Qüdrətli Türkiyə tarixində yeni gün, tarixdə yeni səhifə
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sultan Zahidov: “PKK terrorunun ləğvi Türkiyənin daxili və xarici təhlükəsizlik mühitini daha da möhkəmləndirəcək”
Şimali İraqın Süleymaniyyə şəhəri yaxınlığında Kürdüstan Fəhlə Partiyasının (PKK) 30-a yaxın döyüşcüsünün iyulun 11-dən etibarən təntənəli şəkildə silahları atmağa başlaması, qırx ildən artıqdır davam edən və on minlərlə insanın həyatına son qoyan Türkiyə - PKK münaqişəsində potensial tarixi dönüş nöqtəsidir. Bununla bağlı iyulun 12-də Ədalət və İnkişaf Partiyasının toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nı silahsızlaşmasını Türkiyə tarixində yeni bir mərhələ adlandırdı. O, onilliklərin kədəri, göz yaşları və sıxıntılarının sona çatdığını, Türkiyənin dünəndən etibarən həmin səhifəni çevirdiyini qeyd etmiş, bu günü qüdrətli Türkiyə tarixində yeni gün, tarixdə yeni səhifə adlandırmışdı.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi, Bakı Dövlət Universitetinin müəllimi Sultan Zahidov deyib ki, bir neçə gün öncə keçirilən mərasimdə PKK-nın yüksək rütbəli siması Bese Hozat, İraqın şimalındakı Kürd bölgəsindəki Süleymaniyyədən 60 km şimal-qərbdə yerləşən Dukan qəsəbəsindəki Casana mağarasında qrupun tərksilah qərarını elan edən bəyanatı oxudu. Qeyd olunmalıdır ki, tərksilah edilənlər arasında PKK-nın yüksəksəviyyəli lideri, KCK İcra Şurasının həmsədri Bese Hozat ləqəbli Hülya Oran, həmçinin Türkiyədə uzun illərdir axtarışda olan terrorçular Nedim Seven, Tekoşin Ozan və Tekin Muş da var.
Bildirmək gərəkdir ki, PKK-nın 1999-cu ildə ələ keçirilərək ömürlük həbs cəzası alan və hazırda İmralıda yatan rəhbəri Abdulla Öcalan iyulun əvvəlində Fırat Xəbər Agentliyinə bağlı qruplar tərəfindən lentə alınan videodakı müraciətində tərksilahın “silahlı qarşıdurma mərhələsindən demokratik siyasət və hüquq mərhələsinə könüllü keçid” olduğunu bəyan etmiş və bunu “tarixi qazanc” adlandırmışdı. Hələ bu ilin fevralında ilk açıqlamasını bəyan edən Öcalan, həmin müraciətdə PKK-ya silahı yerə ataraq ləğv edilməsi çağırışını etmişdi. Həmin vaxt PKK rəhbərliyi Öcalanın çağırışına müsbət yanaşmış və terror təşkilatının ləğv ediləcəyi anonsunu vermişdilər: “Ümumilikdə götürsək, PKK-nın ləğv edilməsi prosesinə 2024-cü ildə MHP rəhbəri Devlet Bahçelinin təşəbbüsü ilə start verilmişdi. Məhz onun çağırışı ilə daha sonra DEM Partiyası nümayandələrinin Öcalanla görüşləri baş tutmuş və nəticədə Öcalanla PKK-nın silahsızlaşması məsələsində şifahi razılaşma əldə edilmişdi. Hazırkı silahsızlaşma prosesi isə Öcalanın 2025-ci ilin fevralında PKK-nın parçalanması və demokratik siyasi vasitələrlə öz məqsədlərinə çatması çağırışından qaynaqlanır. Bunun ardınca PKK-nın 2025-ci ilin mayında təşkilati strukturunu ləğv etmək və silahlı mübarizəyə son qoymaq qərarını rəsmi şəkildə elan etdi. Bütün bu hadisələrin fonunda 2025-ci ilin iyulunda bir qrup PKK döyüşçüsünün silahlarını yerə qoyaraq yandırması simvolik aktı xoşməramlılıq jesti və yeni mərhələyə sadiqlik kimi təqdim edilməkdədir.
PKK-nin silahsızlaşma qərarı, heç şübhəsiz, Türkiyə və Yaxın və Orta Şərq regionu üçün fundamental dividentlər gətirmək potensialına malikdir. Birincisi, 40 ildən çoxdur Türkiyənin Damokl qılıncına çevrilən, 40 mindən çox insanın ölümünə səbəb olan, Türkiyənin, xüsusilə, şərq bölgəsində sabitliyə ciddi təhdid törədən PKK terrorunun ləğvi Türkiyənin daxili və xarici təhlükəsizlik mühitini daha da möhkəmləndirəcəkdir. PKK-nın ləğvi ilə paralel şəkildə, onun Suriya, İraq və İrandakı qanadlarının da neytrallaşdırılması ki, Suriyada artıq bu prosesə start verilib, Türkiyəni müxtəlif daxili və xarici təhdidlərdən qorunmasını təmin etməklə yanaşı, Ankaranı bölgədə geosiyasi oyunlar oynayan aktorların qarşısında daha da güclü edəcəkdir. Qeyd olunmalıdır ki, həmin aktorlar zaman-zaman PKK və onun bölgəsəl qanadlarını dəstəkləyərək Türkiyə üzərində təzyiqlər həyata keçirməyə və beləcə Ankaranı öz iradələrinə tabe etdirməyə çalışırdılar. İkincisi, Türkiyənin PKK terrorundan qurtuluşu onun iqtisadi potensialını canlandırmaqla bərabər Ankaranın digər sahələrə, o cümlədən şərqi Anadolu bölgəsinin sosial-iqtisadi inkişafına daha çox maliyyə vəsaiti yatıra bilməsinə vəsilə olacaqdır. Burada qeyd etmək gərəkdir ki, Türkiyə məhz PKK terroru səbəbindən büdcəsindən hər il əlavə milyardlarla dollar pul ayırmaqda idi. Əbəs yerə deyil ki, may ayında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bugünə qədər Ankaranın PKK terror qruplaşması ilə mübarizəyə 2 milyard dollara yaxın pul xərclədiyini qeyd etmişdi. Və nəhayət, üçüncüsü, PKK-nın silahsızlaşması Türkiyədə fərqli etnik qruplaşmalar, o cümlədən türklər və kürdlər arasında inteqrasiyasın sürətləndirə biləcəyi kimi, ölkədə daha inklüziv və kooperativ sistemin formalaşmasına səbəb olacaqdır”.
Politoloq qeyd edib ki, PKK-nın tərksilah edilməsi Türkiyədə davamlı sülhün, inkişafın və təhlükəsizliyin təminində fundamental bir addım kimi dəyərləndirilsə də, bunun hələ ki, yolun başlanğıcı olduğunu qeyd edə bilərik. Bundan sonrakı dönəmdə prosesin tam nəticə verə bilməsi üçün bir sıra amillər, o cümlədən Türkiyə daxilindəki proseslər, bölgəsəl aktorların destruktiv siyasəti, PKK daxilində fraqmentasiya və fikir ayrılıqlarının olması ehtimalı nəzərdən keçirilməlidir. Nəzəri olaraq terrorun tam bitməsi üçün onu törədən fundamental səbəblər aradan qaldırılmalıdır. Bunun baş verməsi üçün də Türkiyə daxilində müəyyən islahatlar həyata keçirilməli olduğu kimi, terroru dəstəkləyən güclərin də əli-qolu bağlanmalıdır: “Bu zaman Türk diplomatiyasının iş başında olması və regionda maraqları olan dövlətlər, o cümlədən ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Rusiya və digərləri ilə uzlaşa bilməsi vacib faktor kimi qiymətləndirilməlidir. Bu mənada Suriya məsələsində PKK-nın buradakı qanadı SPD və YPG-nin yeni Suriya dövlətinə inteqrasiya olunmasında ABŞ prezidenti Donald Trampla razılığa gələn Ərdoğan, İraq və İranda da terrorçuların neytrallaşdırılması yolunda bənzər danışıqlar apara bilər.
Digər tərəfdən də prosesin davamlı olması PKK daxilində də vahid mövqe sərgilənməsi və necə deyərlər, çatlaq səslərin olmamasını zəruri edir. Qeyd olunmalıdır ki, PKK-nın tərksilah ideyası yeni deyildir. Münaqişənin tarixi boyu, xüsusilə 2013-cü ildə PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın çağırışlarından sonra atəşkəs və sülh təşəbbüsləri üçün bir neçə cəhdlər olmuşdu. Bu keçmiş səylər ümid parıltıları versə də, nəticədə PKK-nın bu məsələdə vahid mövqedən çıxış etməməsi və münaqişə tərəfləri arasında etimadın pozulması səbəbindən uğursuzluqla nəticələnmişdi. Məsələn, 2015-ci ildə tərəflər arasında atəşkəslə bağlı “Dolmabahçe razılaşması” imzalansa da, razılaşmaya əməl olunmamış və nəticədə terrorçuların Türkiyəyə yönəlik fəaliyyətləri artıdığından Ankara Suriya və İraqda hərbi əməliyyatlar həyata keçirməli olmuşdu.
Digər tərəfdən, PKK-nın bəzi nümayəndələri açıq şəkildə bəyan edib ki, gələcək tərksilah Türkiyə dövlətinin qarşılıqlı fəaliyyətinə bağlıdır. Əsas tələblər arasında Abdullah Öcalanın fiziki azadlığı, kürdlərin hüquqlarını və kimliyini tanıyan konkret demokratik və hüquqi islahatların həyata keçirilməsi və tərksilah edən döyüşçülərə ümumi amnistiya daxildir. PKK vurğulayır ki, Ankaranın hüquqi və siyasi addımları olmasa, indiki simvolik tərksilah təcrid olunmuş hadisə kimi qala bilər. Məhz bu səbəbdən də tərksilah məsələsində vahid mövqeyin olması və PKK silahlılarının təxribatlara uyaraq yenidən silaha əl atmaması xüsusi əhəmiyyətə malikdir.
Bu baxımdan Türkiyə silahı yerə qoyan PKK-lıların cəmiyyətə inteqrasiyası üçün şərait yaratmaq məsələsində addımlar atmağı, keçmiş döyüşçülərin mülki həyata yenidən inteqrasiyası üçün aydın bir yol xəritəsinin hazırlanmasını nəzərdən keçirməkdədir. Bundan başqa Öcalanın və digər siyasi məhbusların həbsdən azad edilməsi istəyi də rəsmi Ankara üçün həssas məsələdir. Bununla belə, PKK-nın hərbi cəhətdən zəifləməsi və regional geosiyasi konfiqurasiyada baş verən dəyişikliklər, terror təşkilatını siyasi yol tutmağa sövq edə bilər. PKK silahlıları arasında sülhün onlar üçün də fayda verəcəyini, bu proses çerçivəsində onların dağdan enərək cəmiyyətin bir parçası kimi sülh içində yaşaya biləcəyini dərk edənlər mövcuddur. Türkiyə üçün isə davamlı sülh onun daxili siyasətini dəyişdirə, daha inklüziv cəmiyyəti inkişaf etdirə və regionda xarici siyasətini yenidən formalaşdıra bilər”.
Onun fikrincə, nəhayət, PKK-nın tərksilahı yalnız Türkiyə üçün deyil, bütün Yaxın və Orta Şərq regionu üçün böyük faydalar bəxş edəcəkdir. Bu faydalara ilk növbədə təhlükəsizlik, sabitlik və inkişaf daxildir. Doğrudur, regionun təhlükəsizlik arxitekturasının yalnız PKK təhdidi ilə əlaqələndirmək də düzgün olmaz, bununla belə bu qruplaşmanın və onun bölgədəki uzantılarının 40 ildən çoxdur günahsız insanları terrora məruz qoyduğunu, onların müxtəlif regional və kənar aktorlar tərəfindən idarə olunduğunu nəzərə alsaq PKK-sız Yaxın Şərqin daha təhlükəsiz Yaxın Şərq olacağı qənaətinə gələ bilərik.
Cavid

