Qlazqo və Edinburq Universitetlərinin Azərbaycan cəmiyyətinin üzvləri Şotlandiya Parlamentini ziyarət ediblər
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
London, 21 iyun, AZƏRTAC
Qlazqo və Edinburq Universitetlərinin Azərbaycan cəmiyyətinin üzvləri Şotlandiyanın paytaxtı Edinburqda yerləşən Şotlandiya Parlamentini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, səfər Azərbaycan ilə Şotlandiya arasında mədəni dialoqun və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilib. Səfər çərçivəsində tələbələr və “Caspian Circle” təşkilatının rəhbəri Fuad Ələkbərov Şotlandiyanın Birinci naziri Con Svinni, Şotlandiya Leyborist Partiyasının millət vəkili Polin Makneil da daxil olmaqla bir sıra tanınmış siyasətçilərlə görüşüb. İnteraktiv sual-cavab sessiyasında iştirakçılar gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Sessiyadan sonra iştirakçılar üçün təşkil olunan rəsmi nahar tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün imkan yaradıb. Parlament binasında keçirilən ekskursiya zamanı tələbələr Şotlandiyanın siyasi quruluşu, qanunvericilik prosesi və memarlıq irsi ilə yaxından tanış olublar.
Səfərin əsas məqsədlərindən biri Azərbaycan və Şotlandiya arasında birgə həyata keçirilə biləcək layihələrin, xüsusilə tələbə cəmiyyətləri arasında əməkdaşlıq imkanlarının araşdırılması olub. Tərəflər, həmçinin beynəlxalq tələbələr üçün daha inklüziv və dəstəkləyici mühitin yaradılması, eləcə də diaspor fəaliyyətlərinin rolunu müzakirə ediblər. Bu kontekstdə Azərbaycan səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin cəmiyyətə göstərdiyi dəstək xüsusi vurğulanıb.
Qlazqo Universitetinin Azərbaycan cəmiyyətinin prezidenti Samirə Həsənzadə səfəri yüksək qiymətləndirərək Şotlandiya parlament üzvləri ilə qurulan əlaqələrin gələcəkdə hər iki cəmiyyətin maraqlarına xidmət edəcək mənalı tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradacağını deyib. Edinburq Universitetinin Azərbaycan cəmiyyətinin prezidenti İbrahim Salayev bildirib ki, bu görüş Şotlandiya hökuməti ilə olan əlaqəni gücləndirməklə yanaşı, unikallığı ilə seçilən Şotlandiya Parlamentində təcrübə əldə etmək imkanı yaradıb.
Qlazqo və Edinburq Universitetlərinin Azərbaycan cəmiyyəti gələcəkdə də Azərbaycan-Şotlandiya əlaqələrinin inkişafına töhfə vermək, mədəni müxtəlifliyin təşviqi və tələbələrin təcrübələrinin zənginləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

