Icma.az
close
up
RU
Qlobal Dialoq Müstəvisində Mədəniyyət Fəlsəfəsi

Qlobal Dialoq Müstəvisində Mədəniyyət Fəlsəfəsi

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Firəngiz Əlizadənin “Oyan!” Sənət Konsepsiyası

​​Müasir dünyada sivilizasiyalararası anlaşmanın, mənəvi həmrəyliyin və qlobal əməkdaşlığın möhkəmləndirilməsi bəşəriyyətin qarşısında duran ən ümdə və təxirəsalınmaz prioritetlərdən biridir. Qlobal geosiyasi gərginliklərin, mədəni özgələşmələrin və sosial-fəlsəfi böhranların kəskinləşdiyi bir dövrdə xalqlar arasında sülh körpülərinin salınması, müxtəlif sivilizasiyaların vahid humanist ideyalar ətrafında birləşməsi həyati əhəmiyyət kəsb edir. Məhz bu tarixi kontekstdə oktyabrın 27-dən 29-dək  Bakı şəhərində keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq mədəniyyət siyasətinin və qlobal diplomatiyanın ən mühüm hadisələrindən birinə çevrildi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, Ümumdünya Turizm Təşkilatı və ICESCO-nun sıx tərəfdaşlığı ilə gerçəkləşən bu möhtəşəm platforma təkcə dövlətlərarası dialoqu deyil, həm də bəşəri dəyərlərin reallığa çevrilməsini hədəfləyib. Təməli  2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qoyulmuş “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun təşviqində beynəlxalq səviyyədə tanınan unikal və dayanıqlı bir modelə çevrilib. Yeddinci dəfə təşkil olunan Forum bir daha sübut etdi ki, Azərbaycan Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu geostrateji məkan olmaqla yanaşı, həm də qlobal ideyaların generatoru və sülhün qarantı rolunu oynayır.
 

Oktyabrın 28-də müasir memarlığın incisi sayılan Heydər Əliyev Mərkəzində “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təntənəli bağlanış mərasimi və geniş həcmli konsert proqramı təşkil olundu. Tədbirdə yüksək səviyyəli dövlət və rəsmi şəxslər, forumda iştirak edən onlarla ölkənin və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Mərasimdə çıxış edən beynəlxalq miqyaslı xadimlər - "Newman Partnership" təşkilatının təsisçisi Martin Nyuman, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad, BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi və BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos forumun beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirdilər. Çıxışlarda vurğulandı ki, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın və etimadın gücləndirilməsi yalnız bu kimi nüfuzlu forumlar vasitəsilə mümkündür. Çıxışçılar Forumun son dərəcə yüksək təşkilatçılıq səviyyəsinə  və  qlobal dialoqa verdiyi müstəsna töhfələrə görə Azərbaycan dövlətinə dərin minnətdarlıqlarını ifadə etdilər.

Bağlanış mərasiminin ən yaddaqalan və novator hissəsi "OneHumanity Konserti: Ən qədim gələcəyimiz" adlı simfonik və fəlsəfi konsert proqramı oldu. Konsertin əsas özəlliklərindən biri kamera orkestrin canlı, emosional ifası ilə müasir süni intellekt texnologiyasının harmonik sintezi idi. Süni intellekt vizual və səs effektləri vasitəsilə musiqinin daxili dramaturgiyasını tamamlayaraq, insan təfəkkürü ilə texnoloji tərəqqinin vəhdətini gözlər önünə sərmişdir. Bu layihə göstərdi ki, müasir texnologiyalar mədəniyyətlərarası mübadiləni parçalamaq deyil, əksinə, onu daha zəngin və bəşəri etmək gücünə malikdir.

