Icma.az
close
up
RU
Quba bağlarının bara dolan günləri

Quba bağlarının bara dolan günləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Quba rayonunun Birinci Nügədi kəndi Bəhyə dağının ətəyi boyunca on kilometrlərlə axaraq Xəzərin sularına qovuşmağa can atan bol sulu Qaraçayın sol sahilində yerləşir. Böyük kəndlərdən sayılır. Yaşının 4 əsrdən çox olduğu deyilir. Bu yurdun sakinləri əsasən meyvəçiliklə məşğul olurlar.

Bu yerlərin meyvələri dadlı və ətirlidir. Kənddə elə meyvə növləri var ki, onların şöhrəti başqa bölgələrə də yayılıb. Doymaq olmur onların dadından. Adlı-sanlı bağbanları var bu kəndin. Burada yaxşı bağban haqda belə deyirlər: Filan bağbanın yetişdirdiyi armudun tamı bir başqadır, dadı illər boyu damaqda qalır.

Bəli, Nügədi kəndində (təqribən 100 il əvvəl kənd 2 yerə bölünüb və hazırda Birinci və İkinci Nügədi inzibati yaşayış vahidləri kimi tanınır) nəsil-nəsil peşəsinin uzmanı olan bağbanlar olub və bu gün də o kişilərin sənətinin davamçıları kənddə meyvəçilik ənənələrini davam etdirirlər.

Birinci Nügədidə yaxından tanıdığım və bir neçə il əvvəl bir dəfə haqqında qəzetə məqalə yazdığım Aslan Yusifov adlı təcrübəli bağban var. Bu yaxınlarda Quba rayonunda ezamiyyətdə olarkən onu yenidən axtarıb tapdım. Gəlişimə sevindi, məlum oldu ki, bir neçə gündən sonra 65 yaşı tamam olacaq. Həmin gün Aslanın böyük oğlu Rəşid və nəvəsi Raul da gəlmişdi. Həftə sonu ailənin kiçik oğlu Yusif də atasının yubileyinə gələcəkdi.

...Aslan indi xeyli zaman etibarilə uzaqda qalan gənclik illərində, daha dəqiq desəm, 1980-ci illərdən ortalarından başlayaraq kənddən paytaxta gedərək düz 20 il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində adi dənizçi həyatı yaşayıb, o dənizdən bu dənizə, o okeandan bu okeana üzüb, dünyanın əksər iri liman şəhərlərində olub. Deyir ki, hansı ölkənin meyvələrindən dadıbsa, yadına doğma yurdun nemətləri düşüb, qəlbində Vətən həsrətilə deyib: “Ey Quba alması, dünyanın heç yerində sənin tayın-bərabərin yoxdur!”.

Aslan xatırlayır ki, bir dəfə valideynlərini ziyarət etməyə kəndə gələndə atası Sultan kişi onu həyətdəki qocaman tut ağacının altındakı masada əyləşdirib pəhləvan kimi boy-buxunlu oğluna pıçıltılı səslə deyib:

– Ay bala, yaş öz işini görür. Mən artıq xeyli qocalmışam. Gücüm-qüvvəm çox azalıb. Sən isə dünyanı gəzib-dolaşmaqdan yorulmursan. Təkcə mən yox, övladların da sənin üçün çox darıxırlar. Qayıt gəl kəndimizə, mən illər boyu əkib-becərdiyim meyvə bağını sənə tapşırmaq istəyirəm.

Aslan təbii ki, yaşlı atasının sözündən çıxa bilməzdi, sadəcə, ağlı, tərbiyəsi buna yol verməzdi. Məhz həmin gün Sultan kişiyə söz verib ki, tezliklə ərizəsini yazıb işdən çıxacaq və kəndə qayıdacaq. Aslan öz vədinə əməl edib.

O vaxtdan 25 il keçir. Aslan Yusifov bu gün Birinci Nügədidə ən səriştəli və uğurlu fermerlərdən biri sayılır. Onun fermer təsərrüfatında ən müxtəlif növ gilas, alma-armud, qoz-fındıq digər meyvə növləri və giləmeyvələr yetişdirilir. Özü də halal adamdır. Mövsüm zamanı işlətdiyi fəhlələrin əməkhaqlarını artıqlaması ilə verir ki, halallıq olsun.

...Aslanla onun özünün, eləcə də meyvəçi həmkarlarının son dövrdəki uğur və çətinlikləri barədə söz açmağa başlayanda, həyat yoldaşı Zümrüd müəllim qayınanası Zərifə xalanın ona hədiyyə etdiyi mis samovara od salmışdı. Bu yerlərin adəti belədir: yaxın-uzaq ellərdən qonaqlar gələndə, məxsusi olaraq samovar çayı tədarük görürlər. Əlbəttə, süfrəyə həyətyanı sahədən öz əlləri ilə toplayıb hazırladıqları ləziz mürəbbələr də düzürlər.

Ev sahibi mənə öz həyat hekayətinin bəzi məqamlarından da söz açaraq dedi:

– Mən atamdan qalan və özümün saldığım 2 hektara yaxın meyvə bağımda daha çox dədə-baba meyvə sortlarını əkib-becərirəm. Bizim sahədə elə qədim alma və armud növləri var ki, onların yüksək keyfiyyətinə zərrə qədər söz olmaz. Düzdür, qədim meyvə növləri məhsuldarlıq baxımından hazırkı intensiv bağlara xeyli uduzur, amma qalan bütün məziyyətlərinə görə ənənəvi bağçılıq məhsulları öndədir. Şəhərlərdəki alıcılar da artıq bunun fərqindədirlər.

Aslan Yusifov dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son 23 ildə aqrar sektorda görülən davamlı tədbirlərin fermerlərin işlərininin uğurlu getməsinə, güzəranlarının yaxşılaşmasına müsbət təsir göstərdiyini bildirdi. Əminliklə söylədi ki, “torpaq zəhmət çəkən insanların əməyini heç vaxt itirməyib. Allaha şükür ki, kəndimizə əhalinin dolanışığı ilbəil yaxşılaşır. Hamının normal ev-eşiyi, həyətində maşını var!”.

Qeyd etmək istərdik ki, hazırda Birinci Nügədi kəndində təkcə həyətyanı sahələrdə deyil, həm də pay torpaq sahələrində fermer Aslan Yusifov kimi qədim meyvə növləri əkib-becərənlərin sayı artır. Kənd sakinlərinin çoxu meyvə bağlarında daha çox “Ağ alma”, “Cırhacı”, “Qəndi sinab” və sair bu kimi ata-babalardan miras qalan alma sortlarını, “Nar armudu”, “Qorxmazı”, “Abbasbəyi”, “Əhmədqazi” və sair qədim armud növləri əkib-becərməyə üstünlük verirlər. Bilirlər ki, dadlı, ətirli meyvələrin müştəriləri hər zaman başlarının üzərindədir.

Bu arada Aslanın kiçik qardaşı Zabit də da söhbətimizin üstünə gəlib çıxdı. Ənənəvi bağçılığın müsbət və zəif cəhətləri ilə bağlı mövzu onun da ürəyincə olduğu üçün söhbətə müdaxilə edərək dedi ki, “bir vaxtlar Qubada deyirdilər ki, alma almaya bənzər. İndi deyəsən, bu zərb-misala başqa baxış bucağından yanaşmaq lazım gələcək: almadan almaya çox fərq var. Ekoloji təmiz, qədim meyvə sortlarının yerini intevsiv bağıçılıq təsərrüfatlarında yetişdirilən gibrid məhsullar vermir və verə də bilməz!

...Fermer Aslan Yusifovla sağollaşıb ayrılandan sonra Quba Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) getdim. Məlum oldu ki, qubalı bağbanlar artıq bir neçə həftədir ki, öz təsərrüfatlarında yay meyvələrinin dəriminə başlayıblar. Ümumi rəy belədir ki, bu il bağlarda bol məhsul yetişdirilib. Məhsulun çeşidi də zəngindir.

Quba DAİM-in bitkiçilik şöbəsinin müdiri Tarverdi İsmayılov bildirdi ki, son illər rayonda aqrar sektorda həyata keçirilən uğurlu islahatlar öz müsbət nəticəsini verir. Rayonda meyvə məhsulu istehsalının ümumi həcmi, eyni zamanda bağların məhsuldarlığı yüksəlir. Ötən il Quba rayonu üzrə, ümumilikdə, 155 min 726 ton məhsul istehsal olunub. Bu göstərici 2024-cü ildə olduğundan 6 min 176 ton və ya 4,1 faiz çoxdur.

Tarverdi müəllim dedi ki, məhsul istehsalı artdıqca, əhalinin gəlirləri də yüksəlir. Məşhur Quba alması bu qədim yurda təkcə şan-şöhrət gətirmir, həm də qubalılıların təbirincə desək, “çörək ağacı” sayılır. Yaxşı cəhət həm də budur ki, son illər rayonda meyvənin yerli istehsal müəssisələrində emalına da diqqət artıb. Qeyd etmək lazımdır ki, rayondakı emal müəssisələri həm dövlət, həm də özəl sektorun vəsaiti hesabına araya-ərsəyə gətirilir.

Yeri gəlmişkən, son vaxtlaradək Qubada cəmi 1 konserv zavodu fəaliyyət göstərirdi. İndi onların sayı artıq ikidir. Belə ki, ötən ildən rayonda “Frutena KOB Klaster” MMC-nin nəzdində yeni konserv zavodu fəaliyyətə başlayıb.

Müəssisənin icraçı direktoru Vüqar Abbasovla da həmsöhbət olduq. Vüqar müəllim dedi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorun digər sahələrində olduğu kimi, meyvəçilikdə də yerli sahibkarlıq üçün “yaşıl” işıq yandırılıb: “Biz dövlət siyasətinin nəticələrinin birbaşa hiss edən sahibkarlardanıq. Müəssisəmiz səmərəli surətdə güzəştli kreditlərdən və vergi güzəştlərindən kifayət qədər faydalanır. Buna görə də dövlətimizə, möhtərəm Prezidentimizə çox minnətdarıq”.

Vüqar Abbasovla söhbətdən o məlum oldu ki, məhz dövlətin yaratdığı imkanlara güvənərək “Frutena KOB Klaster” MMC tərəfindən ötən 2 il ərzində 25 milyon manat sərmayə yatırılıb. Hazırda zavodda alma və nar meyvələrinin emalı həyata keçirilir. Bu il emal müəssisəsi 25-28 min ton meyvə qəbul edəcək. Emal ediləcək şirə və konsentrat məhsulların əsas hissəsi qonşu ölkələrə ixrac olunacaq.

Emalçıların qarşıdakı illər üçün də planları genişdir. Belə ki, aqrar sektorun inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramına dəstək olaraq müəssisə 2027-ci ilin avqustunadək əlavə 10 milyon manat vəsait yatırmağı planlaşdırır. Bu sərmayə nəticəsində zavodda digər bağ və bostan məhsullarının emalı üçün istehsalat xətləri yaradılacaq. Bununla da müəssisənin istehsal gücü hazırkı 28 min tondan 35 min tona çatdırılacaq. Hazırda burada yerli meyvədən hazırlanan şirələr 4 ölkəyə ixrac edilir. Yaxın gələcəkdə isə ixracın coğrafiyası xeyli genişləndiriləcək. Müəssisə artıq bu istiqamətdə bir çox Avropa və Amerika ölkələrindəki tərəfdaşları ilə danışıqlar aparır.

Qubalı bağbanları sevindirən başqa bir yenilik isə budur ki, rayon mərkəzinin yaxınlığında yerləşən “Çinarlı” (əvvəlki adı Alekseyevka idi) kəndində yeni soyuducu anbar inşa edilib. Yeni soyuducu artıq Quba və Qusar rayonlarından məhsul qəbul edir. Hazırda rayonda 58 min meyvə tutumu olan 25 soyuducu var.

...Məlumdur ki, bu ilin yazı, yayın əvvəli çox yağıntılı keçib. Əlverişsiz hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, qubalı bağbanlar, emalçılar, bir sözlə, bu sahədə çalışan bütün hünərvər insanlar bağların məhsulunu tez və itkisiz toplayıb istehlakçılara çatdırmaq əzmindədirlər. Bizdən bu fədakar zəhmət adamlarına yalnız ürəkdən uğur diləmək və oxuduğunuz bu qeydləri oxuculara təqdim etmək qalır.

Məsaim ABDULLAYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see297

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see264

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see261

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see260

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see250

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see250

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see243

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see241

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see240

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see219

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see218

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see207

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see204

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see203

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see200

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see183

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri