial basqı da, ədəbi stereotiplər də. Amma məncə, qadın yazarların birləşməməsi zəiflik deyil. Əksinə, onların hər birinin öz müstəqil səsi var. Ayrı-ayrılıqda isə səslər daha aydın və daha təmiz eşidilir. Tarixən qadın ədəbiyyatı birlikdən çox, özünü var etmək mübarizəsi olub və bu gün də belədir.
— Çağdaş ədəbi mühitdə hansı qadınların adlarını çəkərdin ki, dünya miqyasında tanınmış Silviya Plaftla, Vircinya Vulfla müqayisəyə gəlsin? Varmı Belə güclü qadın imzalar?
– Bu sualda qadın yox, kişi imzalar da soruşsaydın ad çəkməyəcəkdim nə güclü, nə zəif. Çünki mənim üçün ədəbiyyat imzalardan yox, əsərlərdən ibarətdir. Bir müəllifin bir əsərini çox sevərkən, digərini heç bəyənməyə bilərəm. Onda necə deyim ki, bu müəllifi bəyənirəm, ya bəyənmirəm? Ona görə də bu sualı keçək (gülür).
— “Şeir ölüb” deyirlər. Səncə, bu zamanın ruhuna qarşı ittihamdır, yoxsa zamanın tələbidir?
– “Şeir ölüb” fikri, əslində, həmişə eyni mənzərənin fonunda səslənir: zaman dəyişir, ritm sürətlənir, insan ruhunun nəfəsi daralır və söz əvvəlki kimi yayılmağa şərait tapmır. Amma bu, şeirin ölümü deyil, sadəcə müəyyən müddətlik öləziməsidir.
Məncə, “şeirin ölümü” iddiası zamanın ruhuna qarşı bir ittihamdan çox, insanın öz ruhuna qarşı etirafdır. Zaman nə tələb edir? Daha sürətli informasiya, daha qısa cümlələr, daha az duyğu… İnsanın emosional səbri azalıb. Şeir isə səbr istəyir. O, bir misranı oxuyub keçmək yox, onu dərindən duymaq, qəlbində gəzdirmək, onunla nəfəs almaq istəyir. Bu tələbi yerinə yetirməyə hazır olmayan oxucu üçün şeir, əlbəttə ki, “ölmüş” görünür. Amma şeir elə bir orqanizmdir ki, heç vaxt ölmür, ölə də bilməz. O, zamanın ritminə uyğun olaraq formasını dəyişir. Yəni şeir bir vaxtlar qoşmada yaşayırdı, sonra sərbəstdə, indi bəlkə də sosial şəbəkənin iki poetik cümləsində. Mən “şeir ölüb” deməkdənsə, “poeziyanın məkanı dəyişib”-deyərdim.
Əslində, problem bizim onu harada axtardığımızdadır. Hər dövrdə biri çıxıb “şeir öldü” deyir, amma həmin anda kimsə bir kənarda elə bir misra yazır ki, bir xalqın yaddaşını silkələyir.
Zamanın tələbi başqa ola bilər, amma şeir zamanın tələbini yerinə yetirmək üçün yaranmayıb. Şeir zamanın olmadığı yerdə yaradılan bir sığınacaqdır. Ona görə də şeirin öldüyünü deyənlər yalnız bir şey etiraf edirlər ki, onların öz içlərindəki sükut itib. Şeir ölsəydi, insanın ürəyi hələ də onu titrədən misra axtarmazdı. Hə, bir də tapmazdı… Axı hələ də o misranı tapırıq…
Söhbətləşdi: Dəniz Pənahova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