Proqramda dünya musiqi xəzinəsinin ölməz korifeyləri - İohann Sebastyan Bax, Antonio Vivaldi, Feliks Mendelson, Dmitri Şostakoviç və Pau Kazalsın eləcə də Azərbaycan bəstəkarlıq məktəbinin dünya miqyaslı klassikləri  Qara Qarayev, Fikrət Əmirovun əsərləri səsləndirildi. Qeyd etmək son dərəcə qürurvericidir ki, dünya klassiklərinin yer aldığı bu möhtəşəm proqramda müasir dövrümüzün canlı əfsanəsi, həyatda olan yeganə bəstəkar kimi məhz Xalq artisti Firəngiz Əlizadə öz möhtəşəm sənət konsepsiyası ilə təmsil olunurdu. Bu fakt Azərbaycan bəstəkarlıq məktəbinin çağdaş dünya musiqi mədəniyyətinin zirvəsində dayandığının növbəti bariz təsdiqi idi.

Tədbirin ən həyəcanlı məqamlarından biri yüksək virtuozluğu ilə seçilən isveçrəli violonçelist Marcis Kuplais-in ifasında Firəngiz Əlizadənin violonçel üçün yazılmış dahi “Oyan!” əsərinin təqdim olunması idi. Marcis Kuplais -in dərin fəlsəfi psixologizmlə aşılanmış canlı şərhində bu əsər zala toplaşan beynəlxalq auditoriyaya unudulmaz mənəvi katarsis yaşatdı.

Oktyabrın 29-da isə Forum iştirakçılarının işğaldan azad olunmuş Qarabağa səfəri təşkil olundu ki, bu da azad edilmiş torpaqlarda yenidən dirçələn mədəni irsin və sülhün canlı təcəssümünə çevrildi.

Azərbaycan musiqi mədəniyyətinin qlobal miqyasda təbliği və onun zəngin ənənələrinin qorunması məsələsi hər zaman görkəmli sənətkarlarımızın yaradıcılıq kredosunun mərkəzində dayanmışdır. Xalq artisti, UNESCO-nun Sülh artisti, dünya şöhrətli bəstəkar Firəngiz Əlizadə Azərbaycan musiqi məktəbinin tarixinə və dahi sələflərin xatirəsinə həmişə müqəddəs bir ehtiramla yanaşmışdır. Sənətkar Rostropoviçlər ev-muzeyinin xüsusi statusunu dəyərləndirərkən bu məkanın hər bir azərbaycanlı üçün mənəvi qürur mənbəyi olduğunu xüsusi vurğulayaraq qeyd edir: “Biz fəxr edirik ki, belə bir dahi məhz Bakıda dünyaya gəlib. Ölkəmizə gələn bütün görkəmli musiqiçilər M.Rostropoviçə doğulduğu bu evi ziyarət edirlər. İnanıram ki, bundan sonra da belə olacaq”.

Məhz bu tarixi-mədəni köklərə sadiqlik və dünya musiqi irsinə dərin bağlılıq Firəngiz Əlizadənin şəxsi yaradıcılığında da özünün ən ali ifadəsini tapır. Bəstəkarın dahi violonçel ustası Mstislav Rostropoviçə ithaf etdiyi və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun səhnəsində Marcis Kuplais tərəfindən ustadlıqla səsləndirilən  “Oyan!” əsəri çərçivələrə sığan sadə musiqi nömrəsi deyil. Bu, əsrlərin yuxusundan, qatı qaranlıqdan, yaddaşın qat-qat kilidlənmiş qatlarından qopub gələn, insanı dirildən və silkələyən kosmik bir fəryad, bəşəriyyətin şüuruna hesablanmış monumental sənət abidəsidir.
Əsərin başlanğıcı – sükutun içində guruldayan şüur oyanışıdır. Violonçelin aşağı registrdən qopub gələn o boğuq, titrək səsi sanki minilliklərin daşlaşmış yuxusunu yarıb keçir. Bu, sadəcə səs deyil – yuxudan ayılan şüurun qanlı-qadalı, ağrılı və sarsıdıcı təkanlarıdır. Səs hər dəfə simə toxunanda sanki zamanın qabığı çatlayır, daxili azadlığın qapıları açılır.


