Qəzzada humanitar faciə: xəstəxana zərbələrin hədəfinə çevrildi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Yaxın Şərqdə davam edən münaqişə insan həyatına vurduğu ağır zərbələrlə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatların davam etməsi, mülki insanların təhlükəsizliyinin təmin olunmaması və səhiyyə infrastrukturunun zədələnməsi bölgədə humanitar vəziyyəti daha da ağırlaşdırır. İnsanların müalicə olunmaq, yaralarını sağaltmaq və həyata tutunmaq üçün üz tutduğu xəstəxanaların belə hücumlara məruz qalması faciənin miqyasını daha aydın göstərir.
Noyabrın 12-də Qəzza zolağının cənubunda, Xan Yunis şəhərində yerləşən Nasser xəstəxanasına İsrail tərəfindən hava zərbəsi endirilib. Associated Press agentliyinin məlumatına görə, hücum nəticəsində altı nəfər həlak olub, azı 28 nəfər yaralanıb. Həlak olanlar arasında ümumi cərrah Rizq Əbu Şeyrə və 13 yaşlı yeniyetmə də var. Zərbə xəstəxananın cərrahiyyə şöbəsinə tuş gəlib, binanın bir neçə mərtəbəsində, əməliyyat otaqlarında və palatalarda ciddi dağıntılar yaranıb.
Faciənin ən ağrılı tərəfi isə odur ki, həyatını xilas etmək üçün xəstəxanaya üz tutan insanlar burada da təhlükə ilə qarşılaşıblar. Hücum zamanı tibbi avadanlıqlar sıradan çıxıb, xəstəxananın ayrı-ayrı şöbələrinin fəaliyyəti dayandırılıb. Könüllü fəaliyyət göstərən britaniyalı cərrah Göher Rəbhur bildirib ki, zərbə binanı silkələyib, cərrahiyyə şöbəsinin bərpa sahəsi dağıntılara çevrilib. O, hücumdan cəmi bir neçə saat əvvəl həlak olan həkimlə birlikdə əməliyyatda iştirak etdiyini qeyd edib.
İsrail hərbi qüvvələri hücumun HƏMAS komandirinə və digər silahlı şəxslərə qarşı yönəldiyini, həmin şəxslərin xəstəxana kompleksində mövcudluğunu iddia edib. Lakin hərbi tərəf bu iddiaları təsdiqləyən konkret sübutlar təqdim etməyib. Bildirilib ki, adı çəkilən komandir həlak olanlar arasında olmayıb. Xəstəxana əməkdaşları isə hücumdan əvvəl xəbərdarlıq almadıqlarını bildiriblər. Beləliklə, tərəflərin hadisə ilə bağlı açıqlamaları fərqli olsa da, mübahisəsiz olan fakt bir daha insan həyatının təhlükə qarşısında qalmasıdır.
Qeyd edək ki, Nasser xəstəxanası Qəzzada fəaliyyətini davam etdirən azsaylı tibb müəssisələrindən biridir. Uzun müddətdir davam edən müharibə nəticəsində bölgənin səhiyyə infrastrukturu ciddi dağıntılara məruz qalıb. Associated Press-in istinad etdiyi BMT, Dünya Bankı və Avropa İttifaqının birgə hesabatında münaqişə başlayandan bəri Qəzzada 1800-dən çox tibb müəssisəsinin qismən və ya tamamilə dağıdıldığı bildirilir. Bu vəziyyət yaralıların müalicəsini, xəstələrin tibbi xidmətlərə çıxışını və həkimlərin fəaliyyətini son dərəcə çətinləşdirir.
Qəzzada baş verən son hadisə bir daha göstərir ki, atəşkəsin mövcudluğu hələ təhlükəsizliyin tam təmin edilməsi demək deyil. Sülh yalnız silahların susması ilə deyil, insanların qorxu içində yaşamadığı, uşaqların təhlükəsiz böyüdüyü, xəstəxanaların dağıntılarla deyil, şəfa ilə xatırlandığı şəraitdə gerçəkləşə bilər.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 13 Noyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