Bu möhtəşəm əsərin beynəlxalq miqyasda qazandığı zəfər salnaməsi də məhz dahi Rostropoviç şəxsiyyəti və dünya şöhrətli ifaçıların adı ilə qırılmaz tellərlə bağlıdır. Hələ 2005-ci il noyabrın 20-də Parisin məşhur “Teatr de Şatle” konsert salonunda gənc violonçelistlərin Mstislav Rostropoviç adını daşıyan ənənəvi beynəlxalq müsabiqəsinin yekunlarına həsr olunmuş təntənəli mərasimdə almaniyalı məşhur violonçelist Mari-Elizabet Heker məhz Firəngiz Əlizadənin “Oyan!” əsərinin misilsiz ifasına görə müsabiqənin ən yüksək mükafatına layiq görülmüşdü. Əsərin ilk və ən səs-küylü ifaçılarından olan gənc musiqiçiyə mükafatı şəxsən bəstəkarın özü təqdim etmiş, Paris Bələdiyyə İdarəsi də onun bu nailiyyətini xüsusi mükafatla qiymətləndirmişdi.
 

Həmin nüfuzlu yarışmanın münsiflər heyətinin rəhbəri kimi dahi Mstislav Rostropoviç dünya musiqi mühiti üçün son dərəcə mühüm olan bu tarixi faktı dərin ehtiramla belə dəyərləndirmişdi:

“Dünyanın müxtəlif ölkələrini təmsil edən 200 gənc violonçelist arasında dörd mərhələdə keçirilən ənənəvi müsabiqə böyük müvəffəqiyyətlə başa çatdı, onun Vaşinqton, Tokio, Moskva mərhələlərinə Parisdə yekun vuruldu... Əvvəllər bu müsabiqədə yalnız fransız bəstəkarların əsərləri ifa olunurdu, lakin bu il xarici bəstəkarların əsərlərinə müraciət etməyi qərara aldıq. Şəxsən tanıdığım və yaradıcılığına yaxından bələd olduğum həmyerlim, bəstəkar Firəngiz Əlizadəni dəvət etdim və o, mənim təklifimə məmnuniyyətlə razılıq verdi. Müsabiqəyə təqdim edilmiş əsərlər arasında onun əsərini xüsusi qeyd etmək istəyirəm. Öz əsərlərində milli koloritə həmişə üstünlük verən F.Əlizadə bu dəfə də ənənəsinə sadiq qalmışdır. “Oyan!” əsəri yüksək yaradıcılıq fantaziyasının məhsuludur. Əsərin qayəsini qədim, zəngin mədəniyyətə və incəsənətə malik Vətəninin musiqi ənənələri təşkil edir. Bəstəkar muğamı müasir musiqi ilə məharətlə sintez etmişdir. Ümumiyyətlə, Azərbaycan musiqisi harada səslənməsindən asılı olmayaraq, həmişə böyük ehtirasla qarşılanır və özünə geniş pərəstişkar auditoriyası toplayır”.

Bu gün də Firəngiz Əlizadə sənətinin sərhədtanımaz təbliği uğurla davam edir. Almaniyanı təmsil edən tanınmış violonçelist Konstantin Manayev bəstəkarın əsərlərinin fəal təbliğatçılarından biri kimi çıxış edir. Onun ifası bəstəkarın özünün fortepiano müşayiəti ilə xüsusi audio-albom şəklində ("Chamber Music for Cello / OYAN" – 2009) CD formatında buraxılmış və rəqəmsal platformalarda, o cümlədən "Spotify"da rəsmi olaraq yayımlanaraq geniş dinləyici auditoriyası qazanmışdır. Bütün bunlar bir daha təsdiq edir ki, “Oyan!” nəsilləri və sərhədləri aşan ölməz sənət hadisəsidir.

“Oyan!” əsərində Firəngiz Əlizadə musiqi zamanını vərdiş etdiyimiz xətti (lineal) istiqamətdə deyil, kosmik-fəlsəfi müstəvidə qurur. Musiqinin inkişaf xətti zamanın daxilində deyil, zamanın fövqündə cərəyan edir. Əsərdə Qərb avanqardizminin sərt, dekonstruktiv  sonoristika elementləri ilə Şərqin improvizasiya təfəkkürü - muğam estetikası toqquşaraq üzvi vəhdət yaradır.
 

“Oyan!” əsərini şərh edən musiqiçidən yalnız mükəmməl texniki virtuozluq deyil, həm də yüksək intellektual empatiya, dərin psixoloji nüfuz və fəlsəfi hazırlıq tələb olunur. İfaçı bəstəkarın kodlaşdırdığı mənəvi qatları açmalı, hər bir sonor effekti sadəcə səs kimi deyil, dərin bir mənəvi mesaj kimi auditoriyaya çatdırmalıdır.


Əsərin başlığı olan “Oyan!” çağırışı adi fəlsəfi ritorika deyil. Bu, məcazi mənada bəşəriyyəti bürüyən dərin yuxudan, mənəvi laqeydlikdən, sosial soyuqluqdan və daxili karlaşmadan qurtuluş - ruhi katarsis simvoludur. Bəstəkar musiqi dili ilə dinləyicini öz daxili aləminə boylanmağa, mənəvi dəyərlərə qayıtmağa və insanlıq mahiyyətini dərk etməyə səsləyir.

Firəngiz Əlizadə səslərin toqquşması, kəskin dinamik təzatlar və sonor teksturalar vasitəsilə dinləyicini psixoloji sərhədləri aşmağa məcbur edir. Ritmik strukturun qəfil qırılmaları və yenidən bərpası insan psixologiyasının mürəkkəb dalğalanmalarını -  ümidsizlikdən ümidə, qaranlıqdan işığa keçid prosesini dəqiqliklə modelləşdirir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimində Marcis Kuplais-in təqdimatında səslənən “Oyan!” əsəri bir daha nümayiş etdirdi ki, həqiqi sənət dili heç bir sərhəd, dil və din fərqi tanımır. Firəngiz Əlizadənin bu möhtəşəm əsəri bəşəriyyətə ünvanlanmış fəlsəfi mesaj kimi səslənərək, mədəniyyətlərin dialoqunda akademik musiqinin nə dərəcədə güclü və təsirli bir vasitə olduğunu təsdiqlədi.

Azərbaycanın ev sahibliyi etdiyi “Bakı Prosesi” və onun çərçivəsində təşkil olunan bu möhtəşəm Forum təkcə siyasətçilərin və diplomatların görüş yeri deyil, həm də dahi sənətkarların, alimlərin və mütəfəkkirlərin ortaq gələcək naminə bir araya gəldiyi qlobal humanist platformadır. Dünya korifeylərinin sırasında yaşayan yeganə bəstəkar kimi təmsil olunan Firəngiz Əlizadənin “Oyan!” əsəri məhz bu təməl üzərində ucalaraq, qlobal dialoq platformasında səslənən ən uca, ən təsirli və unudulmaz sənət nidası kimi tarixin yaddaşına həkk olundu.
 

Çünki sənət- zamanın xarabalıqları üzərində ucalan əbədi ruh evidir; həmin evdə səslənən hər bir kosmik fəryad isə bəşəriyyətin itirilmiş vicdanını özünə qaytaran ilahi bir oyanış aktıdır. Unutmayaq ki, musiqinin sükutu yardığı yerdə sivilizasiyaların həqiqi dialoqu başlanır.
 

Aysel KƏRİM

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü və  mətbuat katibi
01.11.2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Noyabr 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri